Azərbaycan Parlamenti necə yarandı
Solmaz
Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru
2018-ci il dekabr ayının 7-də
Azərbaycanda parlamentarizmin tarixində əlamətdar bir
hadisə - nümayəndəli
ali qanunvericilik orqanının yaradılmasının 100 illiyi
qeyd olunur.
Gəncə
böhranından keçən
sonrakı aylar ölkənin siyasi, ictimai, iqtisadi və mədəni
həyatında son dərəcə mühüm hadisələrlə əlamətdar
olur ki, onların arasında ən əhəmiyyətlisi
sentyabrın 15-də Bakının Qafqaz İslam ordusu tərəfindən
azad edilməsi, bütün bu müddət ərzində
geniş fəaliyyət göstərmiş
Azərbaycan hökumətinin öz siyasi mərkəzinə -
paytaxt Bakıya köçməsi hesab edilə bilər.
Lakin cəmi
iki aydan sonra, 1918-ci ilin noyabr ayında, Türkiyə Mudros
barışığına əsasən məğlub tərəf
kimi öz hərbi qüvvələrini Cənubi Qafqazdan
çıxarmalı olur və bununla da Azərbaycan hökuməti
üçün yaranmış nisbi əlverişli daxili
şəraitə son qoyulur.
Cənubi Qafqazın taleyini həll edən Müttəfiq dövlətlərin razılığına əsasən bu region İngiltərənin təsir dairəsinə verilmişdi. Böyük Britaniya qoşunlarının komandanı general Tomson 1918-ci il noyabrın 17-də Fransız və Amerika hərbi missiyalarının, həmçinin, rus qoşun hissəsinin komandanı N.Baratov və L.Biçeraxovun kazak dəstələrinin müşayiəti ilə 2 minlik qoşunla Bakıya daxil oldu. Bu hadisəni böyük sevinclə qarşılayan Bakıdakı rus və erməni milli qüvvələri İngilis komandanlığını Azərbaycan hökumətinin Osmanlı dövləti tərəfindən yaradılmış oyuncaq hakimiyyət olduğuna inandırmaq üçün fəaliyyətlərini daha da genişləndirdilər. Belə ki, bu sahədə kampaniya hələ Tomsonun İranda olduğu zaman Ənzəliyə ezam edilən rus və erməni nümayəndə heyətləri tərəfindən başlamışdı. Azərbaycan nümayəndələri Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Musa bəy Rəfiyevdən ibarət heyət də Ənzəliyə gedərək general Tomsonla görüşmüş, onu Azərbaycanın müstəqilliyini tanımağa çağırmış, lakin bu məqsədə nail ola bilməyərək, bir sıra tələblərlə yanaşı, ən yaxşı halda generalın vəziyyəti yerində araşdıracağı vədini eşitmişdilər. Generalın Bakıya ayaq basarkən verdiyi ilk əmrlərdən birinin Azərbaycanın üç rəngli bayrağının endirilməsi olduğu nəzərə alınarsa, Cümhuriyyət başçılarını qarşıda nə kimi çətinliklər gözlədiyini təsəvvür etmək olar.
Yeni sarsıntılardan xəbər verən həmin günlərdə - 1918-ci il noyabrın 16-da Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Gəncə böhranı zamanı müvəqqəti olaraq buraxılmış Azərbaycan Milli Şurası Bakıda öz fəaliyyətini bərpa edir və ölkənin müqəddəratını yenidən öz əlinə aldığını bildirir.
Milli Şuranın 20 noyabrda keçirilən növbəti iclasında artıq "Müvəqqəti Azərbaycan Parlamanı" (Məclisi Məbusan) təsis edilməsi haqqında Qanun layihəsi geniş müzakirə olunaraq qəbul edilir. Qanunda göstərilirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Şurası milli bir idarə formasından dövlət idarə forması almışdır. Lakin Azərbaycan əhalisi yalnız türklərdən ibarət olmadığı üçün bu ərazidə yaşayan bütün xalqlar Parlamentdə təmsil olunmalıdırlar. Azərbaycan Parlamenti Qafqaz məlumat-təqviminə görə 2 milyon 750 nəfər təşkil edən ölkə əhalisinin hər 24 min nəfərinə 1 nümayəndə hesabı ilə 120 deputatdan ibarət olmalı, bu deputatlardan 80 nəfər türk-müsəlman, 21 nəfər erməni, 10 nəfər rus, 1 nəfər alman və 1 nəfər yəhudi əhalisini təmsil etməli idi. Hətta, sayları çox az olduğu üçün Parlament seçkilərində iştirak edə bilməyən gürcü və polyaklara da Parlamentə hərəsi 1 deputatla təmsil olunmaq hüququ verilirdi.
Qanunda qeyd edilirdi ki, Milli Şuranın 44 üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün mexaniki olaraq parlamentə keçirlər. Lakin bu 44 nəfər müxtəlif siyasi partiyaların nümayəndələri olduğundan Azərbaycan xalqının ayrı-ayrı təbəqələrinin nümayəndələrinin də Parlamanda təmsil olunmalarına ehtiyac vardır, odur ki, qalan 36 yer ölkənin müxtəlif şəhər və qəzalarının türk-müsəlman əhalisi arasında bölünür. Qanuna görə, erməni əhalisinin 21 nəfər nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i Bakı erməni Milli Şuralarından, rus əhalisinin 10 nəfər nümayəndəsi isə Rus Milli Şurası tərəfindən təklif edilməli idi.
Azərbaycan Parlamentinin
çağırılması ilə əlaqədar Azərbaycan
Milli Şurası 1918-ci il noyabrın 29-da "Bütün Azərbaycan
əhalisinə" müraciət edir. Bu sənəddə
dekabrın 3-də 120 üzvdən ibarət Parlament toplanacağı, həmin məclisə
azlıqda qalan millətlərin nümayəndələri, eləcə
də ölkənin vilayətlərindən olan vəkillər
gələcəyi bildirilirdi. Müraciətnamədə
deyilirdi ki, bu üsulla
yığılacaq Parlament qarşıda ümumi seçki
üsulu ilə Azərbaycan Müəssislər Məclisi
toplanana qədər "yurdumuzun sahibi olacaq, onun müqəddəratını
həll, hökumətini təşkil və mənafeyini
müdafiə edəcək". Parlamentin dekabrın 3-də
açılacağı nəzərdə tutulurdu.
Lakin bu böyük hadisəyə hazırlıq işləri ölkənin hər gün dəyişən siyasi həyatında çox mühüm və azərbaycanlılar üçün arzuedilməz hadisələrlə müşayiət olunurdu.
1918-ci il noyabrın 17-də Bakıya daxil olan ingilis hərbi qüvvələrinin komandanı general Tomsonun əmri ilə yalnız Osmanlı deyil, Azərbaycan hərbi qüvvələri də Bakını tərk etməli oldular. Şəhərdə ingilis general-qubernatorluğu yarandı və bütün idarəçilik onun nəzarəti altına keçdi. Azərbaycan hökuməti və xalqı üçün yenidən ağır günlər başlandı. Bakı azad edilərkən şəhəri tərk etmiş bütün erməni-daşnak və rus qüvvələri təntənəli əhval-ruhiyyə ilə Bakıya qayıtdılar. Mart hadisələri zamanı əli azərbaycanlıların qanına bulaşmış ermənilər, rus generalı Bıçeraxovun əsgər və zabitləri ilə birgə Bakının küçələrində azad və asudə gəzərək Azərbaycan dövlətçiliyinin atributlarını təhqir edir, Azərbaycanca yazılmış lövhələri sındırır, azərbaycanlılara məxsus dükan və idarələri dağıdır, müsəlman kişilərin papaqlarını başlarından vurub yerə atırdılar.
Azərbaycanın müstəqilliyinin tanınmasına mənfi münasibət bəsləyən Tomson Rusiya dövlətinin əvvəlki hüdudlarda bərpasını müttəfiq dövlətlərin başlıca vəzifəsi olduğunu bəyan edərək ilk vaxtlar Azərbaycan hökumətinə etimadsızlıq nümayiş etdirir. Azərbaycan hökumətini İngilis komandanlığı qarşısında nüfuzdan salmağa və ümumən siyasi səhnədən silməyə çalışan rus və erməni-daşnak təşkilatları ilk vaxtlar buna həqiqətən nail olurlar.
Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratı üçün yaranmış belə bir ağır şəraitdə Fətəli xan Xoyski hökuməti nəinki mövcud vəziyyət qarşısında geri çəkilmir, əksinə, müvazinətini saxlayaraq öz fəaliyyətini davam etdirir. Böyük təlatüm keçirən azərbaycanlı cəmiyyətinə və ümumən Bakı əhalisinə müraciətində ingilis qoşunlarının işğalçı ordu olmadığı, Azərbaycan hökumətinin işlədiyini və vəziyyətə nəzarət etdiyini bildirərək onu sakitləşdirən Fətəli xan Xoyski, eyni zamanda, general Tomsonla intensiv danışıqlar aparır. Tomson Azərbaycan hökumətindən Bakıdakı Rus Milli Şurası ilə əməkdaşlıq etməyi tələb edir. Danışıqlar zamanı Rus Milli Şurası Azərbaycan siyasi qüvvələri qarşısında Rusiyanın birliyi və bütövlüyünü, Rusiya Məclisi-Müəssisanı və Ufadakı Kolçak hökumətini qəbul etmək kimi şərtlər irəli sürür. Azərbaycan Milli Şurasının 24 noyabr tarixli qapalı iclasında bu şərtlər müzakirə olunur və həmin şərait daxilində Azərbaycan maraqlarını ifadə edən bir qərar qəbul edilir: "Milli Şura Rusiya ərazisinin bölünməzliyi prinsipini tanıyaraq, üzvlərinin və ictimai xadimlərin yığıncaqlarının təkliflərini nəzərə alaraq belə hesab edir ki: 1) Azərbaycanın siyasi vəziyyəti və dövlət quruluşu məsələsi qəti olaraq Ümumi Sülh Konfransında həll olunmalıdır; 2) O vaxta qədər Azərbaycanda mövcud olan faktiki idarə sistemi öz qüvvəsində qalır; 3) Əgər Rusiyada öz müqəddəratını təyin etmiş bütün millətlərin nümayəndələrinin iştirakı ilə Ümumrusiya Müəssislər Məclisi Ümumi Sülh Konfransından əvvəl çağırılarsa, onda Azərbaycan orada iştirak edəcək və orada öz müqəddəratının təyini məsələsində öz prinsipləri üzərində təkid edəcəkdir".
Milli Şuranın noyabrın 26-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən növbəti qapalı iclasında M.H.Hacınski Xəzər-Qafqaz hökuməti təşkil etmək istəyən sol eserlərlə aparılan danışıqlar, F.x.Xoyski isə Rus və Erməni milli Şuraları ilə Azərbaycan Parlamentinə daxil olmaq ətrafında aparılan danışıqlar barədə məlumat verirlər. Aydın olur ki, sol eserlər tərəfindən qoyulan şərtlər Milli Şuranın 24 noyabr tarixli qərarına zidd olduğu üçün ümumi dil tapmaq mümkün olmayıb. Rus Milli Şurası ilə danışıqlar da, demək olar ki, eyni səbəblərdən uğursuzluqla başa çatıb. Erməni Milli Şurasının bəzi nümayəndələri isə Rus Milli Şurasının bu işə münasibətindən asılı olmayaraq, yeni yaradılacaq Parlament və Hökumətə daxil olmağa hazır olduqlarını bildiriblər. Rus Milli Şurasının kəskin barışmaz mövqeyi qarşısında Milli Şura üzvləri həmin iclasda Azərbaycanda yaşayan rus əhalisini daha dolğun təmsil edən digər təşkilata - Slavyan-Rus Cəmiyyətinə müraciət edilməsi barədə qərar qəbul edirlər.
Bütün bu iclaslar Parlamentin
milli baxımdan geniş nümayəndəli olmasında istər
Milli Şuranın özünün maraqlarını, istərsə
onun çağırılması üçün İngilis
Komandanlığının mövqeyini nəzərə alan
Şura sədrinin və üzvlərinin, eləcə də
Hökumət başçısının nə qədər
səy göstərdiklərini nümayiş etdirirdi. Bu məqam
Milli Şuranın dekabrın 1-də keçirilən növbəti iclasında xüsusilə
aydın nəzərə çarpır. Həmin
iclasda Parlamentə seçkilərin gedişi barədə məlumat
verən F.x.Xoyski bildirir ki, artıq əyalətlərlə
seçkilər başa çatmışdır və
nümayəndələr dekabrın 3-nə təyin
olunmuş Parlamentin açılışına gəlib
çata bilərlər. Lakin həmin gün peygəmbər
Məhəmməd Əleyhissəlamın hüzr gününə
düşdüyü üçün Parlamentin
açılışını dekabrın 7-nə keçirmək
qərara alınır.
İclasda
həmçinin, Slavyan-Rus Cəmiyyətindən Parlamentdə
rus əhalisini təmsil etmək barədə daxil olan müraciət müzakirə edilərək
səs çoxluğu ilə qəbul olunur.
Daha sonra, Fətəli xan general Tomsonla olan görüşünün nəticələri haqqında məlumat verərək bildirir ki, Tomson Mili Şuranın 24 noyabr tarixli qətnaməsindən çox razı qalmış, həmin qətnamədən sonra Rus Milli Şurasının öz tələblərində həddini keçdiyini, böyük səhv buraxdığını və tezliklə peşman olacağını qeyd etmişdir. Görüş zamanı Tomson həmçinin, Azərbaycan hökumətinə xeyirxah münasibətini bildirmiş, onun təşəbbüslərini bəyənərək daxili işlərinə qarışmayacağını vəd etmişdir.
Beləliklə, sanki Azərbaycan Parlamentinin təyin olunduğu gün açılmasına mane olacaq həll edilməmiş bir məsələ qalmır. Lakin 2 gündən sonra vəziyyət birdən-birə dəyişir. Dekabrın 3-də axşam saat 8-də Şura üzvləri, həmçinin, yaradılacaq Parlamentin yeni seçilmiş üzvləri və hökumət nümayəndələrinin iştirakı, M.Ə.Rəsulzadənin sədrliyi və H.b.Ağayevin katibliyi ilə Milli Şuranın geniş iclası çağırılır. Hökumət başçısı F.x.Xoyski həmin gün günorta saat 2-də Tomsondan aldığı məktubun məzmununu açıqlayır. Məlum olur ki, Bakıdakı İngilis Komandanlığı koalisiyalı hökumət elan edilməyənə qədər Bakıda Parlamentin açılmasına icazə verməyəcək. Məktuba münasibət bildirən Fətəli Xan qeyd edir ki, general Tomsona yalnız Azərbaycan Parlamentinə təbii olaraq qərəzkarlıqla yanaşan ruslar və ermənilər deyil, bəzi müsəlman şəxslər tərəfindən də güclü təsir göstərilir, bütün vasitələrdən və böhtanlardan istifadə edilərək Azərbaycan Milli Şurasını Tomsonun gözündə nüfuzdan salmaq, onun əhəmiyyətini azaltmaq və heçə endirmək üçün cəhdlər edilir.
Daha sonra, Fətəli xanın bu məktubla bağlı özünün atdığı addımlar barədə məlumat verir. Aydın olur ki, hökumət başçısı ən qəti şəkildə hökumətin təşkilinin yalnız parlament yolu ilə formalaşması prinsipi üzərində israr etməklə, general Tomsonu Milli Şura haqqında bəzi şəxslər və dəstələr tərəfindən müəyyən məqsədlərə deyilən böhtan və iftiraların əsassız olduğuna inandırmağa müvəffəq olmuşdur: "Yalnız və yalnız Milli Şura, seçilmiş üzvlərdən ibarət olmaqla, Parlament çağırılana qədər səlahiyyətli orqan sayıla bilər. Milli Şura xalqın böyük əksəriyyətinin etimadını qazanmışdır, Hökumət ona arxalanır və onun qarşısında məsuliyyət daşıyır". Son nəticədə Tomson Fətəli xan Xoyskinin bu arqumenti ilə razılaşmışdır.
Generalın Parlamentdən əvvəl koalisiyalı Hökumət yaratmaq təklifini də Fətəli xan inandırıcı məntiqlə təkzib etmiş, Azərbaycan müsəlmanlarının ümidlərinin hazırda Parlamentə çevriləcək məhz Milli Şurada ifadə olunduğunu qeyd edərək Tomsonun diqqətini bu amillə hesablaşmağın zəruriliyinə cəlb etmişdir. "Yeni və koalisiyalı Hökumət yalnız Parlament tərəfindən yaradıla bilər, bunu Avropa ölkələrinin ənənələri, adi məntiq və məqsədəuyğunluq tələb edir. Ayrı üsulla yaradılmış koalisiyalı hökumət fəlakətli səhvə gətirib çıxarar, ölkədə qayda və asayişin yaradılmasına və ingilislərin nüfuzuna xidmət etməz, xalqın hüquqlarını pozar".
Fətəli xan Tomsonun koalisiyalı hökumətdə 5 nəfər azərbaycanlı, 5 nəfər isə azlıqda qalan qeyri millətlərin (3 rus, 2 erməni) nümayəndələri olması kimi təklifi ilə də razılaşmamış, bu nisbəti ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanlara qarşı yanlış və ədalətsiz hesab etmişdir. Hökumət başçısı ingilis generalına 7 azərbaycanlı, 3 erməni və 2 rus, yaxud 8 azərbaycanlı, 3 erməni və 3 rusdan ibarət hökumət təşkil etməyi məsləhət görmüşdür. Tomson bu təkliflərinin hər hansı birinin mütləq olması şərti ilə razılaşmış və beləliklə, bu məsələdə də razılıq əldə edilmişdir.
Bu danışıqlar zamanı Fətəli xanın söhbətarası verdiyi "Parlament xaricində yeni hakimiyyət yaratmaq olarmı? - sualına Tomsonun verdiyi cavabdan məlum olmuşdur ki, ingilis generalına yeni hökumət təşkil edə biləcək iki nəfərin - Mirzə Əsədullayev və Məmməd Həsən Hacınskinin adını çəkiblər. Tomson M.Əsədullayevi dəvət edərək onunla 2 saat söhbət edib və onun yeni hökumət təşkil etmək təklifinə cavab olaraq M.Əsədullayev 2 gün vaxt istəyib. Bu şəxslər haqqında təklifi ermənilər də ediblər. Bu məlumatın müqabilində, Fətəli xanın "Əlbəttə, hökumət təyin də oluna bilər, lakin təyin olunmuş hökumətə xalqın münasibətinin necə olacağı barədə gərək generalın özü də düşünsün" - deyə etirazı ilə razılaşan Tomson bu fikrindən imtina etmişdir. Sonda, ingilis generalı Azərbaycan xadimlərinin köməyi ilə razılaşdırılmış nisbətdə koalisiyalı hökumət təşkil etməyi, özünün rusları və erməniləri Parlamentdə iştirak etməyə məcbur edəcəyini, həmçinin, Parlamentin işini tamamilə müdafiə edəcəyini və onun açılacağı gün baş verə biləcək hər hansı bir xoşagəlməz halların qarşısını alacağını vəd etmişdir.
Beləliklə, Azərbaycan Parlamentinin öz işinə başlaması yolunda kifayət qədər ciddi olan bu maneə Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyskinin qəti və prinsipial mövqeyi, yüksək professionallığı və diplomatik məharəti nəticəsində aradan götürülür. Parlamentin açılışı ərəfəsində Azərbaycanda qəsdən hökumət böhranı törədilməsi cəhdinin qarşısının alınmasında da Fətəli xanın müstəsna xidməti Milli Şura üzvləri tərəfindən yüksək qiymətləndirilir. Əhməd bəy Pepinov "Nə ingilislərin gücü, nə də öz şəxsi maraqları ilə hesablaşmayan" hökumət başçısının bu ağır şəraitdə öz mövqeyini müdafiə etdiyinə görə Fətəli xana minnətdarlığını bildirir.
Lakin Fətəli xanın məlumatında səsləndirilən bir sıra məsələlər - İngilis komandanlığının Milli Şuradan və ümumiyyətlə, Azərbaycan hökumətindən xəbərsiz yeni hökumət yaratmaq təşəbbüsü, baş nazir postuna mümkün namizədlər kimi M.Əsədullayev və M.H.Hacınskinin adlarının çəkilməsi, xüsusilə bu namizədlərin ermənilər tərəfindən təklif edilməsi - iclas iştirakçıları arasında geniş müzakirələrə səbəb olur və az qala hökumət daxili böhran yaradır.
Daxili İşlər naziri Behbud bəy Cavanşir bu məsələyə aydınlıq gətirir, Mirzə Əsədullayevin Tomsonla söhbətində Milli Şura haqqında mənfi fikir söyləmədiyi, Tomsonun baş nazir postuna ümumiyyətlə, qeyri-müsəlman bir şəxs nəzərdə tutduğu, sonra bu post M.Əsədullayevə təklif edilərkən onun həmin vəzifədə yalnız Fətəli xanı gördüyünü bildirdiyi və digər bu kimi məqamlar açıqlanır.
Xarici işlər naziri Məmməd
Həsən Hacınski də özünün bütün bu
məsələyə aidiyyəti olmadığını,
onun adının ermənilər tərəfindən deyil, bəlkə
də M.Əsədullayevin özü tərəfindən
çəkildiyini bildirməklə
hökumətdə hər hansı vəzifə
tutmaqdan imtina edir. Fətəli xan özü də
bütün bu söhbətlərdən sonra hökumətdə
qalmayacağını bəyan edir.
Parlamentin
açılmasına 3 gün qalmış Milli Şuranın
iclasında yaranmış bu gərginlik Şuranın sədri
Məhəmməd Əmin Rəsulzadə tərəfindən
aradan qaldırılsa da, Azərbaycan istiqlalının
düşmənlərinin, bu halda erməni və rus milli
şuralarının Parlamentin açılışına hər
vasitə ilə mane olmaq cəhdləri göz qabağında
idi.
Bu məqsədlə müttəfiq qoşunların baş komandanından istifadə etməkdən belə çəkinməyən erməni-rus qüvvələrinin yalnız Azərbaycan hökumətinin deyil, ümumilikdə azərbaycanlı əhalinin hüquqlarının danılmasında irəli sürdükləri tələblər öz hədsiz nifrəti və həyasızlığı ilə hətta general Tomsonu da heyrətə salmış və tədricən onun Azərbaycan hökumətinə və siyasi xadimlərinə münasibətinin dəyişməsinə səbəb olmuşdur. Hələ Bakıya gəlmək ərəfəsində, Ənzəlidə onunla görüşə gəlmiş Azərbaycan nümayəndə heyətini (Ə.b.Ağayev, N.b.Yusifbəyli M.b.Rəfiyev) əvvəlcə qəbul belə etmək istəməyən və Azərbaycan hökumətini tanımaqdan imtina edən general Tomsonun tez bir zaman ərzində öz fikrini dəyişməsində şübhəsiz ki, yalnız onun erməni-rus millətçilərinin xislətini anlaması deyil, Azərbaycan liderlərinin siyasi məharəti və eyni zamanda, şəxsi keyfiyyətləri də müstəsna rol oynamışdır. Təsadüfi deyil ki, "vəhşi, barbar, qaragüruhçu müsəlmanlar" əvəzinə Avropa düşüncəli, bir neçə xarici dillərdə danışan, sivil, mədəni dövlət xadimləri ilə üzləşən və yerli şəraitlə tanış olan general Tomson artıq bir aydan sonra Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət orqanı kimi tanıyır.
1918-ci il 3 dekabr tarixli protokol Milli Şuranın fəaliyyətini
əks etdirən iclas protokollarının sonuncusudur. Həmin sənəddən Milli Şuranın
növbəti iclasının dekabrın 4-ə, axşam saat
7-yə təyin olunduğu aydın olsa da, təəssüf
ki, Parlamentin açılışına qədər
keçirilən sonuncu iclasların protokolları
qalmamışdır. Lakin 1918-ci il dekabr
ayının 7-də, yəni Milli Şura tərəfindən
təyin edilən gün Azərbaycan Parlamentinin öz işinə
başlaması Milli Şuranın bu məqsəd yolunda boynuna
düşən vəzifələri ləyaqətlə sona
çatdırdığını göstərir.
Azərbaycanın müstəqillik, istiqlal, dövlətçilik və parlamentarizm tarixində Milli Şuranın misilsiz xidməti olmuşdur. Azərbaycanın "İstiqlal bəyannaməsinin" qəbulundan başlayan bu yolda Milli Şuranın üzvləri "Gəncə böhranı"nından keçmiş, Azərbaycan torpaqlarının və paytaxt Bakının yad, işğalçı qüvvələrdən xilasını təmin etmiş, İngilis Komandanlığı ilə iş birliyi yaratmağa müvəffəq olmaqla, öz hakimiyyət strukturlarını saxlaya bilmişlər. Azərbaycan Parlamentinin yaranması ilə Milli Şuranın tarixi funksiyası başa çatmış və onun fəaliyyətinə xitam verilmişdir.
Azərbaycan
Parlamentinin açılışı
1918-ci il dekabrın 7-də, saat 13-də H.Z.Tağıyevin Bakının Nikolayevski (İstiqlal) küçəsində yerləşən qız məktəbinin (indiki Əlyazmalar İnstitutu) binasında təntənəli bir şəraitində Azərbaycan Parlamenti açıldı.
Həmin gün güclü xəzri küləyinin əsməsinə baxmayaraq, bu münasibətlə bəzədilmiş şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürürdü, mağazalar, dövlət idarələri və təhsil müəssisələri bağlanmış, şəhər əhalisi gəzintiyə çıxmışdı. General Tomson Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyskiyə söz verdiyi kimi, İngilis komandanlığı tərəfindən şəhərdə nümunəvi qayda-qanun yaradılmış, Parlamentin işinə hər hansı əngəllər törədilməsinin qarşısını almaq üçün lazımi təhlükəsizlik tədbirləri görülmüşdü. Parlamentin keçirildiyi binanın qarşısında iki zirehli avtomobil qoyulmuş, binaya gələn bütün yollar kənar adamlar üçün bağlanmışdı. İngilis və Azərbaycan polisi, eləcə də hərbçilər bir neçə yerdə patrul xidmətində duraraq yalnız Parlament üzvləri və xüsusi vəsiqəsi olan şəxslərə Parlaman binasına girməyə icazə verirdilər.
Binanın içi, bütün keçidlər
və məclisin keçirildiyi
zal xalçalarla döşənmiş və üçrəngli
milli bayraqlarla bəzədilmişdi. Parlamentin
açılış mərasimində deputatlardan başqa
hökumət üzvləri və hörmətli qonaqlar -
görkəmli ziyalılar, iş adamları, mətbuat
nümayəndələri və başqaları. iştirak
edirdi. Qonaqların arasında xeyli sayda müsəlman
qadınları da var idi. Diplomatik lojalarda xarici
qonaqlar - general Tomsonun nümayəndəsi polkovnik Kokkerell,
İranın Bakıdakı baş konsulu M.Saidol-Vezare,
Gürcüstan Respublikasının nümayəndəsi
Korçevadze, Şimali Qafqaz dağlıları hökumətinin
sədri T.Çermoyev və başqaları əyləşmişdilər.
Rus və erməni milli şuralarının nümayəndələri Azərbaycan Parlamentini "boykot" etmək qərarı vermiş, lakin Slavyan-rus cəmiyyətinin 5 üzvü Parlamentin işinə qatılmışdı. (Rus və erməni milli şuralarının nümayəndələri yalnız iki aydan sonra Parlamentin işində iştirak etməyə başlamışlar).
Nəhayət, düz saat 1-də Milli Şuranın sədri Məhəmməd
Əmin Rəsulzadə zala girərək rəyasət heyətinə
keçir. Azərbaycan Parlamentinin
açılış mərasimini redaktoru olduğu "Azərbaycan"
qəzetində işıqlandıran Üzeyir bəy Hacıbəyov
"Padşahlı məmləkətlərdə məclisi-məbusanı
padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını
bir nəfər vətən oğlu açdı" - deyərək, "qəlbən nikbin" Məhəmməd
Əminin "açıq və gülər bir üz və
yerə baxmaq adəti olmayan bir göz ilə" məclis
üzvlərinə xitabən nitq etməyə
başladığını yazır.
M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentinin açılışında söylədiyi nitq dəfələrlə alqışlarla müşayiət olunmaqla, istər məzmununa, istərsə də məclis iştirakçılarında oyatdığı təsir gücünə görə ən parlaq natiqlik nümunəsi hesab edilə bilər. Onun "... müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhrarinəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir" sözlərindən sonra bütün zal ayağa qalxmış, gur və sürəkli alqışlar uzun müddət davam etmişdir.
Bu məşhur nitqində yaşanan anları yüksək qiymətləndirən M.Ə.Rəsulzadə daha sonra "Müsavat" partiyası adından gənc Cümhuriyyətin dövlət quruluşu, daxili və xarici siyasətinin əsas prinsipləri barədə bəyannamə ilə çıxış edir. Nitqinin sonunda M.Ə.Rəsulzadə Parlamentin sədrinin seçilməsini təklif edir və ciddi müzakirələrdən sonra "Müsavat" fraksiyasının təklifi ilə heç bir siyasi partiyanın üzvü olmayan, görkəmli siyasi xadim, Azərbaycan parlamentarizminin əsaslarını qoyan ən təcrübəli diplomat və böyük ziyalı Əlimərdan bəy Topçubaşov Azərbaycan Parlamentinin sədri seçilir. Ə.b.Topçubaşov özü bu vaxt İstanbulda olduğundan sədrin birinci müavini seçilən Həsən bəy Ağayev parlamentin işinə sədrlik edir. Mehdi bəy Hacınski katib olmaqla Parlamentin üç nəfərdən ibarət katibliyi seçilir.
Azərbaycan Xalq Cümhuriyyəti Müvəqqəti
Hökumətinin başçısı Fətəli xan Xoyski
Parlamentdə hökumətin daxili və xarici siyasəti barəsində
hesabat xarakterli məruzə ilə çıxış edir.
Bu məruzədən sonra Parlament köhnə hökumətin
istefasını qəbul edərək yeni hökumətin təşkil
edilməsini yenidən Fətəli xan Xoyskiyə
tapşırır. Daha sonra
mandat, reqlament və təsərrüfat komissiyalarına
seçkilər keçirilir.
Azərbaycan parlamentinin açılması münasibəti ilə siyasi məhbuslara amnistiya verilməsi haqda "İttihad" partiyasının təklifi Parlamentin bütün fraksiyaları tərəfindən dəstəklənir və müvafiq aktı hazırlayacaq komissiyanın yaradılması haqda qərar qəbul etməklə Azərbaycan Parlamenti özünün birinci iclasını bağlı elan edir.
Azərbaycan Parlamentinin açılışı Azərbaycan cəmiyyətində böyük əks- səda doğurmuş, bu münasibətlə Parlamentin və hökumətin ünvanına gələn təbrik teleqramları, açılış mərasiminə həsr edilən yazılar, bu hadisəyə verilən qiymətlər dövrü mətbuatda geniş yer almışdır. Parlamentli respublika üsuli-idarəsinin yaradılması ilə Azərbaycanın siyasi cəhətdən qabaqcıl ölkələr səviyyəsinə qalxması və bu hadisənin onun bütün sonrakı taleyində son dərəcə mühüm rol oynaması təkzib edilməyəcək bir fakt olmuşdur .
Azərbaycan Parlamentinin açılışı günü onun yaradıcılarından birinin, Fətəli xan Xoyskinin dediyi "yatsa idik də yuxumuza girməzdi..." sözlərinin fərqinə varılarsa, çox kiçik bir zaman kəsiyində - azərbaycanlıların Rusiya Dumasında ilk təmsilçiliyindən başlayaraq Azərbaycan Parlamentinin yaradılmasına gətirən böyük və çətin yolun Üzeyir bəyin "vətən oğlu" adlandırdığı insanların idealları, əzmi və əməlləri ilə salındığını görərik.
Azərbaycan Xalq Cümhuriyyəti
Məclisi Məbusanının
1918-ci il dekabrın 7-də
qaldırdığı "üç boyalı
bayrağın" bu gün müstəqilliyini bərpa
etmiş Azərbaycan
Respublikası Milli Məclisinin binası üzərində
dalğalanması
keçilmiş bu yola verilən ən yüksək qiymət,
bu bayrağı qaldırmış Vətən
oğullarının xatirəsinə isə ən gözəl
abidədir.
525-ci qəzet 2018.- 7 dekabr.- S.4.