Görkəmli ədib və
alim Mir Cəlal Paşayevin mənzil muzeyləri: sənədli
materiallar
Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırladığı növbəti şəxsi biblioqrafik göstərici Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar Elm Xadimi, yazıçı-alim Mir Cəlal Əli oğlu Paşayevə həsr olunub.
Vəsaitin sonuna yazıçının Bakı şəhərində
yerləşən "Ədibin evi" muzeyində və Gəncə
şəhərində yerləşən ev-muzeyində
saxlanılan materiallar əlavə edilib. Bu müsbət
əlavə qiyabi şəkildə muzeylərin fondu ilə
tanışlığa əsas verir.
İçərişəhərdə
Kiçik Qala küçəsində yerləşən və
2017-ci ildə yaradılmış "Ədibin evi"ndə
Mir Cəlal Paşayev 1920-1940-cı illərdə
yaşamış, bu ev onun ailəsi tərəfindən təmir
edilərək ədibin anadan olmasının 109-cu
ildönümündə ev-muzeyi kimi mədəniyyətsevərlərin
istifadəsinə verilmişdir. "Ədibin evi"nin yaradılmasında məqsəd bu yeri ədəbiyyat,
mədəniyyət ocağına çevirmək və
bununla da Mir Cəlal irsini davam etdirməkdir.
Ədib
onu dünya klassikləri sırasına salan,
yazıçı kimi məşhur edən "Bir gəncin
manifesti" povestini, "Dirilən adam" romanını və
bir çox satirik hekayələrini məhz bu evdə
yazmışdır. Həyat yoldaşı
Püstə xanımla burada ailə qurmuş, ilk
övladları bu evdə dünyaya göz
açmışdır.
Muzeydə ədibin əlyazmalarının - roman, pyes və
povestlərinin, hekayələrinin, 32 nüsxə məqalələrinin,
monoqrafiya və elmi-tədqiqat əsərlərinin əlyazmaları
qorunur. Bu əlyazmalardan ərəb əlifbası ilə,
rus dilində, makinada yazılmış, düzəliş
olunmuş, avtoqraflı, cildlənmiş, variantlarla olanları
da vardır. "Dağlar dilləndi", "Dirilən
adam", "Açıq kitab", "Təzə şəhərdə",
"Mirzə Xəyal", "Mənim
yaşıdlarım", "Yolumuz hayanadır" və digər
məşhur əsərlərin, Füzuli, Əliqulu Qəmküsar,
Mirzə Ələkbər Sabir, Marağalı Zeynalabdin, Cəlil
Məmmədquluzadə, Məmməd Səid Ordubadi,
"Füyuzat" jurnalı, poemalarda müasirlik, şeir
dilində bədii vasitələr, romantizm ədəbiyyatı
və digər mövzularda qələmə aldığı
məqalələrin, "Ədəbiyyatşünaslığın
əsasları" adlı elmi-tədqiqat əsərinin,
Füzulinin poetik xüsusiyyətləri haqqında namizədlik
dissertasiyasının, XX əsrin başlanğıcında Azərbaycanda
ictimai-siyasi həyat və Cəlil Məmmədquluzadə
yaradıcılığının məfkurə mənbələri
haqqında monoqrafiyalarının mətnlərinin əlyazmaları
mühafizə olunur və muzeyin ən dəyərli sənədləri
hesab olunur.
Burada həmçinin,
ədibin 1960-1966-cı illərdə qələmə
aldığı, Əbdürrəhim bəy Haqverdiyev, Mehdi
Hüseyn, Səməd Vurğun və digər sənətkarlar
haqqında xatirələri, 1960-1969-cu illərdə
yazdığı Əbdürrəhman Caminin "Yusif və
Züleyxa" poeması, M.C.Cəfərovun doktorluq
dissertasiyası, C.Xəndanın Cənubi Azərbaycan ədəbiyyatında
milli azadlıq ideyaları və digər mövzulu əsərlər
haqqındakı rəyləri, 1955-1960-cı illərdə Azərbaycan
və rus dillərində müxtəlif tədbir və mərasimlərdəki
(Qazaxıstan yazıçılarının III qurultayı,
gürcü şairi A.Kazbeqinin anadan olmasının 100 illiyi
münasibətilə və s.)
çıxışlarının mətnləri, müxtəlif
illərdə Füzulinin poetik dili, Mirzə Yəhya bəy,
Çernişevski haqqında, əxlaq, epik əsərlər,
Azərbaycan və rus ədəbi əlaqələrinə
dair qeydləri mövcuddur.
Həmçinin,
ədibə müxtəlif təşkilatlardan ünvanlanan məktublar,
şəxsi məktublar, ona göndərilmiş dəvətnamələr,
yubileyi, fəxri ad verilməsi və bayram münasibətilə
göndərilmiş təbriklər, ona ünvanlanmış
48 ədəd teleqramma və açıqca,
yazıçının müxtəlif mövzuda
topladığı sənədlər, ədib haqqında sənədlər
və yazıçının fotoşəkilləri də
mövcuddur.
Əsasən
Azərbaycan SSR Maarif Nazirliyi, Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutu, Azərbaycan Sovet Yazıçıları
İttifaqı, Azərbaycan SSR Elmlər Akademiyasının
Nizami adına Ədəbiyyat İnstitutu, "Bakı
Kinostudiyası", "Azərbaycan Dövlət, Uşaq və
Gənclər ədəbiyyatı", "Bədii ədəbiyyat"
nəşriyyatları, "Ədəbiyyat", "Azərbaycan
müəllimi", "Gənc işçi" qəzetləri,
"Literaturnıy Azerbaydjan", "Drujba narodov",
"Oqonyok", "Pioner", "Sovetskiy pisatel"
jurnallarının redaksiyaları və başqa təşkilatlardan
müxtəlif istiqamətli məktublar vardır.
Mir Cəlal Paşayevə ünvanlanan şəxsi məktublara
isə Əziz Şərif, Əbülhəsən, Əkbər
Yerevanlı, Mehdi Hüseyn və digər şəxslər tərəfindən
göndərilmiş və ailə məktubları daxildir.
Mir Cəlal
Paşayevə göndərilmiş dəvətnamələr
içərisində Y.V.Çəmənzəminlinin anadan
olmasının 80, Yusif Məmmədəliyevin 50, Tofiq Quliyevin
50, Səməd Vurğunun 50, Mehdi Hüseynin 50,
N.Q.Çernışevskinin 125, N.K.Dmitrievin 50 illiyinə həsr
olunmuş yubiley gecələrinə, SSRİ
Yazıçılar İttifaqının II və III
qurultaylarında iştirak üçün dəvətlər
vardır.
Bundan əlavə,
ədibə yubileyi, fəxri ad verilməsi və bayram
münasibətilə Əziz Şərif, Yəhya Seyidov,
Hacıağa Abbasov, Həmid Araslı, Vaqif Arzumanov, Nurəddin
Babayev, Faiq Bağırov, Məcid Məmmədov, Həsənxan
Təhməzov və başqalarından göndərilən təbriklər,
fotoşəkillərinə isə ədibin fərdi və
qrup halında olan şəkilləri, həyat və
yaradıcılığına həsr olunmuş şəkillərin
illüstrasiyaları, Ş.Qurbanovun Mir Cəlala xatirə
yazısı ilə hədiyyə etdiyi fotoşəkli
daxildir.
Mir Cəlalın
şəxsi kitabxanasında Azərbaycan dilində Nizaminin ərəb
əlifbasında 1947-ci ildə çap olunmuş "Şərəfnamə"
və "İqbalnamə" əsərləri və
V.İ.Leninin 6 cildlik "Seçilmiş əsərləri"nin
I və VI cildləri qorunur. Rus dilində isə 81 nüsxə
kitab vardır ki, bunlara Brokhauz və Efronun ensiklopedik
lüğətinin müxtəlif cildləri, U.Şekspir,
A.P.Çexov, E.M.Remark, A.N.Ostrovski, L.Tolstoy, M.Tven, V.Skott,
F.Dostoyevski, M.Qorki, M.Lermontov, N.Nərimanov, S.Marşak,
A.Düma, N.V.Qoqol, A.Blok, E.Bertels, V.Q.Belinski və digər
tanınmış yazarların kitabları, həmçinin,
"Bakı", "Ədəbiyyat və incəsənət",
"Azərbaycan gəncləri" və başqa qəzetlərin
kəsikləri, ərəb əlifbasında "Maarif və
mədəniyyət", "Şəlalə",
"Şuro", "Yeni qüvvə" jurnallarının
bəzi nömrələri mühafizə olunur.
2007-ci ildə Mir Cəlal Paşayevin 100 illik yubileyi ərəfəsində
ədibin xatirəsinə Gəncə şəhərində
yaradılmış muzey fəaliyyətə başlayanda
eksponatların sayı 150 olmuş, hal-hazırda isə
eksponatların sayı 300-dən artıqdır.
Buraya ədibin
şəxsi əşyaları, ona həsr edilmiş incəsənət
nümunələri, öz əsərləri, muzeyə hədiyyə
edilmiş kitablar, qəzet məqalələri, 5 ədəd
disk və 122 ədəd ailə şəkli daxildir.
Şəxsi
əşyalar kolleksiyasına ədibin orden və medalları,
döş nişanları, ailəsinə yazdığı məktublar,
Mir Cəlala həsr edilmiş incəsənət nümunələrinə
onun yağlı boya ilə işlənmiş portretləri,
büstləri, xalça üzərində əl ilə
toxunmuş portretləri, tablolar və başqa eksponatlar
daxildir.
Muzeydə ədibin Azərbaycan, rus, gürcü, ingilis,
qırğız, ispan, rus dillərində həm
seçilmiş əsərləri, həm də ayrıca
kitab şəklində çap olunmuş hekayələri,
romanları, povest və dərslikləri vardır.
Muzeyə
hədiyyə edilən kitablar sırasına isə Nəriman
Həsənzadə, Elçin Əfəndiyev, Hidayət
Orucov, Xalid Əlimirzəyev, Pənah Gülxani, Həcər
Hüseynova, İlham Rəhimli, Dildar Vəkilova, Abbas Səmədov
və digər müəlliflərin ədib haqqında elmi, bədii
əsərləri, esse-araşdırmaları, xatirə-esseləri
daxildir. Həmçinin, bu kitablar arasında müqəddəs
Quran, ədibin biblioqrafiyası, "Qabusnamə", professor
Yusif Seyidovun, Xalq şairi Səməd Vurğunun, professor Hafiz
Paşayevin əsərləri yer alıb.
Qəzet
məqalələrinə isə müxtəlif illərdə
"Gəncənin səsi", "Mədəniyyət",
"Ədəbiyyat", "Haqq naminə", "Azərbaycan"
və digər qəzetlərdə onun haqqında çap
olunmuş materiallar daxildir.
Bundan başqa, ədibin əsərlərindən və
yubileylərinə həsr olunmuş tədbirlərdən ibarət
disklər, müxtəlif dövrlərdə ailəsi ilə
birgə çəkilmiş şəkilləri muzeyin əsas
materialları sayılır.
Ev-muzeylərinin ekspozisiyası gündən-günə
zənginləşir, muzey əməkdaşlarının təşəbbüsü
ilə muzeydə açıq ədəbiyyat dərsləri
keçirilir.
Açıq dərslər muzeydəki
eksponatlarla tanışlıqdan əlavə, Mir Cəlal
Paşayevin bədii, elmi və pedaqoji fəaliyyəti
haqqında yazılmış videodisklər vasitəsilə
daha zəngin bilik əldə etməyə imkan verir. Ədibin şəxsi məktubları və əlyazmaları,
eləcə də həyatının müxtəlif
anlarını əks etdirən fotoşəkillər qonaqlarda
xüsusi maraq yaradır.
Bu
ev-muzeylərində milli-mənəvi dəyərlərin
qorunmasına, ədəbi mühitin formalaşmasına
müsbət təsir edən, Azərbaycan ədəbi
prosesinin və hekayə janrının inkişafına təkan
vermək məqsədi daşıyan və Mir Cəlalın
xatirəsinə həsr olunan hekayə müsabiqələrinin
qalibləri mükafatlandırılır, musiqili-ədəbi
proqramlar təqdim olunur, kitab təqdimatları və yazarlarla
görüşlər keçirilir.
Aygün HACIYEVA
Azərbaycan Milli Kitabxanasının
şöbə müdiri, AMEA-nın doktorantı
525-ci qəzet 2018.-
7 dekabr.- S.7.