"Şairə, sənətə həmişə yer var"

Vaqif Bəhmənli

QƏLƏM DOSTUM FƏXRƏDDİN ZİYANIN 65 YAŞI MÜNASİBƏTİLƏ

... Fəxrəddin Ziyanın uzaq illərdə oxuduğum "Ata məhəbbəti" şeirini onun yaxın illərdə işıq üzü görən "Şeiriyyətim, şeirim" adlı kifayət qədər ciddi poeziya toplusunda ("Seçilmiş əsərlər" də demək olar bu kitaba) təkrarən gördüm, təkrarən oxudum və uzaq illərdə düşüncəmdə həmin şeirlə bağlı hansı təəssürat yuvalanmışdısa, o duyğuları təkrarən yaşadım...

Fəxrəddin bu şeirinə böyük qardaşı, tanınmış şair Zülfüqar Qodmanlı yaradıcılığından seçdiyi iki misralıq epiqrafla başlayıb.

Sanki bunu da deməyə borcluyam; Zülfüqar müəllimin də mənə məhz uzaq illərdən tanış olan, indi isə Ziya qələmiylə epiqraf haqqı qazanan şeiri ata ruhunun sarsılmazlığı, o ruhun əbədi ehtirama layiq olmağı barədə unudulmaz poetik lövhə, təsiredici şair ağrısıdır. Hətta o dərəcədə ki:

 

Yox, yox ağlamadım namərd ölümçün,

Ağladım atamı görmərəm bir də -

 

demişdi Zülfüqar Qodmanlı...

 

Əbədi ehtiram dedik, unudulmazlıq söylədik; Fəxrəddin Ziyanın "Ata məhəbbəti" şeirindəki -

 

Mən atamı çox gənc ikən itirdim,

Məm atamı heç doyunca görmədim -

 

enişli-yoxuşlu həyat təcrübəsi olan bir insanın başlanğıc misralarından boylanan tərtəmiz, körpə nisgili:

 

Bir qayğısız tələbəydim, cavandım,

Düşünmürdüm dünyanın dərd-sərini.

Mən atamı itirəndə anladım

Ataların dağdan uca yerini! -

 

bəndində şövq-təbii müqəddəsliyə qovuşan əbədi təəssüf hissinin belə insani şəkildə və həm də şairanə ifadəsi bir qədər əvvəl səsləndirdiyim fikirləri, yəni ataya, əslində, insanlığın davamiyyətinin iki səbəbkarından birinə ehtiramı, həmişə haqlı olan ruhların unudulmazlığını, açıq-aşkar, həm də birmənalı olaraq təsdiqləmirmi?

 

Şairlərin həyat beşiyinə göydən zənbillə endirilmələri təbabət və təbiət qanunlarına bələd olduğumuzdan, ən azı inandırıcı görünmür. Əslində, bütün sadə insanlar kimi şairlər də ən böyük şansdan - fiziki varolmadan sonraya təsadüf edən alın yazısını özləri yazırlar və bu mərhələdə heç bir ilahi müdaxilədən söhbət gedə bilməz; məsələ burasındadır ki, qardaş şairlərin - Zülfüqar müəllimin və Fəxrəddin həkimin digər yazılarında da sonsuz bir ehtiramla xatırladıqları bir ata ailəsində hər zaman xalqın firavanlığını, vətənin bütövlüyünü, insanların kamilliyini düşünən beş səmimi, istiqanli kişi, beş əli qələmli, sözün tam mənasında vətəndaş və ziyalı dünyaya göz açıb - şair-müəllim Zülfüqar, hüquqşünas,alim, yazar Şəmsəddin, yazıçı, publisist Ağəddin, mühəndis, şair Nurəddin, həkim, şair Fəxrəddin...

Bunlar hələ bu böyük, qollu-budaqlı ailənin şəxsən tanıyıb təmasda olduğum üzvləridir. Ağəddin müəllimin tale düzəngahında uzanıb gedən, sanki haradasa birləşib bizi də birləşdirə biləcəyinə inandığımız yolları işıqlandıran mehribançılıq, nur, təbəssüm dolu simasını, ədəbiyyata gələn istedadlı gənclərin hər birinə, fərq qoymadan bəslədiyi xeyirxahlığı sadəcə olaraq, unutmaq mümkün deyil.

Yaxud Nurəddini götürək, o, əsl poeziya xiridarıdır, ifrat təvazökarlıq, qələm dostlarının nailiyyətlərinə hədsiz dərəcədə sevinməsi və bu sevinci sanki özününkü imiş kimi başqaları ilə dönə-dönə bölüşməsi, təbii ki, onun ləyaqətidir, şəxsiyyətini təyin edən yüksək meyardır.

... Nəhayət, hiss edirəm ki, ümumi yanaşmadan dərhal uzaqlaşıb məhz bu qeydlərin konkret yazılma səbəbinə doğru addımlamağa borcluyam. Bəlkə də Fəxrəddinin də mənsub olduğu bu nümunəvi cənub ailəsi barədə söz açmaq başqa bir yazının mövzusudur.

Məsələ burasındadır ki, gözəl Masallının Qodman kəndində dünyaya göz açan qardaşlardan birinin - şair Fəxrəddin Ziyanın 65 yaşı tamam olur. Kim nə deyir desin, insan ömrünü bütövləşdirən elə bioqrafik yaş göstəriciləri, başqa sözlə, doğum gününü təsdiqləyən rəqəmlər var ki, insanı həm dərindən düşündürür, həm də hədsiz dərəcədə kövrəldir. Xüsusən yaradıcı şəxsiyyətlər, əvvələn, özləri-özlərinə hesabat verirlər ki, ayə, mən bu fani dünyada dipdiri ömrümü fənaya sərf etmədim, görəsən? Yazılıb-yaradılanlar hansısa bir ürəkdə əks-səda verdimi? Yaddaşlarda izlər saldımı?

Diletantlardan fərqli olaraq belə ciddi suallara ləyaqətli və savadlı şairlər təkbaşına cavab verə bilmirlər, mən deyərdim, tarixən ən qüdrətli sənətkarlar da bu baxış bucağında tərəddüddən xilas ola bilməyiblər. Belə anlarda kənar yanaşmalar, alim, həmkar, oxucu rəyləri müəyyən qədər yardımçı olub, boşluğu doldurur. Lakin sarsılmaz poetik qüdrətinə baxmayaraq, ən kamil bədii kəşflər belə həmişə mübhəmdir, zamandan ehtiyatlanmağa, hər gələn yeni nəslin zövq, baxış, qavrayış süzgəcindən keçməyə məhkumdur. Və mən bəri başdan deyirəm, 65 il bundan öncə zəngin koloritli Masallı torpağında dünyaya gələn Fəxrəddin Ziya həm şəxsiyyət, həm vətəndaş, həm peşəkar həkim, həm də şair kimi... papağı nahaq yerə günə yandırmayıb.

 

Bunu yalnız mən demirəm... Əvvələn, şair özü yazıb-yaratdığına inanır, ən azı bu səbəbə görə təbiətən bəxş olunan istedada və uzun illərdən bəri, əlbəttə, davamlı çalışmalar və zəhmət hesabına toplanmış, şair əqidəsində yaradıcı gücə çevrilmiş təcrübəyə arxalanaraq məhz belə düşünməyi və düşündüyünü bu sayaq ifadə etməyi bacarır:

 

Yetər bir söz desin əbədiyaşar

Təki ömrü-günü bitməsin hədər.

Şairə, sənətə həmişə yer var,

Cənnətdə möminə yer olan qədər!

 

Hərdən belə deyimlər gəlir dilimizə - əvvəlindən sonu bəlli... Fəxrəddin Ziyanın indicə misal çəkdiyim misraları bizim nə deyəcəyimizi bəri başdan bəlli edir. Hər halda, gerçək poeziyanı gerçək mömünliklə paralleləşdirib onların ikisinə də cənnətdə yer ayıran şair üçün ədəbiyyat da ibadətdir! Bəllidir ki, inanclı insanların saf niyyətlə Tanrıya açılan əlləri heç zaman boşda qalmayıb. Bəşər tarixində hələ indiyəcən, inam, imanla çırpınan ürəklərə səpilən toxumların bircəciyi də çürüməyib, cücərib, bar verib...

Mən demirəm ki, Fəxrəddin Ziya ilə bütün ömrümüz (bir-iki il onun xeyrinə olan fərqlə, təqribən yaşıdıq) birlikdə keçib, demirəm ki, onun nəşr olunan əsərləri stolüstü kitabımdır, demirəm, o, əbədiyyatımızda yeni bir yol açıb, sadəcə, şair qardaşımın 65 yaşında bütün həyatını həsr etdiyi poeziya sənətində yanılmadığını məhz onun özünün nəzərinə çatdırmağın bir borc olduğunu zərurət sayıram.

Elə bu yəqinlikdən, bu qərardan sonra şairin məndə olan bütün kitablarını qarşıma qoyub yenidən oxudum. Və gördüm ki, bizim qəlbi ilə qələmi eyni ahənglə titrəyən, həyatının mənası vətən, xalq, millət - ümumiyyətlə, gözəl, bütöv Azərbaycan olan, haqqın-ədalətin zədələrini öz bədəninin ağrıları qədər dərindən hiss edən, bəzən qəzəb püskürən, candan sevən, qardaşlığın, dostluğun ən dərindəki rişələrini qəhrdən qorumağa çağıran və bütün bu təbəddülatların sonunda Yer üzündən aldığı zərbələrə görə heç zaman Göy üzünün mütləq mərhəmətli olduğu inamından üz döndərməyən, nailiyyətlərinin miqyasını heç nəzərə almadan qələmə, sözə sitayiş edən necə ləyaqətli bir soydaş, vətəndaş şairimiz var. Maraqlı burasındadır ki, yuxarıdakı geniş tərkibli cümləni şair dostumun fərdiyyətindən daha çox, şeyriyyətinə, poetik "mən"inə əsaslanaraq yazdım. Həm də bir daha əmin oldum ki, eynilə Fəxrəddin Ziya kimi, adının əvvəlində tam yəqinlik hissi ilə belə epitetlər, təyinlər sıralana bilən, amma ya zəlzələdən, ya vəlvələdən ədəbi prosesi izləyən və incələyən mütəxəssislərin nəzərindən iraq düşən xeyli sayda ədibimiz var (Fəxrəddin hələ şükürlüsüdür; ara-sıra da olsa şeirləri barədə yazıblar, bu baxımdan Vaqif Yusiflinin, Mürşüd Məmmədlinin, Ağacəfər Həsənlinin, Dayandur Sevginin, Tofiq Nurəlinin... qeydləri dəyərləndirilə bilər).

 

Qayıdaq o yerə ki, Fəxrəddin Ziyanın kitablarını bir qələm dostu, bir həmkar borcu düşüncəsiylə oxuyarkən bəzən qeydlərimi əlimin altdakı bloknotda apardım, bəzi hissiyatları şairin kitablarının vərəqlərinin qalan yerlərində apardım... Bilmirəm niyə?!

Və elə o qeydlər arasından ilk olaraq qaçılmaz, çətin həyat yolunda valideynlər və cəmiyyət qarşısında daim cavabdehlik məsuliyyəti hiss edən yetkin bir vətəndaşın boylandığını, qalxıb ucaldığını gördüm.

Bu poetik - vətəndaş müstəqim olaraq Fəxrəddinin yalnız özü deyil, həm də onun, həyatda olan, bu hələ azdır, eyni zamanda, şairin görmək istədiyi, görmək arzusunda olduğu insandır, milli varlıqdır, etnik-mənəvi regionallıq bucağından baxsaq, düşünən və düşündürən azərbaycanlıdır. Həm də daim üzərində Allahı görən azərbaycanlıdır!

Poetik axtarışların şəhadətinə əsasən, deməzdim ki, Fəxrəddin Ziya mömin şairdir. Onun poetik qəhrəmanının imandan enerji aldığını isə söyləməyə haqqım var... Hansı bir çətin, yaxud fərəhli məqam olur-olsun (siyasi, iqtisadi, mənəvi), bu şairin əli həmişə Allahın ətəyindədir. Bu, bir səbir düsturudur! Bu, ən çıxılmaz anlarda belə nicatın, çıxış yolunun, davamın varlığına inamdır. Şeirlərindən belə hiss etdim ki, o, ən başda islamiyyət olmaqla dinlərin tarixinə və onların xilaskarlıq qüdrətinə bələddir, buna heç bir vəchlə şəkk gətirmir. Başqa halda o, aşağıdakı misraları yaza bilərdimi?

 

Allahım, nə qədər sevirsən bizi,

Necə qiymətliyik sənin gözündə...

 

Adətən cılız insanın Allaha olan böyük sevgisinin vəsf edildiyi bir dəmdə, qəfil və haqlı olaraq xatırlatmaq ki, tanrıya sevgi sənin miqyasındır, amma heç bilirsənmi ki, Allahın sənə sevgisi necə də... miqyassızdır, daha doğrusu, hüdudsuzdur.

 

F.Ziya bu misraları da Allaha üz tutaraq yazıb:

 

Sənə bənzətməyə səy göstərsək də,

Sonralar sındırdıq yüzlərlə bütü.

 

Bu da şairin misralarıdır:

 

Sənin varlığına inanmaq olur,

Sənin qüdrətini anlamaq çətin!

 

Fəxrəddin Ziyanın islam fəsəfəsinə söykənən poetik inancları heç zaman mövhumata uğramır, xurafata yuvarlanmır. O, həmişə ölçü-biçidə, əndazədə olan bir miqyasda müsəlman inanclarına, islami dəyərlərin o hissələrinə ki, müasir insanın ağrılarının səbbini almağa yarayır, əziyyətdən xilas yolu göstərir, ipucu verir, bax o məqamlarda şair mükəmməl biliklə yanaşı, özünə və oxuculara aid olan hikməti götürür. Məsələn, o, yaradanın yerdəki son elçisi Məhəmməd Peyğəmbərin - "Şərəfli bir həyat yaşayan!", "Nəfsin istəyinə uymayın!", "Sıxıntılara qarşı səbirli olun!", "Yaxşılıq etməyə tələsin", "Yaxşı kişilərlə dostluq edin!"...qısa deyimlərindən təsirlənərək yaxşılıq və gözü-könlü toxluq haqqında dolğun şeir nümunələri yaratmışdır.

Budur, şair uca Peyğəmbərimizin tamahdan qorunmaq haqqındakı çağırışını poetik məntiq baxımından uğurla davam etdirib yazır:

 

Çılğınlıq - cahillik əlamətidir,

Ağlı yetkin olan hissə qapılmaz.

Fərhadın dastanı bir əfsanədir,

Külüng zərbəsiylə qaya çapılmaz.

 

Qəribə bir xislət var canımızda,

Gücü axtarırıq ad-sanımızda,

Rəqib baş kəssə də, dörd yanımızda

Bizə toxunmasa, düşmən sayılmaz.

 

Yaman öyrənmişik alqı-satqıya,

Əhsən bu hərraca, bu soyhasoya.

Ola, bu adamlar dayana, doya,

Anlaya ləyaqət, Vətən satılmaz.

 

Torpağı verdik, ya satdıq, nə fərqi,

Yadlara qoyduq, ya atdıq, nə fərqi,

Biganə qaldıq, ya yatdıq, nə fərqi,

Qəflət yuxusuna gedən ayılmaz.

 

Şairin haqlı düşüncəsinə görə dünya malına hərislik elə bir qorxunc pərdədir ki, yalnız gözləri qapamır, eyni zamanda, ürəyə zülmət çökdürür, vicdanı qaraldır, ağlın çırağını söndürür...

Bu qəbildən olan "Xudabəndə xitab", "Allah qoysa", "Möminlikdə Allah görsənir", "Kamil olmaq imandandır", "Zina-ehtiras-sevgi", "Təkəbbür, lovğalıq" və digər şeirlərini ötən təsirdən yaranan əsərlər yox, inamlı şair mövqeyi, yetkin bir şəxsiyyətin inam - insan məsələsinə baxışı kimi dəyərləndirmək doğru olardı. Bu mövzuda yazdıqlarını uğurlu eləyən şairin, dediyimiz kimi, dinin cəmiyyətin inkişafında müstəsna rolunu nəzərə alması, müsəlman dünyasının inanc prinsiplərinə bələdliyi, dinlərin tarixini ən qədim mifoloji qatlardan - çoxlu allahların mövcudluğu, Allahın Zevslər, fironlar doğduğu, Adəmin, Musanın, İsanın yaranışından sonra sonuncu peyğəmbər və həm də real tarixi şəxsiyyət olan Məhəmməd əleyhissalama qədər bütün dövrlərin ilahiyyat baxışları açısından mənimsəməsi ilə birbaşa bağlıdır.

Fəxrəddin Ziyaya görə, əslində də, bu, belədir, Allahın adamı, yəni onun ifadə etdiyi poetik mən ilk növbədə təbiətin bir parçasıdır. Allahın yaratdığı olmaq üçün insan öz içində özünü yaratmalıdır. Ona görə də çox zaman oxucuya elə gəlir ki, təbiətlə üzbəüz dayanan şair F.Ziya eyni anda mehrab önündə dayanıb.

Belə baxış yerlə göyü, ilahi təsəvvürlərlə reallığı bir-birinə qovuşdurur. Həmin məqamda oxucu ilahi qüdrətin harada bitib, təbiət qüdrətinin harada başladığının fərqində olur. Əlbəttə ki, bu dəfə Fəxrəddin Ziya adlı şairin qələminin işığında. Misallara baxaq:

 

Mənə elə gəlir tək nəbatat yox,

Adəmlə Həvva da yaranıb yazda... - deyir şair.

 

Yaxud:

 

Adam bu yerlərdən qovulan gündən

Çeşmələr ağlayan gözüdü bəlkə?

 

Artıq bu misralarda cənnət vizual bir məkan deyil, şairin vətəninin real və poetik peyzajıdır. Bəs bu gözəllikləri necə duymalı, onunla necə davranmalı? Şairin buna da cavabı var.

 

Qoy öpsün üzündən düzün laləsi,

Əyilib ahəstə üz gözəlliyi

 

 - misralarındakı ümumən gözəllik anlayışının, ən az ömürə malik, adətən dərilməyə yaramayan, saplağından qopan kimi elə əllərindəcə təravətini, fiziki şuxluğunu itirən lalənin çiyninə yükləndiyinin yəqin ki, fərqinə vardınız. Şair yazır:

 

Ürək də bir gözdür, göz də bir ürək

Baxışdan odlanaq, duyğudan ölək

Tökülsün bəbəyi, kor olsun gərək

Həsrətlə görməsə göz gözəlləri...

 

Amma təbiət öz təcəllasında nə qədər müstəqim və sakitqədəm olsa da, hər məqama görə, hər insan yanaşmasıyla faydalılıq dərəcəsi qazanır, məsələn belə:

 

Taxıl zəmisində bitən laləni

Hərdən alaq bildik, hərdən gül bildik.

 

Şairin "Qu xisləti", "Novxanı bağlarında", "Mənim doğulduğum kənd", "Dağların", "Gül heyrəti", "Badam ağacı", "Xanbalan", "Lənkəran", "Masallı", "Torpaq eşqi", "Qumru", "İl ayrıcı", "2002-ci ilin qışı", "Ömrün xəzanı", "Atəşkəs dövrünün Bakısı" və digər şeirləri mən deməzdim ki, yalnız şair urəyinin ziyası ilə boyanan, bir baxış, bir təəssüratla yaddaqalan natural-poetik təbiət lövhələridir. Xeyr, bu şeirlərin hər biri ilk sətirdən son misrasına qədər məxsusi olaraq ictimai məzmuna malikdir və şair amalının ifadəsinə xidmət edir. Bu əsərlərin hər birində ciddi mənəviyyat, insaniyyat məsələlərimə toxunulub. Bununla belə, şairin bu istiqamətli axtarışlarının etibarlı fonu təbiətdir. Bu təbiət solğun deyil, canlıdır və həm də o qədər zərif cizgilərlə işlənib ki, əsas gorüntünü, yəni şair niyyətini ota-alağa, gülə-çiçəyə, dağa-daşa, sisə-dumana, işığa-qaranlığa bürüyüb it-bat eləmir. Çünki Fəxrəddin Ziya sözlə işləməyi, nəyi necə ifadə etmək təcrübəsini mənimsəmiş şairdir.

Fəxrəddin Ziyanın yaradıcılığında Adəmdən Xatəmə bütün şairlərin tərənnüm etdiyi Vətən obrazının özünəməxsus təqdimatı izlənilir. Bu Vətən də Allahın bərqərar etdiyi, təbiətin bir parçası olan vətəndir. Deməliyəm, bir çox şeirlərinə nəzər salarkən, xüsusən Vətən-vətəndaşlıq mövzusunun leytmotiv təşkil etdiyi əsərlərində Fəxrəddin Ziya poetik mənsubiyyətini də bir daha, mən deyərdim, bəlkə heç özünün də xəbəri olmadan ortaya qoyur.

 

Bütün varisliklər kimi, ədəbi varislik də şəksizdir. Əslində, yaxşı şairlərin hamısı milli dilin poetikasının, şifahi xalq ədəbiyyatının, klassik bədii söz sənətinin ənənələri üzərində qərar tutur. Bunlar bazis ənənələrdir, bütün tarixi ədəbi ənənələrin davamı olaraq təzahür edir. Yəni folklor və klassika yaradıcılığın ana kitabında bütün mövcud ədəbi külliyatı ehtiva edən iki fəsildir. Bu özüldən qıraqda, ümumiyyətlə, ədəbiyyat yoxdur və əgər kimsə ədəbi novatorluğu bu köklərdən ayırırsa, həmin o yaradılan yeni - ədəbiyyat deyil, nəsə bir başqa kateqoriyaya aid məhsuldur.

Hər dəfə bu məsuliyyətli şairin yeni şeirlərini oxuyanda, onun sədaqətlə arxalandığı ən yaxın varislərin də nəfəsini hiss edib duyuram. Əslində, onlar - Məmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Söhrab Tahir, Məmməd Araz, Xəlil Rza Ulutürk, Musa Yaqub 70-80-ci illərdə ədəbiyyata gələn bir çox ədiblərin mənəvi-ədəbi müəllimləri olmuşlar. Bu şairlərin nəfəsi, deyim tərzi, vətəndaşlıq mövqeyi, poetik pafosu Fəxrəddinin yazılarında, xüsusən, şairin vətən, xalq, millət mövzulu şeirlərində dərhal görünür. Fəxrəddin Ziya bunu gizlətmir, çünki həm ədəbi, həm də ictimai bir varlıq olaraq təvazökarlıq onun xarakterinin şah damarıdır. Digər tərəfdən adları çəkilən ustadların yetirməsi, davamçısı olmaqla kim fəxr etməz ki?

Fəxrəddin isə ustad sənətkarların bir çoxuna şeirlər, tutarlı misralar həsr etməklə yetkin qələm sahibi kimi sanki özündən sonra gələn nəsillərə ənənələrə sadiqlik mesajı verir. Çünki o, ənənələrdə gələcəyə daşınmalı olan sonsuz enerjinin təsir qüvvəsini bilir.

Baxaq görək Xətaini, Şəhriyarı, Bəxtiyarı, Məmməd Arazı, Söhrab Tahiri, Musa Yaqubu özünün ustadı sayan şairin məhz onların adına üz tutub dedikləri necə səslənir?! Fəxrəddin Xətaiyə bir neçə şeir həsr edib. Onların birində deyilir:

 

Ey ulu əcdadım, ey böyük ələm,

İstərəm sənintək yaşayam, öləm.

Yazdın bu millətin hünər tarixin

Bir əlində qılınc, birində qələm!

 

Şairin "Şeiriyyətim-şeirim" kitabında "Məmməd Araz karandaşı" adlı şeiri ayrıca təhlilə layiqdir. Yəqin bir çox oxucuların yadındadır ki, Məmməd Araz da vaxtilə öz şeirini Musa Yaqubun "Bu dünyanın qara daşı göyərməz" ideyasını daşıyan, indi dillər əzbəri olan poetik harayına cavab olaraq yazmışdı. Fəxrəddin "Məmməd Araz karandaşı"na sonuncu şeirdən bu misraları epiqraf seçib.

 

Xətainin qılıncını suvardım

Məmməd Araz karandaşı göyərdi...

 

Sonra Fəxrəddinin hər iki ustadın adına yaraşan çağlar misraları kükrəyir. Deyim ki, şeiri həyəcansız oxumaq olmur. Niyə? Çünki Fəxəddin Ziya bu şeirlə öz ustadına üz tutaraq Azərbaycan xalqının tarixi-ədəbi portretini cızmağa cəhd edib və buna da nail olub. Şəhadət üçün oxuyun bu misraları:

 

Nə yatmısan, qoca vulkan, - deyən şair,

Qalx ayağa, Azərbaycan, - deyən şair,

Ömrü boyu qüssə, kədər yeyən şair,

Dərdi böyük, qəlbi qubar Məmməd Araz

Xətainin qılıncını suvar, suvar, Məmməd Araz!

 

Əsasən Dağlıq Qarabağ faciəsi ilə əlaqədar xalqımızın düçar olduğu əzabları canlandıran, çıxış yolu axtaran bu əsər məntiqi sonluq olaraq bu misralarla yekunlaşır:

 

Tariximə abidədir məzar daşı,

Torpağımın daş yaddaşı,

taleyimin qan yaddaşı...

Yurdu talan olan şair, neyləyirdin karandaşı?

İndi yalnız silah verər yurda qərar,

Məmməd Araz,

Xətainin qılıncını suvar, suvar, Məmməd Araz!

 

Ümumiyyətlə, vətəndaşlıq pafosu, yurd sevgisi F.Ziyanın şeirlərinin ruhunu təşkil edir, o, vətənin gözəlliyi, müqəddəsliyi qarşısında nə qədər duyğulu, xeyirxahdırsa, yurdun, yurddaşın adına, şəninə ləkə salan bütün şeytani xislətlərə nifrətlə doludur. Fəxrəddinə görə:

 

Bizim olmaz ağrılar

Keçməsə səndən, məndən.

Əsgər çəkməsi altda

Qalan torpaqdı vətən.

 

Yaxud şəhid oğulların müqəddəs qanı bəzən onun qələminin cövhərinə dönür:

 

Kimsə deyə bilməz qurbanlıq sizə,

Qəhrəman oğullar, igid oğullar.

Bütün bu el-oba qurbandır sizə,

Ey torpaq uğrunda şəhid oğullar.

 

İctimai mövzularda qələm çalanda F.Ziyanın misraları nə qədər sərt və hökmlüdürsə, məhəbbət şeirləri, sevgi mövzusunda bayatı, qoşma, gəraylı və qəzəlləri o qədər zərifliklə, istiliklə dolu kəlmələrdən toxunur. Xüsusilə şairin qəzəl şəkilli şeirləri həm əruz vəzninə bələdlik baxımından, həm də mövzularına, bədii obraz axtarışlarına görə rəğbət doğurur.

Ümumi qənaət bundan ibarətdir ki, Fəxrəddin Ziya həyatı tanıyan, onunla üzbəüz durmağa haqqı olan şairdir. Bəlkə buna görədir ki, ayrı-ayrı şeirlərindən gələn torpaq, meşə, gül, sevgi, vətən, insan... ətri bir yerə cəmlənəndə bu poetik söz çələngindən gələn ətrin yalnız bir adı olur - həyat ətri... Heyif ki, bu ətrə bəzən natamam insanların əməlləri səbəbindən yad qoxular da qarışır.

Belə hallarda dostumun şair ruhu ifrat dərəcədə sinirli olur, ən yaxın çevrəsini belə qırmanclamaqdan, kükrəyən qəzəbini yağdırmaqdan çəkinmir. Onda düşünürsən ki, tanrıya, təbiətə, vətənə, sevgiyə üz tutan Fəxrəddin Ziyanın başlıca şair məramı nəinki öz sözünü cəmiyyətə yetirməkdir, bəlkə bundan da daha əsas olan məhz özünün, Fəxrəddin Ziyanın əxlaqi, mənəvi və bədii potensialının təsir gücü ilə, fərdi şair imkanlarıyla cəmiyyəti saflığa çağırmaq, tarixi humanitar nizamı qorumaqdan ibarətdir. Bu niyyət, bu mövzu Fəxrəddinin poetik varlığıdır və baxıb görürəm ki, bu qədər danışdıq, amma heç bu əsas olana toxunmadıq... Deməli, Fəxrəddin Ziya haqqında təhlil olunmalı, söz açılmalı məqamlar var, yenə də olacaq.

Fəxrəddin Ziya adlı real poeziya fəzası kifayət qədər tutumlu olsa da, qələm dostumun ədəbi hakimiyyətdən umacağı elə də çox deyil. Poeziya haqqında düşüncələrimi ümumiləşdirən bu misralar əslində, onun estetik baxışlarını dəqiq ifadə edir:

 

... Çox vaxt qılınc kimi susur qınında

Dönür hərdən qorxunc bir şirə şeirim...

 

... Bir gözəl misrası yaranan anda

Sığışır nə göyə, nə yerə şeirim...

 

... Sağam, sirdaşımdı, məndən sonrasa

Qalacaq elimə xatirə şeirim...

Əslində, dünyaya insan övladından nə qalsa onun adı xatirədir, bəlkə də istisini heç zaman azaltmayan bir hiss, duyğu axarıdır ki, hərəkət yönünün - nə irəli, nə geri, nə sola, nə sağa, nə yuxarı, nə aşağı - cəhəti yoxdur, gəlişi-gedişi zaman tanımır, biz isə onun adına xatirə deyirik. Həqiqi şairlərdən qalan şeir həm də xatirədir. Belə çıxır ki, Fəxrəddin Ziyanın poeziyadan istədiyi çox deyil, amma heç az da deyil...

525-ci qəzet.-2018.-7 dekabr.-S.7-8.