Zülfü Livaneli,
“525-ci qəzet” və yağmurlu İstanbul...
Təsadüfi görüş deyildi bu. Bir ildir arzulayır,
aylardır ona gedən yolları axtarır, planlar qururdum. Çox cəhdlər etmişdim,
hamısı puç
olmuşdu.
Yaxınlarda bir dostumla görüşdük. Ordan-burdan xeyli söhbət etdik, sonra mənə bir zəng gəldi, ümidsiz danışığımı görüb nə baş verdiyini soruşdu. Onunla görüşmək istədiyimi, lakin gözlədiyim yerlərdən istədiyim cavabın gəlmədiyini dedim. “Buna görə ürəyini sıxırsan? Gözlə!” dedi və komputerin arxasına keçib kiməsə mesaj yazdı. Bir neçə dəqiqədən sonra telefon nömrəsi göndərildi. Dostum zəng etdi, danışan özü idi. Onu hənirindən tanıyırdım. Çünki hər kitabından sonra günlərlə onu araşdırmaqla məşğul olurdum. “YouTube”da danışıqlarına qulaq asırdım. Bir neçə dəqiqə ərzində surətlə davam edən mesaj, zəng intervalını ağzı açıq izləyirdim, heyrətdən gözüm genişlənir, nəbzim daha sürətlə vurmağa başlayırdı. Müsahibə verəcəyi şəxslə maraqlandı, qəzet haqqında soruşdu. E-mailini göndərdi, bütün məlumatların həm də ora göndərilməsini rica etdi. Məlumatlardan qane oldu, noyabrın 28-də İstiklal Caddesində yerləşən Yapı Kredi Kültür və Sənət Mərkəzində məni gözləyəcəyini dedi. Sevincdən qanadlandım. Xeyli yola baş vurub, hər dəfə yaşadığım xəyal qırıqlığından sonra ona çatmağın belə rahat olacağına inana bilmirdim. Göyün yeddinci qatı yalan oldu. Nəydisə, ondan da yüksəyə qalxmışdım.
Üstündən bir müddət keçdi, görüşəcəyimiz tarixə bir neçə gün qalmış yola çıxdım. Səfərim Ankaraya olduğu üçün planımda bir günlük İstanbula gedib, yenidən eyni şəhərə qayıtmaq vardı. Noyabrın 28-i İstanbula uçdum. Necə olsa, gecə geri dönəcəm deyə yanımda heç nə götürmədim. İstanbulun tıxacı, inşaatı, təmiri deyərkən gəlib Taksimə çatdım. İstiklal caddesinin qarışıqlığına qapılaraq küçə boyu yeriməyə başladım. İlahi, intihar etmək üçün binanın damına çıxan kim, dörd-beş nəfəri başına toplayıb nəyəsə etiraz aksiyası keçirən kim, restoranda anidən çıxan yanğından canını qurtarmağa çalışan kim... Bir tərəfdən gələn türkünün səsi, o biri tərəfdən eşidilən pop musiqisinə qarışmışdı. Dəstə-dəstə polislər gah aşağı, gah yuxarı doğru irəliləyirdilər. Səmada təhlükəsizlik məqsədi ilə fırlanan helikopterin səsi isə bu qarışıqlığa lap duz-bibər kimi təsir edir. Bir də görürsən, qarşıdan üstünə TOMA (toplumsal olaylara müdahile aracı) gəlir, elə bilirsən ki, bir azdan küçəboyu hansısa qarmaqarışıq bir olayın iştirakçısına çevriləcəksən. Bir qədər sonra vəziyyətə alışdığını hiss edir və rahat olursan.
Birdən gözüm saata sataşdı. Vaxt irəlilədikcə həyəcandan ürəyim sanki qulağımda döyünürdü. Fikirləşdim ki, görüşə 1 saat var, ən yaxşısı mən indidən görüşəcəyimiz ünvana gedim. Ora çatanda məlum oldu ki, saat 19:00-dan tez içəriyə heç kim buraxılmır. Nəsə ki, burada da bəxtim gətirdi, yuxarı qalxa biləcəyimə dair göstəriş verildi. Tədbirin təşkilatçıları ilə görüşdüm və çəkilib kənara həyəcanımı yatırmağa çalışdım. Eyni zamanda, düşünürdüm ki, yəqin bizim görüş 15-20 dəqiqə çəkər. Çünki məkan rahat müsahibə almaq üçün uyğun yerə oxşamırdı. Hətta insanlar gəlməmiş, erkən görüş fürsəti qazanmaq üçün zəng etdim. Telefonu açdı, budur, qulağım əsrarəngiz səslə tumarlanmağa başladı. Özümü təqdim etdim, Yapı Kredi Kültür və Sənət Mərkəzində olduğumu dedim. Onu gözləməyimi istədi. Mənimlə görüşəcəyini, lakin həmin gün müsahibə verməyəcəyini bildirdi. Qalmağa hazırlıqsız olduğum üçün təəssüfləndim, amma bu qarışıqlıqda müsahibə verməyəcəyi üçün xeyli sevindim. Beynimdə fikirlər o qədər çox idi ki, hətta bir qədər sonra heç nə düşünməməyə başladım. Saatlar 19:00-ı göstərirdi! Bir gözüm sol tərəfdə hərdən-hərdən açılıb-bağlanan liftdə, o biri gözüm sağdan axın-axın insanların gəldiyi pilləkəndə idi. Artıq divardan asılan elanda göstərilən və mənə deyilən vaxtdan keçmişdi. Amma o, hələ də gözə dəymirdi. Saniyələr içərisində zalda elə sıxlıq yaranmışdı ki, gözümdən yayınacağından, onu izdihamın arasında itirəcəyimdən ehtiyat edirdim. Mərkəz elə dolu idi ki, insanlar təyin edilməmiş yerlərdə, döşəmələrin üstündə otururdular. Mən isə lap əvvəldən oturmaq üçün müəyyənləşdirdiyim yeri çoxdan əldən vermişdim. İsrarla liftin qabağında dayanmışdım. Bir qədər sonra təkrarını heç bir simada görməyəcəyimə əmin olduğum möhtəşəm bir təbəssümlə dayandığım istiqamətə, üzü mənə doğru gəldiyini gördüm. Hə, o idi, nə əskik, nə artıq, təpədən dırnağa qədər Zülfü Livaneli idi. Sevginin vücuda çevrilmiş halı kimi gəlirdi. Yaxınlaşdım, özümü təqdim etdim. Üzümə diqqətlə baxdı, günəş kimi təbəssümü üstümə saçıldı.
- Türkan sizsiniz?
- Bəli, “525-ci qəzet” üçün söhbətimiz olacaqdı. Ancaq bu qarışıqlıqda...
Məyusluqla üzümü hələ də gəlməkdə olan insan selinə tərəf çevirdim.
- Sizə müsahibəni ya
sabah, ya da biri gün
verəcəm. Sabah zəng edin,
tarixi dəqiqləşdirək.
- Hansı saatda uyğun olursunuz, neçədə zəng
edim?
- 12 radələrində danışarıq.
Telefon nömrəniz məndə var. Ya
siz zəng edərsiniz, ya da mən...
- Yaxşı! Onda danışarıq!
Dialoqumuz bitdikdən sonra qonaqlar üçün nəzərdə tutulmuş
xüsusi qapıdan içəri keçdi. Fikirləşdim ki, vədələşdik,
yaxşısı budur
tədbirə qatılmayım,
onsuz da yorğunam. Üstəlik, görüşəcəyik də, gedim özümə otel tapım. Elə hazırlaşırdım çıxım, sanki ayaqlarım kilidləndi.
Öz-özümə, “Hara gedirsən, bu fürsət neçə dəfə ələ keçir ki, sən əldən
verirsən?!” - deyib qınadım və qaldım. Otel hər yerdə
doludur, Livanelini qaçırtmamaq lazımdır
düşüncəsi ilə
zala keçmək istədim, amma mümkün olmadı! Çünki o qədər
adam vardı
ki, artıq tədbiri göstərmək
üçün dəhlizdə
yerləşdirilən monitorun
qarşısına da
yaxın düşmək
olmurdu. Nəzarətçilər
bir az
əvvəl Livaneli ilə danışdığımı
görmüşdü, içəri
keçmək istədiyimi,
xüsusi qapını
açmalarını xahiş
etdim, dərhal yardımçı oldular.
Lakin burada da adam əlindən tərpənmək
mümkün deyildi. Bir az cəhd edib səhnənin yanında ayaqüstə dayanmaq üçün özümə
yer edə bildim. İşığı söndürülmüş zalda Zülfü Livanelinin Bodrumda və İstanbulda çəkilən fotoları
bir-birini əvəzləyirdi.
Arxa fondan gələn səda isə ürəkləri fəth edirdi:
Karlı
kayın ormanında
Yürüyorum geceleyin
Efkarlıyım, efkarlıyım
Elini ver, nerde elin?
Səhnədə tədbirin təşkilatçısı və fotoların müəllifi Lütfi Özgünaydın danışırdı. Gözüm isə Zülfü Livanelini gəzirdi. Ön sırada oturmuşdu. Həmişə “ada” kimi baxdığım adam yenə seçilirdi. Sanki “dəniz”in ortasında hər tərəfi su ilə əhatə olunmuş kimi görünürdü. Slayd sona çatdı, çıxışlar yekunlaşdı, Livaneli səhnədəki yerini aldı. İnsanların rəğbəti adamı lap heyrətləndirirdi. Hamının gözü ağzından çıxan cümlələrdə idi, hər kəs bir təbəssümünə bənd idi. O qədər səmimi ortam idi ki, adama elə gəlirdi hamı söhbət masası ətrafında oturub danışıb gülür. Lütfi Özgünaydın ədəbiyyatla, sənətlə bağlı suallar verməyə başladı. Livaneli cavablayanda o qədər insanın olduğu zalda alıb-verilən nəfəsi belə duymaq olurdu, insanlar sakit dinləyirdilər. Sanki bir səslə, xırda hərəkətlə işin sehri itəcəkmiş kimi sükut yaratmışdılar... Bayaqdan dayandığım yerdə qalmışdım. Söhbətə özümü elə qapdırmışdım ki, saatlarla hündür ayaqqabı ilə ayaqüstə necə dayandığımı unutmuşdum!
İki saatdan çox davam edən tədbir yekunlaşdı, Livaneli səhnəni tərk etdi, yanımdan keçəndə təkrar danışdıq və sağollaşdıq.
Kültür mərkəzindən çıxanda gördüm ki, bir yağış yağır, tut ucundan göyə çıx. Amma nə leysan, nə boran, nə qar, nə 15 santimetr hündürlükdə olan ayaqqabım, nə də islanmağım vecimə idi. Ürəyimin həyəcanla döyünməsi hər şeyi unutdurmuşdu.
Livanelinin uğurlu gəlməsinə görəmi, yoxsa mənim bu görüşü şiddətlə arzuladığım üçünmü bilmirəm, bütün çıxan maneələr bir neçə dəqiqə ərzində həllini tapırdı. O gecə “sehirli dəyənək” toxunmuş kimi yaxşı keçdi. İstiklal caddesində yeni günə oyandım. Zəngləşmək üçün danışdığımız vaxtın təmkinlə yetişməyini gözləməyə başladım. Əqrəblər on ikiyə çatana yaxın zəng elədim. İstanbulun qeyri-sabit keçən havasından, axşamkı tədbirdən danışdıq, ardınca cümə günü saat 13:00-da Ulusda yerləşən evində məni gözləyəcəyini dedi. Sağollaşdıq! Beləliklə, 4 gün İstanbulda qaldım... Və uzun müddət gözlədiyim gün gəldi. İndi ona ürəyimdən keçənləri deyib, suallarıma cavab ala biləcəkdim.
Cümə günü çatdı, rəngli çətirimi açıb əvvəlcə İstiklal caddesində xeyli gəzişdim. Sonra otelə qayıdıb hazırlaşdım və üzü Ulusa doğru yola düşdüm. Yağış hələ də ara vermirdi. Yolboyu “Serenad” romanındakı cümlə beynimdə var-gəl edirdi: “Hava kötü dediğimde sadece havadan söz etmediğimi anlamak bu kadar zor mu? Yanımda olmanı istiyorum diyemediğim için bu yağmur içimi ıslatıyor dediğimi nasıl anlamaz?” Doğrudan da, yağış içimizi isladana qədər yağdı. Mən isə ünvana çatdım. Zəng etdim, qapını özü açdı, yuxarı qalxdıq. Sonra nə oldu, bilirsiniz?
“525-ci qəzet”in növbəti
şənbə sayında Azərbaycan xatirələrini,
Xocalı söhbətlərini, mədəniyyəti, ədəbiyyatı,
Dostoyevskini, Tolstoyu, sevgini, qadınları, kişiləri, sevgisizliyi, yaxınlarda işıq üzü görəcək kitabı ilə
bağlı məlumatları və daha
artığını oxuya biləcəksiniz.
Gözləyin!
Türkan
TURAN
525-ci qəzet.- 2018.- 8 dekabr.- S.12.