90 yaşlı Gənc
Tamaşaçılar Teatrı
Bütün
böyük işlər kiçik, sadə arzulardan
başlanır... Arzu təməldir. Dünya başlanğıcını
düşüncədən götürür.
Deməli, 1873-cü ildə Bakı realnı məktəbin
şagirdi Nəcəf bəy teatr tamaşasına baxır. Və ana
dilində tamaşa hazırlamaq arzusu baş qaldırır.
Elə həmin bu arzudan danışırdım... Gələcəkdə dramaturq olacaq Nəcəf bəy
Vəzirovdan söhbət gedir. Nəcəf
bəy arzusunu Həsən bəy Zərdabiyə bildirir.
Zərdabi Mirzə Fətəli Axundzadənin “Təmsilat”ını
oxumaq və əsər seçmək üçün ona
verir. Nəcəf bəy Vəzirov “Lənkəran
xanının vəziri” komediyasını seçir. Tezliklə məhz onun rəhbərliyi və təşkilatçılığı,
çağdaş dillə desək, rejissorluğu ilə
şagirdlərlə birgə əsərə quruluş
verilir. Həsən
bəy Zərdabi məşqlərdə pedaqoq kimi, nəzarətçi
simasında iştirak edir və hazırlıq prosesinə məsuliyyəti
də öz üzərinə götürür. İlk tamaşa mart ayının 10-da “Nəciblər
klubu” binasında (o zaman “Sobraniye” adlanırmış həmin
bina) göstərilir. Afişdə isə əsərin adı “Sərgüzəşti-vəziri-xani
Sərab” yazılır. Əsas rolları məktəbin
şagirdləri Əlyar (Lənkəran xanının vəziri),
Səməd (vəzir Mirzə Həbib), Nəcəf (Ziba
xanım), Əsgər (Nisə xanım) oynayırlar. Afişdə adları yazılan “Nəcəf” - Nəcəf
bəy Vəzirov, “Adıgözəl” isə gələcəyin
ictimai xadimi Əsgər ağa Haqverdi oğlu Adıgözəlov
Gorani idi.
Həmin
tamaşanın göstərildiyi gün, 10 mart 1873-cü il teatrımızın yaranma tarixi hesab olunur...
O zaman Nəcəf bəyin heç 20 yaşı tamam
olmamışdı. Bu hadisəni ən bəsit
dildə yozsaq, 20 yaşlı gənc başqa dildə
tamaşa görüb həvəslənib və öz ətrafı,
dostları ilə yenilik etmək istəyib. Amma belədə də sual çıxır ortaya, bəs
Mirzə Fətəli öz dilimizdə, millətimizi, onun
problemlərini əks etdirən pyes yazmasaydı, onda necə?!
Elə Həsən bəy Zərdabi də bəzi
çağdaş “ziyalıların” təbiri ilə
“işin-gücün yoxdu?” sualını versəydi, köməyini
əsirgəsəydi, gənc oğlanlar qadın rolu
oynamağa razılaşmasaydılar?! Azərbaycanda
teatr olmayacaqdı, hə?! Ya da çox gec olacaqdı...
Bunu bir an belə təsəvvür edəndə
adamın qolları yanına düşür.
Sənətin heç nəyə təsir etməməsi,
heç nəyi dəyişməməsi düşüncəsi
ilə qəti razı deyiləm. Zövqünə
inandığım adamın primitiv bir adam
görən kimi “get bir-iki kitab oxu” - deməsini eşidəndə
təəccüblənirdim həmişə, axı 1-2 kitab
adama nə edəsidir ki... Auditoriyaya girəndən,
universitetdə dərs deyəndən sonra bunun effektini
anladım. Doğrudan da kitab oxuyan
adamın necə dəyişildiyini,
üzünün-gözünün ifadəsinin dərinləşdiyini
gördüm. Səhnə isə daha
geniş kütlələrə müraciət
üçündür. Həm də elə
təməlindən teatr zövq vermək üçün
yaradılıb. Özü də kimə?
Allaha! Hə, qədim yunanlar teatrı Dionisi “əyləndirmək”
məqsədiylə yaratmışdılar. Allahın kefini açırdılar ki, məhsulları
bol olsun, şərabları çox olsun və yaşamaq daha
rahat olsun. Məncə, bu qədər əsrlərdən
sonra yenə heç nə dəyişilməyib. Elə
Tiflisdə çıxan “Kavkaz” qəzeti də 25 mart
1873-cü il sayında ilk milli teatr
tamaşası barədə məlumatda bu məqamı
vurğulamışdı. Qəzetdə
yazılırdı ki, tamaşa hazırlamaqda məqsəd
müsəlman əhlinə zövq vermək olub. Bəli,
müsəlman əhli, indiki halda xalq, lap elə kütlə nə
qədər böyük zövq alsa, mənən nə qədər
rahat olsa, yaşamaq o qədər sadələşər, daha
doğrusu, böyük problemlər gözə görünməz.
Yəqin elə bunu bildiyi üçün o
hadisədən sonra Mirzə Fətəli Axundzadə Həsən
bəy Zərdabiyə “ömrümü on il uzatdınız”
yazıb təşəkkür edirdi.
Amma bu,
başlanğıc idi... Sənətin qarşısında
daha böyük işlər, balacadan böyüyə
bütün xalqın mənəvi-estetik tərbiyəsi
üçün daha böyük çabalar vardı...
90 İL
GERİYƏ...
Elə Gənc Tamaşaçılar Teatrı da
kiçik arzudan yarandı. 16 yaşlı Ağadadaş Qurbanov
və onun dostlarının arzusu, təşəbbüsü
ilə qurulan tamaşanın premyerası 1927-ci il
mart ayının 15-də oldu. Afişada yazılırdı:
“Bu gün Pioner dəstə rəhbəri Lətif Kərimlinin
quruluşunda “Fırtına” tamaşası göstəriləcəkdir”.
Həmin tamaşa ilə Azərbaycanda uşaq teatrının təməli
qoyuldu. 1928-ci ildə Azərbaycan Xalq Maarif
Komissarlığının qərarı ilə Bakı
Uşaq teatrı rəsmi olaraq fəaliyyətə
başladı. Teatrın ilk aktyorları və
rejissorları Ağadadaş Qurbanov, Məmmədağa
Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov,
Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman
Ələsgərov, Hüseynağa Sadıxov, Kərim Həsənov,
Zəfər Nemətov, Məhərrəm Haşımov,
Əliməmməd Atayev oldular.
1936-cı
il iyul ayının 18-dən etibarən
Bakı Uşaq teatrı Azərbaycan Xalq Maarif
Komissarlığının əmrinə əsasən “Azərbaycan
Dovlət Gənc Tamaşaçılar Teatrı”
adlandırıldı. 1936-cı ildə Moskvada
rejissorluq fakültəsini bitirən Məhərrəm
Haşımov teatrın baş rejissoru təyin olundu. O,
teatrın həm rus, həm də Azərbaycan bölməsində
V.Lyubimovanın “Seryoja Streltsov” əsərinə quruluş verdi.
1937-ci ildə isə görkəmli uşaq
yazıçısı Abdulla Şaiq teatrın ədəbi
hissə müdiri təyin olundu. Onun “Xasay”, “Eloğlu”, “Fitnə”,
Mirmehdi Seyidzadənin “Qızılquş”, “Nərgiz”, Əyyub
Abbasovun “Azad”, “Məlikməmməd” əsərləri ilə
teatrda ilk milli uşaq tamaşalarının əsası
qoyuldu.
Bu rəqəmləri və o illərdə görülən
işləri düşünəndə heyrətlənir
insan.
Çağdaş zamanda sosial şəbəkədə kifayət
qədər “like” olunmamış adam dəftər-darağını
götürüb getmək istəyir, “mənə yetərincə
dəyər verilmədi” - deyir. Amma o zamanlar 37
kimi, 41-45 kimi rəqəmlərin xofu altında uşaqlar
üçün əsər yazır, tamaşa
hazırlayırmışlar. Əslində, mahiyyətə
varanda səhnə, teatr xilasdı, sehrli aurası, mühiti ilə
yaradıcı adam üçün
bunkerdir. Amma bununla belə, sənət həyatdan, tarixdən,
siyasətdən ayrı ola bilməz.
Dörd dövrəndə sözün həqiqi, ya məcazi mənasında
müharibə gedir, qan tökülürsə, qapını
kip bağlayıb, yaxud səhnədə “qapanıb”
atılıb-düşə bilməzsən... Bütün
ağrılar içindən keçib sənətinə
ötürülür!
7 dekabrda Gənc Tamaşaçılar Teatrının
yubileyində də Mədəniyyət naziri Əbülfəs
Qarayev çıxışında məhz bu məqamları
vurğuladı. Ölkənin, millətin tarixi ilə yanaşı
gedən, yaxud onu əks etdirən sənətdən, teatrdan
danışdı. Axı təkcə Sovetlərin tərkibində
olanda yox, elə müstəqilliyin gəlişi ilə də
müxtəlif ağrılar, bəlalar, itkilər kəsdirdi
millətin başının üstünü və bu gün
teatrın yubiley təntənəsində sadəcə deyib-gülə
bilməməyimiz, həm də ağrılı, ürək
dağlayan əsərləri, tamaşaları yada
salmağımız, ayrıca bir müharibə
bölümünə müraciətimiz elə-belə deyil. Söylədiyim kimi, teatrın tarixi, keçdiyi yol,
elə bütöv millətin ömür yolunun güzgüdəki
əksidir. İstər mənəvi, istər
elə fiziki mənada ölkədə baş verən hadisələr
sənətə birbaşa təsir edir. İndi
teatrın aktyorları o çətin illəri yada salanda elə
faktlar deyirlər ki, bu adamların gücünə, səbrinə,
fədakarlığına heyrətlənməyə bilmirsən.
Qarabağ müharibəsi zamanı, ondan sonra da hər
şeyə marağın, sənətin gücünə
inamın tükəndiyi bir vaxtda bumbuz zalda tamaşa göstərirlərmiş. Teatrın aktyorları cəmisi
bir neçə tamaşaçı üçün
oynamalarını danışanda, həm də bunun gülməli
tərəflərini şərh eləyəndə bilmirsən
güləsən, ya ağlayasan... Görünür,
bütün zamanlar və dövrlərdə sənət fədakarlıq
tələb edir. Və bunun nəticəsi
gec-tez mütləq olur.
Bəlkə
elə bu adamların fədakarlığına görə, hələ
üstəgəl, ölkə miqyasında qayğının
nəticəsi olaraq Gənc Tamaşaçılar
Teatrının qazandığı uğurları sadaladıqca
sadalamaq olar... Əlbəttə,
hamısını yada salmaq mümkün deyil, amma bir neçə
festival adı çəkməyi özümə borc bilirəm.
Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində
keçirilən Türkdilli ölkələrin ənənəvi
9-cu Beynəlxalq Teatr festivalı, Krım Muxtar
Respublikasının paytaxtı Simferopol şəhərində
keçirilən XII Beynəlxaq Antik İncəsənət
Festivalı, İran İslam Respublikasının Qurqan şəhərində
keçirilmiş 32-ci Beynəlxalq
“Fəcr” teatr festivalı, Sankt-Peterburqda keçirilən II
Beynəlxalq “ArtOkraina” mono və kiçik həcmli
tamaşalar festivalı, Əl-Füceyra Əmirliyində
(BƏƏ) keçirilən V Monodram Beynəlxalq Teatr
Festivalı, Təbriz şəhərində keçirilən
“Əlif” Beynəlxalq festivalı və s. Bütün bu
festivallardan böyük uğurlar, birinciliklərlə
qayıdıblar sənətkarlarımız. Və
elə bu faktın özü, Azərbaycan teatrının
ölkədən kənarda tanınması, qəbul
olunması, sevilməsi düşüncəsi bütün
ağrı-acıları unutdurur.
BALACADAN
BÖYÜYƏ...
Teatrşünas
Aydın Talıbzadə Gənc Tamaşaçılar
Teatrının yubileyinə yazdığı “Qulliver teatrı”
məqaləsində bir məqamı xüsusi
vurğulayır: “Gənc Tamaşaçılar
Teatrının aktyorlarının ifa manerası
üçün səciyyəvi xüsusiyyətlərdən
biri universallıqdır. Onlar həm azyaşlı uşaqlar,
həm məktəblilər, həm də yeniyetmə və gənclər
üçün səhnədə maraqlı olmaq qabiliyyətinə
malikdirlər və bu aktyorlar ruhən heç vaxt
qocalmırlar, sanki özlərini həmişə balaca
cocuqlarla birgə hiss eləyirlər, digər teatrlarda
çalışan həmkarlarından fərqli daha sadə,
daha səmimi, daha ünsiyyətcil olurlar. Bu,
onların uşaq dünyasına yaxınlığından irəli
gəlir”. Bu dəqiq şərhi ən
müxtəlif tamaşaların timsalında davam etdirərək
demək olar ki, məhz bu cəhət teatrın
repertuarının zənginliyinə gətirib
çıxarıb. Dünya və Azərbaycan
klassiklərinə müraciət, həm müasir cizgi filmlərinin,
həm də xalq nağıllarımızın səhnədən
təqdimatı, eyni zamanda, çağdaş dramaturqların əsərlərinə
yer verilməsi son dərəcə mühümdür. Bu mənada aktyorların hər mövzuda əsərdə,
müxtəlif xarakterləri yarada bilmələri xüsusi
vurğulanmalıdır. Həm yaşlı, həm də
gənc nəsil sənətkarlar bu işin çətinliyinin, üzərlərinə
düşən missiyanın fərqindədirlər. Baş
rejissor Bəhram Osmanov da bu günlərdə verdiyi müsahibədə
teatrın missiyasını bir neçə kəlmə ilə
şərh etmişdi: “7 yaşdan 77 yaşa kimi
tamaşaçının maraq dairəsini duymaq və ona
uyğun repertuar qurmaq lazımdır. Bu gün
biz deyirik ki, uşaqlar kompüter oyunlarına, internet
resurslarına meyllənirlər. Lakin
görəndə ki, həmin uşaqlar tamaşada sadə bir
keçinin ağlamasından təsirlənirlər, buna
yalnız sevinmək olar. Əsas məqsəd
mərhəmət hissini aşılamaqdır. Məncə, dünyanın buna ehtiyacı var!”
Teatrın repertuarındakı tamaşaları,
aktyorların yaratdıqları xarakterləri göz
önündən keçirəndə sanki bir missiya
bölgüsü hiss olunur. Xalq artisti Cənnət
Səlimova Şekspiri, Mirzə Fətəli Axundzadəni,
Üzeyir Hacıbəylini təzə çağın dilində,
müasir tamaşaçının qəbul edəcəyi
formada, yeni şəkildə göstərir. Xalq artisti Vaqif Əsədov əsl nağıl
estetikasını qoruyub saxlamaqla, uşaq tamaşalarında
yüngül, rahat ovqat, böyüklər üçün əsərlərdə
vəziyyətin dramatizmini qabardaraq düşündürməyə
çalışır tamaşaçısını.
Əməkdar incəsənət xadimi Bəhram Osmanov həm
müasir, həm də klassik əsərlərin vasitəsiylə
insanı, onun hisslərini, içindəki təbəddülatları,
problemləri göstərir, xoş duyğuları tərənnüm
edir... Əməkdar artist Nicat Kazımov uşaq
tamaşalarında əsl bayram ovqatı, şən əhval-ruhiyyə
yaradır, uşağı uşaq olduğuna sevindirir, amma
eyni zamanda, böyüklər üçün
hazırladığı tamaşalarda həyatın qəddar
tərəfini, çətinliklərini də göstərməkdən
çəkinmir.
Əslində, bu, bəlkə də zövq məsələsidir. Hər bir sənətkar həyatı, insanı öz gördüyü tərəfdən, öz üsulları ilə göstərməyə, anlatmağa çalışır. Şübhəsiz ki, alınan təhsilin, sənətkarın yetişdiyi mühitin əhəmiyyəti böyükdür. Amma bununla belə, hansısa ilahi bir sehr var ki, hər bir sənətkarın yaradıcılığında bir cür görünür, bir cür üzə çıxır. Bu mənada Gənc Tamaşaçılar Teatrının aktyorlarının da arasında belə bölgünü, o ilahi sehrin fərqli ifadəsini görə, duya bilərik. Estafeti böyüklərdən, klassik sənətkarlardan almış bugünkü yaşlı nəsil sadəcə bir məktəbdir. Ən gözəl uşaqlıq xatirələrimizin siması olan bu adamlar - Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Rahib Əliyev, Atabala Səfərov, Lətifə Əliyeva, Nübar Novruzova, Vahid Əliyev, Sona Babayeva, Məsumə Babayeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Naibə Allahverdiyeva, Qurban İsmayılov Azərbaycan teatr tarixində özünəməxsus yer tutmuş sənətkarlardırlar. Mən bu sənətkarların fəxri adlarını, mükafatlarını sadalamıram, ona görə ki, məncə, zamanla bu insanların adları vizit kartına çevrilib. Elə daha sonrakı nəsil haqqında da bunu demək olar. Şövqi Hüseynovun Şeyx Sənanını, Sançosunu, Nofəl Vəliyevin Aydınını, Mehriban Abdullayevanın Ledi Kapulletisini, Təhminə Məmmədovanın Budurunu, Sevinc Mehrəliyevanın Qaraca qızını, Güşvər Şərifovanın Xatirəsini, Elnur Hüseynovun Karraskosunu, Mehriban Hüseynovanın Dülsineyasını, İradə Rəşidovanın Annasını, Zülfiyə Alhüseynovanın Nigarını, Müşfiq Əliyevin Qulliverini, Genasını, Elşən Şıxəliyevin Canavarını, Elgün Yəhyanın Bərbərini, Anar Seyfullayevin Qoğalını, Səbinə Məmmədovanın Gövhərtacını, Tahir İsmayılovun Ayısını, Araz Pirimovun Aleksini, Ramil Məmmədovun Andresini, Elşən Hacıbabayevin Küçə musiqiçisinin hələ çox-çox illər xatırlayacaq tamaşaçı. Amma məsələ ayrı-ayrı obrazların necə yaradılmasında deyil, əsas şərt komanda olmaq məharətidir. Kollektivin üzvü kimi son zamanlarda müşahidə etdiyim sevindirici məqam odur ki, komanda ola bilir bu teatrın aktyorları. Görünür, elə bunun özü də 90 ildə nəsildən-nəsilə ötürülən dəyərdir.
YENƏ VƏ HƏMİŞƏ SEVGİ
Bəzən gənclər “nə qədər sevgidən yazmaq olar” deyəndə təəccüblənirəm. Dahi mütəfəkkirlərdən sevgidən yazmaq haqqında soruşanda qısaca cavab veribmişlər: “Məgər ayrı nəyinsə mənası var ki?” Teatrın yubiley tamaşasına baxdıqca düşünürəm bütün digər mövzuları, problemləri “deyən”, “danışan” səhnə sevgidən danışanda ayrı cür görünür, başqa rəng, ovqat alır. İstedadlı aktyorlarımız - əməkdar artist Elnur Kərimovla Günel Məmmədova “Sarıköynəklə Valehin nağılını” danışırlar, Asya Atakişiyeva ilə Mirzağa Mirzəyev “Romeo və Culyetta”nın sevgisindən bəhs edirlər, Elnur Hüseynovla Aygün Fətullayeva Cəlal və Humayın ümidsiz məhəbbətini göstərirlər. Və birdən Leyli ilə Məcnun gəlir - Səbinə Məmmədova və Bəhram Həsənovun simasında. Nimdaş, üzülmüş geyimdə, qolu-qanadı qırılmış Məcnun-Bəhram “Leyli” - deyib zarıyır... Səbinə Leylinin ağrısını o qədər içdən çatdırır ki, sadəcə söz tapmırsan və bəlkə ilk dəfə Azərbaycan səhnəsində Leyli ilə Məcnun bu cür sarılırlar bir-birinə... Məcnunun dilindən verilən sözləri birgə səsləndirirlər:
Cövrü çox eyləmə kim,
olmaya nagəh tükənə,
Az edib cövrü cəfalar
qılıban canimizə.
Əskik olmaz ğəmimiz bunca ki,
bizdən ğəm alıb,
Hər gələn ğəmli gedər,
şad gəlib yanimizə.
Füzulinin XVI, İlyas Əfəndiyevin, Səməd Vurğunun XX əsrdə yazdığı sevgi XXI əsrdə də təsirləndirirsə, bu istedadlı aktyorların ifasında insanın yatmış duyğularını oyadırsa, ayrı şərhə ehtiyac da yoxdur deməli... Sevgi və həmişə sevgi.
Elə bunu yaza-yaza düşünürəm,
axı sevginin müxtəlif formaları var. Elə bu
yaradıcı kollektivin də duyğusunun adı sevgi deyilmi? Bəli, bu tədbirin yüksək səviyyədə
baş tutmasından ötrü əlindən gələni edən
hər kəsin, teatrın direktoru Naidə xanım
İsmayılzadə başda olmaqla ən sadə bir əməkdaşa
qədər hamının içində sevgi var, bu teatra, bu səhnəyə
sevgi...
PƏRVİN
525-ci
qəzet.- 2018.- 8 dekabr.- S.14-15.