Tahir Salahovla söhbət
Rəssamlar danışmağı adətən çox
da xoşlamırlar. Duyğularını və
düşüncələrini, sevgilərini,
ağrılarını, sevinc və təlaşlarını
boyalar, fırça vasitəsiylə ifadə edirlər.
Jurnalist, musiqişünas, publisist Raya Abbasova
azdanışan Tahir Salahovu, - bizim qeydsiz, şərtsiz
böyük sənətkarımızı -
“danışdıra” bilib.
Sənətşünaslıqda Tahir Salahov “sərt
üslubun” yaradıcılarından və ən görkəmli
nümayəndələrindən biri kimi qəbul edilir. “Sərt
üslub” - çoxcəhətli həyat gerçəkliyini
bütün qəlizliyiylə, çətinlikləriylə
ifadə etməkdir. Çətinliklərə
mərd mərdanə sinə gərmək və qalib gəlməkdir.
“Sərt üslub” dünyaya çəhrayı eynəklə
yox, ayıq və açıq gözlə baxmaq, onu bəzək-düzəksiz
görmək və göstərmək cəhdidir. “Sərt
üslub” qurucu, yaradıcı insanların - fəhlələrin
və bəstəkarların, neftçilərin və
yazıçıların bədii obrazlarını plakat
nikbinliyiylə deyil, real cizgilərlə yaratmaqdır. Raya Abbasovayla söhbətdə Tahirin ürəkdən
gələn etiraflarını oxuduqca bir daha əmin olurdum ki, bu “sərt
üslub” hardasa rəssamın uşaqlıq və yeniyetməlik
çağında qarşısına çıxmış
sərt həyat sınaqlarıyla bağlıdır.
Tahirin atasını - görkəmli partiya
işçisi, əqidəli kommunist Teymur Salahovu şərləmiş,
1937-ci ildə həbs etmiş və güllələmişlər. Tahir Salahovun başqa bir
müsahibəsində dediyi sözlər məni çox həyəcanlandırır:
“O sentyabr axşamında hava çox xoş idi. Təqribən axşam 10-da qapımızı
döydülər. İki nəfər
içəri girdi. Anam həyacanla: - Nə olub? - deyə
soruşdu. Atam: - Məndən şübhələnmə -
dedi - narahat olma, tezliklə qayıdacam.
Onu apardılar. Mən pəncərədən
baxırdım, Atam onu aparan iki adamla tini burulub gözdən
itdi. Bu səhnə ömürlük
yaddaşıma həkk olundu. Bundan sonra
atamı daha heç vaxt görmədim”.
O zaman
Tahirin doqquz yaşı varmış və donub qalmış
kinokadr kimi bu səhnəni bütün həyatı boyu
unutmayıb. On illərin içindən
keçirib hafizəsində saxlayıb.
R.Abbasovayla söhbətində Tahir məhkumun ailəsinin
hansı əzab-əziyyətlərə, məşəqqətlərə
düçar olduğundan danışır. Anasının - Sona
xanımın beş uşağı necə
qəhrəmancasına böyüdüb yetişdirməsindən
bəhs edir. Ən yaxın qohumların,
qonşuların daha onların qapılarını
açmamalarından söz açır. Amma Tahir
müdrik mərhəmətlə onları qınamır. Zəmanənin
insanları ağır imtahana çəkdiyini nəzərə
alır.
Ən gənc yaşlarından afişalar çəkərək,
asfalt üzərində rəsmlər yaradaraq Tahir ailələrinin
az-çox dolanışığını təmin
edirmiş. Rəsmə marağı ona lap kiçik
yaşlarından atası təlqin edib. Moskvanın
və Leninqradın Ali rəssamlıq məktəblərinə
daxil olmaq istəyiylə bütün imtahanları uğurla
verib və instituta ... qəbul edilməyib. Axı tərcümeyi-halında
siyasi məhkum
olunmuş insanın oğlu olduğunu qeyd edirdi. Və bütün bioqrafik məlumatlarda bu məlumatın
altını qırmızı xətlə
cızırmışlar. Tahir Salahovun əksər
əsərlərində sənətinin özəl işarəsi
kimi qırmızı xəttin ya qırmızı detalın
olması burdan doğulmayıbmı?
R.Abbasova rəssamı elə məsələlərdən
danışmağa vadar edir ki, o, təbii təvazökarlığı
və nəcabətinə görə özü heç vaxt
bu məsələləri car çəkməzdi. Amma bu faktlar
da böyük rəssamın tərcüməyi-halında
izsiz qalmamalıdır. Özü əqidəli və bu
sözün ən dəqiq, ən yüksək mənasında
realist Tahir Salahov heç bir dəbdə olan “izm”lərə
meyl göstərmədi, amma bununla belə, başqa istiqamətlərdə,
ayrı üslublarda işləyən rəssamların da - əgər
onlar həqiqətən istedadlıydılarsa - dəyərini
bilir. Bu baxımdan o, “Abşeron məktəbi” adlanan və o
dövrdə rəsmi siyasi və sənət dairələrində
saya salınmayan bir qrup rəssamı - Mir Cavadı, Rasim
Babayevi, Tofiq Cavadovu, Əşrəf Muradı, Qorxmaz Əfəndiyevi
“hədsiz dərəcədə istedadlı” sayaraq onlara hər
növ yardım göstərib. Azərbaycan Rəssamlar
İttifaqının sədri və SSRİ katibi olaraq Tahirin
onların hər birinin taleyində xeyirxah rolu var.
Əşrəf Murad xəstələnəndə maddi vəziyyəti
ağır olan rəssamla müqavilə bağlayaraq ona o vaxt
üçün çox böyük məbləğ - 15 min
manat verir. Mir Cavadın Türkiyə xəstəxanasında
müalicəsinə yardım edir. Səttar
Bəhlulzadə də xəstələnəndə təcili
şəkildə onun işlərini alıb müalicə
üçün gərək olan məbləğlə təmin
edir.
Toğrul Nərimanbəyovun anası İrmanın bəraət
qazanıb Bakıya dönməsi, mənzillə təmin
olunması da Tahirin xidmətidir.
Tahir Salahov rus rəssamı Pavel Nikonovun “Geoloqlar”
tablosunu xilas edib. Məhz bu əsərinə görə
N.S.Xruşşovun nadan hücumlarına məruz qalan rəssam
tablosunu məhv etmək qərarına gəlir. Tahir onu bu fikrindən daşındırır, əsəri
götürüb Bakıya gətirir. Xruşşov
və onun sənət siyasəti süquta uğrayandan sonra
Nikonovu Azərbaycana dəvət edir və xilas olunmuş
işini ona təqdim edir. Rəssamın
taleyin (daha doğrusu, Tahirin) bu gözlənilməz töhfəsindən
necə xoşbəxt olduğunu təsəvvür etmək
olar.
Həqiqi istedadın bir cəhəti də
başqalarının istedadlarına sevinməkdir. Paxıllar o
adamlardır ki, həsəd çəkdiklərindən nə
qədər aşağı olduqlarını özləri də
dərk edirlər. Dərk edirlər, amma
xislətləriylə bacara bilmirlər.
Tahir Salahovun “peredvijniklər” adlanan XIX əsr rus rəssamlarına
münasibəti də maraqlıdır. Bu rəssamlara
bədii cəhətdən deyil, mövzuları
baxımından qiymət verir. O işlərini qeyd edir
ki, onlarda sosial mövzular qabarıq ifadə olunub - Perovun
“Üçlük”, Yaroşenkonun “Hər yerdə həyat”,
Repinin “Təbliğatçının həbsi” və
“Gözləmirdik” əsərlərinə münasibəti
T.Salahovun özünün də sənətdə vətəndaşlıq
mövqeyinin nə qədər önəmli
saydığını göstərir.
İctimai
xadim kimi Tahirin xidmətləri sırasında Moskvada sovet
ideologiyasına daban-dabana zidd olan Robert Rauşenberq, Ruffino
Tamaya (onun obrazları Mir Cavadın obrazlarına
yaxındır), Frensis Bekon (əlbəttə, Orta əsr
filosofu yox, müasir ingilis rəssamı) kimi məşhur Qərb
sənətkarlarının Moskvada sərgilərinin təşkil
edilməsidir. Tahirin məqsədi bütün dünyanın
bələd olduğu çağdaş sənət örnəkləriylə
ölkəni də tanış etmək
idi. Onu da deyək ki, bütün bu rəssamların
sənəti Tahir Salahovun estetik prinsiplərindən çox
uzaqdır. Elə bunda da rəssamın
toleranslığı, başqa üslublara yalnız
dözümlülüyü deyil, həm də anlaşıqlı,
dəyərverici münasibəti görünür.
T.Salahov özündən qabaqki nəslin nümayəndələri
- Azərbaycan rəssamlarına da xüsusi ehtiramla
yanaşır.
Sələflərə inkarçı, yekəxana,
lovğa, bəzən təhqiredici yanaşma yalnız
nankorluğun yox, eyni zamanda, tərbiyəsizliyin örnəyidir.
Yalnız rəssamlar deyil, başqa sənət
sahibləri də keçmişə nəcib münasibət
bəsləməyi Tahirdən öyrənməlidirlər.
T.Salahov özündən əvvəlki sənətkarlar
haqqında - Qəzənfər Xalıqov, Lətif Kərimov,
Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə,
Tağı Tağıyev haqqında
böyük hörmətlə danışır.
Mən də
Tahirlə uzaq gənclik illərimdə elə bibim Həbibə
Məmmədxanlının həyat yoldaşı Tağı
Tağıyevin evində tanış oldum.
Qonşu idilər. Tez-tez
dostu və sinif arkadaşı Toğrul Nərimanbəyov
Tahirgilə qonaq gələrdi. Bəzən
onlar və Toğrulun əmisi, kinooperator Arif Nərimanbəyov
Tağıgilə keçərdilər.
Elə təxminən bu vaxtlarda Tahirin və Toğrulun
yaradıcılığı atamın də diqqətini
çəkmişdi. Özü poeziyada novator olan Rəsul Rza
hansı fəhmləsə tək ədəbiyyatda yox, musiqidə,
rəssamlıqda da yeniliyi, qeyri-adiliyi duyur, bəyənir və
dəstəkləyirdi. Moskva Konservatoriyasını
bitirib Bakıya qayıdanda çox da xoş münasibətlə
rastlaşmayan Qara Qarayevi ilk dəstəkləyənlərdən
biri də atam idi. Qarayevin bir söhbətini
xatırlayıram. Şostakoviçə
qarşı növbəti yöndəmsiz tənqid
kompaniyası başlayanda onun tələbələri Qarayev və
Cövdət Hacıyev təlaşlanırlar, öz aqibətlərini
bilmək üçün Quran səhifələrinə
üz tuturlar. Müqəddəs kitabı açıb
rastlarına çıxan ilk cümləni oxuyurlar: Sizi dəmir
dəyənəklərlə döyəcəklər - Qarayev
bunu gülə-gülə danışırdı. Çox
illər sonra mən bu əhvalatı Cövdət Hacıyevdən
xəbər alanda Cövdət müəllim səhvimi düzəltdi:
Yox, orda belə yazılmışdı: - Sizi dəmir
qırmanclarla döyəcəklər.
O vaxt
Kinematoqrafiya naziri olan Rəsul Rza Qara Qarayevə maddi dəstək
məqsədiylə xüsusi olaraq məhz onunçün yeni
vəzifə yaradır: - Kino teatrların musiqi rəhbəri.
Axı o illərdə kino teatrların öz orkestrləri
vardı və seans qabağı
çalardılar.
Rəsul
Rza cahil, küt tənqiddən gənc istedadlı şairləri də qoruyurdu -
Əli Kərimi, Məmməd Arazı, Fikrət Qocanı,
Vaqif Səmədoğlunu… İndi onlar klassik sayılır və o
hücumlar da, o hücumlardan müdafiə də unudulub gedib,
sanki heç belə şeylər olmayıb.
Qəribə
şakərimiz var. Sənətə bənzərsiz
yaradıcılıqla gələn gənc istedadlar ilk
addımlarında top-tüfənglə
qarşılanırlar, sonra özlərini təsdiq edəndən,
hamı tərəfindən qəbul və təqdir olunandan
sonra onları vaxtilə tənqid edənlər də bu xora
qoşulurlar, haçansa nəinki onlara, hətta onların
müdafiəçilərinə də hücumlarını
yaddan çıxarırlar.
Eynən bu təbir Tahirlə Toğrula da aiddir. İlk
addımlarında onlar da şiddətli və əsassız tənqidlərə
məruz qaldılar. Bir gün Toğrulun
tamamilə bədbinləşib ölkədən
çıxıb getmək istəməsini də
xatırlayıram. Amma gənc rəssamlara
qahmar duranlar da oldu və onlardan biri də atam idi. Rəsul Rza elə ilk işlərindən Tahirə də,
Toğrula da diqqət yetirdi, onları özüylə Azərbaycan
rayonlarına aparırıdı, barələrində müsbət
rəy yazırdı. Toğrul haqqında
“Pravda” qəzetində, Tahir haqqında Moskvanın
“Tvorçestvo” jurnalında. T.Salahovun əsərlərini - “Səhər
eşalonu”, “Rezervuarlar”, “Fəhlənin portreti”ni yüksək
qimətləndirdiyinə görə Moskvanın mötəbər
sənətşünası Andrey Lebedev Rəsul Rzaya ciddi
iradlar bildirmişdi.
Gənc rəssamlara iradları yalnız mühafizəkar
sənətşünaslar deyil, bəzi partiya xadimləri də
tuturdular. Belə
hadisələrdən birini Tahir xatırlayır:
“Yadımdadır,
mənim “Yeni dəniz” (1970) şəklimin təqdimatında
MK-nın məsul işçilərindən biri məndən
soruşdu: - Tahir, niyə sənin
fəhlələrin belə ciddidirlər, niyə heç
gülümsəmirlər? Heydər Əliyev söhbətə
qarışdı: Onlar niyə gülməlidirlər ki... İşləyiblər, əmək sərf ediblər
- bu, çox ağır zəhmətdir”. Bir
qədər sonra “Yeni dəniz” tabloma görə mən ilk
dövlət mükafatımı aldım”.
Heydər Əliyev sonralar da Tahir Salahovu həmişə
dəstəkləyirdi, onun böyük istedadını, həyatın
müxtəlif sınaqlarında dəyanətini və sədaqətini
yüksək qiymətləndirirdi.
Tahir Salahov tez bir zamanda sənətiylə
özünü təsdiq edə bildi. Moskvada və Bakıda Rəssamlar
İttifaqına rəhbərlik etdi, əvvəl Azərbaycan
Ali Sovetinin, sonra da SSRİ-nin deputatı seçildi, ən
müxtəlif mükafalara və ən yüksək adlara
layiq görüldü. Rəssamın ilk
yaradıcılıq dövründə - gəncliyinin ən
kövrək, həssas illərində aldığı yaralar
da sağaldı, bəlkə də unuduldu.
Sovet sisteminin sənətkarlara münasibətində qəribə
bir paradoks vardı, onları gah qaldırır, gah da gözdən
salırdı.
Tahir Salahovun portretlərini çəkdiyi sənət
adamları da bütün bunları yaşamışdılar
- Dmitri Şostakoviç də, Mstislav Rastropoviç də,
Andrey Voznesenski də. Eyni aqibəti Rəsul
Rza da yaşamışdı. Bir vaxt yüksək vəzifələr
tutan, fəxri adlarla təltif olunan şair qısa müddət
ərzində qurduğu və on il rəhbərlik etdiyi
ensiklopediyadan Moskvanın təhriki ilə
uzaqlaşdırıldı, deputat “seçilmədi”, SSRİ
Yazıçılar İttifaqı İdarə heyətinə
düşmədi. Halbuki uzun illər boyu həm
deputat, həm də İdarə heyətinin üzvü
olmuşdu. Sonralar Heydər Əliyevin təşəbbüsüylə
o, yenidən deputat seçildi, Sosialist Əməyi qəhrəmanı
adı aldı. Ömrünün məhz o
bəlalı dövründə Tahir atamın portretini çəkdi.
Bu kişi hərəkəti idi. Qorxmazlığın ifadəsi idi.
Rəsul
Rzanın vəfatından çox illər sonra Tahirlə məhrəm
söhbətimiz zamanı dedi ki atasını çox erkən
yaşında itirdiyindən xüsusiylə ilk gənclik illərində
Rəsul Rzanın ona atalıq qayğısını heç
vaxt unutmur.
Rəsul
Rza Tahirə məqalə həsr edib və orada portret üzərində
işi xatırlayır:
“Bir də
görürdün ki, Tahir müəyyən bir şəkildə, müəyyən
bir tərzdə səni otuzdurur və başlayır işləməyə.
Baxıb görürsən ki, doğrudan,
çəkdiyi şəkil istər oxşarlığı,
istər özünün ifadə məzmunu etibarı ilə
çox yaxşıdır. Səhərə
vədələşib vaxt qoyurduq ki, davam etsin. Səhər gələndə görürdüm ki,
Tahir bütün kompazisiyanı dəyişib təzədən
başlayır. Belə bir, iki, üç dörd dəfə…
Bir də görürsən ki, yalnız əlləri çəkməklə
bir neçə seans məşğul
oldu”. Raya xanım mənə T.Salahovla söhbətlər
kitabına Ön söz yazmağı təklif edəndə
qarşıma problem çıxdı. Məsələ
ondadır ki, 2003-cü ildə Tahirin yetmiş beş
illiyində onun haqqında “Sədaqət” adlı böyük
esse yazmışdım və bu yazı “Bakinski raboçi” qəzetində
dərc olunub, mənim “Azərbaycan ədəbiyyatı, sənəti,
mədəniyyəti” üçcildliyimə daxil edilib. Sevdiyim rəssam haqqında yenidən necə yazasan
ki, dediklərini təkrar etməyəsən. İndiki yazımda buna çalışdım, rəssam
haqqında demədiklərimi söyləməyə cəhd
etdim. Köhnə yazımdan yalnız bircə sitat gətirmək
istəyirəm: “Bir dəfə özüm də bilmədən
Salahovun işləməsinin şahidi oldum. Tahir
uzun illər boyu görüşəndə deyirdi ki, şəklimi
çəkmək istəyir. Onun çox
gərgin həyat ritmini bildiyim üçün özüm
bunu heç vaxt rəssama xatırlatmırdım.
İki il bundan qabaq ən yaxın və əsgi
dostumu, istedadlı bəstəkar Emin Sabitoğlunu itirdim. Tahir
də onunla dost idi. Vəfatının ikinci
günü Emingildəydik. Televizoru
qurmuşduq. Bəstəkar haqqında
nekroloq səslənməyə başladı. Altı
yaşından tanıdığım və bütün
şüurlu həyatımı çiyin-çiyinə
yaşadığım bir dost haqqında bu vida sözlərini
eşidərkən nə hala düşdüyümü təsəvvür
etmək olar. Bu hisslərin sifətimdə necə əks olunduğunu
isə az sonra Tahirin demə bu vaxt çəkdiyi qrafik
portretimdən bildim. Yəqin ki, bu mənim ən
kədərli şəklimdir, amma mənə çox əzizdir.
Həm Eminin xatirəsiylə bağlı
olduğuna görə, həm də Tahirin qələmindən
çıxdığına görə”.
O gündən
çox illər keçdi və bir səhər Tahir zəng
elədi, məni İçərişəhərdəki
muzey-emalatxanasına dəvət etdi. Məlum
oldu ki, portretimi çəkmək niyyətindədi.
Dörd-beş seansa mənim iki qrafik və bir irihəcmli
yağlı boya ilə portretlərimi çəkdi. O vaxt qəlyan çəkirdim
və şəkil çəkdiyi zaman da əlimdə qəlyan
tutmuşdum. Bir gün nədirsə unutdum, qəlyansız
gəldim. Tahir bir az tutuldu. Dedim ki, əlimi
eynən elə tutaram - elə bil əlimdə qəlyan var.
Bir az düşünüb köməkçisini
göndərdi eynən belə bir qəlyan aldırdı və
yalnız mən qəlyanı əlimə alandan sonra işləməyə
başladı. Mən sənətkarın ən
xırda detallara belə necə “vasvasılıqla”
yanaşdığının şahidi oldum. Portretimdə mənə təsir edən bir detal da o
oldu ki, arxa planda atamın məşhur şəklini yerləşdirmişdi.
Tahir Salahovla bu yaradıcılıq görüşləri,
iş seansları, məhrəm söhbətlər
ömrümün unudulmaz xatirələrindəndir. Tahir
özü də bu barədə deyib:
“Son işlərimdən biri Xalq yazıçısı
Anarın portretidir. Əvvəllər atasının - gözəl
şair Rəsul Rzanın portretini çəkmişdim. Anar - bütöv bir dünyadır. Onu sonsuz dəfə çəkmək olar. Seans zamanı öz dünyasına çəkilir,
fikirlərinə qərq olur, səninlə birgə duyur”.
Tahirə çox minnətdaram bu səmimi sözlərinə
görə də, birini mənə
bağışladığı gözəl portretlərimə
görə də.
Tahir Salahovun 90 yaşı tamam oldu. Hörmətli
Prezidentimiz İlham Əliyev onu 1-ci dərəcəli “Əmək”
ordeniylə tətif etdi.
Böyük
sənətkarımıza nə arzu etmək olar, uzun
ömür, möhkəm cansağlığı, yeni yaradıcılıq
uğurları...
Bir də mənim bir arzumun həyata keçirməsini,
bu arzularımı Tahirə demişəm. T.Salahov Dədə Qorqudun,
klassik və çağdaş şairlərimizin parlaq portretlərini
çəkib. İstərdim ki, gənc
Füzulinin də portretni çəksin. Məhz GƏNC
Füzulinin, çünki adətən bu şairi çox
qoca yaşında təsvir edirlər. Sevgi
haqqında ən incə və ən ehtiraslı şeirlər
müəllifini saçı-saqqalı ağarmış
ixtiyar obrazında görmək adama qəribə gəlir.
Tahir Salahovun fırçasıyla
canlandırılmış gənc Füzuli onun şeirlərindən
aldığımız zövqə uyğun bir obraz olardı.
Bir də Tahirə təklif etdim ki milli faciəmiz
Xocalı soyqırımını əks etdirən bir tablo barədə
düşünsün. Tahir Salahov belə
bir şəkil çəksə, İnsanlığın
Yaddaş muzeyində bu şəkil Pablo Pikassonun məşhur
“Hernika”sıyla yanaşı yer tutardı.
R.Abbasovayla söhbətlərində Tahir Salahov ən məhrəm
fikirlərini söyləyir. Sanki
özü-özüylə təkbətək
danışır.
Təklikdə,
amma bizim hamımızla birlikdə...
2 dekabr 2018
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet.- 2018.- 8 dekabr.- S.8-9.