Mən dəli deyiləm
Hekayə
O,
son dərəcə ehtiyatla qapını açıb
heç kəsin hiss edə bilməyəcəyi bir tərzdə
- ayaqlarının ucu ilə içəriyə daxil oldu. Sonra ürəyinə
qorxu düşən adamların cəldliyinə bənzər
bir hərəkətlə qapını örtüb dəstəyin
yanında özünə yer eləmiş quyruğu sallaq
açarla qapını arxadan bağladı.
Geriyə çevrilib çox böyük bir məmnunluqla
otağın sol divarına paralel qoyulmuş çəhrayı
rəngli uzun stolun arxasında oturan həkimə baxdı. Həkim deyəndə
ki, o, rezidenturada oxuyurdu, təcrübə üçün bu
xəstəxanaya göndərilmişdi. Hər
gün səhər-səhər işə gələndə
şəbəkələrlə örtülmüş pəncərənin
açılmış tağından “Ey qaşı,
gözü qara qız” nəğməsi ilə salamlanan həkimin
rəngi ağappaq ağardı, onun sifətində bir damla
belə qan əlaməti yox idi. Həyəcan
keçirən Rezident bu vəziyyətdə hamının
eyni halı yaşayacağını beynindən keçirib
ani olaraq düşündü ki, içəriyə girən
qadın imkan tapan kimi onu vuracaq. Bu əhvali-ruhiyyənin
təsiri ilə stolun üstündəki qırmızı rəngli
noutbukun qapağını örtüb onu sol tərəfə
itələdi. Kiminləsə
dalaşmağa hazırlaşan adamlar kimi özünü
toparladı. İçəri girən qadın Rezidentin
qorxduğunu hiss etdi və təslimçilik nişanəsi
olaraq əllərini yuxarı qaldırıb yavaşca dedi:
- Qorxma,
qorxma! Səni vurmayacağam.
Qadın Rezidentin qarşısındakı çəhrayı
rəngli uzun stolun əks tərəfində həkimin
yanına gələnlərin oturması üçün
qoyulmuş stola yaxınlaşdı. Rezident ilan
çalmış adamlar kimi cəld ayağa qalxdı, daxilən
özünü müdafiə mövqeyinə gətirdi.
Qadın onun bu vəziyyətini yaxşı başa
düşdüyü üçün əlini stula
yaxınlaşdıra-yaxınlaşdıra
danışırdı:
- Qorxma,
qorxma! Səni vurmayacağam. Bax, stulu kənara çəkirəm ki, narahat
olmayasan.
Bunları deyə-deyə qadın stulu iki metrəcən
kənara çəkib stulun arxasını üzərinə
qarmaqarışıq bir plakat vurulmuş sağ divara -
plakatın aşağısına söykədi. Özü də yavaşca
stulda oturdu, son dərəcə diqqətli, həm də mənalı
baxışlarını ondan ayırmadan əlavə etdi:
- Qorxma,
qorxma! Əyləş, sənə sözüm
var.
Rezident təhlükənin
bir az sovuşduğunu hiss edib yavaşca
stula çökdü. Amma fikri əməlli-başlı
qarışıq idi. Ona görə ki,
baş həkim hər iclasda hamıdan, xüsusilə rezidentlərdən
xəstələrlə ehtiyatlı olmağı tələb
edirdi. Hətta yeri düşdükcə bəzi
faktları da xatırladırdı. Lap elə son iclasda söyləmişdi
ki, ötən il bizim xəstəxanada
çoxdan yatan dəlilərdən biri günün günorta
çağı sakit addımlarla həkimin kabinetinə daxil
olur. Həkimi arxayın salmaq üçün
onun yaxınlığındakı stulu özünə tərəf
çəkib azca kənarda oturur, xüsusi bir nəzakət
göstərir. Həkim xəstənin səmimiyyətinə
inanır. Amma xəstə qəfildən
oturduğu stulu qaldırıb həkimin başına
çırpır və həkimin başını qan
aparır. Yaxşı ki, xəstə
qapını bağlamayıbmış, hay-küyə adamlar
içəri doluşur və həkimi xəstənin əlindən
alırlar. İndi qadının stulu kənara
çəkib oturması, baş həkimin
danışdığı həmin əhvalatı
xatırladırdı. Bu da Rezidentin narahat
olmasının əsas səbəblərindən biri idi.
Rezidentin yadından çıxmadığı
və onu daha da narahat edən səbəblərdən digəri
qapının arxadan bağlanması idi. Yəni
təhlükənin tam sovuşduğu barədə qəti qərar
vermək düzgün olmazdı. Amma
Rezident bunları düşünə-düşünə
baş həkimin danışdığı başqa bir lətifəni
də kino lenti kimi öz beynindən keçirirdi. Baş həkim söyləyirdi ki, bir dəfə səhər
çağı dəlilər çay içəndə qəndin
olmamasından dilxor olurlar və nə edəcəklərini
bilmirlər. Nəhayət, haradansa bir tikə
qənd tapıb iplə göydən asırlar və deyirlər
ki, hamı qəndə baxıb dişdəmə çay
içsin. Dəlilərdən biri
görür ki, qarşısındakı cavan oğlan
gözünü qənddən çəkmir. Bu zaman həmin dəli cəld ayağa durub cavan
oğlana möhkəm bir şillə vurar.
Hamının ona sual dolu nəzərlərlə
baxdığını görüb hirslə deyir ki,
görürsünüz, bu adam
gözünü qənddən çəkməyib dişdəmə
çay əvəzinə şirin çay içir.
Amma
Rezident lent kimi gəlib keçən bu əhvalata gülmək
istəsə də, gülə bilmirdi. Qorxu içindəydi
və gözünü bir an belə
qadından çəkmirdi. Elə bu dəm qadın dilləndi:
- Vallah, səninlə
işim yoxdur, səninlə söhbət eləməyə gəlmişəm.
Bunları deyib dayandı, elə bil Rezidentdən cavab
gözləyirdi. Rezident danışmadı, amma gözləri ilə
yavaşca qapıya tərəf baxdı, qadın da bunu o dəqiqə
hiss edib dedi:
- Yox, yox!
Qapını səni vurmaq üçün
bağlamamışam, istəyirəm ki, başqa adamlar gəlib
bizim söhbətimizə qulaq asmasınlar.
Qadın
yenə fasilə verdi, Rezidentin də fikri
bir az dəyişdi. Səbəbi də bu idi ki,
qadın onun qapıya tərəf yönələn
baxışının mənasını düzgün hiss
etmişdi. Hətta Rezident
düşünürdü ki, əgər qadın onun
bağlı qapıya yönələn narahat
baxışının mənasını başa
düşübsə, ona heç vaxt dəli demək olmaz.
Hər halda bundan sonra Rezidentin qəlbinə
çökmüş təhlükə xeyli sovuşub getdi.
Amma baş həkimin bir məsləhəti yenə
də haradansa fırlana-fırlana gəlib onun beyninə doldu.
O deyirdi ki, ehtiyatı heç vaxt əldən buraxmayın. Xəstələr burada böyük məktəb
keçiblər və həkimləri arxayın salmağı
bacarırlar. Rezident fikirləşdi ki, bəlkə
bu da həmin variantdır, məni özünə
inandırmaq istəyir, sonra hücuma keçəcək?!
Qadın dilləndi:
- Mən
istəyirəm ki, sən burada işləməyəsən.
Bundan sonra daha danışmadı. Rezidenti fikir
götürdü ki, qadın niyə bu qərara gəlmişdi?
Mənim yaxşılığımamı
çalışır, yoxsa öz niyyətini həyata
keçirmək üçün yol axtarır? Məni
tanımayan adam mənim nə
yaxşılığıma çalışacaq ki! Bəlkə
tanıyır, bəlkə mən də onu tanıyıram, kim olduğu yadımdan çıxıb!? Bəlkə
bu xəstəxana onu elə dəyişdirib ki, mənim
üçün tanınmaz olub!? Bir az da
şübhələnmişəm ki, xalamgilin qonşusuna
oxşayır, amma gözləri həmin gözlər deyil.
Axı adamı gözlərindən daha yaxşı
tanımaq olur! Xeyr, ola bilməz. Yenə baş həkimin danışdığı
bir əhvəlat beynindən gəlib keçdi. Baş həkim
deyirdi ki, dəlilərdən birisi mıxçanı
götürüb divara çalmaq istəyir, amma mismarın başını divara dayayıb
daşla uc hissəsini döyəcləyir. Bunu görən
başqa bir dəli ona yaxınlaşıb mismarı
onun əlindən alır və ucunu əks tərəfdəki
divara dayayır. Deyir ki, mismar bu biri divarındır. Rezident bu əhvalatı xatırlaya-xatırlaya
gülmək istəyir, amma gülə bilmir, çünki
fikri qadının yanındadır. Düşünür
ki, onu arxayın salıb stulla vuracaqdır. Onun
dalısıca da düşüncələrinə əlavə
edir ki, axı mən bu qadına nə pislik etmişəm ki!?
Qadın yenə eyni sözləri dedi:
- Mən
istəmirəm ki, sən burada həkim işləyəsən.
Sonra danışmadı, gözlərini Rezidentin
üzünə zillədi. Çox ciddi görkəm
almışdı. Yəqin Rezidentin ona
inanmasını gözləyirdi. Rezident isə
heç bir cavab vermirdi. Fikri qadını
tanımağa yönəlmişdi. Xəyalından
bəzi adamlar sürətlə gəlib keçirdi. Böyük qardaşının baldızını
- gəlinlərinin bacısını xatırladı. Alnının sol tərəfindəki xalı həmin
müəlliməni yada salırdı. Qardaşının
baldızı ingilis dili müəlliməsi idi. Abituriyent hazırlaşdırırdı,
hazırlığa gələn çoxlu uşaqları
olurdu. Müəllimənin dərs deməsi
üçün bir ildən qabaq növbəyə
yazılırdılar. İstəyirdi
soruşsun ki, ingilis dilini bilirsən, tez də bu sualın
üstündən vaz keçdi. Elə bu vaxt qadın
dilləndi:
- Mən
sənin tanışın deyiləm.
Rezidenti heyrət bürüdü. Qadın onun
fikirləşdiklərini haradan bildi? O ki, adamın
ürəyini oxuyur, belə də dəli olar? Xeyr, qadın təsadüfən
bunu dedi. Ağlına elə-belə gəldi.
Amma hər halda ona dəli demək olmaz.
Qadın amiranə bir görkəm alıb dilləndi:
- Niyə
mənim sözlərimə cavab vermirsən? Mən istəyirəm
ki, sən burada həkim işləməyəsən!
Rezident səbəbini yenə soruşmadı. O, bir şeyi bilirdi ki,
qadınla ünsiyyətə girmək olmaz, bunu da baş həkim
tapşırmışdı. Baş həkim
deyirdi ki, siz dəlilərlə söhbətə başlayan
kimi onlar sizi aldadacaqlar. Çünki elə
ağıllı danışırlar ki, dəli olmaqlarına
inanmırsan. Gördülər ki, sən söhbətə
girişdin, bir az da maraqlı əhvalatlar
danışıb səni aldadacaqlar və sonra da əllərinə
nə keçdisə təpənə vuracaqlar. Ona görə də Rezident dəlilərlə
heç bir ünsiyyətə girməməlidir,
çalışmalıdır ki, o, özü səndən
uzaqlaşsın. Rezident bu düşüncələrin
içindəydi ki, qadın dilləndi:
- Gəl
sənə lətifə danışım. Dəlilərdən
biri baş həkimin otağına girir və şəstlə
deyir ki, doxtur, məni burax evə gedim, mən evlənmək
istəyirəm. Baş həkim xeyli təəccüblənir,
üz-gözünü turşudur, istər-istəməz ona
yer göstərir. Sonra soruşur ki, bəs
necə evlənəcəksən? Dəli
də deyir ki, qonşumuzdakı qıza elçi göndərəcəyəm,
mən o qızı çoxdan tanıyıram, atamgil gedib onu
mənə nişanlayacaqlar. Baş həkim soruşur:
“Bəs sonra?” Sonra qızla bir yerdə toyumuz
olacaq. Anamgilin də qohumlarını toya
çağıracağıq. Bilirsən
niyə? Baş həkim soruşur ki, niyə?
Dəli də cavab verir ki, bəs atam anamgilin
qohumları ilə küsülüdür. Amma mənim toyumda barışacaqlar. Baş həkim
də əhvalatın bu yerini eşidəndə lap arxayın
olur ki, artıq bu adam dəli deyil. Elə Rezident də düşünür ki, əgər
bu qadın belə bir əhvalat danışırsa, demək,
o, dəli deyil.
Qadın
söhbətini davam etdirir:
- Dəli
baş həkimə deyir ki, mən də düşüb
oynayacağam. Mənim başıma çoxlu
pul səpəcəklər. Bilirsən kim
səpəcək?
Baş həkim
soruşur:
- Kim?
O da cavab
verir ki, mənim Rusetdə tələbə yoldaşım var,
çağıracam toya gələcək. Mənə
söz verib. Pulu da mənim başıma o
səpəcək.
Baş həkim
soruşur:
- Sonra nə
edəcəksən?
O da cavab
verir ki, toy qurtaracaq, gəlini götürüb evimizə
aparacağam.
Baş həkim
soruşur:
- Sonra?
O da deyir
ki, sonra da soyunduracağam.
Baş həkimi
lap maraq götürür:
- Bəs
sonra?
O da cavab
verir ki, sonra da alt paltarının rezinini çıxardıb,
quşatan qayıracağam, gətirib bu həyətdəki
quşları vuracağam.
Bu
sözdən sonra baş həkim əlləri ilə
başını döyəcləyərək ucadan deyir:
- Ay Allah,
ay Allah, sən məni öldür! Ay Allah, ay Allah, sən məni
öldür!
Baş həkimin gülməyi ilə ağlamağı
bilinmir. Adamlar onun səsinə tez içəri dolurlar.
Görürlər ki, baş həkim əlləri
ilə başını döyəcləyir və
başını döyəcləyə-döyəcləyə
“Ay Allah, ay Allah, sən məni öldür!” sözlərini də
təkrar edir. Dəli də maddım-maddım ona
baxır, az qalır deyə ki, həkim dəli
olub. Əgər həkim əlləri ilə dəlinin
aparılmasına işarə verməkdə bir az geciksəydi, yəqin ki, həkimi aparıb
ayrı bir otağa salacaqdılar, deyəcəkdilər ki,
baş həkim, doğrudan da, dəli olub.
Qadın bu yerdə gülməyə başlayır. Elə
Rezidentin də dodaqları qaçır, amma o,
sayıqlığını itirmir, bu danışılan əhvalatın
onu arxayın salmaq üçün sınanmış priyom
olduğunu düşünür.
Qadın
söhbətin səmtini dəyişir:
- Mən
ingilis dili müəlliməsiyəm.
Bu sözlərdən sonra Rezidenti elə bil
ildırım vurdu. Öz-özünə fikirləşdi ki, bu, elə həmin
qadındı! Xəyalı o illərə gedib
çıxdı ki, tibb universitetinə qəbul olanda gəlinlərinin
baldızı ona güllü bir yelpik
bağışlamışdı. Dalısını
çox da fikirləşmək mümkün olmadı.
Qadın onu xəyaldan ayırdı:
- Mənim çoxlu tələbələrim olardı. Öz zəhmətimlə pul qazanardım. Qazandıqca da qardaşlarıma verərdim ki, mal-mülk alsınlar. Çoxlu evlərimiz var, kirayə vermişik. Mən də, qardaşlarım da, onların ailəsi, uşaqları da bu mülkləri satıb nə qədər yesələr qurtarmaz. Bir gün məlum oldu ki, qardaşımgil ata evini satmaq istəyirlər. Necə oldusa, dedim ki, həmin mülkdən mənə də pay düşür. Bunu eşidən böyük qardaşım bir mənə baxdı, bir qardaşlarıma baxdı, bir də arvadlarına baxdı və sonra da əlini yelləyib gülə-gülə dedi ki, sən dəli olubsan, səni səhər həkimə aparacağam. Doğrudan da, sabahısı gün qardaşlarım arvadları ilə birgə məni bəh-bəhlə həkimə apardılar, həkimdən bir kağız alıb buraya gətirdilər. İndi buradan çıxa bilmirəm, heç yerə də əlim çatmır. Bibim Basin küçəsində yaşayır. Sənə ünvanı verəcəyəm ki, gedib onları tapasan. Məni buradan qurtarsa, yalnız bibim qurtara bilər.
O, stuldan durub mənə tərəf yaxınlaşdı. Məni vuracağı tamam yadımdan çıxmışdı. Qadın elə bil məni ovsunlamışdı. Bax, baş həkim bunu deyirdi, deyirdi ki, bunlar böyük məktəb keçiblər. Danışa-danışa sizi elə arxayın salırlar ki, nə vaxt vurduqlarından da xəbərimiz olmur. Düzü, qadının stola yaxınlaşmasından heç mənim də xəbərim olmadı, bunu xeyli sonra anladım. Bəli, yerimdən tərpənmirdim, ürəyimdə heç qorxu-filan da yox idi. Mən xəyaldan onda ayıldım ki, qadın artıq stolun üstündən qələm-kağız götürüb ünvanı yazır. Yazıb qurtardı və mənə uzatdı. Sonra da qapıya tərəf gedib dayandı, üzünü mənə tərəf çevirib dedi:
- Mən dəli deyiləm.
Qadın qapını açıb otaqdan çıxdı. Mən ünvanı çantamın cibinə qoydum. Axşam işdən çıxıb fikirli-fikirli avtobusla evə dönürdüm. Evimizə çatanda birdən ağlıma gəldi ki, Basin küçəsi çoxdan sökülüb, mən qadının bibisini tapa bilməyəcəyəm.
Sabahsı işə getmədim. İşdən çıxmaq barədə ərizəmi yazıb baş həkimə göndərdim. Başqa ixtisas üzrə rezidenturaya hazırlaşmağa başladım.
14.08.2018
Kamran
İMRANOĞLU (ƏLİYEV)
AMEA-nın
müxbir üzvü, Əməkdar elm xadimi
525-ci qəzet.- 2018.- 8 dekabr.- S.23.