Azərbaycanda da Molla Nəsrəddin lətifə
toplusu nəşr olundu
Türk dünyasının görkəmli
ziyalılarından və tanınmış
folklorşünaslarından biri olan Nail Tan 1941-ci ildə
Türkiyənin Kastamonu şəhərində dünyaya
göz açıb.
1973-1978 və 1979-1984-cü illərdə Türkiyə
Mədəniyyət və Turizm Nazirliyi Milli Folklor
Araşdırma Dairəsinə rəhbərlik edib, dairənin
inkişafı, səmərəli fəaliyyəti istiqamətində
xüsusi xidmətlər göstərib. Türkiyədə beynəlxalq
folklor konfranslarının keçirilməsi,
folklorşünaslıq sahəsində peşəkar
araşdırmaların aparılması, kursların
açılması, arxiv və kitabxanaların
yaradılması, folklor nəşrlərinin genişləndirilməsi,
universitetlərdə folklordan mühazirə kurslarının
təşkili, “Folklor Açıq Hava Muzeyi”nin
yaradılması məhz onun rəhbərliyi dövründə
gerçəkləşdirilən əhəmiyyətli işlərdir.
Təxminən
50-dən artıq kitabın, 300-ə qədər məqalənin
müəllifi, eləcə də bir sıra kitabların tərtibçisi
və redaktoru olan Nail Tan türk ədəbiyyatına,
folkloruna, mədəniyyətinə verdiyi töhfələrə
görə çoxsaylı mükafatlarla təltif edilib, eləcə
də 2003-cü ildə Bakı Asiya Universitetinin və “Vektor”
Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru və fəxri
professoru seçilib.
Nail
Tanın oxuculara təqdim edilən bu məqaləsi 2018-ci ildə
AMEA-nın Folklor İnstitutunda çıxmış “Molla Nəsrəddin
lətifələri” kitabına həsr olunub. Məqalə bu il Türkiyə Cümhuriyyətinin Atatürk
Kültür, Dil və Tarix Yüksək Qurumunun “Türk
dünyası dil və ədəbiyyat dərgisi”ndə nəşr
edilib.
2018-ci il Molla Nəsrəddinin nəşrləri ilə
bağlı bir sıra mühüm hadisələrlə yadda
qaldı. Xoş bir təsadüf nəticəsində
həm Türkiyədə, həm də Azərbaycanda
bir-birinin ardınca bənzər nəşrlərin
yayımlanmasının şahidi olduq. Türkiyədə
professor Saim Sakaoğlu, professor Əli Berat Alptəkin və
doktor Mustafa Dumanın (Sakaoğlu-Alptekin 2018; Duman 2018) nəşrləri
ilə yanaşı, Azərbaycanda da AMEA (Azərbaycan Milli
Elmlər Akedemiyası) Folklor İnstitutunun “Molla Nəsrəddin”
mövzusuna üz tutub hər zaman əskikliyini hiss etdiyimiz bir
lətifə külliyyatını nəşr etdiyini
gördük: Molla Nəsrəddin lətifələri (Tərtib
edəni: dosent Sönməz Abbaslı, Bakı, 2018, 376 s., AMEA
Folklor İnstitutunun nəşri). Azərbaycanda
Nəsrəddin Xoca Molla Nəsrəddin kimi tanınır.
Kitabı nəşrə hazırlayan Azərbaycanın
tanınmış folklorşünaslarından mərhum
professor İsrafil Abbaslının (1938-2013) qızı dosent
Sönməz Abbaslı atasının yolunu uğurla davam
etdirir. Bu
işi incələyib düzəliş və əlavələr
edən, nəşri üçün müsbət rəy verən
Redaksiya Heyəti isə akademik Muxtar Kazımoğlu (Folklor
İnstitutunun direktoru), Azərbaycan Respublikasının əməkdar
jurnalisti Ələkbər Abbasov, filologiya üzrə fəlsəfə
doktoru Sərxan Xavəri, filologiya üzrə fəlsəfə
doktoru Hikmət Quliyev, filologiya üzrə fəlsəfə
doktoru Səfa Qarayev, filologiya üzrə fəlsəfə
doktoru Şakir Albalıyev və Qumru Şəhriyardır. Rəssam Soltan Soltanlı isə 48 səhifədən
ibarət rəngli illüstrasiya ilə lətifələri
canlandırıb, bununla da nəşri daha da cazibədar edib.
Annotasiyada
kitabın hazırlanmasının məqsədi, metodu və
özəllikləri qısaca olaraq belə izah olunur: “Kitabda
ümumtürk mədəniyyətinin ortaq gülüş qəhrəmanı
olan Molla Nəsrəddinlə bağlı lətifələr
toplanmışdır. Topluya müxtəlif
dövrlərdə Azərbaycanda nəşr olunmuş 30-a
yaxın mənbədən lətifələr daxil
edilmişdir. Kitabın geniş oxucu kütləsi
üçün hazırlandığını nəzərə
alaraq lətifə mətnləri ədəbi dilin norma və prinsiplərinə
uyğunlaşdırılmış, bir sıra arxaik və
ümumişlək sözlərin izahı verilmişdir”.
Titul səhifəsində kitabın adının
qarşısındakı “(Azərbaycan mətnləri əsasında)”
ifadəsi tarixi və müasir Azərbaycan ərazisində
toplanıb nəşr olunmuş lətifələrin bir araya
gətirildiyini göstərir. Bu izahdan əlavə, kitabda doktor
Mustafa Dumanın Türkiyə nəşrindəki, “Molla Nəsrəddin
kimdir?”, “Azərbaycanda Molla Nəsrəddinlə bağlı
araşdırmaların tarixi”, “Molla Nəsrəddinin mədəni
kimliyi” lətifələrin seçimində istifadə olunan
prinsiplər başlıqlı informasiya xarakteri daşıyan
bölmələr yer almayıb. Bununla da əsas
məqsəd lətifələri bir araya gətirmək olub.
Məlum olduğu kimi, buna bənzər bir iş 2013-cü ildə
Azərbaycan atalar sözləri ilə bağlı dosent Mətanət
Yaqubqızı tərəfindən həyata keçirilib. Türk dili dərgisindəki bir yazımızda bu
kitabı qısaca nəzərdən keçirmişdik.
“Molla Nəsrəddin
lətifələri” toplusunun əvvəlində informativ
başlıqlara və alt bölmələrə yer verilməsə
də, onun parlaq kağızda, xüsusi cilddə, nəfis nəşrinə
maddi dəstək olan Azərbaycan Dövlət Neft Şirkətinin
(SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin
“Bəşəri müdrikliyin Molla Nəsrəddin zirvəsi”
adlı ön sözü yer alıb. Professor Elçin İsgəndərzadənin
vasitəsilə tanıdığımız Azərbaycanın
görkəmli alimi, akademik Xoşbəxt Yusifzadə mövzu
ilə bağlı məqaləsində Molla Nəsrəddinin
hər şeydən əvvəl, dünya və
ümumtürk mədəniyyətində, onun
gülüş sənətində yerini, əhəmiyyətini
açıqlayır. Daha sonra alim Molla Nəsrəddin
obrazı və kitabla bağlı aşağıdakı dəyərli
fikirlərini təqdim edir: “Mübaliğəsiz deyə bilərik
ki, Molla Nəsrəddin yalnız Azərbaycan xalqının,
yalnız türk xalqlarının deyil, Yaxın və Orta
Şərqin bütün müsəlman xalqlarının ən
məşhur lətifə qəhrəmanıdır.
...
Üzünə müdrik bir təbəssüm qonmuş Molla
Nəsrəddin orta əsrlərdə olduğu kimi, bu gün
də bizimlə bir yerdədir, sanki bizim müasirimizdir...
... Hamıya məlum olduğu kimi, bu gün bəşəriyyət
bir sıra qlobal problemlərlə üz-üzədir. Hesab edirik ki, Molla Nəsrəddin lətifələri
bu qlobal problemlər qarşısında çıxış
yolları axtaran bəşəriyyətə ekosistem və
sosiosistem arasında harmoniya yarada bilən müdrik modellər
təqdim etmək gücündədir.
... O
dövrdə, adətən, Molla Nəsrəddinlə
bağlı elə lətifələr nəşr edilirdi ki,
sovet ideologiyasının prinsipləri ilə ziddiyyət təşkil
etməsin. İndi isə belə bir ideoloji məhdudiyyətlər
yoxdur. Biz müstəqil Azərbaycan
Respublikasında yaşayırıq. Milli-mənəvi
dəyərlərimizin qorunması, onun
daşıyıcısı olan mədəni dəyərlərin,
o cümlədən, zəngin folklor nümunələrinin tədqiqi
və təbliği dövlətimizin həyata keçirdiyi mədəniyyət
siyasətinin əsas prioritetlərindən birini təşkil
edir. Belə bir şəraitdə biz Molla
Nəsrəddin lətifələrinin yenidən nəşr
olunmasına ehtiyac duyduq.
... Bu
toplunun indiyədək Azərbaycanda nəşr olunmuş
eyniadlı kitablardan bir neçə fərqi var. İlk növbədə,
kitabda belə bir prinsip əsas
götürülmüşdür ki, kəmiyyət
baxımından indiyədək müxtəlif nəşrlərdə
yer alan lətifələrin böyük əksəriyyəti
burada əksini tapsın. Xüsusən son illər müstəqillik
dövründə AMEA Folklor İnstitutu tərəfindən
Azərbaycanın müxtəlif regionlarından
toplanmış, olduqca orijinal lətifələri qeyd etmək
istərdik...”
Akademik Xoşbəxt Yusifzadənin giriş məqaləsindən
sonra Molla Nəsrəddin lətifələri təsnif və
ya sinifləndirmə prinsipi ilə deyil, hər bir mətnə
başlıq verilərək sıralanıb. Kitabda 600 lətifə
yer alıb ki, bu, Azərbaycan üçün böyük bir
zənginlikdir. Doktor Mustafa Dumanın bu il
nəşr olunmuş 1616 lətifədən ibarət
külliyyatında bu mətnlərin bir çoxu yer alıb. Ancaq bəziləri də yoxdur. Deməli,
doktor Dumanın üçüncü nəşrində lətifə
sayı mütləq artacaq.
“Molla Nəsrəddin lətifələri” toplusunun Azərbaycan
nəşrini araşdırdıqda Mollanın
mollalığına, müdrikliyinə yaraşmayan ədəbsiz
lətifələrə yer verilmədiyinin şahidi oluruq. Bu baxımdan kitab
doktor Dumanın tərtib işindən əsaslı şəkildə
fərqlənir. Xüsusən Sovet dönəminin
izlərini daşıyan lətifələrin ixtisara
salındığına şübhə etmirik.
Kitabın sonunda lətifələrin toplanıb nəşr
olunduğu 30-a qədər yazılı qaynağın
siyahısı verilib. Bu qaynaqlardan ən qədimi 1890-cı ildə
rus dilində nəşr olunan SMOMPK toplusu, ən yenisi isə
AMEA Folklor İnstitutunun 2015-ci ildə nəşr etdiyi
“Güney Azərbaycan folkloru” toplusunun IV və V cildləridir.
Azərbaycan
ərazisində toplanmış lətifələrdən ibarət
Molla Nəsrəddinə aid edilən 600 lətifəlik bu
külliyyat folklorşünaslara, Molla Nəsrəddinlə
bağlı araşdırmalara zəngin bir material bazası təqdim
edir. Bu material əsasında neçə-neçə
məqalə və məruzələr yazılacaq. Qənaətimizcə,
Türkiyədən hər hansı bir alimin bu lətifələri
aşağıdakı başlıqlar altında
qruplaşdırıb araşdırması faydalı
olardı:
A.
Türkiyə ilə ortaq lətifələr
B.
Türkiyə mətninə görə seçilmiş
müxtəlif lətifələr
C. Azərbaycana
xas olan fərqli lətifələr.
İnanırıq ki, bu kitab böyük marağa səbəb
olub qısa zamanda sürətlə satılacaq. Yeni nəşrləri,
hətta daha təkmilləşdirilmiş variantı mütləq
hazırlanacaq. Yeni nəşri
üçün bir neçə təklif irəli sürmək
istərdik. Hər şeydən əvvəl,
hər bir lətifənin altında götürüldüyü
qaynaq göstərilməlidir. Dörd mənbə
varsa, hamısı yer almalıdır. Sözsüz
ki, mətnlərdəki fərqlilikləri araşdırmaq istəyən
alimlər olacaq. Digər tərəfdən,
yer, insan adları, ərzaq, çalğı alətləri,
heyvan, bitki adları ilə bağlı göstəricilərə
də ehtiyac var. Belə olmadığı halda tədqiqatçılar
bütün lətifələri oxumaq məcburiyyətində
qalırlar. Bu vəziyyət müasir
dövrümüzün elmi prinsiplərinə,
araşdırma metodlarına uyğun gəlmir.
Nəticə olaraq deyə bilərik ki, AMEA Folklor
İnstitutu Molla Nəsrəddini Sovet dönəminin mədəni
müdaxilə qalıqlarından azad edərək Azərbaycan
xalqının düşüncəsində və qəlbindəki
müdrik-aqil kimliyinə uyğun lətifələri ilə
elm dünyasının hüzuruna yenidən gətirib. Bu külliyyat
heç şübhəsiz, bir çox yeni məqalə, hekayə,
roman, oyun, uşaqlar və gənclər üçün
kitabların yazılmasına, cizgi və digər filmlərin
çəkilməsinə səbəb olacaq. Başda AMEA Folklor İnstitutunun direktoru, akademik
Muxtar Kazımoğlu olmaqla, nəşrdə əməyi olan,
çapı öz öhdəsinə götürən SOCAR
şirkətinin İdarə Heyətini təbrik edirik.
Yazımızı külliyyatdan seçdiyimiz, Türkiyədə
məlum olmayan və ya az
yayılmış üç lətifə ilə
bitiririk.
Yalan deməsən,
həqiqət üzə çıxmaz
Molla Nəsrəddindən
soruşurlar:
- Molla, sənin
burnun hardadır?
Molla
deyir:
- Boynumun
dalında.
Deyirlər:
- Boynun
dalında burun olar? Burun qabaqdadır.
Molla da
deyir:
- Yalan deməsən, həqiqət üzə çıxmaz.
Guya
qızıl balta verdi, amma dəmiri də
apardı
Bir gün Molla meşədə odun kəsir. Yorulub oturur.
Kasıblığını
düşünür və bu fikirlə yuxuya gedir. Yuxuda
görür ki, bir nəfər ona sapı qızıldan bir
balta bağışladı və dedi:
- Get, ömrünün axırına
qədər kef elə!
Molla sevincək oyanır, ətrafına baxıb
görür ki, baltası oğurlanıb. Ah çəkib deyir:
-
Dünyanın heç nəyinə etibar yoxdur. Guya
qızıl balta verdi, amma dəmiri də
apardı.
Müxtəsər
deyirəm
Bir gün Molla kişmiş yeyirmiş. Bir dostu ona
yaxınlaşıb soruşur:
- Molla, nə
yeyirsən?
Molla
deyir:
- Elə.
Dostu
soruşur:
- Molla,
necə yəni elə? Bu nə cavabdır?
Molla
deyir:
- Müxtəsər
deyirəm də...
Dostu
soruşur:
- Nəyi
müxtəsər deyirsən?
Molla
deyir:
- Sən
deyirsən: “Nə yeyirsən?”. Mən deyəcəyəm:
“Kişmiş”. Sən deyəcəksən ki: “Mənə də
ver!”. Mən deyəcəyəm: “Vermirəm!”
Sən deyəcəksən: “Niyə?” Mən deyəcəyəm:
“Elə!” Odur ki, indidən müxtəsər
deyirəm ki, elə.
Nail TAN
Azərbaycan dilinə
uyğunlaşdırdı:
Sönməz
ABBASLI, filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2018.- 8 dekabr.- S.16.