Firəngiz Əlizadə
yaradıcılığının daha bir təntənəsi
Dünya şöhrətli bəstəkarın
dünya şöhrətli
tələbəsi olmaq
böyük məsuliyyət
və eyni zamanda xoşbəxtlikdir. O, bu məsuliyyətin öhdəsindən
çox gözəl şəkildə gələ
bilən və bu xoşbəxtliyi dönə-dönə etiraf
etməkdən qürur
hissi duyan əsl sənət fədaisidir.
Azərbaycan Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti, professor, Milli Elmlər Akademiyasının
müxbir üzvü,
“Şöhrət” və
“Şərəf” ordenli Firəngiz xanım Əlizadə musiqi mədəniyyətimizi
dünya miqyasında yüksək səviyyədə
təbliğ edən böyük sənətkarımızdır.
O, Azərbaycan mədəniyyət
tarixində silinməz
izlər buraxan, milli musiqimizdə özünəməxsus yol
açan, vətən
sevgisini hər şeydən üstün tutan parlaq şəxsiyyətdir.
Dünyanın müxtəlif ölkələrində,
mötəbər konsert
salonlarında əsərləri
daima uğurla ifa olunan bəstəkarın
yaradıcılığında xalq çalğı alətlərinin, muğamın
səslənməsi ən
önəmli və təqdirəlayiq məqamlardan
biridir. Təsadüfi deyil ki, Firəngiz xanım vətənimizin musiqi, sənət vasitəsilə
də daha geniş tanınması naminə öz əsərlərini adlandırarkən
Azərbaycana aid məkanların
adlarını önə
çəkir. Bu alqışalayiq addım Firəngiz Əlizadənin
vətəninə sonsuz
məhəbbətinin daha
bir göstəricisidir.
Bu yaxınlarda “Firəngiz
Əlizadə - dünya
şöhrətli bəstəkarımız”
adlı kitabın işığına toplaşmışdıq. Kitabın
müəllifi tanınmış
musiqişünas, sənətşünaslıq
doktoru, Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının professoru,
Əməkdar incəsənət
xadimi Həcər Babayevadır. Kitabda Firəngiz Əlizadə
yaradıcılığının son 10 ilini, yəni 2007-2017-ci illəri əhatə edən dönəm və bəstəkarın
ümumi fəaliyyəti
ətraflı işıqlandırılıb.
Burada dünyanın ən məşhur musiqi xadimlərinin Firəngiz xanım haqqında yüksək rəyləri,
onun sənətinə
layiqli qiymətin ifadəsi olan fikirləri, mediada yer almış müsahibələr, iştirak
etdiyi tədbirlər,
beynəlxalq konfranslar,
müsabiqələr barədə
geniş məlumatlar fotoşəkillərlə birgə
öz əksini tapıb. Burada Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anarın, akademik Teymur Kərimlinin, Azərbaycanın tanınmış
musiqişünaslarının, Bakı Musiqi Akademiyasının professorlarının,
o cümlədən, dəyərli
pedaqoqum Cəmilə Həsənovanın Firəngiz
Əlizadə yaradıcılığından
bəhs edən çox maraqlı məqalələri yer alıb.
Təqdimat mərasimi bir çox maraqlı, unudulmaz anlarla yaddaşıma həkk olundu. Hörmətli ziyalılarımız Firəngiz Əlizadə və onun yaradıcılığına həsr olunan yeni kitab haqda çıxış edib, ürək sözlərini dilə gətirdilər. Tədbir bəstəkarın “İmplus” adlı əsərinin ifası ilə tamamlandı.
Gənc musiqiçilərə
diqqət və qayğısını əsirgəməyən,
hər cəhətdən Qara Qarayev irsinin layiqli davamçısı olan
Firəngiz xanım Əlizadəyə yeni-yeni
yaradıcılıq nailiyyətləri, sənət qələbələri
arzu edirəm. Çox
sevinirəm ki, bu yeni nəşr də daxil
olmaqla, Firəngiz Əlizadə
yaradıcılığından bəhs edən bir neçə önəmli kitabı məhs
onun öz imzası ilə
əldə edə bilmişəm.
Aysel KƏRİM
Bəstəkar, musiqişünas
525-ci qəzet.- 2018.- 8 dekabr.- S.9.