İlk milli seminariya:
Qazax Müəllimlər Seminariyası
Yaxşı
xatırlayıram, 1999-cu ilin oktyabrında Qazax rayon icra hakimiyyəti
başçısının imzası ilə Qazax Müəllimlər
Seminariyasının 80 illik yubileyinin keçiriləcəyi və
həmin tədbirdə Təhsil Nazirliyinin nümayəndələrinin
də iştirakı ilə bağlı məktub
almışdım.
Tədbirdə iştirak etmək üçün
nazirliyin iki nəfər məsul əməkdaşını
Qazaxa ezam etdik. Tədbirlə bağlı Azərbaycan
Dövlət Televiziyasının “Xəbərlər”
proqramında süjetə baxan Ümummilli Lider Heydər
Əliyev həmin günün səhəri mənə zəng
edərək “yəqin siz Qazax Seminariyasının Azərbaycan
xalqının həyatında rolunu yaxşı dərk
etmirsiniz” - dedi. Və sonra əlavə etdi, Seminariyanın 80 illiyini
ölkəmizin ən gözəl salonlarından birində,
geniş ictimaiyyətin iştirakı ilə keçirmək
lazımdır. Az sonra Prezident Heydər
Əliyev Qazax Seminariyasının 80 illiyi ilə bağlı
sərəncam imzaladı. Biz isə Təhsil Nazirliyində bu
işə ciddi
hazırlaşmağa başladıq. Həmin günlər
Qazax Müəllimlər Seminariyasının tədqiqatçısı,
professor Fikrət Seyidovla bir neçə dəfə görüşüb
seminariyanın tarixi ilə bağlı müfəssəl
məlumat aldım. 1999-cu ilin dekabr ayının 27-də
Üzeyir Hacıbəyli adına Musiqi
Akademiyasında Azərbaycan ziyalılarının
iştirakı ilə təntənəli tədbir
keçirdik. Tədbirə Qazaxdan da
çoxsaylı qonaqlar gəlmişdi. Prezident
Heydər Əliyevin tədbir iştirakçılarına təbrik
məktubu oxundu. Təxminən 20 ildən sonra isə,
2018-ci ilin 4 noyabrında Prezident İlham Əliyev Qazax Müəllimlər
Seminariyasının 100 illik yubileyinin qeyd olunması
haqqında sərəncam imzaladı.
Məlumdur ki, 1876-cı ildə Qori şəhərində
cənubi Qafqazda müəllim hazırlayan ilk seminariya -
Zaqafqaziya Müəllimlər Seminariyası fəaliyyətə
başladı.
Əvvəlcə seminariyanın üç
şöbəsi - rus, gürcü və erməni şöbəsi
var idi. Seminariyada dərslər rus dilində
aparılırdı. Həmin dövrdə
Azərbaycan ərazisində də bir neçə dövlət
məktəbləri (qəza məktəbləri, kənd
ibtidai məktəblər və s.) yaradılmışdı.
Lakin orada dərs deyə biləcək müəllimlər az idi. Milli ziyalılar Azərbaycanda da dövlət məktəblərinin
müəllim kadrlarına olan ehtiyacını ödəmək
məqsədilə ayrıca bir seminariyanın
açılmasını zəruri hesab edirdilər. Edilən müraciətlər, yazılan məktublar
cavabsız qalırdı. Çar
höküməti seminariyanı azərbaycanlıların
yaşadığı şəhərdə açmağa
cürət etmirdi. Çar məmurları
bunu guya seminariyanı və seminaristlərin təlimini müsəlman
dindarlarından qorumaq niyyəti ilə izah edirdilər. Onlar iddia edirdilər ki, guya Ufa və Krımdakı
müsəlman məktəblərinin təcrübəsi də
bunu sübut edir. Buna görə də yeni
tipli məktəbləri müsəlmanlardan uzaq bir yerdə
açmaq daha yaxşı olar. Qeyd olunan səbəblərdən
1879-cu ildə Qori Müəllimlər Seminariyasının nəzdində
Azərbaycan şöbəsi və onun yanında ibtidai məktəb
fəaliyyətə başladı. Bu şöbənin
yaradılmasında həmin dövrdə Azərbaycan
ziyalıları arasında böyük nüfuz sahibi olan,
çar Rusiyasının Tiflisdəki Canişininin dəftərxanasında
tərcüməçi işləyən Mirzə Fətəli
Axundovun, 1881-ci ildən ömrünün sonunadək Zaqafqaziya
müftisi olmuş Mirzə Hüseyn Əfəndi Qayıbzadənin
və onun yaxın dostu, məsləkdaşı
Şeyxülislam Əbdüssəlam Axundzadənin
böyük rolu olmuşdur. Azərbaycanlı gənclər
ibtidai məktəbdə ilkin təhsilini aldıqdan sonra
seminariyada təhsillərini davam etdirə bilərdilər.
Seminariyada təhsil alan gənclər
pedaqoji təcrübəni həmin məktəbdə
almalı idilər. Nə qədər qəribə
olsa da, Seminariyanın əsasnaməsində göstərilirdi
ki, Azərbaycan şöbəsini idarə edən şəxs-inspektor
mütləq xristian olmalıdır. Elə
bu səbəbdən şöbənin ilk inspektoru Aleksey
Osipoviç Çernyayevski oldu. Şamaxıda anadan
olan, Azərbaycan dilini mükəmməl bilən, müsəlmanların
həyat tərzi, adət və ənənələrinə,
dini görüş və ayinlərinə yaxından bələd
olan, ilk təhsilini Şamaxı qəza məktəbində
alan, 1866-cı ildə Mərəzə kəndində ilk xalq
məktəbi təşkil edən A.O.Çernyayevski Azərbaycan
xalqına, onun böyüyən nəslinin təlim-tərbiyəsinə,
müəllim kadrları hazırlığına sözün
həqiqi mənasında fədakarlıqla xidmət
etmişdi. O, 14 ildən artıq Qori Seminariyasının Azərbaycan
şöbəsinin inspektoru vəzifəsində səmərəli
elmi-metodik fəaliyyət göstərmiş, təlim-tərbiyənin
bu və ya digər problemləri ilə bağlı məqalələr
yazmış, Azərbaycan balaları üçün “Vətən
dili”, “Rus dili” adlı dərsliklər
hazırlamışdır. Qədirbilən
xalqımız həmişə Çernyayevskinin xatirəsini
əziz tutmuş və bu gün də tutur, hazırda Qobustan
rayonunun Mərəzə qəsəbəsindəki tam orta məktəb
onun adını daşıyır.
1905-ci ildə Qori Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsinə 1887-ci
ildə Tiflisdəki Aleksandrovski Müəllimlər
İnstitutunun məzunu olan Sultan Məcid Qənizadə rəhbərlik
etmişdir.
O, bu vəzifədə cəmi üç il
- 1908-ci ilə qədər işləmiş, həmin ildən
daha böyük vəzifəyə - Bakı quberniyası
Dağıstan vilayəti xalq məktəbləri idarəsinə
inspektor vəzifəsinə təyin olunmuşdur. S.M.Qənizadə bu məsul vəzifədə
1917-ci ilə qədər şərəflə
çalışmışdır.
1910-cu ildən
1918-ci ilə qədər Qori Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsinə Azərbaycan
ədəbiyyatı tarixinin ilk sistemli tədqiqatçısı,
həmin seminariyanın 1885-ci il məzunu,
10 il İrəvan gimnaziyasında müəllimlik etmiş
Firidun bəy Köçərli rəhbərlik etmişdir.
Qori Müəllimlər Seminariyasının Azərbaycan
şöbəsinə ilk dəfə 32 nəfər qəbul
edilmişdi. Bunlardan 24 nəfəri A.O.Çernyayevski tərəfindən
yerlərdən seçilərək seminariyaya dəvət
olunmuşdu, qalanları isə öz arzuları ilə gəlmişdi.
32 nəfərdən 19-u şöbənin əsas
sinfinə, 13 nəfəri isə hazırlıq sinfinə qəbul
olundu. İlk qəbul olunanlardan 3 nəfəri
rus dilini yaxşı bildiklərinə görə birbaşa
ikinci sinfə qəbul edildi. Onlar (Səfərəli
Vəlibəyov, Teymur Bayraməlibəyov, Mirzə Xəlilov)
1881-ci ildə seminariyanı bitirərək onun ilk məzunları
oldular.
Fəaliyyət
göstərdiyi 40 il ərzində 300-ə
yaxın xalq müəllimi - elm, maarif, mədəniyyət və
incəsənət carçıları hazırlayan bu tədris
ocağı şərəfli bir inkişaf yolu keçdi. Azərbaycan
xalq pedaqoqikasının qiymətli incilərindən qidalanan,
mütərəqqi rus və dünya pedaqoji fikir klassiklərinin pedaqoji ideyalarından, qabaqcıl məktəb
təcrübəsindən faydalanan ilk xalq müəllimləri,
elm və maarif məşəlini Cənubi Qafqazın uzaq-uzaq
kəndlərinə aparmış, dünyəvi təhsildən
kənarda qalmış gənclərin gözünü təhsil
nuru ilə işıqlandırmışdır. Tarixə xalq
müəlliminin nümunəsi kimi daxil olan, müəllimlik
sənətinin, öz peşəsinin vurğunu olan,
xalqının balalarına elm, təhsil verməyi qarşısına məqsəd
qoyan, ömürlərini millət yolunda, böyüyən nəslin
təhsil-tərbiyəsi yolunda
şam kimi əridən - Firidun bəy Köçərli,
Rəşid bəy Əfəndiyev, Səfərəli Vəlibəyov,
Əliş bəy Tahirov, Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə,
Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Müslüm
Maqomayev, Pənah Qasımov, Hənəfi Terequlov, Əli
Hüseynov, Fərhad Ağazadə, Səməd bəy Acalov,
Teymur bəy Bayraməlibəyov, Süleyman Sani Axundov, Bədəl
bəy Bədəlbəyov, Azad Əmirov, Əhmədağa
Mustafayev, Yusif Qasımov, Əli Qəmərli, Müseyib
İlyasov, Əhməd Seyidov, Teymur Quliyev, Süleyman
Qayıbov, Hacı Kərim Sanılı, Əsgər Eyvazov, Məmmədhəsən
Əfəndiyev, Hüseynağa Minəsazov, Yusif Əfəndiyev,
Rəhim Qulubəyov, Musa Quliyev, Əli Mustafayev, Cavad
Cuvarlinski, Zəkəriyyə Vəkilov, Ağaəli
Qasımov, Rəcəb Əfəndiyev, Teymur Hüseynov,
Əli Səbri, İsmayıl Qayıbov, Məmməd Qocayev,
Məmmədkərim Mustafayev, Hüseyn Xəlilov, Əhməd
Gülməmmədov, Şəhriyar bəy Qiyasbəyli, Nəsib
bəy Qiyasbəyli, Məmməd Qarayev, Səlim Əfəndiyev,
Həmzət Əfəndiyev, İsfəndiyar Əfəndiyev
və onlarca başqaları bu təhsil ocağından pərvazlanmışlar.
Məlumdur ki, seminariya kənd ibtidai məktəbləri
üçün müəllim hazırlayırdı. Məzunların demək olar ki, hamısı fəaliyyətə
müəllim kimi başlayırdılar. Lakin sonralar məzunların
bir çoxu nəzəriyyəçi pedaqoq, ali
məktəb müəllimi, yazıçı, alim, peşəkar
inqilabçı, dövlət xadimi, musiqişünas oldular.
1918-ci il mayın 26-da Tiflisdə Zaqafqaziya seymi
buraxıldıqdan sonra, seymin müsəlman fraksiyası
özünü Azərbaycan Milli Şurası elan etdi. Milli Şura Qafqaz canişininin Tiflisdəki
sarayında Azərbaycanın dövlət müstəqilliyi
haqqında bəyannamə elan etdi. Zaman-zaman
azadlığı və istiqlaliyyəti uğrunda şəhidlər
vermiş Azərbaycan xalqı 1918-ci ilın 28 mayında
öz arzusuna qovuşdu. Azərbaycanın
milli dövlətçilik tarixinə öz
möhürünü vurmuş Azərbaycan Xalq Cümhuriyyəti
yarandı.
Azərbaycan
Xalq Cümhuriyyəti hökümətinin maarif, təhsil sahəsində
ilk tədbirlərindən biri, heç şübhəsiz,
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının müsəlman
şöbəsinin Azərbaycana köçürülməsi
haqqında 22 iyun 1918-ci il tarixli qərarı
oldu. 1918-si il iyunun 16-da Tiflisdən Gəncəyə
köçən Milli hökümət bu məqsədlə
Gəncə xəzinədarlığına maliyyə vəsaiti
ayırdı və Gürcüstan höküməti ilə əvvəlcədən
razılığa gəldi. Əslində, hələ
XIX əsrin sonlarında milli maarifçilərimiz bu
seminariyanın Azərbaycana köçürülməsi
ideyasını irəli sürmüşdülər.
Seminariyanın məzunu və müəllimi Səfərəli
bəy Vəlibəyov 1884-cü il aprelin
24-də Qori Müəllim Seminariyasının pedaqoji
şurasında Azərbaycan şöbəsinin vəziyyəti
haqqında fikrini yazılı surətdə bildirmişdi. O tələb
edirdi ki, Azərbaycan şöbəsi müstəqil olsun və
Azərbaycanın hər hansı bir rayonuna
köçürülsün. Səfərəli
bəy çox doğru olaraq əsaslandırırdı ki, məsafənin
uzaqlığı, Qoridə azərbaycanlıların
yaşamaması, müəllim kadrlarının istənilən
səviyyədə və sayda hazırlanmasına mane olur.
Lakin həmin dövrdə pedaqoji şurada bu təklifin tərəfdarlarının
sayı çox az olduğundan Səfərəli
bəyin təklifi keçmədi. 1906-cı ildə
Nəriman Nərimanov “Həyat” qəzetində “Qori
Seminariyası harada olmalıdır” adlı məqalə ilə
çıxış etdi. O yazırdı ki, seminariya
Bakıda və ya Gəncədə olsa, orada oxuyan azərbaycanlıların
sayı iki qat artar, çəkilən xərc isə xeyli
azalar. Həmin ilin avqust ayının 19-da
Bakıda “Nəşri - maarif” cəmiyyətinin iclasında
Firidun bəy Köçərli böyük bir nitqlə
çıxış edərək, seminariyanın Azərbaycan
şəhərlərindən birinə
köçürülməsi məsələsini qaldırmışdı.
Üzeyir bəy Hacıbəyli 1909-cu ildə “Tərəqqi”
qəzetinin 187-ci nömrəsində çap olunmuş məqaləsində
seminariyanın müsəlman mərkəzində
olmamasından ciddi narahatlığını bildirirdi. Bütün bunlara baxmayaraq, nə rus çarı, nə
də gürcü knyazları seminariyanın Azərbaycana
köçməsinə razılıq verirdilər.
Qori
Seminariyasının Azərbaycan şöbəsinin niyə məhz
Qazaxa köçürülməsi ilə bağlı
müxtəlif versiyalar olsa da, düşünürəm ki,
bunun əsas səbəbi aşağıdakılarla
bağlıdır. Əvvəla həmin dövrdə
Cümhuriyyət hökuməti Gəncədə fəaliyyət
göstərirdi, Bakıda, Gəncədə və
Qarabağda erməni daşnaklarla qanlı müharibə davam
edirdi, o zaman Qazaxda Qori Seminariyasının ən nüfuzlu məzunları
Əhmədağa Mustafayev, Haley bəy Şıxlınski,
Süleyman Qayıbov, Yusif Əfəndiyev, Əhməd ağa
Gülməmmədov, Əli Mustafayev, Əhməd Seyidov, Osman
Şıxlınski, Səlim Əfəndiyev, Yusif Qasımov,
Əli Hüseynov, İbrahim Qayıbov və bir çox
başqaları işləyirdi. Bu müəllimləri
seminariyada müxtəlif fənlərin tədrisinə cəlb
etmək olardı. Qazaxın
tanınmış xeyriyyəçisi Məşədi
İbrahim ağa Kosalı özünün mülkünü
tədris binası kimi seminariyaya hədiyyə etməyə
söz vermişdi. Bu səbəbləri və
seminariyanın bəzi xərclərini öz öhdəsinə
götürmüş qazaxlıların xahişini nəzərə
alaraq Milli hökümət 10 iyul 1918-ci il
tarixli iclasında məsələni onların xeyrinə həll
etdi.
Nəhayət,
Qazax Seminariyası 1918-ci il noyabrın 10-da
təntənəli şəkildə açıldı. Mərasimdə
o zaman Qazaxda yerləşən türk ordusunun komendantı Səbri
bəy, türk qarnizon rəisi Camal bəy, Haley bəy
Şıxlınski, xalq məktəbləri inspektoru Nəsib
bəy Qiyasbəyli, ali ibtidai məktəblər inspektoru
Əhməd ağa Mustafayev, İbrahim Əfəndi
Qayıbzadə, seminariyanın direktoru Firidun bəy
Köçərli çıxış edərək
qazaxlıları təbrik etdilər və əmin
olduqlarını bildirdilər ki, Qori Seminariyasının ənənələrini
davam etdirərək xalqımızı mənəvi gerilikdən
azad etmək istiqamətində öz tarixi missiyalarını
şərəflə yerinə yetirəcəklər. Beləliklə, Qazax Müəllimlər
Seminariyası fəaliyyətə başladı.
Hələ
fəaliyyətinin ilk günlərində müəllim
hazırlığına xüsusi diqqət yetirən Firidun bəy
Köçərli seminariyanın işini doğru qurmaq məqsədilə
Qoridən İbrahim Qayıbov, Mirzə Vəliyev və Mustafa
Məmmədov kimi yüksəkixtisaslı, savadlı, təşəbbüskar
və xalqın balaları üçün ürəyi yanan
insanları seminariyaya müəllim dəvət etdi. Bundan əlavə
o, həmin dövrdə Qazaxda fəaliyyət göstərən
Qori Müəllimlər Seminariyasının məzunları
Əli Hüseynovu, Əhməd ağa Mustafayevi, Yusif
Qasımovu, İsfəndiyar Vəkilovu və Məiş
Hüseynovu müəllim təyin etdi. O, bu adamların səyi
və yaxından köməyi ilə seminariyada tədris
işlərinin təşkilinə başladı. O zaman
seminariyaya şagird toplamaq mürəkkəb və çətin
məsələlərdən biri idi. Əhalinin 90 faizinin
savadsız olması, kəndlərdə uşaq əməyindən
geniş istifadə olunması, təhsilin əhəmiyyətinin
kəndlilər tərəfindən başa düşülməməsi
uşaqların təhsilə cəlb edilmələrinə mane olan əsas səbəblərdən
idi. Firidun bəy Köçərli belə bir
ağır şəraitdə vaxtilə oxuduğu Qori Müəllimlər
Seminariyasında A.O.Çernyayevskinin tələbə toplamaq
təcrübəsindən istifadə etdi. İbrahim
Qayıbovu, Mustafa Məmmədovu, Əhməd ağa
Mustafayevi, Mirzə Vəliyevi, Yusif Qasımovu, Əli
Hüseynovu və Məiş Hüseynovu tələbə
toplamaq məqsədilə Qazax və Azərbaycanın digər
rayon və kəndlərinə ezam etdi. Bununla
yanaşı, həmin dövrdə Qazaxda müxtəlif kənd
məktəblərində müəllim işləyən Qori
Müəllimlər Seminariyasının məzunları
Əhməd Seyidov, Osman Əfəndiyev, Səlim Əfəndiyev,
Osman Şıxlınski, İsa Abakarov və digərlərinin
köməyindən istifadə etdi. Həmin
müəllimlər Firidun bəyin
çağırışına cavab olaraq məktəblərindəki
uşaqların ən layiqlilərini seçib seminariyaya
göndərdilər. Firidun bəyin bu təbliğatı
tezliklə öz müsbət nəticəsini verdi.
Seminariyaya toplaşanların sayı nəzərdə
tutulandan da çox oldu. Bundan sonra
seminariyanın işini daha səmərəli təşkil etmək
məqsədilə pedaqoji şura yaradıldı. Şuranın üzvlərinin əksəriyyəti
Firidun bəyin Qori Müəllimlər Seminariyasındakı tələbələri
idi. Pedaqoji
şuranın birinci iclasında o, Qori Müəllimlər
Seminariyasının nizamnaməsini əsas götürərək
şagird və müəllimlər üçün təlimat
hazırladı. Firidun bəy Qazax Müəllimlər
Seminariyasında elə mükəmməl pedaqoji mühit
yaratmışdı ki, orada aparılan işlərin növlərinə,
həcminə, rəngarəngliyinə və məzmununa
indinin özündə də təəccüb etməmək
olmur. Firidun bəy Köçərli Qazaxda “Azərbaycan
ədəbiyyatı tarixi” kitabını yazmaqla
seminariyanın məzunlarına Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən Məhəmməd
Füzuli, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy
Zakir və bir çox
başqalarının əsərlərini tələbələrinə
sevdirə bildi. Nəticədə bu məktəbdə
Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn,
İsmayıl Şıxlı kimi görkəmli şəxsiyyətlər
yetişdi.
Firidun bəy Köçərli qısa müddət ərzində
seminariyanı elə şöhrətləndirdi ki, onun sədası
respublikanın hər yerindən gəldi, seminariya elmi-pedaqoji
və metodik mərkəzə çevrildi. O, seminariyanın işini təşkil
etməklə yanaşı, müəllimlərin köməyi
ilə yaşlılar üçün savad kursları
açdı, yetimlər evi təsis etdi, qaçqınlara
yardım fonduna yaxından kömək etdi. Firidun bəy
Köçərlinin 35 illik pedaqoji fəaliyyətinin Qazax
Müəllimlər Seminariyasındakı dövrü bu
böyük pedaqoqun, ədəbiyyatşünas alimin, vətənpərvər
insanın həyatının ən fərəhli illərini təşkil
edir. Lakin təəssüf ki, bu sevinc, fərəh
uzun sürmədi. Sovet Rusiyasının hərbi
müdaxiləsi ilə həyata keçirilən 27 aprel
1920-ci il dövlət çevrilişi Azərbaycan
Xalq Cümhuriyyətinin süqutu ilə nəticələndi.
Azərbaycan təhsil tarixinə öz əbədi
imzasını həkk etmiş Qazax Müəllimlər
Seminariyasının əsasını qoyan, Azərbaycanın
istiqlal mücahidi, maarif və elm fədaisi Firidun bəy
Köçərli 1920-ci il mayın 26-dan
30-dək davam edən Gəncə üsyanı zamanı mənfur
daşnaklar tərəfindən öldürülür.
Firidun bəy Köçərlinin ölümündən
sonra Əhməd ağa Mustafayev Qazax seminariyasının
müdiri vəzifəsinə təyin olunur. O, 1864-cü ildə Qazax qəzasının
Salahlı kəndində anadan olmuş, 1880-ci ildə Qori
Müəllimlər Seminariyasına daxil olmuş, 1885-ci ildə
oranı müvəffəqiyyətlə bitirmişdi. Əhməd ağa təkcə Salahlı kəndindən
Qori Müəllimlər Seminariyasında oxumaq
üçün 30-dan artıq məzun hazırlamış,
50 ildən artıq xalq məktəblərində müəllimlik
etmişdi. O, 1923-cü ilə qədər seminariyaya rəhbərlik
etmiş, Firidun bəy ənənələrinə sadiq qalaraq
onu bir az da irəli aparmışdır.
1920-ci ildə Qazax seminariyasının yanında
qızlar üçün şöbə açıldı. Həmin dövrdə
qızları məktəbə cəlb etmək çox
çətin iş idi. Qabaqcıl, mütərəqqi
adamlar bu çətinliyin öhdəsindən gəlməyə
çalışırdılar. Həmin il
qızlar şöbəsinə Dilrubə, Dürrə, Validə
və Həbibə Mustafayevalar, Dilşad Şıxlinskaya, Səlimə
Əfəndiyeva, Kövsər Qayıbova qəbul oldular. Qeyd
etmək lazımdır ki, bu qızların əksəriyyətinin
seminariyaya daxil olmasının əsas səbəbi onların
Qori Seminariyasının məzunu və Qazax Müəllimlər
Seminariyasının direktoru, xalq maarifinin görkəmli
nümayəndəsi Əhmədağa Mustafayev ilə qohumluq
əlaqəsinin olması idi. Qızlar
şöbəsi qapalı fəaliyyət göstərirdi,
qızlar məktəb binasında yaşayır, orada oxuyur və
dərslərinə hazırlaşırdılar. Seminariyada tərbiyəçi qadın müəllimləri
var idi. Onlar qızlarla bir yerdə
qalır, yeməklərinə, dərslərinə və
otaqlarının səliqə-səhmanına nəzarət
edirdilər. Cümə günlərindən
başqa qızlara həftə ərzində pansiondan kənara
çıxmağa icazə verilmirdi. Cümə
axşamları isə valideynlər xüsusi icazə ilə
qızlarını evlərinə apara bilərdilər. 1926-cı ildə bu qapalılıq aradan
qaldırıldı və qızlarla oğlanlar bir yerdə təhsil
almağa başladılar.
Qazax seminariyasına 1923-1926 və 1927-1929-cu illərdə
xalq yazıçısı Mehdi Hüseynin atası Əli
Hüseynov rəhbərlik etmişdir. Əli Hüseynov
1886-cı ildə Qazax qəzasının II Şıxlı kəndində
anadan olmuş, ilk təhsilini öz kəndlərində
İsa Abakarovdan almış və onun məsləhəti ilə
1897-ci ildə Qori Müəllimlər Seminariyasının
aşağı hazırlıq sinfinə daxil olmuş, 1905-ci
ildə seminariyanın tam kursunu bitirmişdi. 1918-ci ildə Firidun bəy Köçərli onu
Qazax Müəllimlər Seminariyasına dəvət
etmişdi. O, seminariyada müəllim işləməklə
yanaşı, Qazaxda maarif işinin təşkilində
böyük fədakarlıq göstərmişdir. Əli
Hüseynov seminariyanı yeni müəllim kadrları ilə təmin
etdi, ədəbiyyat müəllimləri Süleyman
Qayıbovu, Əkrəm Cəfəri və Yusif Əfəndiyevi,
coğrafiya müəllimi Mirzə Əfəndini, təbiət
müəllimləri Mahmud Bayramovu, Tahir Abdullayevi, Abdulla
Babanlını, rus dili müəllimi Əhmədağa
Gülməmmədovu, alman dili müəllimi Əli Mustafayevi
gətirdi. Əli Hüseynov 1926-27-ci illərdə
Lənkəran, 1932-34-cü illərdə Qazax rayon xalq maarif
şöbələrinin müdiri, 1930-cu ildə
Naxçıvan Maarif Komissarı vəzifələrində
işləmişdir.
1930-31-ci illərdə Qazax Müəllimlər
Seminariyasına Əhməd Qurbanov rəhbərlik etmişdir. Əhməd
Osman oğlu Qurbanov Qazax rayonunun II Şıxlı kəndində
anadan olmuş, ibtidai təhsilini doğulduğu kənddə
aldıqdan sonra Qazax Müəllimlər Seminariyasına daxil
olmuş, seminariyanı bitirdikdən sonra orada müəllim
işləmişdir. Əhməd müəllim
sonralar Bakıya köçmüş, müxtəlif rəhbər
vəzifələrdə işləmiş, İkinci Dünya
Müharibəsinin iştirakçısı olmuş,
müharibədən qayıtmamışdır.
1931-1936-cı illərdə Qazax Müəllimlər
Seminariyasına Mirqasım Əfəndiyev rəhbərlik
etmişdir. Mirqasım Hacı Ömər oğlu Əfəndiyev
1902-ci ildə Qazax qəzasının I Şıxlı kəndində
anadan olmuş, ibtidai təhsilini aldıqdan sonra 1918-ci ildə
Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur.
O, seminariyada Səməd Vurğun, Mehdixan Vəkilov, Mirəli
Mirəliyevlə birlikdə təhsil almışdır. Mirqasım Əfəndiyevin direktorluğu
dövründə dərs hissə müdiri vəzifəsində
Bəkir Əfəndiyev işləmişdir.
1936-1940-cı ilə qədər Qazax Müəllimlər
Seminariyasına Mirzə Bağırov rəhbərlik
etmişdir. Mirzə Bağırovun direktorluğu dövründə
dərs hissə müdiri vəzifəsində 1936-1938-ci illərdə
Alı Alıyev, 1939-1940-cı illərdə isə Məcid
Tağıyev işləmişdir.
1940-1942-ci illərdə Qazax Müəllimlər
Seminariyasına Məcid Tağıyev rəhbərlik
etmişdir. Məcid Əsgər oğlu Tağıyev 1908-ci ildə
Qazax rayonunun I Şıxlı kəndində anadan olmuş,
ibtidai təhsilini öz kəndlərində almış,
1923-cü ildə Qazax Müəllimlər Seminariyasına
daxil olmuş, 1928-ci ildə seminariyanı müvəffəqiyyətlə
bitirdikdən sonra Şamaxı rayonunun Şəridli kəndində
məktəb direktoru vəzifəsində
çalışmışdır. Məcid
müəllim 1929-cu ildə Ali Pedaqoji İnstituta daxil olub və
1932-ci ildə institutu qurtarmışdır. Sonralar o, Tovuz rayon Xalq Maarif Şöbəsinin
müdiri vəzifəsində işləmişdir. Məcid Tağıyevin direktorluğu dövründə
dərs hissə müdiri vəzifəsində Güllüzar
Əliyeva işləmişdir.
1942-1947-ci illərdə Qazax Müəllimlər
Seminariyasına Güllüzar Əliyeva rəhbərlik
etmişdir. Güllüzar Əliyevanın direktorluğu
dövründə dərs hissə müdiri vəzifəsində
Osman Əfəndiyev işləmişdir.
1947-1950 və 1954-1959-cu illərdə Qazax Müəllimlər
Seminariyasına Əhməd Cəlilov rəhbərlik
etmişdir. Cəlilov Əhməd Məhəmməd oğlu
1913-cü ildə Qazax qəzasının II Şıxlı kəndində
anadan olmuş, ibtidai təhsilini öz kəndlərində
almış, 1932-ci ildə Qazax pedaqoji məktəbinə
daxil olmuş, 1935-ci ildə oranı müvəffəqiyyətlə
bitirmişdir. 1935-1940-cı illərdə Azərbaycan
Dövlət Universitetində ali təhsil
almış, sonra bir il Azərbaycan Maarif
Komissarlığında metodist vəzifəsində işləmiş,
İkinci Dünya Müharibəsində iştirak etmiş,
müharibədən qayıtdıqdan sonra Qazax pedaqoji məktəbində
müəllim və qiyabi şöbənin müdiri vəzifəsində
çalışmışdır. Əhməd
Cəlilovun direktorluğu dövründə dərs hissə
müdiri vəzifəsində Əli Zeynalov işləmişdir.
1951-1953-cü illərdə Qazax Seminariyasına Alı
Alıyev rəhbərlik etmişdir. Alı Həşim oğlu Alıyev
1908-ci ildə Aşağı Salahlı kəndində anadan
olmuş, ibtidai təhsilini Orta Salahlı kənd məktəbində
almış, 1929-cu ildə Tovuzda kolxozçu gənclər məktəbini
bitirdikdən sonra Orta Salahlı kənd məktəbinə
müəllim təyin olunmuş, bir il burada müəllim
işləmişdir. 1930-1935-ci illərdə Azərbaycan
Ali Pedaqoji İnstitutunun tarix şöbəsində təhsil
almışdır. Təyinatla Qazax Pedaqoji
Texnikomuna müəllim göndərilmişdir. Alı müəllimin direktorluğu dövründə
dərs hissə müdiri vəzifəsində Əli Zeynalov
işləmişdir.
1918-1935-ci illərə qədər seminariyanın 12
buraxılışı olmuş, buranı 658 müəllim
bitirmişdir.
Onlardan 582-si oğlan, 66 nəfəri isə
qız idi. 1935-ci ilə kimi məktəbdə
21 müəllim işləmişdir. Bu müəllimlərdən
16 nəfəri ali, 5 nəfəri isə
orta təhsilli olmuşdur. Qazax Müəllimlər
Seminariyası 40 illik (1918-1958) fəaliyyəti dövründə
3 mindən çox müəllim hazırlamış və
onlar azərbaycanlıların yaşadıqları bölgələrin
hamısına maarif işığı aparmışdır.
Onlarla seminariya məzunu Ermənistandakı və
Gürcüstadakı Azərbaycan məktəblərində
ibtidai sinif müəllimi kimi uğurlu fəaliyyət göstərmiş,
həmin bölgədə yaşayan
azərbaycanlıların arasında təhsilin və
maarifin yayılmasında fədakarlıq nümayiş
etdirmişlər. Seminariyada tələbələrin elmi biliklərə
və geniş dünyagörüşünə yiyələnməsi,
bacarıqlı müəllim kimi hazırlanması həmişə
diqqət mərkəzində olmuşdur. Tələbələrdə
nəzəri və praktik vərdişlərinin
formalaşdırılması məqsədilə pedaqoji təcrübənin,
sinifdənxaric və məktəbdənkənar təhsil-tərbiyə
işlərinin təşkilinə xüsusi diqqət
yetirilirdi. Tələbələrin təcrübə dərsləri
2-3 il davam edir, həmin dərslərin
icmalları müəllimlər tərəfindən ciddi
yoxlanılır, dərslərin geniş müzakirəsi
keçirilirdi. Tədris-tərbiyə işlərinin səmərəli
təşklində
seminariyanın demokratik əsaslarla idarə
olunması mühüm rol oynayırdı. Seminariyada
bu gün də qibtəediləcək möhkəm
nizam-intizam, humanist və demokratik öyrətmə və
öyrənmə mühiti, müəllim-tələbə əməkdaşlığı
var idi.
Qazax Müəllimlər Seminariyası Qori Müəllimlər
Seminariyasının ənənələri əsasında təşkil
olunmuşdu. Onun Azərbaycanda fəaliyyət göstərən,
kəmiyyət və keyfiyyətcə fərqlənən yeni
bir modeli idi. Bu səbəbdən də bir
müddət onun nizamnaməsi əsasında işləmişdi.
1921-ci ildə Azərbaycan Xalq Maarif
Komissarlığı müəllim seminariyaları
üçün yeni nizamnamə qəbul etdi. Qazax Müəllimlər
Seminariyası zahirən bu nizamnaməyə tabe olsa
da, özünün Qori ənənəsinə sadiq qaldı,
orada istifadə edilən mütərəqqi
təlim və tərbiyə üsullarının tətbiqini
davam etdirdi. 1925-ci ildə Azərbaycan SSR Xalq
Maarif Komissarlığının qərarı ilə
seminariyaların bazasında dördillik pedaqoji texnikumlar
yaradıldı. Qazax Seminariyası Qazax
Pedaqoji Texnikumuna çevrildi. Azərbaycanda sovet
dövründə açılmış digər
seminariyaların tarixi ənənəsi olmadığından
onlar bir neçə il sonra
bağlandı. Qazax Müəllimlər
Seminariyası Qori ənənələrini saxlamaqla onun layiqli
varisi oldu, 1959-cu ilə qədər öz fəaliyyətini
davam etdirdi.
Qazax Müəllimlər Seminariyası Azərbaycanda milli təhsilin inkişafında, orta ixtisas təhsilli müəllim kadrları hazırlığında məhsuldar və səmərəli fəaliyyət göstərmiş, təhsil tarixində Qori Müəllimlər Seminariyası qədər şərəf və şöhrətə sahib olmuşdur. Qazax Müəllimlər Seminariyasının müəllim kollektivi səmərəli pedaqoji və metodiki fəaliyyəti, şəxsi nümunəsi ilə Azərbaycan xalqına onlarla dəyərli ziyalı bəxş etmişdir. Adını millətin şöhrət və şərəf kitabına yazan Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mövsüm Poladov, İlyas Əfəndiyev, Mehdixan Vəkilov, Əhməd Qaravəliyev, Tahir Məhərrəmov, Hacı Hacıyev, Alı Alıyev, Hüseyn Tağıyev, İsmayıl Qasımov, Məmməd Şıxlı, Yunis Eyyubov, Yasin Əfəndiyev, Əsgər Xasməmmədov, Abdulla Babanlı, Əhməd Əhmədov, Osman Cəfərov, Mansır Yaqubov, Qasım Murğuzov, Əli Zeynalov, İkram Eyyubov, Barat Qaravəliyev, Dilşad Şıxlinski, Gülbahar Vəkilova, Pəri İbrahimova, Qənirə Mehdixanlı, Nərgiz Mahmudova, Mirpaşa Nəsibov, İsmayıl Orucov, Ənvər Əfəndiyev, Mədət Məşiyev, Cavad Bağırov, İsaq İsaqov, Həmid Nəsibov, İslam Vəliyev, İsrafil Yaqubov, İsrafil Yusifov, Abbas Mazanov, Məcid Əhmədov, Mürsəl Əfəndiyev, Xanəhməd Bayramov, Yusif Zeynalov, Zöhrə Həsənova, Alı Mustafayev, Mirəli Mirəliyev, Mahmud Süleymanov, Məhəmməd Nəsibov, Mahir Mahmudov, Mehdi Həsənov, Nəsib Əfəndiyev, Mehdi Hüseynov, İbrahim İbrahimov, Mehri Əhmədova, Gilas Məmmədova, Niftalı Abdullayev və seminariyanın digər məzunları ilə fəxr edirik. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyi ərəfəsində onların xatirəsini hörmətlə yad edir, milli məktəbin, milli təhsilin, milli maarifin, milli ədəbiyyatın və mədəniyyətin inkişafındakı xidmətlərinə görə ruhları qarşısında baş əyirik. Onlar özlərinin nadir istedadı ilə müəllim, alim, ədib, mütəfəkkir, ictimai və dövlət xadimi kimi yetişmiş və ölkəmizdə elmin, maarifin və mədəniyyətin inkişafında əvəzsiz rol oynamışlar. Qazax Müəllimlər Seminariyası haqqında yazını yekunlaşdırarkən də bir daha Ulu Öndər Heydər Əliyevi xatırladım. Ulu Öndər Qazax Müəllimlər Seminariyasının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş konfrans iştirakçılarına 27 dekabr 1999-cu ildə göndərdiyi təbrik məktubunda deyirdi: “Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Əminəm ki, müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinin neçə-neçə nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir”.
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika
İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
525-ci qəzet.- 2018.- 8 dekabr.-
S.10-11.