Səməd Vurğun və Maqsud Şeyxzadə: XX yüzilin poetik obrazını yaradanlar

MƏŞHUR POETİK BİOQRAFİYALAR MÜQAYİSƏLİ TƏHLİL MÜSTƏVİSİNDƏ

Yaşar QASIMBƏYLİ

Filologiya elmləri doktoru, AMEA-nın baş elmi işçisi

yashargasimov@mail.ru

Səməd Vurğun və Maqsud Şeyxzadə həmyerli, yaşıd və müasir olmaqla bərabər, eyni zamanda, ruhən və istedadlarının təbiətinə görə yaxın ədəbi şəxsiyyətlər olublar.

Hər iki sənətkarın öz yaradıcılığında, əsasən, şeir, poema və dram janrlarına üstünlük verməsi, ədəbi publisistikalarındakı genişlik və əhatəlilik, yüksək elmi-nəzəri səviyyə bu fikri əsaslandırır. Fəlsəfi və hikmətli şeiriyyətə meyllilik, möhtəşəm və əzəmətli epik poeziyanın mahir ustadları kimi şöhrət qazanmaları, xalqın keçmişinə və tarixi mövzulara bağlılıq, parlaq dramatik istedada sahib olmaları, yazı maneralarındakı qanadlı-romantik pafos onların saf bədii istedadlarının mayasındakı uyğunluqdan və uyarlıqdan xəbər verirdi.

Bu böyük sənətkarların yaradıcılığına ümumi şəkildə nəzər saldıqda belə bir çox ədəbi paralellər, mühüm poetik həmahəngliklər diqqəti özünə cəlb edir. Maqsud Şeyxzadə və Səməd Vurğun fəlsəfi lirikanın, başdan-ayağa hikmətlə yoğrulmuş  şeirlərin misilsiz müəllifləri  idilər. Onların şeiriyyətində insan və həyat haqqındakı dərin və fəlsəfi düşüncələr, orijinal, gözlənilməz lirik-hikmətli müqayisə və xülasələr uzun zaman yaddaşlardan silinmir.

Səməd Vurğunun "Dünya" rədifli və Maqsud Şeyxzadənin "Dəniz təbiəti" adlı şeirləri geniş elmi təhlillər üçün meydan verən əsərlərdir. İnsan həyatının və dünyanın mənası, mahiyyəti və fəlsəfi dərki barəsindəki özünəməxsus lirik-emosional düşüncələrin miqyasları heyrətamizdir. Bədii biçiminə və şəklinə görə bir-birindən fərqlənən bu şeirlərdəki əsas fəlsəfi obrazlar iyirminci yüzilin mühüm bədii yenilikləri sırasındadır. Azərbaycan klassik poeziyasında və aşıq şeirində dünya obrazına dəfərlərlə müraciət olunduğu məlumdur. Amma Səməd Vurğun ənənəvi və məşhur dünya obrazına öz möhürünü vura bilib. Şair dünya surətinin mahiyyətindəki iki mühüm cəhətə və xüsusiyyətə diqqətimizi yönəldir. Birincisi, dünyanın gözəlliyi və məftunkarlığı, cazibədarlığı və sirliliyidir.

 

Ulduzlar havanın bağrını dəlir,

Qayalı dağlardan duman yüksəlir,

Xəyalım gecəni salama gəlir,

Çapdırır atını birbaşa dünya.

 

Yerlərə baxıram bağçalı, bağlı,

Göylərə baxıram qapısı bağlı,

Kainat ixtiyar, sirli, soraqlı,

Əzəldən yaranıb tamaşa dünya.

 

İkinci mühüm cəhət isə insanın dünya üzərindəki  müvəqqəti və keçəri həyatıdır. Dünyanın əbədiyyəti önündə insan ömrü bir andır. Əbədiyaşar  dünya və fani insan ziddiyyəti, bu fəlsəfi-bədii təzadın sonsuzluğu müəllifi heyrətlərə qərq edir:  

 

Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

 

Əzəldən belədir çünki kainat,

Cahan daimidir, ömur amanat.

Əldən-ələ keçir vəfasız həyat.

Biz gəldi-gedərik, sən yaşa dünya!

 

"Bir yandan boşalıb bir yandan dolan" (Səməd Vurğun) və min illərdir sirrini sirdaşa verməyən, insanı həmişə nigaranlıqda və intizarda saxlayan Dünya obrazı və öz qoynunda napak, natəmiz heç nəyi saxlamayan, yad, gərəksiz, lazımsız şeyləri hər daim sahilə atan, müdam özünü təmizləyən, təzələyən və bununla da insanlığa əbədi nümunə olan Dəniz surəti də özünün həyati fəlsəfəsi və təbii poeziyası ilə oxucunu heyran qoyur:

 

Vəzndən çox yüngül, qiymətdən ucuz,

Gərəksiz, mənasız, çürük, məzmunsuz

Bir şeyi qoynunda saxlamaz sular,

Dənizin qəribə təbiəti var.

Əyri dolananı, əyri gəzəni,

Məsləksiz, duyğusuz bir baməzəni

Büllur qucağına almaz dalğalar,

Dənizin qəribə xasiyyəti var.

Odur, şahə qalxıb dalğalar yenə,

Hayqırır, hirslənir, qaynayır, çarpır,

Çürük bir almanı alıb çiyninə,

Sahil daşlarına qəzəblə çırpır.

 

Şair dənizin xarakteri və xasiyyəti haqqında düşünərkən, eyni zamanda, insanın əbədiyyətlə  bağlı düşüncələrini də ifadə edir. Yüksək mənəvi keyfiyyətlər, alicənablıq və mərdlik, mənəvi zənginlik və yüksəklik ilə əbədiyyət arasındakı gözəgörünməz bağlantıları göstərməyə can atır. Mənfi mənəvi keyfiyyətləri və daxili çürüklüyü, alçaqlıq və iyrəncliyi qəbul etməyən dəniz məhz özünəməxsus cəsarət və sərtliklə öz mahiyyətini açıq-aşkar nümayiş etdirir:

 

Cavanlar atmışdı onu dənizə

Alma istəyirdi uzağa üzə.

Mavi genişikdə gəzirdi şöhrət,

Mənsəb axtarırdı - olmadı fəqət!

El ə ki, bu sirri öyrəndi dəniz,

Onun niyyətindən iyrəndi dəniz.

Xoşuna gəlmədi alçaqlıq, hiylə,

Qovdu yaramazı dərhal sahilə.

Çürük bir vücudu bəyənməz dəniz,

Mənsəb düşkünüylə öyünməz dəniz.

Qoymaz yüngüllüyü məmləkətinə,

Vurğunam dənizin təbiətinə -

Qumların üstünə tullayar onu,

Ağır gəmilərə açar qoynunu...

Eşit, körpə quzum, bu diləyimi;

Dəniztək coşğun ol, dəniztək çağla,

Yaxşı insanlara aç ürəyini,

Namərdə, alçağa üz göstərmə sən,

Nadanlar əlinə açar vermə sən,

Qapını onların üzünə bağla.

 

Səməd Vurğun və Maqsud Şeyxzadənin şeiriyyətindəki bədii fəlsəfənin kökləri türk xalq şeirindən, xalq yaradıcılığından qidalanırdı. Eyni zamanda, onların əsərlərində Şərq və Qərbin klassik-çağdaş mütəfəkkirlərinin hikmətləri, Avropa və Asiyanın fəlsəfə məktəblərinin həyatsevər və humanist meylləri gözəl bir surətdə çuğlaşmış, bir-birinə qovuşmuşdu. Maraqlıdır ki, bizim ürəkdən sevdiyimiz sənət korifeylərinin ötən yüzilin birinci yarısında çatdıqları poetik hədəflər, nail olduqları cahan-şümul bədii uğurlar Avrasiya mədəni məkanının bu gün - XXI əsrdə can atdığı, arzuladığı ədəbi məqsədlər cərgəsindədir.

Maqsud Şeyxzadə və Səməd Vurğun mənsub olduqları epoxanın poetikasına ciddi təsir göstərən istedad sahibləri olmuşlar. Onların nəsli bəşəriyyət tarixində tayı-bərabəri olmayan dəyişmə və yeniləşmələrin şahidi, iştirakçısı idilər. Qlobal zaman və məkan təbəddülatlarını, ictimai-estetik təfəkkürün ənənəvi məcrasına sığmayan dağıdıcı-yaradıcı prosesləri əks etdirmək üçün yeni ədəbi sistemlər, bədii ifadə yolları, doğulmaqda və formalaşmaqda olan gerçəkliyi ehtiva edə bilən yeni estetik biçimlər tələb olunurdu. İyirminci illərdən başlanan ədəbi axtarışlar tezliklə öz bəhrəsini verdi, zamanın estetikasında Epos üsünlük təşkil etməyə başladı. Epik janrlar - poeziyada mənzum roman, poema, lirik və dramatik  poemalar, balladalar, nəsrdə isə - roman, povest, dilogiya, trilogiya, epopeyalar dəbi geniş yayıldı. Möhtəşəm zaman iri həcmli epik polotnolarda daha real və həqiqətəuyğun əks edirdi. XX əsrin 30-40-cı illərində qardaş ədəbiyyatlarda aparıcı mövqeyə malik bu tendensiyanı araşdırarkən onun bir sıra xarakterik və tipoloji xüsusiyyətləri qabarıq görünür.

Öncə bədii surətlərin ehtiva miqyasları diqqəti çəkir. O vaxt nəsrdə və nəzmdə yeni yaranmış əsərlərin mövzuları, adları da bizə çox şey deyirdi. Böyük-böyük zaman kəsikləri, məkan və mühitlərin özləri birbaşa bədii təhlil və təsvir predmetinə çevrilirdi. Bilavasitə ölkə, şəhər, kənd, böyük bir kollektiv, ictimai ideal və konfliktlər, azadlıq mübarizələri, müharibələr, müəyyən tarixi mərhələlər, məşhur şəxsiyyətlər birbaşa əsərin mərkəzi mövzusu, baş qəhrəmanı seçilirdi. Bəli, keçmişlərin və bu günün böyük şəxsiyyətləri, cəmiyyəti hərəkətə gətirən ideya və konfliktlər, Vətənin və xalqın xilaskarı kimi dövrün etiraf etdiyi, öz zamanının və mühitinin rəmzinə çevrilən insanlar söz sənətinin sevərək tərənnüm obyektinə çevirdiyi qəhrəmanlar idi. Fikirimizin təsdiqi üçün burada bircə Səməd Vurğunun qələmindən çıxmış məşhur əsərlərin adını yada salmaq kifayətdir: "Azərbaycan", "Bakının dastanı", "Muğan", "Komsomol poeması", "Vaqif", "Xanlar", "Fərhad və Şirin", "Talıstan", "Bəsti","Zəncinin arzuları", "Aygün", "İnsan" və s. Maqsud Şeyxzadənin 30-40-cı illərdə yaratdığı əsərlərlə də zamanın estetik axarı və məşhur ədəbi ünvanları arasında yuxarıdakı kimi qırılmaz bağlılıq müşahidə olunur: "Ündaşlarım", "Torpaq və haqq", "Ağsaqqal", "Yoldaş Nəvai", "Miras", "On birlər", "Üçüncü oğul", "Cəlaləddin Mənquverdi" və s. Beləliklə, həmin illərin ədəbi prosesini, xüsusən, Səməd Vurğun və Maqsud Şeyxzadə kimi görkəmli sənətkarların yaradıcılığını müqayisəli şəkildə araşdırarkən aydın olur ki, onları yaxınlaşdıran və birləşdirən əsas estetik məxrəc, bədii məziyyət məhz monumentallıqdır. Yenə şairin məşhur misralarına müraciət edək. Səməd Vurğunun "Bakının dastanı" poeması fikrimizin təsdiqi üçün kifayətdir.

(Ardı var)

525-ci qəzet  2018.- 11 dekabr.- S.6.