Bir
neçə söz və termin haqqında
Hər bir dilin leksik fondu yeni yaranan sözlər,
alınmalar və terminlər hesabına daim zənginləşir. Bu gərəkli,
qaçılmaz və təbii bir prosesdir. Azərbaycan dilində də leksik fondun zənginləşməsi
heç vaxt dayanmamışdır və bu gün də davam
edir. Dilin lüğət fondunun zənginləşməsinə
ictimai-siyasi proseslər də güclü təsir göstərir.
Azərbaycan dili, birinci növbədə, öz daxili
imkanları hesabına zənginləşir. Burada həm ayrı-ayrı
dialekt və şivələrdən müxtəlif sözlərin
dilə gətirilməsi, leksik fonda daxil
edilməsi, həm müxtəlif yollarla yeni sözlərin
yaranması, həm də unudulmuş köhnə sözlərin
yenidən canlı danışığa və yazıya
qaytarılması müşahidə olunur. Öncə
ayrı-ayrı bölgələrdə işlənən,
lakin ədəbi dildə qarşılığı olmayan bir
neçə söz haqqında danışmaq istəyirəm.
Çəhlim. Bu sözü yanlış olaraq dialekt
sözü adlandırırlar və iz/riz sözlərini onun ədəbi
dildəki qarşılığı hesab edirlər. Dilimizdə əl izi, ayaq izi, izi-tozu qalmamaq, izini
itirmək, at izi, it izi deyimləri olduğu kimi, "filankəsin
çəhlimində gəzə bilməzsən" frazeoloji
ifadəsi də var. Çəhlimin
daşıdığı anlam konkretdir və iz/riz sözlərinin
heç bir mənası ilə üst-üstə
düşmür. Çəhlim yalnız
şehli göy otun üstünə düşən izə
deyilir. Qalan izlərin heç biri çəhlim
adlanmır. Çəhlim sözü
qarşılığı olmadığına görə ədəbi
dildə də işlənir. Onu ədəbi
dildə işlədənlər sözün
daşıdığı anlamı yaxşı bilirlər.
Ona görə ədəbi dildə
qarşılığının olmadığını nəzərə
alıb, çəhlim sözünü Azərbaycan dilinin
orfoqrafiya və izahlı lüğətlərinə daxil etmək
lazımdır.
Şenlik. Qədim türk sözlərindəndir.
Şen kökünə lik sözdüzəldici
şəkilçisinin qoşulması yolu ilə
yaranmışdır. Kəndlərdə,
qəsəbələrdə adamların çox
toplaşdığı yerə şenlik deyilir. Canlı danışıqda və yazıda şenlik
sözü çox işlənir. Ədəbi
dildə onun da qarşılığı yoxdur.
Fısıllıq. Qalın meşənin çox
sıx yerinə fısıllıq deyilir. Xalqın
canlı danışığında çox işlənən
sözdür. Ədəbi dildə
qarşılığı olmadığına görə,
onu dialekt və ya şivə sözü adlandırmaq
doğru deyil. İşlənmə tezliyi az
olsa da, dilin doğma sözü kimi yaşamağa haqqı
var.
Fırlanğıc. Bu söz orfoqrafiya
lüğətində olsa da, canlı danışıqda onun
əvəzinə karusel işlənir. Acı da olsa, demək
lazımdır ki, heç kim bu
sözü işlətmək istəmir. Bəlkə
dilimizdə fırlanğıc sözünün olduğunu
heç bilmirlər. Onu radio, televiziya
verilişlərində, qəzet və dərgilərdə
işlətmək lazımdır ki, xalq eşitsin, öz
doğma sözünə yiyə dursun. Kim
bilmir ki, alınma sözlərin çox işlənməyi
doğma sözləri sıxışdırıb dildən
çıxarır və unutdurur. Bunun
qarşısını almağın yeganə yolu karusel
sözünün işlənmə meydanını günbəgün
daraldıb, həmin meydanı fırlanğıc sözünə
vermək lazımdır. Hər bir
sözün dildə qalıb-qalmamağı onun işlənmə
tezliyindən asılıdır. Bu da
sözün xalq arasında yayılmağını tələb
edir.
Addamaş. Addamaq feilinin törəməsidir. Çayı keçmək üçün onun
içinə araları bir addım olmaqla iri daşlar
düzürlər. Bunun üçün
çayın ən dayaz yeri seçilir. Həmin
daşların düzülüşünə addamaş
deyilir. Ədəbi dildə onun
qarşılığı yoxdur. Azərbaycanın
əksər bölgələrində işlənir. Heç də dialekt və şivə sözü
deyil.
Kökür. Çömçəyə oxşayan,
lakin çalovu düz və ya deşik-deşik olan mis
qabdır. Xəngəli qazandan
kökürlə çıxarırlar ki, suyu
süzülsün. İndi də istifadə
olunur və əksər yerlərdə kökür adlanır.
Aşqara. Ətdən və cürbəcür ədvalardan
hazırlanıb aşın üstünə qoyulan yeməkdir.
Azərbaycan aşı heç vaxt
aşqarasız olmur.
Səyrimə. Göz qapaqlarının tez-tez
açılıb-bağlanmasına səyrimə deyilir.
Filankəsin gözü səyriyir. Atı səyirdirlər, göz səyriyir. Bunlar ayrı-ayrı sözlərdir, anlamları da
eyni deyil. Səyirtmək sözü də
var, səyrimək də. Lakin çox
zaman onların anlamlarını qarışıq salırlar.
Silvi. Dağın ən hündür yerinə silvi deyilir.
Zirvə sözünə yaxındır, lakin
onunla eyni anlamlı deyil. Zirvə dağın yuxarısını,
başını bütövlükdə bildirirsə, silvi
onun yalnız ən uca nöqtəsinin adıdır. Silvi quş adı kimi lüğətə
düşsə də, dağın silvisi anlamı nəzərdən
qaçmışdır.
Görgü. Dilimizdə vitrin sözünün əvəzinə
görgü sözünü işlətməyə ehtiyac
duyulur. Görgü dilimizin doğma
sözüdür. Gör feil kökünə gü sözdüzəldici
şəkilçisi qoşulmaqla yaranıb. Onu lüğətə daxil etmək məsləhətdir.
Soğulmaq. Sağmal heyvan doğmağa bir-iki ay
qalmış süddən kəsilir. Buna
soğulmaq deyilir. Dilimizdə "suyu
soğulmuş dəyirman" deyimi var. Bu məcazdır və
bir şeyin yararsızlığını bildirir.
"Suyu soğulmaq" deyimi suyu quruyan çay, bulaq, arx və
s. haqqında da işlədilir.
Südləyən. Bir bitkinin adıdır. Onu qıranda qırılmış yerdən süd
axır. Adını da ona görə
südləyən qoyublar. Zəhərli
olduğuna görə, heyvanlar onu yemir.
Qamcı.
Bu sözü çox zaman şallaqla eyniləşdirirlər.
Elə bilirlər ki, bu sözün hər ikisi
eyni şeyin adıdır. Əslində isə
belə deyil. Onlar bir-birinə oxşasalar
da, aralarında böyük fərq var. Qamçı da,
şallaq da göndən və ya qayışdan
hazırlanır. Qamçını
hazırlamaq üçün gön və ya qayışdan
nazik köşə çəkirlər. Sonra onu dörd
tağ, səkkiz tağ, on altı tağ olmaqla hörürlər.
Qamçılar hörüləndə daha
çox dördkünc olur. Onu ağac və
ya cüyür ayağından hazırlanmış sapa
bağlayırlar. Qamçının
yuxarısına iki yerdən qotaz qoyurlar ki, bu da ona gözəllik
verir. Qamçının ucuna şallaq
bağlayırlar. Şallaq göndən
barmaq enində kəsilir, sonra ucu get-gedə nazilir. Qamçını vuranda çıxan
şaqqıltını şallaq yaradır.
Şallağın
ikinci forması da var. Onu barmaqdan bir az enli
kəsib yenə ucu sivri olmaqla özünü ağac sapa
bağlayırlar. Şallağa heç bir
qotaz-zad vurulmur. Çox sadə olur. Qamçı ilə şallağın fərqi bu qədərdir.
Ona görə qamçı sözünü
lüğətə daxil etmək lazımdır. Lüğətdə qamçılılar,
qamçılama, qamçılamaq sözləri var,
onların kökü olan qamçı yoxdur.
Təlimək. Anası ölmüş körpə quzu
və buzovu başqa heyvanı əmməyə öyrədirlər
ki, buna təlimək deyirlər. Təlimək
zorla qəbul etdirmək anlamı verir, çünki heç
bir heyvan xoşluqla özünün doğmadığı
körpəni əmizdirmir.
Təpimək. Heyvan doğmağa yaxın
südünü azaldır və bu zaman balasını əmməyə
qoymur. Buna təpimək deyirlər. Heyvan təpitdi deyimi bunu bildirir. Heyvan
təpidərkən balasını təpiklə vurub
özündən aralayır ki, əmməsin. Təpimək sözü təpik kökündən
yaranmışdır. Təpik sözünə
mək məsdər şəkilçisi qoşulmuş və
bu zaman sözün sonundakı k samiti
düşmüşdür. Dilimizdə
söz yaradıcılığı zamanı bu hala çox
rast gəlinir.
Soğulmaq sözü yalnız heyvanın süddən
kəsildiyini, təpimək isə balasını özündən
ayırmağı bildirir.
Qulançar. Yeməli bitkinin adıdır. Yazılı ədəbiyyatda, xüsusilə
poeziyada çox işlənən sözlərdəndir.
Adı da çoxlarına tanışdır.
Orfoqrafiya lüğətinə düşməməyi
təəssüf doğurur. Dilimizdə
yersiz işlənən çoxlu alınma terminlər var.
Onları doğma sözlərimizlə əvəzləmək
o qədər də çətin deyil. Bunun
üçün ürək yanmalıdır. "Gözdən yaş çıxarmı, ürək
yanmasa".
Biçimli (dil). Türk dilləri haqqında
danışanda, ilk növbədə, onların aqlütinativ
və ya iltisaqi olduğu göstərilir. Bu
terminlər çox ağır tələffüz olunur.
Tələbələrin bəziləri bu terminləri
deyə bilmirlər. Mən onların əvəzinə
"biçimli dil" deyimini işlədirəm. Tələbələrimə
də bu termini öyrədirəm və onlar "biçimli dil" ifadəsini deyərkən heç bir çəkinlik
çəkmirlər. Türk dillərinin
quruluşu üçün bir biçimlilik səciyyəvidir
və bu ad ona çox uyğundur. "Biçimli
dil" və "biçimsiz dil" ifadələrini
işlətməklə dilimizi aqlütinativ, iltisaqi, flektiv
kimi ağır deyilən, dilə yatmayan sözlərdən
asanlıqla təmizləyə bilərik.
Onuc, sonuc. Azərbaycan dastanlarının çoxu
ustadnamə ilə başlayıb, duvaqqapma ilə qurtarır.
Poemalarda onların əvəzinə proloq və
epiloq sözləri işlənir. Halbuki
proloqun yerinə onuc, epiloqun yerinə sonuc sözlərini
işlətməklə bu iki termindən də dilimizi təmizləmək
olar. Onuc başlamağı, sonuc
tamamlamağı bildirir və onları dilə gətirib
işlətmək o qədər də çətin deyil.
Alqış və alxış. Alqış bir adam
danışanda ona əl çalmaqdır. Alqışlamaq
yalnız bəyənib əl çalmaq anlamındadır.
Alxışın isə əl çalmaqla,
alqışlamaqla heç bir bağlılığı
yoxdur. Alxış bir adama dua etmək,
yaxşı şeylər diləməkdir. Alqış və alxış ayrı-ayrı
anlamlı sözlərdir. Lakin onları
yanlış olaraq eyni cür- alqış şəklində
yazırlar. Bu sözlərin
anlamını da, fərqini də xalq daha yaxşı bilir və
birini alqış, digərini alxış şəklində
deyir. Bunları həmin sözlərin tələffüz
şəkilləri kimi başa düşmək olmaz. Xalqın bu sözləri iki ayrı-ayrı şəkildə
deməyi yalnız onların anlam fərqləri ilə
bağlıdır. Alqış
sözünün dilimizdə antonimi yoxdur. Alxış sözünün antonimi
qarğışdır. Alxış və
qarğış həm də sözlü ədəbiyyatda
kiçik həcmli, lakin çox geniş yayılmış
janrlardır.
Nağılbaşı. Bu sözün əvəzinə elmi
ədəbiyyatlarda daha çox fars dilindən
gəlmə pişrov işlədilir. Qaravəlli
sözünün işləndiyinə də rast gəlinir.
Qaravəlli bir sözlü ədəbiyyat
janrıdır. Bəzi
nağıllarımız qaravəlli ilə başlayır.
Nağılçı bir qaravəlli söyləyəndən
sonra nağıla keçir. Məsələn,
"Hamam, hamam içində, Xəlbir saman içində. Dəvə dəlləklik eylər, Köhnə
hamam içində". Pişrov
sözü xalqın danışığında heç
zaman işlənmir. Nağıl söyləyiciləri
bu cür qaravəllilərə nağılbaşı deyirlər.
"İzahlı dilçilik terminləri"
lüğətində də bu söz doğru olaraq
nağılbaşı kimi verilmişdir. Alınma pişrov
sözündənsə, doğma nağılbaşı
sözümüzü işlətsək, daha yaxşı
olar. Nağılın
başlanğıcında söylənən mətn janr kimi
qaravəlli olsa da, onun işləndiyi yerə uyğun
nağılbaşı adlandırılması daha doğrudur.
Tənbölən. Üçbucağın istənilən
bucağını tən ortadan iki bərabər hissəyə
bölən düz xəttə tənbölən deyilir.
Onun əvəzinə dilimizdə başqa termin
işlənmir. Həm də dilimizin öz
sözüdür.
Bu sözlərin heç biri əvvəlki lüğətlərdə olmasa da, bir neçəsi sonuncu nəşrlərə daxil edilmişdir. Görünür, AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Tətbiqi dilçilik" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli axtarışlar aparır, unudulmuş və ya şivə sözü adlandırılaraq lüğətlərə salınmayan yüzlərlə belə sözləri tapıb dilə qaytarır. Bunlar İ.Məmmədlinin xidmətləridir və çox yaxşı haldır. Pis odur ki, bu sözlərin çoxunu işlətmirik. Məsələn, biçimli və biçimsiz sözlərini götürək. Aqlütinativ, iltisaqi və flektiv terminlərinin əvəzinə biçimli və ya biçimsiz terminlərinin işlədilməsi nə qədər gözəl olar. Lakin niyəsə bu günə qədər dilçilərimiz də yad dillərdən alınmış aqlütinativ, iltisaqi və flektiv terminlərini böyük məhəbbətlə işlədirlər, onların yerinə doğma biçimli və biçimsiz sözlərini yazmaq istəmirlər. Halbuki "aqlütinativ dil", "iltisaqi dil", "flektiv dil" deyimlərinə nisbətən "biçimli dil" və "biçimsiz dil" deyimləri daha asan tələffüz olunur, daha gözəl səslənir.
Hazırda danışıqda və yazılı ədəbiyyatda işlənən, lakin lüğətlərə düşməyən belə sözlər dilimizdə çoxdur. Onları toplayıb nəşr etmək və lüğətlərə daxil etmək lazımdır ki, itib-batmasınlar.
İslam SADIQ
525-ci qəzet 2018.- 11 dekabr.- S.6.