"Uzun sevda yolu"nun böyük iztirabları

Şahanə MÜŞFİQ

"Səma ki, hissimin aşiyanıdır"

Teatr qarderobdan başlaya bilər, tamaşa isə mənimçün havadan başlayır. Səhnə elə ecazkar qüvvə, elə sehrli məkandır ki, sanki göylər də öncədən hiss edir onun aurasını. Özünü ona uyğunlaşdırır.

Akademik Milli Dram Teatrının səhnəsində göstəriləcək "Ah, bu uzun sevda yolu" tamaşasına gedərkən yol boyu bu düşüncələr beynimi məşğul edirdi. Axşam nümayiş olunacaq nakam taleli şair Mikayıl Müşfiqin həyatından bəhs edən səhnə əsərinin ab-havası hələ günün erkən saatlarından səmaya yansımışdı. Buludlar sanki məhz bu ağrılı ömür yolu üçün göz yaşı tökməyə hazırmış kimi dolub durmuşdu. Bircə toxunuşa bənddi. Axşama doğru kimsə dinc durmayıb dəydi buludların xətrinə, deyəsən. Ya da pıçıldadı qulağına Müşfiqin qəmli nəğməsini. Göylər ömrünün otuzuncu baharını keçirməyə fürsət tapmadan ən iyrənc iftiralarla həyatı yarıda qırılan şairə, onun dul qalmış, sonsuz ağrılar, iztirablar girdabında yox olan sevgilisinə səssiz-səssiz göz yaşlarını axıtmağa başladı. 

İşıqlar söndü...

Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən il ərzində şairin xatirəsinə hsər olunmuş onlarla tədbir, sərgi, konfrans keçirildi. Akademik Milli Dram Teatrının bu yubileyə töhfəsi isə dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramı oldu.

Müşfiqin məşhur şeirindən bir misra ilə adlandırılan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Xalq artisti Hacı İsmayılov (Müdrik şair), Əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), Elşən Rüstəmov (Novator şair), Mehriban Xanlarova (Qadın şair), Elşən Cəbrayılov (Aparıcı), aktyor Elnar Qarayev (Dost şair), aktyorlar İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair), Xədicə Novruzlu (Gülər) və Rada Nəsibovanın (Xidmətçi qadın) rola aldığı tamaşanı Xanım Həsənova idarə edirdi.

Təəssüf ki, Müşfiqin nakam taleyi onun haqqında yazılan, hazırlanan hər bir işə öz təsirini göstərir. Biz gənc yaşda haqsız yerə öldürülmüş şairimizin bu vaxtsız itkisi ilə hələ də barışmamışıq. Fərqindəyəm. Bununla barışmaq heç asan məsələ də deyil. Amma bu o demək deyil ki, biz onun haqqındakı hər bir şeyə gərək oldu, olmadı kövrəklik, pafos əlavə etməliyik. Pyesin əvvəlində - Müşfiqlə Dilbərin xoş günlərinin təsvirində romantik əhval-ruhiyyə nə qədər xoşagələndirsə, qəmgin notlar, gərəksiz pafos bir o qədər əks təsir oyadır. Xüsusən, bu, özünü Mikayıl Müşfiq obrazında göstərir. Əsərdə çox az dialoqları çıxmaq şərtilə Müşfiq, demək olar ki, əvvəldən axıra kimi öz şeirləri, bəndləri ilə danışır. Bəzi məqamlarda bu, ifrat təsir bağışlayır və əsərin həqiqiliyi itir. Hətta bəzən bu, aktyorlara da mane olur. Amma birinci səhnənin sonları, ikinci səhnədə həm əsər, həm rejissorun quruluşu, həm musiqi, həm də aktyor ifası bizə əsl Müşfiq ömrünü, Dilbər çarəsizliyini yaşadır.

"Mən Dilbəri sordum gəlib-gedəndən"  

Tamaşa bir gənc şairin taleyindən daha çox, iki gəncin nakam eşq hekayəsini xatırladır. Mikayıl Müşfiqin sevgisindən danışarkən bu sevginin əzəli və əbədi ünvanı Dilbər Axundzadə yada düşür. O Dilbər ki, Müşfiq onu bircə dəfə görmək, o zərif səsini bircə dəfə eşitmək üçün nə qədər zəhmətə qatlaşıb, Gəncə-Bakı yolunda, hicran günlərində çox acılardan keçməli olub. Keçə bilməyəndə isə hissini, duyğusunu, ağrılarını gözəl yarına, könül sirdaşı Dilbərinə yazdığı şeirlərində əks etdirib.

Kənardan tamaşaçısı olduğumuz bu uzun sevda yolunun iki yolçusu var: Müşfiq və Dilbər. Hətta çox yerdə Dilbər Axundzadə Müşfiqdən daha ön plana çəkilir. Burada biz şair Mikayıl Müşfiqdən daha çox, aşiq Müşfiqi görürük.

Səhnə əsəri Müşfiqin Dilbərə sevgi etirafı ilə başlayır. Bu həzin, saf, ürkək etirafda gənc oğlan sanki ürəyini də gözlərinə, sözlərinə büküb sevdiyi qıza əmanət verir. Sonrakı bütün hadisələrdə isə bir növ Dilbərin bu əmanəti qorumağından, ona sahib çıxmağından danışılır.

Əsərə tamaşa etdikcə insanda belə bir hiss və düşüncə formalaşır ki, dramaturq Əli Əmirli bu əsəri Müşfiqin şeirlərindəki sujet xətti ilə qələmə alıb. Axı Müşfiqin bütün dərdlərinin, hisslərinin ən gözəl ifadəçisi elə şeirləridir. Bütün hərəkətlər, bütün hadisələr Müşfiqin hansısa bəndi, hansısa misrasıyla səsləşir. Və elə bizim tamaşaçı kreslosunda xatırladığımız o misraları da Müşfiq (Anar Heybətov) səhnədə səsləndirir.

1933-cü il 22 iyul... Bu tarix Müşfiqlə Dilbərin qısa, amma tarixlərə həkk olacaq birgə ömür yollarının başlanğıcıdır. Həmin gün sadə bir ziyafətlə izdivaclarını rəsmiləşdirən cütlük necə də xoşbəxtdir...

Dramaturq da bu nakam eşq əhvalatının yeganə işıqlı gününü diqqətdən kənarda saxlamayıb. Bir neçə şairin, dostların toplaşdığı süfrə arxasında hamı Müşfiqlə Dilbərin sağlığına qədəhlər qaldırır, tostlar deyirlər. Məclisdəki hər kəs şair olduğuna görə tostlar da şeirlə deyilir. Məclisdəkilər kimlərdir? Dövrünün tanınmış qocaman şairi, tanınmış qadın şairi, hələ yeni-yeni yazmağa başlayan bir neçə qələm əhli, Müşfiqlə Dilbəri ən səmimi duyğularla sevən və onların bu xoş gününə sevinən yaxın insanlar. Həmin an səhnədəki hər kəs belə görünür - səmimi, sevincək... Amma nə biləydik ki, çox yox, cəmi dörd il sonra bu məclisdəkilər yenidən bir araya gələcək, amma bu dəfə başqa məkanda, ayrı məqsədlə...

Məclisin baş tərəfində yeni ər-arvad əyləşib - Müşfiqlə Dilbər. Onlar xoş, bəd, düz, əyri, dolambac, çətin, ağrılı ömür yollarını daim birgə addımlayacaqlarına, ömür boyu bir-birinə sadiq qalacaqlarına həmin gün and içirlər.

"Şairəm" söyləyir yerindən duran"

Növbəti səhnədə biz yenə də ziyafətdəki insanları görürük. Onlar yenə də bir yerdədilər. Amma bu dəfə hamısı gərgin, əsəbi, bir-birinin yanında oturmaqlarına baxmayaraq, bir-birinə kilometrlərlə uzaq görünürlər. Bu, iclas zalıdır. Kürsüdə Mikayıl Müşfiq böyük bir coşğuyla, ehtirasla şeir oxuyur. Zaldakılar isə gərginliklə onu dinləyirlər. Və birdən onlardan biri dözməyib sözünü kəsir, şeiri pisləməyə, zəif cəhətlərindən danışmağa başlayır, hələ bir az da irəli gedərək Müşfiqi Sovet əleyhinə təbliğatçılıqda günahlandırır. Diqqətlə baxırıq. Bu, cəmi bir səhnə öncə Müşfiqlə Dilbərin toyunda Müşfiqin şeirlərini "sinədəftər" səsləndirən həmin tanış şairdir. Anlaşılır ki, iki səhnə arasında dörd il vaxt fərqi var. Buradakı hər kəs bu dörd ildə "böyüyüb", "ağıllanıb". Artıq onlar Müşfiqi bəyənmirlər, onun gizli antisovet fəaliyyətini "ifşa ediblər". Onun səsinə başqası da səs verir, sonra növbətisi. Beləcə bu "quzğun" sürüsü öz canlarını qurtarmaq, hakim dairələrin nəzərlərini öz üzərlərindən çəkmək üçün diqqəti gənc və istedadlı şairin- Mikayıl Müşfiqin üstünə yönləndirirlər. Niyə? Çünki Müşfiq öz nəsildaşları bir yana, öz müasirləri arasında ən istedadlı, oxucular tərəfindən ən çox sevilən, ən məhsuldar şairlərdən biri idi. Onlar bilirdilər ki, Müşfiq hər kəs tərəfindən sevilir. Məhz bu sevgi və istedad onları qorxudurdu. Qorxu hər zaman hücuma sövq edir. Qorxularını açıq etiraf edə bilməyən bu yazıq bəndələr isə onun şeirlərini hədəf seçirlər. Bu yerdə Müşfiq bir şeirlə bütün bu danışılanlara cavab verir:

 

Şairə ilhamdan maya gərəkdir,

Anasız cocuğa dayə gərəkdir,

"Şairəm" söyləyir yerindən duran,

Adamın üzündə haya gərəkdir.

 

Ancaq iclasda susanlar, deyilənlərə reaksiyasız qalanlar da var. Onlar Müşfiqin dostlarıdır. Nə haqqı müdafiə edə bilirlər, nə də haqsız danışa... Hər ikisini edə bilməyən isə susur. Amma o qədər kişinin içərisində tək qadın olan şair xanım (Mehriban Xanlarova) öz cəsarətli mövqeyini ortaya qoyur, Müşfiqin müdafiəsinə qalxır. O, qələm dostlarını haqsız olmamağa, Müşfiqin dəyərini etiraf etməyə çağırır. Onun səsinə səs verən isə Müşfiqin "ustad" adlandırdığı qocaman şair olur (Hacı İsmayılov). O da haqqın tərəfində dayanır, haqsızları susdurur. Burada da qadın cəsarəti, qadın hünəri, qadın qorxmazlığı bir daha öz sözünü deyir. İki qat yaradıcı olan qadın şairlərin tarxi boyunca bu cür cəsarətli çıxışınlarının şahidi olmuşuq. Əli Əmirli də o insanların içərisində gənc və haqsızlığa uğramış şairin müdafiəsinə bir qadının qalxmağını heç də əbəs yerə göstərməyib. O da bu zərif məxluğun sinəsi altındakı ürəyin həqiqətən də əsl şair ürəyi, şair vicdanı olduğunu göstərir.

"Mənim pəncərələrim divara açılır"

Nə yazıq ki, bu mənfur çırpınış, qələm yoldaşlarının, süfrə dostlarının bu "canfəşanlığı" öz qorxulu nəticəsini çox tezliklə göstərir. Yaradıcılığı boyunca Sovet ideyalarını ən çox tərənnüm edən, istedadı coşğun bir dağ çayı kimi aşıb-daşan, gənc yaşına rəğmən xalqın sonsuz sevgisini qazanan Mikayıl Müşfiq ağlına belə gətirməyəcəyi, heç zaman özünə yaraşdırmadığı bir ittihamla - "Xalq düşməni" adıyla həbs olunur. Bu həbslə başlayır bütün qara günlər, acılar, iztirablar.

Müşfiq qaranlıq zindanda fiziki işgəncələrə məruz qalarkən Dilbər həm könül həmdəminin yoxluğunun, yerlə bir olan həyatının, ona qarşı yönələn iyrənc baxışların, həm də ağlı, şüuru yerində olduğu halda dəlixana divarları arasındakı həbsinin əzablarını çəkməkdə idi.

Ancaq hər ikisinin bu qədər böyük iztirablara dözməyinə bircə səbəb vardı - bir-birlərinə olan sevgilər. Bu sevgi idi Müşfiqin bütün ittihamlara rəğmən mərd-mərdanə haqsızlıqları ifşa etməyinə güc verən. Bu sevgi idi Dilbəri işgəncələrdən sağ qurtaran. Əgər Müşfiq zindanda, Dilbər dəlixanada özlərinə qəsd etməmişdilərsə, bu, bir gün qovuşacaqları ümidi, ürəklərinə təpər, qollarına güc verən eşqlərinin səbəbinə idi.

"Mən onu sonralar sevdim, onu itirəndən sonra"

Dramaturq Müşfiqin və Dilbərin sorğu səhnəsini geniş, detallı şəkildə versə də, şairin güllələnməsini göstərmir. Müşfiqin taleyi Frençli kişinin (Ayşad Məmmədov) oxuduğu bir neçə cümləlik "ittihamnamə" ilə məlum olur. Ondan sonra isə bütünlüklə Dilbərin taleyinə şahid oluruq.

Müşfiqlə eşqli günlərində, evliliklərinin ilk çağlarında biz Müşfiqin Dilbərə olan sevgisini Dilbərdən görmürük. Dilbərdə həmişə qəribə bir soyuqluq, çəkingənlik olardı. Ancaq sonralar hər şey dəyişir. Bunu Dilbər özü də etiraf edir.

Dəlixanadan qaçan Dilbər Müşfiqlə xoşbəxt günlərinin keçdiyi evə gəlir, ərinin xəyalı ilə danışır, ona sevgisindən bəhs edir. "Mən onu əvvəllər o qədər də sevmirdim. Mən onu sonralar sevdim, onu itirəndən sonra". Bu cümlədə o qədər böyük sarsıntı, psixoloji çöküntü, ümidsizlik var ki. Aktrisanın qarışıq saçları, ağlamaqdan, qışqırmaqdan batmış səsi, bədbəxtliyin ən qatı rənginin gözlərinə çökmüş əksi, rabitəsiz nitqi bu talesiz qadının - Dilbərin sonsuz iztirablarını iliklərimizə qədər hiss etdirir.

Bu qədər böyük ağrıların, əzabların qarşılığı isə Frençli kişinin bir ildən sonra Dilbərə "bağışlayın, sizə qarşı haqsızlıq etmişik. Sizin günahsızlığınız sübut olundu, azadsınız" - sözləri olur. Sanki hər şey bu qədər bəsit, bu qədər önəmsiz imiş... Halbuki qırılan Müşfiq ömrü, Dilbər taleyi və onların təkrarsız Sevda yoludur.

525-ci qəzet  2018.- 11 dekabr.- S.7.