V Beynəlxalq Mahmud
Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə
qalibləri mükafatlandırıldı
Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda V Beynəlxalq Mahmud Qaşqarlı hekayə
müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə AYB nümayəndəliyi,
qaliblər, münsiflər
heyəti və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan AYB-nin katibi Rəşad
Məcid Avrasiya Yazarlar Birliyi tərəfindən keçirilən
müsabiqə və onun Azərbaycan mərhələsi haqqında
məlumat verib: "Beynəlxalq Mahmud Qaşqarlı
hekayə müsabiqəsi
artıq beşinci dəfədir ki, Avrasiya Yazarlar Birliyi tərəfindən
bütün türkdilli
ölkələr arasında
keçirilir. Hər ölkə
öz daxilində keçirdiyi mərhələnin
qalibini təqdim edir və son mərhələdə Türkiyədə
keçirilən mərasimlə
qaliblər müəyyən
olunur. Azərbaycan da bu illər ərzində bu beynəlxalq müsabiqədə kifayət
qədər uğurlu
nəticələr göstərib.
Tanınmış şair və
nasir Əjdər Ol 2013-cü ildə II
Mahmud Qaşqarlı hekayə
müsabiqəsinin öncə
Azərbaycanda, sonra isə Beynəlxalq müstəvidə qalibi olmuşdu. Bu gün münsiflər heyətində
təmsil olunan Təranə Vahid isə "Mən toz dənəsiyəm"
hekayəsi ilə ötən - IV Beynəlxalq
Mahmud Qaşqarlı hekayə
müsabiqəsinin Azərbaycan
üzrə qalib oldu, Beynəlxalq mərhələdə də
yer qazandı. Bütün bunlar bizim hamımız
üçün çox
sevindirici haldır".
R.Məcid builki müsabiqə
haqqında məlumat verərkən deyib ki, yarışmaya 19 müəllifin 22 hekayəsi
təqdim olunub: "Hekayələri mənimlə
birlikdə Tahir Kazımlı, Natiq Məmmədli, Mirmehdi Ağaoğlu, Təranə
Vahid, Cavid Zeynallıdan ibarət münsiflər heyəti
10 ballıq sistemlə
qiymətləndirib. Nəticələrə
əsasən, Reyhan Yusifqızının "Qumlu
şəhərin hekayəti"
hekayəsi 50 balla birinci, Vüsal Nurunun "İlda" hekayəsi 45 balla ikinci, Aslan Quliyevin
"Döyüşçü" hekayəsi 44 balla üçüncü yeri
qazanıb. Onu da qeyd edim ki, münsiflər
hekayələri müəlliflərin
kimliyini bilmədən,
şərti ad altında
oxuyub dəyərləndiriblər.
Seçim tamamilə obyektiv
şəkildə aparılıb.
Buna görə bütün münsiflərə
təşəkkür edir,
qalibləri təbrik edirəm. Reyhan xanıma isə
müsabiqənin sonuncu
mərhələsində də
uğurlar arzu edirəm".
Daha sonra R.Məcid sözü münsiflər heyətinin
digər üzvlərinə
verib.
Tahir Kazımlı
çıxışında seçilən hər üç hekayənin həqiqətən də bu yerə layiq
olduqlarını, orijinallığı,
ideyası, mövzu seçimi və müəllif təhkiyəsi
ilə müsbət mənada fərqləndiyini
vurğulayıb.
"Ədəbiyyat zövq
məsələsidir" - deyən Təranə Vahid çıxışında
deyib ki, hekayələrin hamısı
olmasa da, çoxu yaxşı idi, münsiflər isə içində ən işıqlı hekayələri seçiblər.
Cavid Zeynallı Mahmud Qaşqarlı
hekayə müsabiqəsinin
onun həyatında xüsusi yeri olduğunu deyib: "Mən də keçən müsabiqədə
iştirak etmiş və qaliblərdən biri olmuşdum. Buna görə də
bu müsabiqə mənə çox doğma və əzizdir. Bu il mənə müsabiqədə münsif
kimi iştirak təklif olunanda məmnuniyyətlə qəbul
etdim. Nəticələrə çox sevinirəm,
çünki mənim
ən yüksək balları verdiyim üç hekayə qalib seçilib".
Mirmehdi Ağaoğlu bu müsabiqəyə iştirakçı
kimi qatılmağı
planlaşdırdığı halda münsif kimi iştirakın qürurundan danışıb:
"Müəyyən səbəblərdən
gecikdim və hekayə qəbulu bitdi. Ondan sonra isə
məni münsif kimi dəvət etdilər. Bu, mənimçün
çox önəmli
vəzifə idi, çalışdım ki,
etimadı doğruldum"
Sonra söz qaliblərə verilib. Üçüncü
yerin sahibi Aslan Quliyev çıxışında
qeyd edib ki, bu cür
mötəbər müsabiqədə
gənclərlə eyni
sırada olmaq onun üçün çox sevindiricidir: "İlk dəfə otuz yaşımda bir müsabiqədə üçüncü yer tutmuşam. Ondan sonra isə
indi - 60 yaşımda
yenidən üçüncü
yer tuturam. Nəticələr açıqlananda gənclərə üstünlük
verilməsi məni çox sevindirdi. Ədəbiyyatımızın gələcəyi bu gənclərimizin əlindədir. Bu müsabiqədə zəhməti
olan hər kəsə təşəkkürümü
bildirirəm".
İkinci yerin qalib Vüsal
Nuru da sevincini
tədbir iştirakçıları
ilə bölüşüb,
onun hekayəsinə yüksək qiymət verən münsiflər heyətinə təşəkkürünü
bildirib.
Birinci yerin sahibi Reyhan
Yusifqızı isə
çıxışında digər hekayələri də oxumaq istədiyini deyib: "Burda münsiflər heyətinin xoş sözləri məndə
digər hekayələrə
qarşı böyük
maraq oyatdı. Hekayəmə güvənirdim. Birinci yer isə həm
gözlənilməz, həm
də çox sevindirici oldu. Hər kəsə təşəkkür
edirəm".
Münsiflərin və qaliblərin çıxışından sonra
mükafatlar sahiblərinə
təqdim edilib. Aslan Quliyevə
mükafatını Təranə
Vahid, Vüsal Nuruya Tahir Kazımlı,
Reyhan Yusifqızına
isə Rəşad Məcid təqdim edib.
Daha sonra söz qonaqlara verilib. "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə hekayə janrının çətinliyindən
və ədəbiyyatdakı
xüsusi yerindən danışıb: "Hekayə
ədəbiyyata ilk gələnlərin
ən çox müraciət etdikləri
janr olsa da, əslində, böyük mətləbləri
qısa və lakonik şəkildə çatdırmağın özü
də böyük ustalıq tələb edir. Hər kəs bunun
öhdəsindən layiqincə
gələ bilməz.
Bu gün bu
müsabiqənin qalibi
olan üç yazıçımız demək
ki, bu çətinin
öhdəsindən gəlməyi
bacarıblar. Hekayə janrı
gələcəkdə onlara
böyük povestlərin,
romanların yazılmasında
bir növ zəmin rolunu oynayır".
Yazıçı-dramaturq Firuz Mustafa müsabiqəyə təqdim olunan hekayələrin ayrıca kitab halında çapını təklif edib.
Professor Maarifə
Hacıyeva R.Yusifqızının müsabiqənin beynəlxalq
mərhələsində də uğur
qazanacağına əminliyini dilə gətirib.
"Azərbaycan" jurnalının baş redaktor müavini Südabə Ağabalayeva çıxışında müsabiqənin ötən illərdəki nəticələri ilə bağlı xatirələrini, düşüncələrini bölüşüb, builki qalibləri təbrik edib.
Şahanə MÜŞFİQ
525-ci qəzet
2018.- 11 dekabr.- S.7.