Ötkür Rəhmətin "Könül
bağları" Azərbaycan dilində
Azərbaycan Yazıçılar Birliyinin "aybKitab" layihəsi bu günlərdə yeni və fərqli bir nəşrlə oxucuların görüşünə gəlib.
Özbəkistanın tanınmış şairi,
publisisti Ötkür Rəhmətin layihə çərçivəsində "Mütərcim" nəşriyyatında
çap olunan kitabı "Könül
bağları" adlanır. Şairin şeirlərinin
toplandığı kitab
onun azərbaycanlı
oxucularla ilk görüşüdür.
Kitabda yer alan şeirlər
özbək xalqının
milli adət-ənənələrinin
tərənnümü, Vətənə
məhəbbət, sevgi,
təbiətə qayğı
və bu kimi mövzuları əks etdirir.
Bu il 70 yaşı tamam olan, uzun
illər jurnalist kimi fəaliyyət göstərib, hazırda
"Xalq sözü"
qəzetinin təsisçisi
və baş redaktoru vəzifəsində
çalışan Ötkür
Rəhmətin indiyə
qədər 18 kitabı
işıq üzü
görüb. Azərbaycanda
dərc edilən
"Könül bağları"
kitabı dost və qardaş xalqın, ədəbi mühitinin şairin 70 illik yubileyinə ərməğanıdır.
Şeirləri özbək dilindən şair Dayandur Sevgin çevirib. Kitabın redaktoru
Əbülfət Mədətoğlu,
korrektoru Arzu Mahmudovadır.
AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Qədimdən
gələn doğmalıq"
adlı ön sözü şairin yaradıcılığı və
xüsusən "Könül
bağları" kitabında
yer alan şeirləri barədə
ümumi təəssürat
yaradır: "Təpədən
dırnağacan vətənpərvər
şair olan Ötkür Rəhmət üçün mövzu qıtlığı yoxdur.
Hansı
mövzuda yazmasından
asılı olmayaraq,
o, mövzunun bədii
həllinə nail olmağı
bacarır. Vətəndən uzaqda olduğu vaxt şairin iztirabları oxucunu kövrəldir.
Vətənə, torpağa bağlılığını
şair belə ifadə edir:
Hardansa yadıma düşür izlərim,
Köksümü tuturam təlaş içində.
Qəfildən yol çəkir
yenə gözlərim,
Elə bil can verir günəş
içimdə.
Bu sonsuz təlaşlar ömrümə qənim,
Bir ağrı
qurşayır düz
kürəyimi.
Yenə
yada düşür doğma Vətənim,
Orda qoymuşammış
mən ürəyimi!"
R.Məcid yazır ki, Ötkür Rəhmətin
təbiət mövzulu
şeirləri öz həzin, duyğusal ovqatıyla yaddaşa yol tapır, bir növ, təbiəti
insana köçürür. Ruhu təzələyir.
Bu məqamda insan
təbiətlə həmahəng
olur. Təbiət insanlaşır, bu məqamda heyranlıq, heyrət önə keçir.
İnsan
təbiət gözəlliyi
önündə təzələnir,
düşünür və
düşündürür.
Xoş ətrə qərq edər bahar havanı,
Çölü-biyabanı bəzər lalələr.
Yeniləyib sanki köhnə
dünyanı,
Heyrətə qərq edər yenə jalələr".
R.Məcid özbək şairin
şeirlərindəki ruh halının, psixoloji ovqatın bizə bu
qədər yaxın, doğma
olmasını hər iki xalqın qədimdən,
kökdən gələn bağlılığı ilə əlaqələndirir:
"Hər yeni kitabla,
şeirlə tanışlıq yeni və
heç vaxt
unutmayacağım tanışlıq, dostluq
kimidir. Dayandur Sevgin Ötkür Rəhmətdən
etdiyi tərcümələrlə bizə
o gözəl aləmin yeni
qapılarını açmış olur.
Bu aləmdə ünsiyyətdə olduğumuz nə varsa,
hamısı bizə doğma və
tanışdı. Hardasa, ömrün
hansı anındasa yaşadığımız doğma hisslərdi: Oxuduqca,
tanış olduqca baxıb görürük ki, biz əslində, eyni
kökdən çıxmışıq və bizim doğmalığımız çox-çox qədimdən gəlir".
Kitabda
şairin müxtəlif illərdə qələmə
aldığı "Zeba, "İztirab", "Çərxi
fələk", "Əksilik", "Həsrət xəyalı",
"Bircə o", "Könül bağları",
"Heç nə qalmayacaq dünyada izsiz", "Tərəqqi
dəryası", "Vücudunu azad et", "Dinləyirəm
könül tarın...", "Ehtiram", "Hikkə",
"Çarəsizlik", "Bir-birini tapar gecə də",
"Ünvan", "Payız lövhəsi",
"Gündüz", "Aydınlıq", "Təsvir",
"Ümid", "Qəzəb", "Giley",
"Küləyi bağışlamaz",
"Pıçıltı", "Cazibə",
"Buludlar göz yaşını tökər", "Hava
keflənməkdə ətrini duyub..." kimi fərqli
mövzulu şeirləri yer alıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 11 dekabr.- S.7.