Xalq artisti Gülxar
Həsənova anıldı
Dünən ikinci Fəxri xiyabanda Azərbaycanın görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənova yad edilib. Anım tədbiri sənətkarın 100 illiyinə həsr olunub.
Tanınmış incəsənət və mədəniyyət xadimləri,
ictimaiyyətin nümayəndələri
Gülxar Həsənovanın
məzarı önünə
əklil qoyub və gül dəstələri düzüblər.
Anım mərasimində Əməkdar
incəsənət xadimləri
Sərdar Fərəcov,
Hafiz Quliyev və başqaları çıxış
edərək görkəmli
sənətkarın mənalı
ömür yolu və zəngin yaradıcılığından söhbət açıblar. Bildirilib
ki, Prezident İlham Əliyevin bu il avqustun 15-də imzaladığı
Sərəncamla ölkəmizdə
ölməz sənətkarın
yubileyi münasibətilə
silsilə tədbirlər
keçirilir, xatirəsi
ehtiramla anılır.
Qeyd edilib ki, Gülxar Həsənova Azərbaycan
operasının şah
əsərlərində təbiiliyi,
dolğunluğu və
özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaratmış, uzun illər ərzində aparıcı partiyalardakı
yaddaqalan çıxışları
ilə ifaçılıq
sənəti tariximizə
yeni səhifələr
yazıb. Ölməz sənətkar səhnə
fəaliyyətinə Azərbaycan
Gənc Tamaşaçılar
Teatrında başlayıb.
O, Üzeyir Hacıbəylinin
məsləhəti ilə
1942-ci ildə Azərbaycan
Dövlət Opera və
Balet Teatrına işə qəbul olub. Melodik səsə malik
istedadlı aktrisanın
sonrakı taleyi Azərbaycan Dövlət
Opera və Balet Teatrının səhnəsi
ilə bağlı olub. O, burada parlaq, koloritli qadın obrazları yaradıb.
Qeyd edilib ki, G.Həsənovanın
yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında
yaratdığı güclü,
cəsarətli Ərəbzəngi
və Ü.Hacıbəylinin
"Leyli və Məcnun" operasında
Leyli, Leylinin anası partiyalarıdır.
Səhnə fəaliyyətini bitirən G.Həsənova
milli muğam operasında gənc xanəndələrə ifaçılıq
sənətinin sirlərini
öyrədib. Onun sənət
fəaliyyəti dövlət
tərəfindən hər
zaman yüksək qiymətləndirilib.
Sonda ailəsi
adından mərhumun bacısı oğlu Mayıl Əliyev çıxış edərək
tədbirin iştirakçılarına
təşəkkür edib.
Qeyd edək ki, sənətkarın yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Gülxar Həsənova-100" adlı sərgi də açılıb.
Kitabxanadan
bildirilib ki, sərgidə Azərbaycan və rus dillərində
Xalq artisti haqqında yazılan kitab, qəzet və jurnal
materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 11 dekabr.- S.7.