Heydər Əliyev xatirələrdə: Ümummilli liderin vəfatından 15 il ötür

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin vəfatından 15 il ötür.

Ulu öndər 12 dekabr 2003-cü ildə dünyasını dəyişsə də, Azərbaycan xalqı ötən müddət ərzində öz dahi liderini unutmamış, onu hər gün, hər an böyük hörmətlə, ehtiramla yad edir. Çünki Heydər Əliyevin dövlətimizin və respublikamızın həyatında, inkişafında misilsiz xidmətləri var. Onun xidmətləri, gördüyü nəhəng işlər saymaqla qurtarmır. Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərliyi müddətində əsrlərə sığmayan işlər görüb. O, təkcə ölkəmizdə deyil, dünyada ən qüdrətli liderlər, şəxsiyyətlər sırasındadır. Heydər Əliyevlə eyni illərdə çalışmış dünya liderləri hər zaman onu böyük hörmətlə yad edir, görkəmli siyasətçi, dövlət xadimi kimi yad edirlər. Artıq neçə gündür ki, ulu öndərlə bağlı anım tədbirləri başlayıb. Həm regionlarda, həm Bakıda, eləcə də ölkəmizin hüdudlarından kənarda ümummilli liderin xatirəsi anılır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, millət vəkili Musa Qasımlı "525"ə açıqlamasında Heydər Əliyevlə bağlı ürək sözlərini dilə gətirib. O deyib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin millətimiz və dövlətimiz qarşısındakı xidmətlərinə dair yüzlərlə irihəcmli əsərlər yazılıb, bu gün də yazılır və gələcəkdə də yazılacaq: "Sovet sistemi şəraitində Heydər Əliyev respublikamızı müttəfiq respublikalar arasında önə çıxartdı, xalqımızın başını uca etdi. Məhz sovet hakimiyyəti illərində Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün lazım olan obyektiv amillər formalaşdırıldı. Sovet sisteminin, kommunist ideologiyasının və SSRİ-nin hələ mövcud olmasına baxmayaraq, Azərbaycan ərazisində ilk dəfə olaraq Heydər Əliyevin liderliyi altında Naxçıvan MSSR-in adından "sovet, sosialist" ifadələri çıxarıldı, Cümhuriyyətimizin üçrəngli, aypara və səkkiz guşəli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq rəsmən qəbul edildi. 1993-cü ildə Azərbaycan dövləti dağılmaq, ölkə parçalanmaq və millətimiz vətəndaş müharibəsi astanasında olan bir zamanda Heydər Əliyev Vətəni parçalanmaqdan, dövləti dağılmaqdan və minilliklər boyu tək olmuş millətimizi vətəndaş müharibəsindən xilas etdi, Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi".

90 yaşlı təqaüdçü Mikayıl Şükürov isə "525"ə bildirib ki, Heydər Əliyevin vəfatından 15 il keçsə də, o, bu, hadisəni hələ də çox ağır keçirir. Çünki həm sovet dönəmində, həm müstəqillik illərində ulu öndərin respublikaya rəhbərliyinə şahidlik edib: "Sanki artıq Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək insan üçün mümkünsüz olmuşdu. O, sözün hər mənasında dahi idi. Heydər Əliyev varsa, deməli, rahat yaşamaq, nəfəs almaq mümkün idi. Bilirdik ki, o, bizi bütün təhlükələrdən, çətinliklərdən qoruyacaq". M.Şükürov deyir ki, böyük bir ailə başçısı olub, amma sovet illərində çalışaraq ailəsini çox yaxşı dolandırıb: "Bu, əlbəttə ki, Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Respublikaya rəhbərlik etdiyi dövrdə heç bir çətinliyimiz, ehtiyacımız yox idi. İşlədiyim zavodda dövlət tərəfindən mənzillə təmin olundum, bayramlarda, xüsusi günlərdə maaşdan əlavə pul mükafatları alırdıq. Heydər Əliyev tez-tez zavodlara, fabriklərə baş çəkirdi, özü bütün işçilərin vəziyyəti ilə maraqlanırdı. Biz onunla sadəcə qürur duyurduq. Azərbaycan müstəqillik əldə edəndə o qədər sevinmişdik ki, amma gördüyümüz mənzərə bizi pərişan edirdi. Yeməyə çörək tapmırdıq, iş yerləri yox idi, qaza, işığa, istiliyə möhtac qalmışdıq. Bizi narahat edən isə bu deyildi, birtəhər dözürdük. Ölkəmizin taleyindən, gələcəyindən narahat idik. Hər an düşündüyümüz bu idi ki, müstəqilliyimizi qoruyub saxlaya biləcəyikmi? Bu dünyadan müstəqil Azərbaycan vətəndaşı olaraq, rahat köçə biləcəyikmi? Yenə də bütün nəzərlər Heydər Əliyevə dikilmişdi. Xatırlayıram ki, necə ağır, çətin durum idi, televiziya parlamentin iclaslarını canlı yayımlayırdı. Böyük həyəcanla Heydər Əliyevin Bakıya çağırılacağını, hakimiyyətə gələcəyini gözləyirdik. Həmin anlar olduğu kimi gözümün önündədir. İndi də fikirləşirəm ki, Heydər Əliyev olmasaydı, biz hazırda harda idik? Ölkəmizin taleyi necə olmuşdu? Təsəvvür etmək belə çətindir. Nə yaxşı ki, bizim taleyimizdə Heydər Əliyev olub. Biz hər birimiz onunla fəxr edirk, bu gün fiziki olaraq aramızda olmasa da, hər gün, hər saniyə bizimlədir. O, bizə müstəqil Azərbaycanı qurub, yaradıb, əmanət qoyub getdi. Qiymətli əmanətlərindən biri də şübhəsiz ki, övladı, cənab prezidentdir. İnsanın dahiliyi, böyüklüyü də məhz bundadır: özün olmasan belə, əmanətlərin var, hansı ki, xalq o əmanətlərə görə, səni hər zaman minnətdarlıqla, böyük sevgi ilə yad edir".     

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun əbədiyaşar ideyaları daim həyata keçirilməkdə, reallaşdırılmaqdadır: "Biz, Heydər Əliyev deyərkən, müasir, müstəqil Azərbaycanı, onun tərəqqisinin, inkişafının mənzərəsinin şahidlərinə çevrilirik. Məhz onun sayəsində bu günün Azərbaycanı dünya miqyasında layiqli mövqeyini tutub, lider ölkələr sırasındakı yerini möhkəmləndirərək, söz sahibinə çevrilib. Ölkəmizin bütün sahələrdə əldə etdiyi inkişafı və tərəqqisi mətbuatımızdan da yan keçməyib. Demokratik medianın və azad sözün bugünkü reallığı bütün mənalarda həmin faktorların bariz göstəricisi olaraq qiymətləndirilməkdədir. Azərbaycan mətbuatı heç vaxt indiki qədər dövlət və ictimai qayğı ilə əhatə olunmayıb. Eləcə də dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər mətbuata xüsusi diqqət və qayğı mövcud deyil. Məhz bu baxımdan, Azərbaycan mətbuatının bugünkü inkişaf səviyyəsi haqqında danışarkən, sözün həqiqi mənasında, keçilmiş uzun və mürəkkəb yol göz önündə canlanır. Bu mənada, insan beynində mediamızın inkişafı ilə bağlı çoxsaylı suallar da meydana çıxır. Düşünürük ki, necə oldu Azərbaycan mətbuatı qısa müddət ərzində bu qədər inkişaf etdi, maddi-texniki vəziyyəti yüksəldi, demokratikləşdi. Məhz səslənən suala cavab axtararkən, ilk olaraq lider faktoru və mətbuatın inkişafı istiqamətində həyata keçirilən islahatların əhəmiyyəti önə çıxır. Elə reallaşdırılan fəaliyyətin və islahatların nəticəsində ötən zaman ərzində söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə fundamental nailiyyətlər əldə edilib".

O, ulu öndərin jurnalistlərlə səmimi söhbətləri və onlara xüsusi qayğı göstərməsi faktlarını da xatırlayıb: "Ulu öndər Heydər Əliyevin mətbuat qarşısına çıxmamışdan öncə jurnalistlərə alça təklif eləməsi orada olan heç bir media təmsilçisinin yadından çıxmaz. Həmin gün qabda jurnalistlərə alça verən ümummilli liderimizin özünün də onlardan birini yeməsi və mətbuat işçilərinə "ağzınızın suyu tökülməsin" deməsi hər kəsdə böyük sevinc hissilə müşayiət olunan gülüş doğurmaqla yanaşı, cəsarət yaratdı. Bu, həm də bir atalıq qayğısı idi. Ulu öndərimizin jurnalistlərlə bu cür qeyri-rəsmi münasibət saxlaması, eyni zamanda, mətbuat işçilərində bu peşəyə sevgi, hörmət, həmçinin, daha həvəslə işləməyə cəsarət formalaşdırırdı.

Daha bir qeyri-rəsmi söhbət mənim də iştirak etdiyim tədbir zamanı baş vermişdi. Həmin vaxt Heydər Əliyev çay süfrəsində dişləmə çayla bağlı ətrafdakı insanlara məlumat verirdi. "Bilirsiniz dişləmə çay nədir? Dişləmə çay odur ki, bir tikə qənd qoyursan ağzına və bir stəkan çay içirsən. Mənə elə gəlir ki, indi çay içənlər çaydan çox qənd yeyirlər. Vaxtilə kəlləqənd olurdu. Yadınızdadır da, arşın mal alan..." Bu cür epizodik söhbətlər həqiqətən insanlarla dövlət rəhbəri arasında olan səmimi münasibəti ortaya qoyurdu. Həmin məclisdə ümummilli liderimiz kəklikotu məsələsinə də aydınlıq gətirirdi və bu əsnada yaranmış söhbət, düşünürəm ki, hələ uzun müddət yaddaşlardan çıxmayacaq. "Vaxtilə ruslar buna kəkotu adını qoyublar. Amma bu, kəklik otudur. Elə çay da kəklik otu çayıdır. Amma yenə də buna kəkotu deyirlər". Bu məqamda ətrafda əyləşən şəxslərdən biri "bu kəkliyin yediyi otdur" deməsinə cavab olaraq, Ümummilli lider Heydər Əliyevin "bəli, kəklik yeyən otdur. Amma bundan sonra belə siyasi səhvlərə yol vermə" deməsi bir daha insanlarda xoş ovqat yaradan gülüş yaratdı.

Ümumiyyətlə, jurnalistlər hər zaman ulu öndər Heydər Əliyevdən atalıq qayğısı, doğmalıq hiss ediblər.

Ulu öndər Heydər Əliyevin müxtəlif konsert və tədbirlərdən sonra qeyri-rəsmi görüşlər keçirməsi, gözlənilmədən şəhərdə insanlarla görüşlərə çıxması, toylarda iştirak edərək, əl qaldırıb rəqs etməsi və digər bu cür hərəkətləri cəmiyyət tərəfindən çox səmimi olaraq qəbul edilirdi və bu gün də xoş hadisələr kimi xatırlanır".

PƏRVANƏ

525-ci qəzet  2018.- 12 dekabr.- S.1-5.