Heydər Əliyev: Qüdrətli
şəxsiyyət, görkəmli dövlət xadimi
Ümummilli lider Heydər Əliyevin vəfatından
15 il keçir.
Azərbaycan xalqının
böyük oğlu, görkəmli dövlət
xadimi Heydər Əliyev 12 dekabr
2003-cü il tarixində dünyasını
dəyişib. Bu dahi insan Azərbaycan
xalqının yaddaşında
qurucu və xilaskar dövlət xadimi, milli lider
və xalq məhəbbətini qazanan
öndər kimi qalıb.
Heydər Əliyev dünyanın
nadir, unikal, seçilən
siyasət adamı idi. O, dünya siyasətinə
təsir etmək gücündə olan lider idi.
Ulu öndəri
xarizmatik lider, fenomenal şəxsiyyət
adlandırırlar. Müasir siyasi
texnologiyalarda lider üçün xarizma məsələsi çox
vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal
siyasətçi və
dövlət xadimi idi. Heydər Əliyevin Azərbaycan
tarixində gördüyü
nəhəng işlər
saysız-hesabsızdır. Onun ən böyük xidməti isə məhz müstəqil Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etməsi oldu. Bu gün də insanların verdiyi bir sual
var: Heydər Əliyev hakimiyyətə
qayıtmasaydı, Azərbaycanın
taleyi necə olacaqdı? Təsəvvür etmək belə
mümkün deyil.
Bu günlər dünyanın tanınmış
dövlət xadimləri,
siyasətçilər, ziyalılar
ümummilli lider haqqında xatirələrini
bölüşür, onu
ən xoş sözlərlə yad edirlər, böyük liderlik qabiliyyətinə malik olduğunu vurğulayırlar.
Məsələn, Ukraynanın ilk prezidenti
Leonid Kravçuk Heydər
Əliyevlə bağlı
xatirələrini bölüşərək
deyib ki, Heydər Əliyev müstəqil Azərbaycanın
prezidenti, öz ölkəsinin oğlu idi: "Heydər Əliyev Azərbaycanın
oğlu idi. Artıq nəsə demək lazım deyil. Mənimlə söhbətində Heydər Əliyev həmişə Azərbaycan
haqqında danışırdı.
Özünü ölkəsi olmadan
təsəvvür edə
bilmirdi".
İTAR-TASS agentliyinin sabiq baş direktoru Vitali İqnatenko Heydər Əliyevi zamanın fövqündə duran şəxsiyyət adlandırıb. Bildirib ki,
şəxsiyyətinin miqyası
çox nəhəng
olan Heydər Əliyev özünün
yüksək mədəniyyəti,
cazibəsi, güclü
iradəsi, geniş intellekti sayəsində çox şeyə qadir idi. Heydər Əliyev Azərbaycan xalqının taleyüklü
məsələləri ilə
bağlı çox mühüm işlər görüb. Hər bir
insanın taleyinə töhfə vermiş bu dahi şəxsiyyətin
xatirəsi ildən-ilə
yeni keyfiyyətlərlə
zənginləşərək, daim yaşayacaq.
Yeni Azərbaycan
Partiyasının (YAP) Siyasi
Şurasının üzvü,
millət vəkili
Musa Quliyev də
"525-ci qəzet”ə ümummilli
liderlə bağlı
ürək sözlərini
dilə gətirib. O deyib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixdə yetişdirdiyi ən böyük şəxsiyyətdir:
"Çox işıqlı,
hərtərəfli bir
insan idi. Həm intellektual, həm fiziki, həm mənəvi baxımdan zəngin bir insan idi. Onu həm insan, həm rəhbər, həm də dövlət xadimi kimi xarakterizə edəndə, hər kəs tərəfindən
ən yüksək qiymət verilir. Bu qiyməti tək
biz yox, bütün dünya verir. Heydər Əliyevin hakimiyyəti dövründə dünyanı
idarə edən liderlər hər zaman ona çox
yüksək dəyər
veriblər. Ən yüksək
qiyməti eyni zamanda, Azərbaycan xalqı verib. Xalqımızın tarixində heç
bir şəxsiyyət
ümummilli lider səviyyəsinə yüksəlməyib
və bu ad heç kimə verilməyib. Bu gün sadə insanlarımız, uşaqlar
Heydər Əliyev demirlər, Heydər baba deyirlər. Bu, xalqın sevgisinin
ifadəsidir. Ümummilli liderin
dünyasını dəyişdiyi
gün, dəfn günü də hər birimiz yadındadır. Minlərlə
insan həmin gün havanın çox soyuq olmasına, qar yağmasına baxmayaraq, aeroporta axışırdı.
Prezident Administrasiyası önünə
gələrək gül-çiçək
dəstələri düzüb,
şamlar yandırırdılar.
Bu, ümumxalq sevgisinin bir ifadəsi idi. Dəfn günü isə, bəlkə də Azərbaycan tarixində elə bir dəfn
görünməmişdir ki,
milyondan çox insan indi öz
adını daşıyan
o vaxtkı Respublika sarayından Fəxri xiyabana kimi gəlib
onu son mənzilə qədər müşayiət
etdilər".
Millət
vəkili deyib ki, ulu öndərin
vəfatından artıq
15 il keçir və gördüyünüz
kimi, hər il onun anım
günü də, doğum günü də Azərbaycan xalqı tərəfindən
necə böyük bir sayğı-sevgi, ehtiramla xatırlanır, yad edilir: "Bu, onun həm mənəvi
keyfiyyətlərinin, həm
insan sevgisinin, həm də ki, xalqın və millətin, dövlətin tarixidə oynadığı
rolun ifadəsidir, sevginin göstəricisidir". O ki qaldı Azərbaycan dövləti, xalqımız
üçün Heydər
Əliyevin nə etdiklərinə, M.Quliyev bildirib ki, ulu
öndər heç kimin etmədiyi bir işi etdi
ki, dövləti parçalanmaqdan qorudu, xalqımızı qorudu, vətəndaş müharibəsinin
qarşısını aldı,
dağılmaqda olan, məhvə gedən ölkənin qalıqları
üzərində yeni
möhtəşəm bir
Azərbaycanın bünövrəsini
qoydu: "Azərbaycan
xalqına üç
əmanət qoyub getdi: bunun birincisi
müstəqil Azərbaycan
dövləti, ikincisi
Yeni Azərbaycan Partiyası və nəhayət, öz siyasətini, siyasi ideloji xəttini uğurla davam etdirən, dünya azərbaycanlılarının lideri,
cənab Prezident İlham Əliyev. Heydər Əliyev hər zaman böyük uzaqgörənliklə
deyirdi ki, Azərbaycan
dünyaya günəş
kimi doğacaq. Bu gün Azərbaycan
dünyanın kosmos klubunun üzvü olan ölkələrindən
biridir. Müstəqilliyi
dövründə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçildi . Ölkəmiz xarici siyasətdə
böyük uğurlar
əldə etdi.
Dünya
reytinqlərində ən
qabaqcıl yerlərdə
olan bir dövlətə çevrilib.
Bizim sabitliyimiz də, ictimai-siyasi asayişimiz də, inkişafımız da, gələcək fəaliyytimiz
də Heydər Əliyevin adı, onun siyasəti, siyasi
kursu ilə bağlıdır. Heydər Əliyev
deyirdi ki, nə qədər Azərbaycan var, mən əbədi yaşayacam, Azərbaycan da dünyada əbədi yaşayacaq.
Və dəfələrlə söyləyirdi
ki, Azərbaycanın müstəqilliyi əbədidir,
dönməzdir, sarsılmazdır.
Onu təkcə bizə demirdi, bu həm
də müstəqilliyimizi
gözü götürməyən
xarici qüvvələrə
bir mesaj idi. Yəni bu xalq bu
müstəqilliyi əldə
edibsə, onu qanı, canı bahasına qoruyub saxlamağa qadirdir. Bu gün Azərbaycanın
müstəqilliyinin əbədi
olması heç kimdə şübhə doğurmur. Heydər
Əliyev Azərbaycan
üçün ölçüyəgəlməz
xidmətlər göstərmiş,
dünya tarixində adı yazılmış böyük bir şəxsiyyətdir və
uzun illər, tarixlər, əsrlər, eralar bitəcək,
amma Heydər Əliyev və onun Azərbaycanı əbədi qalacaq".
YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Məhəbbət İbrahimova isə deyib ki, Heydər Əliyev görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət idi. Ulu öndərin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir: "Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub. Gördüyü böyük miqyaslı işlərin nəticəsidir ki, bu gün yüksək ehtiram hissi ilə onun əziz xatirəsini xalqımız yad edir. Bu günün müasir və müstəqil Azərbaycanı Heydər Əliyevin şah əsəridir. Çünki çətin və məşəqqətli dövrlərdə yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Məhz ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anda Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Ümummilli liderimizin bizə ərməğan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı başında milli öndər Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı, partiyamızın sədri, möhtərəm prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm göstəricilər əldə edəcəkdir".
PƏRVANƏ
525-ci qəzet 2018.- 11 dekabr.- S.4.