Səməd Vurğun və Maqsud Şeyxzadə: XX yüzilin poetik obrazını yaradanlar

MƏŞHUR POETİK BİOQRAFİYALAR MÜQAYİSƏLİ TƏHLİL MÜSTƏVİSİNDƏ

 

Yaşar QASIMBƏYLİ

Filologiya elmləri doktoru, AMEA-nın baş elmi işçisi

yashargasimov@mail.ru

(Əvvəli ötən sayımızda)

... Səməd Vurğun və Maqsud Şeyxzadə kimi görkəmli sənətkarların yaradıcılığını müqayisəli şəkildə araşdırarkən aydın olur ki, onları yaxınlaşdıran və birləşdirən əsas estetik məxrəc, bədii məziyyət məhz monumentallıqdır.

Yenə şairin məşhur misralarına müraciət edək. Səməd Vurğunun "Bakının dastanı" poeması fikrimizin təsdiqi üçün kifayətdir.

Səməd Vurğunun "Bakının dastanı" poemasındakı coşğun misralar ruhumuzu qanadlandırır:

 

Neçə ildir, könül deyir söylə, şair,

Şeir, sənət gülzarında Bakı hanı?

Sən nə zaman yazacaqsan ilk dastanı

Bu müqəddəs, bu möhtəşəm hüsnə dair?!

Lakin bizim böyük şəhər bir ümmandır,

Bu ümmanda üzmək üçün qəvvas gərək.

Bu arzuyla yaşamışam nə zamandır,

Var ol, məni bu ümmana atan ürək!

Var ol sən də, gözəl Bakı, qadir ana!

Camalının şöləsidir bu ilhamım.

Öz borcumu ödəyərsəm bu gün sana,

Gözlərimdə qalmayacaq heç bir kamım!

 

Göründüyü kimi, şair hansısa şəxsin, insanın həyatından və dərdindən-odundan deyil, şəhərin tərcümeyi-halından və qüdrə-tindən söhbət açır. 20-40-cı illərin ədəbi prosesində geniş yayılmış ümumiləşdirmə üsulu - fərddən, təkcədən deyil, toplumdan, ümumidən çıxış edərək ümumiləşdirməyə can atmaq tendensiyası yuxarıdakı sətirlərdə də bariz şəkildə nəzərə çarpır. Maqsud Şeyxzadə də 30-50-ci illər yaradıcılığının məhsulu olan bir çox əsərlərində məhz bu poetik ümumiləşdirmə üsulunu nümayiş etdirir. Onun məşhur "Daşkəndnamə" dastanı bu cəhətdən səciyyəvidir. Əsərdə, yuxarıda qeyd  etdiyimiz kimi, adi bir şəxsin tərcümeyi-halı, müəyyən bir insanın həyat yolu deyil, yüzlərlə ömürlərin, minlərlə talelərin məskəni olan qüdrətli bir məkan epik təsvir və tərənnüm obyektidir. Şair yaşadığı və sev-diyi şəhərin tarixini, keçmişlərinin şanlı səhifələrini, mübarizə mərhələlərini, bu şəhərin dünyaya verdiyi görkəmli oğulları və qəhrəmanları, qısası, Daşkəndin özünəməxsus bir Şərq şəhəri kimi tərcümeyi-halını və misilsiz gözəlliklərini vəsf edir. Dastanın sonunda müəllif doğma şəhərinə canlı insan kimi üz tutaraq, ona olan sonsuz məhəbbətini qəlbinin bütün səmimiyyəti ilə etiraf etmişdir:

 

Mən özbək şeirinin doqquz vəznində

Sənin dastanını ahəngə saldım.

Qissəyə gözəllik verməkdən ötrü

Baxşı büsatından ölçülər aldım.

 

Maqsud Şeyxzadənin aşağıdakı beyti də sanki insan haqqında söylənmiş təki qeyri-adi dərəcədə səmimi və gözəldir:

 

Şəhərlər baqidir, ömür - keçəri,

Dəryalar sabitdir, sular - köçəri.

Bədii möhtəşəmlik və epik əzəmətlilik poeziyanın təsir gücünü nə qədər artırırsa, eyni zamanda, onun taleyi və təbiiliyi üçün də bir o qədər təhlükə yaradır. Ötən yüzilin bu sahədəki zəngin təcrübəsi göstərir ki, yalnız əsl və böyük istedadlar bu yolda ciddi uğur qazanmağa nail olmuşlar. Səməd Vurğun və Maqsud Şeyxzadə nəslinin qarşısında duran əsas estetik məqsəd - yeniləşən və dəyişən dünyanın obrazını bütün əzəməti və parametrləri ilə yaratmaqdan ibarət idi. İctimai-siyasi ideyaların daşıyıcısına çevrilmiş insan bədii fikrin mərkəzində dururdu. Zamanın ideallarının ifadəsi məhz bu cür insan və mühit portretlərində öz əksini tapmalı idi. Etiraf etməliyik ki, Sovet sosialist ədəbiyyatında müəyyənləşmiş çərçivə və dəqiq məhdudiyyətlər əsl sənət əsəri yaratmaq üçün yazıçıdan çox böyük istedad tələb edirdi. Həqiqətən, ictimai-estetik doqmalarına və bir çox kəsir cəhətlərinə rəğmən sosialist realizmi prinsipləri Səməd Vurğun və Maqsud Şeyxzadə pleyadasının bədii potensialının reallaşmasına maneəçilik törədə bilməmişdi.

XX yüzilin birinci yarısındakı Azərbaycan və Özbəkistan ədəbi mühitinin görkəmli nümayəndələri kimi şöhrətlənmiş Səməd Vurğun və Maqsud Şeyxzadənin bədii irsindəki həmahəngliyi təkcə istedadların uyğun təbiəti və oxşar ictimai gerçəkliyin estetik inikası kimi qiymətləndirmək həqiqətin tam ifadəsi üçün yetərli deyil. Qeyd etməliyik ki, onlar bir-birinin uğurlu sənətkar taleyindən xəbərdar idilər. Aşağıda görəcəyimiz kimi, Maqsud Şeyxzadə ürəkdən sevdiyi və yüksək qiymətləndirdiyi şairin, yalnız sabiq İttifaq məkanında deyil, bütün dünyada məşhur olan qüdrətli zamandaşının əsərlərinə yaxından və yaxşı bələd idi.

Səməd Vurğun 1954-cü ildə SSRİ Yazıçılar İttifaqının İkinci qurultayındakı məşhur "Sovet poeziyası haqqında" məruzəsində özbək şeirini, xüsusən, Qafur Qulamın yaradıcılı-ğını son dövrün fəlsəfi və siyasi lirika sahəsindəki mühüm nailiyyətlərindən biri hesab edərək deyirdi ki, görkəmli özbək şairi Qafur Qulamın "Mən yəhudiyəm" və "Sən yetim deyilsən" şeirləri böyük diqqətə layiqdir. Bu məruzəsində Səməd Vurğun Qafur Qulam yaradıcılığına münasibət bildirməklə kifayətlənməmiş, o cümlədən, Maqsud Şeyxzadə, Uyğun, Zülfiyyə və başqa tanınmış özbək şairləri haqqında qiymətli fikirlər irəli sürmüşdü.

Maqsud Şeyxzadə də öz böyük zamandaşının əsərlərinə sevgi və sayqılarını dəfələrlə ifadə etmişdi. Xüsusən, onun "Səməd Vurğun haqqında söz" məqaləsi bu cəhətdən çox səciy-yəvidir. Aşağıdakı obrazlı mülahizələr Maqsud Şeyxzadənin öz həmyerlisinin istedadını necə yüksək qiymətləndirdiyini, onunla qürur duyduğunu əyani surətdə göstərir: "Həqiqətən də, onun (Səməd Vurğunun - Y.Q.) beytlərində Nizaminin epik əzəməti, Füzulinin incə hissiyatı, Xaqaninin təntənəvar coşğunluğu, Vaqifin cazibədar sadəliyi və xəlqiliyi göy qurşağının fü-sunkar rəngləri tək son dərəcə nəfis bir tərzdə əks edərdi". Böyük şairə həsr edilmiş saysız-hesabsız məqalələrin, onlarla, yüz-lərlə elmi tədqiqatların heç birində yuxarıdakı kimi dəqiqliyi və dərinliyi müşahidə etmirik. İlk növbədə diqqəti çəkən odur ki, Maqsud Şeyxzadə öz şair qardaşının söz dünyasına yaxşı bələddir, Səməd Vurğun şeirinin gələnəklərini və genezisini çox gözəl bilir. Onun şeirindəki cazibədar sadəliyi və munis bir xəlqiliyi də Maqsud Şeyxzadə xüsusi qeyd edir. Bunu təkcə Vaqif və Vidadi kimi xalq şeiri üslubuna yaxın şairlərin bədii təsiri ilə məhdudlaşdırmır. Böyük şairə bilavasitə el aşıqlarının ecazkar təsirindən söz açır. Səməd Vurğunun doğulub boya-başa çatdığı Qazax mahalına xas olan sənət mühitinin özünəməxsusluğunu vurğulayır: "Dediklərimizdən başqa, daha dəqiq söyləsək, bütün bunların kökündə, əsasında xalq şeirinin rəvan, saf və həyatnəfəsli bulaqları bir an durmadan, nəfəs dərmədən qay-nayıb axardı. Səməd Vurğun Azərbaycan xalq şeirini hədsiz sevər və "aşıq" adlandırdıqları xalq baxşılarının icadiy-yatını mükəmməl dərəcədə bilərdi". Şair poeziyasının mayasını və mahiyyətini hiss etmək, anlamaq və anlatmaq üçün Maqsud Şeyxzadənin bu mülahizələri qiymətlidir.

Maqsud Şeyxzadənin "Səməd Vurğun haqqında söz" məqaləsi o dövrün sənətinin və sənətkarlarının özəl mahiyyətini anlamaq baxımından da dəyərlidir. Zamanın ictimai-siyasi pafosu və ümumi mənzərəsi o qədər parlaq, gözqamaşdırıcı idi ki, bu cür mühitdə, yekcins münasibətlər və situasiyalar mühasirəsində seçilmək, fərqlənmək də çox müşkül idi. Coşqun və yeknəsəq, misli görünməmiş ədəbiyyat mühitində istedad dərəcələrini ayırd etmək, ədəbi şəxsiyyətləri və fərdilikləri aydın dərk etmək, fərqləndirmək çox çətin idi. Amma özü də əsl istedad sahibi olan Maqsud Şeyxzadə bütün bu qarma-qarışıqlığın, hərbi nizam-intizam məntiqinə tabe etdirilmiş, məharətlə idarə olunan əcaib xaosun içində sıxılan və iztirab çəkən şair qardaşını hamıdan yaxşı duya bilərdi. Məhz bu səbəbdən də müəllif Səməd Vurğun haqqındakı məşhur yazısını özünəməxsusluğa vurğu verməklə başlayır, şairin söz dünyasına elə bu nöqtədən daxil olmağı zəruri sayır: "Səməd Vurğun əsrimizin nəfis gözəlliklər asimanında nur saçan elə bir parlaq ulduzdur ki, öz məsləkdaşlarına nə qədər oxşasa da, onu başqalarından ayıran xüsusiyyətlər, özünəxas fəzilətlər də az deyildi. Bax bu özünəməxsusluqlar onu müstəsna bir zirvəyə qaldırmışdı. Guya onun poeziyası çoxəsrlik Azərbaycan şeirinin bütün fəzilət və dəyərlərini özündə cəmləşdirmiş nadir bir divan idi".

Özbək xalqının böyük sənətkarı Maqsud Şeyxzadənin görkəmli Azərbaycan şairi Səməd Vurğun haqqındakı ürək sözlərini dilimizə uyğunlaşdırarkən zaman etibarı ilə bir qədər köhnəlmiş, dəbdən düşmüş ifadə və istilahlara toxunmağı lazım bilmədik. Bizə elə gəlir ki, keçmişi olduğu kimi anlamağa və qəbul etməyə çalışmaq lazımdır. Ümumən aldıqda isə, "Səməd Vurğun haqqında söz" məqaləsi həm iki sənətkarın bədii aləmini açmaq baxımından, həm də ədəbiyyatımızın dünya şöhrətini anlamaq, təsəvvür etmək nöqteyi-nəzərindən gərəkli və qiymətlidir.

Beləliklə, özbək və Azərbaycan şairlərininin yeni bədii inikas sistemini mənimsəməsində və modern poetik texnologiyalara yiyələnməsində Maqsud Şeyxzadə və Səməd Vurğunun yaradıcılıq axtarışları və uğurları unikal təcrübələrdir. Azərbaycan və özbək poetikasının XX yüzildə keçdiyi yolu və inkişaf qanunauyğunluqlarını bu möhtəşəm bədii təcrübələri, bir-birini təkrar etməyən bədii ifadə tərzlərini nəzərə almadan və ya dərindən araşdırmadan aydınlaşdırmaq, ümumiləşdirmək qeyri-müm-kündür. Müqayisəli-nəzəri tədqiqat üsulları məhz bu yöndəki mənəvi-estetik və elmi ehtiyaclara cavab verməyi nəzərdə tutur.

Bədii təfəkkürün ictimai gerçəkliyə münasibəti və estetik ehtiva miqyasları bütün zamanlarda ədəbiyyatşünaslığı düşündürən ciddi elmi problemlərdən olmuşdur. Ötən əsrin 20-30-cu illəri isə bu cəhətdən xüsusi bir dövr kimi diqqəti cəlb edir. Səməd Vurğun və Maqsud Şeyxzadənin poeziyanı həyata daha da yaxınlaşdırmaq cəhdləri Azərbaycan və özbək xalqlarının bədii təfəkkür tarixinin yeni və parlaq səhifələri idi. Bu mənada Şərq poetik fikrinin ictimai həyata daha da yaxınlaşmasında və realist bədii inikas sisteminin daha dərin qatlarına keçidi prosesində, poetik söz sənətimizin yeni üslublar və janrlarla zənginləşməsində hər iki sənətkarın xidmətləri misilsizdir.

525-ci qəzet.-2018.-12 dekabr.-S.6.