Bir əlin bir eldən keçən
istisi
Fraqmentlər
HEYDƏR ƏLİYEV:
ŞƏXSİYYƏTİN CİZGİLƏRİ
Südabə AĞABALAYEVA
... Zəngin, geniş təxəyyül,
çevik analitik təfəkkür, güclü, sarsılmaz
iradə.
Obrazının bu əsas səciyyəsi ilə fenomenal
yaddaş və incə yumor hissinin üzvi ahəngdarlığı
ən gözlənilməz məqamlarda belə, siyasətin
incəsənətini yaradırdı. Heydər Əliyevin
düşüncəsi, qərar və təşəbbüsləri
cariliyin yox, perspektivin, panoramın üfüqlərinə yelkən
açırdı. Qərarları anın
və vəziyyətin ən kritik məqamlarında da gözəgörünməz
və ağlagəlməz keçidləri ilə klişeləri
və trafaretləri tərksilah edirdi. Səsinin
obrazı vardı və sirayətləndirici enerjisi ilə bu
səs sanki torpaqdan qaynayırdı, səmadan
süzülürdü, dağdan - qayadan qopurdu, uzaqlarda əks-səda
verib inam və işgüzarlıqdan parlayırdı. İnam, etibar, etimad saçan bu səs qətiyyətli
təlqin gücü ilə hər müşküldə
nikbin təfsilatlar aramağa şövqləndirirdi. Rəhbərlik
və liderliyin nadir rast gəlinən birgə təzahürü
həqiqi həyat idealları ilə qiymətli olan insan ruhunu
"borc və öhdəliklər"
ağırlığının girdabına sürükləmir,
özünütəsdiqə, mənəviyyata, ideyalara kökləyir.
Sosial - mənəvi ideyaların quruculuğa,
yeniliyə xidmət etməsini aşılayır. Bu keyfiyyətlər sevdirir, çünki
inandırmanın, nümunə olmanın başqa yolu yoxdur.
Bu keyfiyyət
və keyfiyyətlər toplusu həm də nifrət
oyadır, çünki həzm edə bilmirlər,
çünki arzuolunmaz fon
gücsüzlük yaradır. Fonda zəif, məğlub,
miskin binəvalığı qınamağa nə hacət?!
Di gəl, hər nə qədər görmək
istəməsələr də, etiraf etməyə də
bilmirlər. Etiraf! Ömür elə bu
deyilmi?!
... Cəmiyyətin
ən qiymətli sərvəti İnsandır - metro
işçisi, bağban, əkinçi, alim, bənna, əsgər...
Və bir də... hər xalqın bəxtinə
düşən Şəxsiyyətlər. Tarixin yaddaşını varaqlamaq artıqdır,
tarix dönə-dönə sübut edib ki, ailədə
olduğu kimi, ölkənin başında şəxsiyyət
duranda onun təbii sərvətləri milli sərvət olur.
Ən yaxın tarix onu da sübut etdi ki, bunun
üçün çox vacib olan Azadlıq, Müstəqillik
kimi müqəddəs dəyərlərin əldə
olunması hələ şərt deyil. Şərt
həm də dəyərləri qorumaq, onları həyat
norması edə bilmək bacarığıdır.
Tarixdən
reportaj
Gözləyirdi...
Umurdu...
Və haqqı vardı.
Çünki
Vətəndi - o qurtaran yerdə ölüm
başlayırdı.
Çünki
Anadı - o olmayan yerdə nə qalırdı ki?...
Və
Müdrikdi - sonu gördüyündəndi ki, səssiz fəryadla
sorurdu:
Hara
qaçırsan, oğul?..
Oğullar
çaşmışdılar və unutmuşdular:
özündən qaçmaq olmur.
Oğullar
unutmuşdular ki, iki Qardaşın səngərə
çevirib, bir-birinə silah tuşladıqları bu yer, bu
torpaq
"...
Köynək deyil, geyib,
geyib
atasan.
Saqqız deyil - satasan.
Buna Vətən deyərlər" (İ. İsmayılzadə).
Bu unutqanlıq, bu hillə - hava Vətəni xəstə
salmışdı. O güllələr Vətənin ürəyinə,
gözünə tuşlanmışdı... Bir soruşan da
yoxdu:
Haran ağrıyır, Vətən?
Ancaq
hamı da bilirdi ki, bu sualı verəcək Oğul səngərə
girib qardaşına silah tuşlayan övladların
arasında deyil!..
... Dalınca elçi göndərdilər - nə
vaxtsa qoymamışdılar, mane olmuşdular gəlməyinə.
Yad eldə yadlardan aldığı yaralar onu belə əzməmişdi,
düşmən dəyirmanına su tökən naxələf
özünkülərin namərdliyininsə adı yoxdu...
Amma... Azərbaycanı qırx arşın quyunun dibinə
sallayıb kəndirini kəsmək istəyirdilər.
Fitvası hardan gəlirdi, kimin əlinə kimlər bel
vermişdi, siyasətin lap elə əlifbasını bilənlərçün
aydındı...
... Onu fəlakət
həddində olan Azərbaycana total zərurət gətirirdi.
...
Gözlər göylərə dikilmişdi, qulaqlar bir
uğultuya müntəzirdi...
Heydər Əliyevi Naxçıvandan Bakıya gətirən
təyyarə yerə enəndə Azərbaycanın tarixində
yeni səhifə açılırdı.
NAĞILDAN
GERÇƏYƏ
Lap nağıla bənzəyir.
Elə əslində, nağıldı - Ən yeni
tariximizin ən qorxulu nağılı. Və nə yaxşı ki,
bu nağılın da sonu Xilasın əvvəli ola bildi.
XX əsrin sonunda Azərbaycanın
yaşadığı hadisələri Yeniləşən Azərbaycanın
yeni təfəkkürlü insanı yaddaşına
nağıl kimi yazır, xüsusilə bu günün fonunda
1993-cü ilin iyununda baş verənlər doğrudan da
nağıla bənzəyir.
Əslində, Tarix - şərtiliklərdir. Təqvimin
müəyyən günləri var ki, bu günlər
Zamanın, Tarixin simasını və ruhunu ifadə edir.
15 iyun da Azərbaycanın müasir tarixində,
Təqvimində belə günlərdən biri kimi dəyərləndirilir.
Belə günlərin ifadə etdiyi mənaların
kökündə insanın - ölkə vətəndaşlarının
rifahının durmasını xatırlatmağa ehtiyac yoxdur.
Azərbaycanı
70 illik totalitarizmin əlindən qurtaran milli-azadlıq
mübarizəsinin bir məqsədi də buydu: onun hər bir
vətəndaşı özünü öz ölkəsinin,
vətəninin, onun sərvət və nemətlərinin əsl
sahibi hesab edə bilsin. Amma siyasi müstəqilliyini əldə
etmiş Azərbaycana
dağılmış iqtisadiyyat, şüurlarda
yaradılmış hərc-mərclik, qəlblərə
çökmüş sabahından nigarançılıq və
yaşanan günlərin qorxusu miras qalmışdı. Və bütün bu rəngləri tündləşdirən
fonun adı da müharibə idi. Bu ümidsizlikdən
yalnız böyük İradə, İnam və çevik
Ağıl xilas edə bilərdi Azərbaycanı...
1993-cü ilin iyunun 24-də Heydər Əliyev Azərbaycan
prezidentinin səlahiyyətlərinin icrasına başladı. 1994-cü ildə adı
var, özü yox ordu ilə Beyləqanda güclü əks-hücumla
Bişkek sazişinə (atəşkəs) rəvac verdi. Hərbi əməliyyatlarda fasilə
iqtisadiyyatda təxirəsalınmaz problemlərin həllinə,
siyasi şəraiti sabitləşdirməyə revanş idi.
1994-cü
ilin sentyabrında bağlanan "Əsrin müqaviləsi"
Xəzərdə neft hasilatı ilə məşğul olacaq
beynəlxalq konsersiumu yaratmağa imkan verdi.
1995-ci ildə Azərbaycan Respublikasının
Konstitusiyası qəbul olundu. 1996-cı ildə
Lüksemburqda Avropa İttifaqı ilə tərəfdaşlıq
və əməkdaşlıq haqqında saziş imalandı.
Ölkə iki dəfə vətəndaş
müharibəsi təhlükəsindən qurtardı.
İqtisadi-siyasi şərait tədricən sabitləşdikcə
ölkə iqtisadiyyatında, zəif də olsa yüksəliş
başlandı. Bu, təkrar prezident seçkilərində
qələbəni təmin etdi. Bakı-Tiblis-Ceyhan
neft və qaz kəmərlərinin çəkilişi layihələri
reallaşanda. Heydər Əliyev siyasi kursu
Azərbaycana münasibəti yenidən nəzərdən
keçirməyin zərurət olduğunu təsdiq etdi.
Artıq faktdan qaçmaq olmurdu. Heydər Əliyev təkcə Azərbaycan prezidenti
kimi qəbul olunmurdu. Heydər Əliyev türk
dünyasının elçisi idi, Cənubi Qafqaz regionunun
şəriksiz nüfuz yiyəsi idi... Zamansa, haqq olan həqiqətə
doğru getməyində idi... Bu Yolun
Yolçusu olmaqsa, qorxulu deyildi. On illik son rəhbərliyi
dövründə "Azərbaycanın dövlət müstəqilliyinin
əbədi, dönməz" olduğu artıq sübut
olunmuşdu...
Ölümü ilə də dünyanın diqqətini
Azərbaycana yönəldən Heydər Əliyev "Mən
ömrümün qalan hissəsini də xalqıma
bağışlayıram" deyəndə həm də
yaşanmış bir ömür sərgiləyirdi və bu
ömrün hansı hissəsindən baxırsan - bax, oradan Azərbaycan
görünür. Budur, həmin ömrün ən ümumi
cizgiləri. Və bu cizgilər, Zaman bizdən
uzaqlaşdıqca daha aydın, daha dəqiq görünür.
Uzaqlaşan Zaman həm də Azərbaycan adına
yaşanmış böyük ömrün qiymətini
göstərməkdədir.
BÖYÜK
YOLUN PARALELLƏRİ
2003-cü ilin oktyabrın 15-də Azərbaycanda prezident
seçkisi keçirildi. III minilliyin müstəqil Azərbaycanının
bu ilk seçkisi yeni eranın və yeni əsrin ilk onilliyinin
siyasi oriyentirini müəyyən etdi: hakim Yeni Azərbaycan
Partiyasının namizədinin ölkənin birinci
kürsüsündə əyləşməsi ilə təkcə
soyad dəyişməz qalmadı. İlham
Əliyev hakimiyyət kreslosunda yalnız Atanı, Siyasi rəhbəri,
Məsləkdaşı əvəz etmədi. Oğul sözün geniş və böyük mənasında
VARİS kimi gəldi. İstər
seçkiqabağı, istər inauqurasiyada, istər
seçkidən sonra İlham Əliyev Heydər Əliyev
siyasi kursunu və strateji xəttini davam etdirəcəyini bəyan
etdi. Bu, prezidentliyə namizədi opponentlərindən fərqləndirən
nəzərəçarpan özünəməxsusluqdu: vəd
vermək inandırmaq və insanları arxasınca aparmaq yolu
deyildi - vədlərdən yorulmuş xalq SÖZ yox,
İŞ gözləyirdi. "Heydər Əliyev siyasi
kursu" ifadəsi sonuncuya ekvivalent ola
bildi.
Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanın
milli maraqlarının qorunmasına, mürəkkəb
ictimai-siyasi şəraitdə Qafqaz regionunda ölkənin
şəriksiz liderlik nüfuzunun möhkəmləndirilməsinə,
beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə
əlaqələrdə intensivliyin artmasına xidmət edir.
Prezidentin ölkənin ayrı-ayrı bölgələrinə
səfərləri "əsl siyasət real, konkret iş
görməkdən ibarətdir" tezisinin real nəticələrinə
olan ümidləri inama çevirdi. Və xalq gördü
ki, ölkə başçısının fəaliyyəti
Söz və İşin vəhdəti nümunəsidir.
Ölkədə
daxili siyasi sabitliyə nail olunması hər zaman dövlətlə
xalq arasında inam və birliyin göstəricisi olmuşdur və
bu gün də belədir.
Hüquqi
dövlət quruculuğu xətti az qala hər
ili "Amnitsiya ili" kimi də yadda qalır.
Ölkə başçısının gündəlik
fəaliyyətində əsas xətt Dağlıq Qarabağ
probleminin həlli, Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması ilə
bağlı aparılan siyasətin davamıdır. Prezident İlham Əliyevin
bütün çıxışları və
görüşləri dünyanı bir məsləyə
inandırmağa xidmət edir: Ermənistanın tutduğu
yol, təkcə Azərbaycanın yox, bütün regionun, eləcə
də Cənubi Qafqaz regionunda iqtisadi-siyasi maraqları olan
dövlətlərin mənafeyinə ciddi maneədir.
27 il... Böyük tarix
üçün elə də böyük zaman deyil. Amma ümidlərin və inamın,
inandırmağın və yönəltməyin, cəmiyyətin
dinamik və ahəngdar inkişafını şərtləndirməyin
bu yolu Azərbaycanın Böyük Yolunun uğurlu
davamıdır.
BÖYÜK YOLÇU
Dekabrın 12-də Azərbaycan Heydər
Əliyevin vəfatının ildönümünü qeyd
edir. Bu anım mərasimi "Böyük İnsan da
insandır" fikrinə müəyyən korrektənin
vacibliyinə işıq salır. Bəli, İnsan
qaçılmaz sondan, "Yaranan getməlidir" -
hökmündən heç cür qaça bilməz. Bu son
Allahın Göyünün Altında, Yerinin üstündə
baş verir. Klivlend xəstəxanası da Allahın
göyünün Altında, Yerinin üstündədi. Ancaq
Yazan Onun sonunu burada ona görə Yazdı ki, Dünyanın o
başından bu başına - Azərbaycana gələnəcən
Tarix varaqlansın. Böyük İnsanların həyatı
Tarixin bir parçasıdır.
1969-cu ildən üzü bu yana, Azərbaycan, Azərbaycanın Tarixi onun adıyla bağlı oldu. Hətta o qədər bağlı oldu ki, 80-ci illərin sonunda Azərbaycanın Tarixində bu Adın siyasətin və idarəetmənin səhnəsindən silinməsinə cəhd ediləndə, Azərbaycanın Faciələri də Onun Yoldan çəkindirilməsi ilə başlandı. Bəli, Heydər Əliyev Azərbaycan adının qabağına SİPƏR idi və Azərbaycana qarşı torpaq iddiasını, siyasətin Azərbaycan səhifəsini ikibaşlı Qartal da, onun qulbeçəsi erməni iştahı da, neftin başgicəlləndirən xəzinəsindən gözüqamaşan ingilis diplomatiyası, fürsətdən barınmaq cəhdində bulunan hər "qolu zorlu"... Məhz HEYDƏR ƏLİYEVSİZ mümkünlüyünü hesablamışdı... Amma nə yaxşı ki, Müdrik Uzaqgörənlik qızıl kimi qiymətini hər yerdə saxlaya bilir. Müdrik Uzaqgörənlik və El Gözü Azərbaycanın qabağında yenidən Heydər Əliyev sipəri ucalda bildi. Azərbaycanın Tarixinə Heydər Əliyev adı yenidən, bu dəfə Azərbaycanda dövlət Müstəqilliyinin qarantı kimi yazıldı.
Heydər Əliyevin müdrikliyi, təcrübəsi və diplomatik peşəkarlığı qalib gəldi və bu Qalibiyyət Azərbaycanın dünyaya və beynəlxalq təsisatlara inamlı inteqrasiyasını təmin etdi. Elə ona görə də dekabrın 12-də böyük İnsan Axını Fəxri xiyabana - böyük Heydər Əliyevin ziyarətinə kədərlə yox, həm də görülmüş Böyük İşlər üçün minnətdarlıq hissi ilə gedir.
"Böyük İnsanlar da İnsandır" fikrinə korrektəni məhz Taleyi Xalqın və İnsan Cəmiyyətinin tarixinə bağlı insanlar edə bilər.
... Tarixin çox da uzaq olmayan Zaman kəsiyində
Atatürk Türkiyəni xilas etdi, Şarl de Qoll Fransanı.
Azərbaycanda bu taleyüklü, tarixi missiya onun Bəxtinə
düşdü - HEYDƏR ƏLİYEVİN.
525-ci qəzet.-2018.-12 dekabr.-S.2-4.