Milli Kitabxanada Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Dünən Milli Kitabxanada Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və YAP Səbail Rayon Təşkilatı tərəfindən görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə ümummilli liderin xatirəsi ehtiramla anılıb.

Kitabxananın direktoru, professor Kərim Tahirov çıxışında söyləyib ki, Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır sınaqlarından çıxarıb. Siyasi uzaqgörənlik, fitri istedad, müdriklik, qətiyyətlilik, siyasi iradə, dərin zəka, ensiklopedik biliyə malik olan bu fenomenal şəxsiyyət sayəsində Azərbaycan öz milli-mədəni varlığını qoruya bildi.

Professor qeyd edib ki, müstəqil Azərbaycanda kitabxana işinə qayğı siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub. Çağdaş kitabxana quruculuğunun özülü Ulu öndərimiz birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulub.

Direktor, dahi liderin kitaba olan sevgisindən, bağlılığından, kitabxanaya diqqətindən, hakimiyyəti müddətində vaxt ayırıb dörd dəfə Milli Kitabxanaya səfər etməsindən danışıb. Professor bildirib ki, 1993-cü ildə Azərbaycanda yaranan çox mürəkkəb tarixi şərait hərcmərclik şəraitində Ulu öndərimizin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması bötövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdi.

Anım tədbirində Ulu öndərlə bağlı film nümayiş olunub.

YAP Səbail Rayon Təşkilatının sədri, millət vəkili, professor Şəmsəddin Hacıyev çıxışında söyləyib ki, Azərbaycan xalqı öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar edib. Natiq söyləyib ki, Azərbaycanın tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.

Millət vəkili qeyd edib ki, Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir onun ətrafında daha sıx birləşir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını artırır.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə, "Səs" media qrupunun rəhbəri Bəhruz Quliyev, ADPU rektorunun köməkçisi, YAP Gənclər Birliyinin fəal üzvü Riyad Rüstəmli, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, YAP Siyasi Şurasının üzvü Rizvan Vahabov, AMEA İşlər İdarəsinin baş mütəxəssisi, YAP Səbail Rayon Təşkilatının fəal üzvü Kamran Mustafayev Ulu öndərin öz qüdrəti, cəsarəti ilə sabitliyi bərqərar etdiyini, parçalanmağa yönəlmiş addımları dəf edərək demokratik ölkə kimi inkişafın təməlini möhkəmlətdiyini və böyük şəxsiyyətin yaratdığı prinsiplər əsasında bu gün ölkəmizin sürətlə inkişaf etdiyini söyləyiblər.

Professor K.Tahirov söyləyib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün ölkə rəhbərliyinin tutduğu mövqe, yürütdüyü siyasət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlar ulu öndərimizin mənəvi irsinin layiqincə davam etdirildiyini, Azərbaycan xalqının öz seçimində yanılmadığını, müstəqil dövlətimizin taleyinin etibarlı əllərdə olduğunu təsdiqləyir.

Sonda tədbir iştirakçıları Ümummilli liderin həyat və fəaliyyətinə dair "Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti-Heydər Əliyev" adlı geniş kitab sərgisi ilə tanış olublar.

Şahanə MÜŞFİQ

525-ci qəzet  2018.- 12 dekabr.- S.3.