Milli Kitabxananın əməkdaşı beynəlxalq konfransa qatıldı

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Müqəddəs Kiril və Metodiy adına Bolqarıstan Milli Kitabxanasının yaranmasının 140 illik yubileyi münasibətilə təşkil olunmuş "Könüllü ianə dəstəyi və ianə - baxış mədəniyyəti" adlı beynəlxalq elmi konfransda ölkəmizi təmsil edib.

Kitabxanadan bildirilib ki, Sofiya şəhərində təşkil edilən konfransda tanınmış mədəniyyət xadimləri, həmçinin, ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Albaniyanın Bolqarıstandakı səfiri Donika Hoxha digər şəxslər iştirak ediblər.

Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova çıxış edərək konfransın əhəmiyyətindən söz açıb.

Tədbirdə çıxış edən digər natiqlər müxtəlif mövzularda maraqlı məruzə təqdimatlarla çıxış edib, müzakirələr aparıblar.

Konfransda Azərbaycan Milli Kitabxanası adından çıxış edən direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova Bolqarıstan Milli Kitabxanasının rəhbərliyini əməkdaşlarını kitabxananın yaranmasının 140 illik yubileyi münasibətilə təbrik edib.

Direktor müavininin "Azərbaycan Milli Kitabxanası Azərbaycan xalqının milli sərvətidir" adlı məruzəsi maraqla dinlənilib. Sonra Ə.İsmayılova Azərbaycanın mədəniyyəti ilə bağlı nəfis tərtibatlı kitabı Bolqarıstan Milli Kitabxanasına hədiyyə edib.

ŞAHANƏ

525-ci qəzet  2018.- 12 dekabr.- S.7.