Nağıllar aləmindən
duyulan poetik
pıçıltılar
Mən bu sətirləri ona görə yazmaq qərarına gəldim ki, kiçicik bir bədəndəki böyük ürək, ilham, dinamika məni valeh elədi.
Onun əvvəlki
kitabını oxumuşdum,
qələminin gücünə
bələd idim. Buna görə də oktyabr ayında internetdə onun yeni kitabının təqdimatı olacağını
oxuyanda çox sevindim və rayondan birbaşa həmin təqdimata getdim.
"Qaranlıqlar günəşi"ndan
sıyrılıb "nağıl"lar aləminə düşən Şahanə
sanki hər kəsi öz nağıl dünyasına
dəvət edirdi.
Deyirlər ki, indi kitab
oxuyan, ədəbiyyatla
maraqlanan, gənc yazarlara diqqət göstərən yoxdur. Amma bir gənc yazar kimi Şahanə Müşfiq keçirdiyi
hər iki təqdimatla da bu fikri alt-üst
etməyi bacardı.
Oktyabrın 27-də "Azərkitab"da,
noyabrın 21-də - müəllifin
öz doğum günündə Azərbaycan
Yazıçılar Birliyində
keçirilən təqdimatlardakı
qələbəlik yaxşı
ədəbiyyatın, dəyərli
sözün hər zaman diqqətdə olduğunu sübuta yetirdi, məncə. İlk təqdimatdan aldığım
müsbət enerji, xoş aura və həmin gün Şahanənin doğum günü olması məni ikinci dəfə noyabr ayında olan təqdimatına da gəlməyə vadar etdi.
Hər iki təqdimat göstərdi ki, Şahanə Müşfiq gənc yaşına rəğmən
ədəbiyyatımızda, cəmiyyətdə sayılıb-seçilən,
dəyərli qələm
adamlarının hörmətini,
sevgisini qazana bilib. Bu, təqdimatda Rəşad
Məcid, Aqşin Babayev, Sevinc Muğanna, Fikrət Qoca, Seyran Səxavət,
Qəzənfər Paşayev,
Cavanşir Yusifli, İlqar Fəhmi, Zemfira Məhərrəmli
kimi Azərbaycan ədəbiyyatı və
publisistikasında öz
sözünü demiş
insanların iştirak
və çıxışları
ilə üst-üstə
düşürdü.
Mən Şahanə
Müşfiqin "525-ci qəzet"də
çap olunan yazılarını mütəmadi
oxuyuram. Onlara məqalədən daha çox publisist əsər demək daha düzgün olardı.
Bu qəzetdə çap olunan məqalələrin bir dəyəri də ondadır ki, Şahanə çox zaman unudulmaqda olan, xatırlanmayan, gözdən-nəzərdən kənarda qalmış sənətkarlarımızın həyat və yaradıcılığına işıq
tutmaqla onları yenidən oxucuların yadına salır.
Yazılarını oxuduqca Şahanənin nə qədər incə ruhlu biri olduğunu görməmək mümkün
deyil. Vətənə məhəbbət, insana və insanlığa hörmət,
ülvi sevgi hissləri - bir sözlə, Azərbaycan gəncinə xas olan bütün keyfiyyətlər Şahanədə
bir vəhdət halında toplanıb.
"Şahanənin nağılı"nda
toplanan poeziya nümunələri kövrək
bir qəlbin çırpıntıları, bir ürəyin haray səsidir. O, hər
şeirində təkcə
özünü yazmır,
bizdən də nələrisə yazır.
Ona görə də bütün şeirlər
ayrı-ayrılıqda bizə
doğmadır. Oxucu hansısa
misrada özünü
tapır, hardasa, "mən bunu yaşamışam"
deyir. Orijinal fikir, aydın
düşüncə, rəvan
və axıcı dil, mövzu rəngarəngliyi, ən adi həyat hadisələrinə belə
özünəməxsus yanaşma
tərzi onun şeirlərinin, ümumilikdə
yaradıcılığının ən əsas məziyyətləridir.
Şahanə Müşfiqin mənəvi
dünyasının nə
qədər geniş,
nə qədər zəngin olduğunu onun sərbəst vəznli şeirlərində
daha dolğun görmək olur:
... bir kəlmə
var lüğətimdə-
adı - ŞƏHİD.
Bu torpağın alnına qara damğa kimi
döyülüb sanki
böyük hərflərlə
ŞƏHİD;
Bu el üçün,
Bu yurd üçün
Düşmənin kor gülləsinə
sinəsini sipər edən
Oğul
- ŞƏHİD!
Nə qədər sadə bir dillə yazılmış şeir...
Hətta
qafiyələrin bir-birinə
uyğun gəlməməsinin
fərqinə belə
varmırsan. Gözlərin önünə Vətən
üçün, el üçün,
ana üçün, bala üçün canından keçmiş oğullar gəlir. Onların qırılan taleləri, onlarla bərabər yarım qalmış həyatlar, şəhid balaları, şəhid valideynləri hardansa bir yerdən sənin gözlərinin içinə baxır sanki. "Bu şeirdəki bizik! Bu, bizim taleyimizdir!"
- deyirlər. Müəllif bu şeiri bir nəfərə ünvanlamayıb. Bu misraları oxuyan hər kəs öz ailəsinin, küçəsinin, öz
kəndinin, öz bölgəsinin, öz vətəninin şəhid
balalarını istər-istəməz
göz önünə
gətirir.
Şahanə Müşfiqin insanı
düşünməyə vadar edən dördlükləri də
çox maraqlıdır:
Sol çiynimin üzərində
Mələk günahımı yazır.
Günah
etmək üçünmüdür,
Niyə qəlbimiz soldadır?!
Bu bir bənd şeiri
oxuyarkən düşünürsən
ki, bəli, böyük sirlər gizlədiyimiz ürək də soldadır, etdiyin günahları yazan MƏLƏK kimi...
Bu qədər əzaba göz ki yumursan,
Göz sənə nə lazım, kor qal, Ürəyim!
Yiyəsiz bir eşqdən
mədəd umursan,
Yiyən
ölsün, yiyəsiz
qal, Ürəyim!
Əlavə sözə, şərhə
ehtiyac yoxdur, məncə. Şahanənin geniş ürəyindəki
bu nağılların
bir gün gerçəkləşəcəyinə, həqiqət olacağına
mən də inanıram. Gələcəyi çox parlaq
görünən bu balaca qıza dəstək olan hər kəsin öz dəstəklərinin
bəhrələrini tez
bir zamanda və əyani şəkildə görəcəklərindən
tamamilə əminəm.
Və inanıram ki, Şahanə öz yeni nağılları
ilə biz oxucularını
və onu sevənləri daha çox sevindirəcək,
kim olduğunu
hamıya sübut edəcək:
Sən kimsən,
Adam?!
Nə düşünürsən?!
Tanımaq elə çətindir ki, səni.
Varmısan, yoxmusan?!
- Sən kimsən, Adam?!
Bəs mən kiməm?!.
Minarə YUNUSOVA
525-ci qəzet 2018.- 13 dekabr.- S.8.