Bir təməl,
bir yön, yaxud çapını çoxdan gözlədiyimiz
kitab
BÖYÜK TÜRKOLOQ, AKADEMİK
TOFİQ HACIYEVİN "CƏBRAYIL ŞİVƏSİ"
ƏSƏRİNİN NƏŞRİ BARƏDƏ
DÜŞÜNCƏLƏR
Akademik
Tofiq Hacıyevin fikridir: "Dialekt və şivələri
öz eksponatlarını əsrlərlə təzə
saxlayan etibarlı bir muzeyə bənzətmək olar". Hələ
həyatda ikən, sağlığında hərdən-birdən
sual verərdim, "bəs, "Cəbrayıl keçid
şivəsi?" nə vaxt kitab kimi çap olunacaq. "Görək də, sağlıq olsun!" deyərdi.
Nəhayət,
özü görməsə də, oğlu - hörmətli Azər
müəllim sağ olsun, kömək əli uzadanlar (akademik
Nizami Cəfərov, professor Məhərrəm Məmmədli,
Qızılgül Abdullayeva və başqaları) var olsun,
böyük alimin, akademik, çağdaş türk
dünyasının ən məşhur türkoloqlarından
biri olan Tofiq Hacıyevin ilk əsərini - "Cəbrayıl
şivəsi"ni (1962) elmi ictimaiyyətə və Cəbrayıl
əhlinə ərmağan etdilər. Yaradıcı
təfəkkürün ilk məhsulu. Hələ
təcrübəsinin kamil həddə
çatmadığı gənclik illərində bu əsəri
yazmağa girişdi, çox uğur və şöhrət
qazandı. 60-cı illərdən sonra
respublikamızın ayrı-ayrı bölgələrinin
dialekt və şivələri üzrə tədqiqat aparan
dialektoloqlar bu əsərdən lazım olan qaydada
faydalandılar.
Bu əsər biz - cəbrayıllılar
üçün, böyük düşüncələr
adamı olan Tofiq müəllimin özü qədər əzizdir,
doğmadır. Biz bu şivələrlə doğulub,
boya-başa çatmışıq, bir-birimizlə ünsiyyət
qurmuşuq. Düşüncələrimiz
belə sözlərlə axara salınmış, üslubi
davranışımız bir qədər də çevikləşmiş
və həssaslaşmışdır. Bu zaman ünsiyyət
təbii görünür (Biz danışanda deyirdik ki,
"şonu götür, şonu qoy" (şu, şo qədim
əvəzlik), dədəm deyərdi ki, ay gözümün
ilk avı", "ə, hara təzisən
(qaçırsan)", xeyli tülədim (yəni
yüngülləşdim), Məhəddin kimi nə yemisiyirsən
(yəni şaytıyırsan), sulu, oğlu sulu (şulum,
tamahkar); nənəmi tavladım (ələ gətirmək),
bu tutuşla (bu minvala), qılıqlamaq (dilə tutmaq), hana
uzatmax (hana qurmaq), damazdığı kəsilir, qağam yaman
alındı (yəni pərt oldu), tünnüxdü, səsməkünnükdü,
cıppılı və s.)
Biz bu şivələrlə o torpaqları, o ərazinin
dağını, çayını, təpəsini,
ucsuz-bucaqsız bağlarını sevmişik. Biz şirin dilimizi,
əziz şivəmizi Tofiq müəllimin bu kitabından, bu
kitabında olan faktlardan öyrənmişik. Bu şivədə
qanadlanaraq göylərə uçmuşuq...
İstəsək də, istəməsək də bu
şivədə yazdığımız bədii nümunələr
dada, tama, duza, ləzzətə gəlib, ruhumuzu bu şivələr
oxşayıb.
Cəbrayıllılar
xalq dilinin dərinliyinə gedən, dili dərindən duyan,
onunla yaşayan və nəfəs alan bir
toplumdur. Elə, rəhmətlik Tofiq müəllimin
də mövcud olan yaradıcı təfəkkürünün
bütöv mərhələsi dil
yaradıcılığına, dil quruculuğuna sərf
olunmuşdur. Hər şeydən ötəsi,
o, bir dil yaradıcısıdır, üslub
yaradıcısıdır, modern amanların əsl
kişisidir. Türk alimlərinin dediyi kimi, tarix səhnəsindən
ən diqqət çəkici bir adam
keçdi... Tofiq müəllim. O, bir təməldir,
bir yöndür... Fəzilət və ciddiyyəti ilə,
yaradıcı ruhu ilə, təzə düşüncələri
ilə üslubu dəyişdirdi...
Bu kimi söz və ifadələr yalnız cəbrayıllıların
yaratdığı dil-dialekt variantlarıdır. Kitabda cəbrayıllıların
qəlbi Tofiq müəllim həmin tip söz və ifadələrin
izahlı lüğətini yaratmışdır.
Bu şivə Azərbaycan dilinin tarixini öyrənmək
üçün çox zəngin material verir. Tofiq müəllim
müasir ədəbi dilimizdə olmayan səslər (z
(karlaşmış forma. Yalnız
şirak tayfasının izlərini qoruyub saxlayan Sirik kəndində
yaşamış insanların nitqində müşahidə
olunmuşdur.), ts affrikatı), n (velyar n), n (sağır nun),
nq (qovuşuq) Cəbrayılın Qazanzəmi, Dağ Tumas,
Qaracallı şivələrində işləndiyini müəyyən
etmişdir.
Kitabda
aşağıdakılar xülasə edilir: Səslilərin
ahənginin pozulması, qapalılaşma hadisəsi, müxtəlif
fonetik hadisələrin qədim yazılı abidələrimizdə
də müşahidə olunması, Cəbrayıl şivəsində
müşahidə edilmiş fonetik hadisələrin
kəmiyyəti, işlənmə tərzi fərqli olan səslər
və s.
Tofiq müəllim Cəbrayıl şivəsi əsərini
20 yaşından sonra yazıb. Lap cavan olanda.
Fundamental bir iş görüb. Cəbrayılın
demək olar ki, bütün kəndlərini gəzib,
dolaşıb, şivə faktlarını toplayıb, sistemə
salıb, dilin fonetik, leksik, qrammatik səviyyələrində
təhillər aparıb. O, Cəbrayıl şivəsinin
Azərbaycan dili dialekt və şivələri
arasındakı mövqeyini ortaya qoyub və belə bir nəticəyə
gəlib ki, Cəbrayıl rayonu ərazi cəhətdən Azərbaycanın
cənub və qərb zonası arasında yerləşir. Bu ortaqlıq, keçidlik coğrafi mövqedə
olduğu kimi, dil hadisələrində də özünü
göstərir. Xüsusi cəhətləri
sərf-nəzər edərək, bütövlükdə
götürüb, qabarıq surətdə özünü
göstərən ümumi cəhətləri nəzərə
alsaq, dil hadisələri Cəbrayıl şivəsinin Azərbaycan
dilinin cənub və qərb qrupu dialekt və şivələri
arasında keçid mövqeyi tutduğunu göstərir.
Coğrafi, ərazi cəhəti ilə dil faktlarının bu
uyğunluğu "yerli dialekt", "yerli şivə"
terminlərinin linqvistik məzmununa tamamilə müvafiq gəlir.
Cəbrayıl şivəsinə məxsus fonetik hadisələri
Füzulinin, Vaqifin əsərlərinin dilində izləyir,
oxşar cəhətləri müəyyənləşdirir. Həmin
faktları türk dillərinin dialektləri ilə müqayisəyə
cəlb edir.
Cəbrayıl
şivəsini ədəbi dildən, habelə Azərbaycan
dilinin başqa dialekt və şivələrindən fərqləndirən
bir sıra maraqlı morfoloji xüsusiyyətlər də
T.Hacıyevin nəzərini cəlb etmiş, bu əlamət həm
sözdüzəldici (leksik) şəkilçilərdə, həm
də ayrı-ayrı nitq hissələrinə mənsub
kateqoriya şəkilçilərində (sözdəyişdirici
şəkilçilərdə) özünü göstərmişdir.
Müəllif hələ o vaxtlar müəyyənləşdirmişdir
ki, Cəbrayıl şivəsində müşahidə edilən
bir çox şəkilçilər ədəbi dildə ya
yoxdur və ya ədəbi dildən fərqli işlənmə
tərzinə malikdir (toz+nax, qaz+nax və s.)
Cəbrayıl
şivəsində sintaktik özəlliklərin az olduğunu T.Hacıyev haqlı olaraq
qrammatikanın abstarktlaşdırma fəaliyyətinin nəticəsi
hesab edir. Amma bununla belə, istər ismi birləşmələrdə,
istər sintaktik əlaqələrdə (uzlaşma,
yanaşma, idarə), istər cümlə üzvlərində
və istərsə də mürəkkəb cümlələrdə
Cəbrayıl şivəsinin müəyyən özünəməxsus
əlamətləri nəzərə çarpır. Kitabın "Sintaksis" hissəsində ədəbi
dillə oxşarlıq və fərqlilik yaradan xüsusiyyətlər
də dəqiqləşdirilmişdir.
T.Hacıyev dialekt və şivələri öz eksponatlarını
yüzillərlə təzə saxlayan etibarlı bir muzeyə
bənzədir. Bu muzeydəki söz və qrammatik forma
eksponatları dil tarixi materialının
araşdırılmasına yardım etmiş olur. Həmin dildə danışan xalqın adət-ənənələrinin
öyrənilməsində qiymətli vasitələrdən
biri olur, o xalqın qohum xalqlarla tarixən olmuş münasibətlərinin
və ümumiyyətlə, özünün keçirdiyi
inkişaf yolunun tədqiqində tutarlı, inanılacaq mənbələrdən
biri sayıla bilir.
Tofiq
müəllim Cəbrayıl rayonu şivəsində işlənən
leksikanı uyğun sahələr üzrə
qruplaşdırır, təsərrüfat həyatı ilə,
məişətlə, qohumluq münasibətləri ilə,
müxtəlif adət-ənənələrlə və s. ilə
əlaqədar sözlərin məna və işlənmə
məqamlarını müəyyənləşdirir. Mənaların izahında o, Mahmud Kaşğarinin
lüğəti, qədim türk yazıları, qədim
türk lüğəti və digər qaynaqlardan istifadə
edir. Müşahidələrini klassik ədəbiyyatdan,
aşıq ədəbiyyatından gətirdiyi və
müqayisə etdiyi örnəklərlə əsaslandırır.
Kitabın
"Terminlər" hissəsində cəbrayıllıların
istifadə etmiş olduğu maldarlığa,
qoyunçuluğa, dəvəçiliyə,
atçılığa, təsərrüfatın
ayrı-ayrı növlərinə dair
(pambıqçılıq, ipəkçilik,
taxılçılıq, quş, bitki adları, toxuculuğa,
çörək və xörək
adları, ev hissələri, qab-qacaq və digər ev əşyaları,
köhnə təqvim adları, ölçü adları, el
köçü ilə bağlı, toy, oyun, toponim adlar, məhəllə,
tayfa, tirə və s. adlar da toplanmış, sistemə
salınmışdır.
Folklor nümunələri sırasında mətnlər
verilmişdir ki, bu mətnlər Cəbrayıl şivəsini
əks etdirmək baxımından maraqlıdır.
Təhlil səriştəsi güclü olan bu əsərin
yazılmasını Tofiq müəllimin əvəzsiz xidmətlərindən
biri saymaq olar.
Bu baxımdan həmin əsərin dəyəri
heç nə ilə ölçülmür. Bu iş
bütün cəbrayıllıları sevindirir.
Tofiq müəllimə "xoş gördük..." deyirik. Deyirik ki:
Salam, yaxşılığın dəhnə kişisi,
Saflığın bərəkət-təhnə kişisi.
Tanrım amanında saxlasın səni,
Xoş gördük, ay Tofiq İsmayıloğlu,
Xoş gördük, ay elin köhnə kişisi!
(Şair
İsmayıl İmanzadədən)
Biz Cəbrayılı
qoruya bilmədik, amma şivəmizi, ünsiyyətimizi,
şirin ləhcəmizi Tofiq müəllimin bu kitabı vasitəsilə
qoruduq. İndi şivəmizdə danışan azdır. Yəqin
ki, yeni gələnlər daha bu şirin, duzlu şivəni
unudacaqlar. Amma zaman gələcək, bu kitab şivəmizi
yenidən yada salmağa yardım edəcək, onu daha da dərindən
araşdırmağa yol göstərəcək...
İsmayıl KAZIMOV
Filologiya elmləri doktoru, professor
525-ci qəzet 2018.- 13 dekabr.- S.6.