Qısa xülasə

Biz göydələn iziylə gəzə-gəzə azan vaxt

Palçığa batdıq demə, əyilmədik ki, baxaq.

Tanımadıq doğmanı, dostu, düşməni, yadı

"Şükür Allaha!" - dedik, şükür də sınıq-salxaq.

 

Mən görmədim günəşi, nə gizlədim, görmədim...

Axı mənim günəşim göydə olmamalıydı.

Yadımdadı həmin gün - insanlardan qaçışım

Onda cahil bayramı, kölə karnavalıydı.

 

Yadımdadı həmin gün, məhəbbətə tövbə də

Hər kəs birisin tapıb, küncə çarmıxlamaqda....

Qayıtmamaq andıyla arxa döndüm məbədə

Özümü sütun etdim, içimsə laxlamaqda.

 

Bilmirdim nədir onda, üzdə sevinc tikdikcə

Cüzam dolu içindən hissə-hissə sökülmək.

Süpürgəçi xanımlar, bilərsiz nə deməkdir:

Duyğusu, düşüncəsi küçələrə tökülmək.

 

Bu səbəbsiz sıxıntı hakim olduqca sənə

Anlayırsan nə üçün dostlarını itirdin.

İçdin, halsız dayandın, hey intihar aradın

Amma gücün görmədin tütünün və spirtin.

 

Mən sənə nə deyim ki... Sözlərin yeri şeir

Piyada cümlə kimi gəzir süvari sətir

Fikir ver hər şey, hər kəs indi bir-birin əyir

Hər bir şey eqodursa, həyat mübarizədir.

 

Böyük boşluğa gəldi bütün qələbəliklər,

Böyük sıfıra döndü hər şeyin nəticəsi...

Bir cümləyçün yaşadın sən demə, bütün ömrü:

"....abort olmuş gündüzün sonsuz olur gecəsi...."

 

Nihilizm sədasında

Saatın çıqqıltısı, dəyirmanın çaxçaxı

Bezdirib bizi hər gün, 7-də, axşamçağı.

Corab kimi adamlar, əlcək kimi adamlar

"Tut əlimi'', sonra da "Əl çək" kimi adamlar.

Əzizim, məni sənlə bunlar azad buraxmaz

Bunlar gah köləpərəst, gah da azadlıqşünas

Mən nihilist dünyanın ədədi ortasıyam

Yollar yuxarı qalxır.... imkan vermir axsayam.

Mən onlara baxıram, onlar baxır əynimə

Sport tərzi çıxarıb, kostyum taxır əynimə.

Mən kütləyə gülürəm, o, çarmıxda İsaya

Axı necə gülməyim onlar namus-zad deyir,

fahişə rolu oynayan tənha aktrisaya

Mən yalvarıb-yaxardım səhnə kulislərinə

Şikayət etdim həyat hakim-polislərinə

Qayıtdım uşaqlıqdan gələn yol izlərimə

Lənət olsun bu yola! Ondansa dayanacaq

Ondansa məhv ola yer! Ondansa dayana vaxt!

 

Qar

Qara fikirli şəhər indi qar içində

bütün əyləncə dolu fikirlər xaricində:

Gecə saat 12, avtobus dolu adam

Nazik köynəkli adam, qalın paltolu adam...

Adamlar harda qalır? Adamlar hara gedir?

Adamın evi adam, adamın yolu adam...

Adamlar nəyi sevir? Adamlar kimi didir?

Adamın şahı adam, adamın qulu adam

Adamlar nə itirir? Adamlar nə qazanır?

adamın borcu adam, adamın pulu adam

Bəs adam dediyin nə? Bəs adam dediyin kim?

Adam - qorxulu adam, adam - yuxulu adam...

 

Təbəssümün şeiri

O balıq var bu çayda - balaca qara balıq.

Bədbinləşib, onunçün hər bir yer xarabalıq

Hər gün ucuz fəlsəfə, hər gün yem axtarmalar,

Nə qədər axtar, ara, yolsuz qalıb karmalar...

 

Bapbalaca bir uşaq daş götürüb atarsa

Fəlsəfə etdiyi vaxt bu balığa tuş gələr.

Suyun qabarcıqları pulcuqlara qarışsa.

Suda səs-küyü görüb, köçəri bir quş gələr.

 

Caynaqları bu ovçun kobud, kələ-kötürsə

Dimdiyiylə balığı yuvasına aparsa

Böyük sevinc içində böyük sürət götürsə,

Kiçik ətcə balalar ondan tikə qoparsa

Günəş boylansa sənə, açsa şəfəq ovcunu

Qapama gözlərini, üfüq zərbəsi vurma

Dovşan qaçsa yeyincə və çaşdırsa ovçunu

Qışqır: "...onu gözləyir tifil körpəsi, vurma!.."

 

Günəş qol açar bizə, dağın taa kürəyindən

Ağaclar yarpaq dolar, budaqlar şux olarsa

Atalar xoşbəxt olar, zəhmətin "pul iy"indən

Atalar xoşbəxt olar, körpələr tox olarsa

 

Körpəsi səhər-səhər qum-torpağın içində

Bir çimdik bal götürüb yuvalara əyilsə

Onlarla qarışqalar barmağına daraşsa

Arıların zəhməti bala-bala yeyilsə...

Ovucların içində balıqqulağı gülsə

O gülüşlər sənindir - hamısını mənimsə...

Bir stəkan dolu su döşəməyə tökülsə

Su aydınlıqdı deyib, əsəbləşmə, gülümsə...

 

Noyabrın şeiri

 

Bir andaca küləklər yuxusundan oyanar

Bir qırıq ümid tozu düşər göz bəbəyinə

Soyuq kəlmələriylə düz önümdə dayanar:

- Məqsəd fəsli gəlir bax, geyin səbəb əyninə

 

Mənim duyğum ağlımı kölgələyir eləcə

Tam getmək havasında, addım basır əyləcə

Mən artıq anlamıram, neçə söz var susduğum?

Hərflərim yağanda, dilim olur gölməçə...

 

Gəlir payız havası, bulud susuzdu susuz

Bunun yanvarı susuz, bunun avqustu susuz

Guya sakit gedirsən, heç bir şey də demirsən...

Bəs nədir bu qışqırıq? Bu qədər gurultu...sus...

 

Sən şəhərin tozusan, dolmuşkən pəncərəyə

Mənsə divar küncündə - məhbusam hörümçəyə...

İçin zökəmə dönür, çölünsə məxmərəyə

Səpirsən, tökülürsən, qırıq-qırıq küçəyə...

 

Lüsifer

Lüsiferi anlat, qoca

peyğəmbər olma.

Sən də bu çay qarşısında

bir qəmbər olma...

Mariya Maqdalenaya and olsun ki,

o qarımış qız bilmir

ona

qeybətcil qohumlarmı,

alma ağacından toxumlarmı

travma yaşadır...

 

Lüsiferi anlat, qoca,

Mənə bir az o tərəfdən danış,

Sanki

bu həyat bir postulat, qoca.

Xəyallarını sat bu gecə

evlənmiş gənc bir qadına,

bir az kədərindən qat

qatılaşdırılmış süd qabında

gülümsəyən dovşanın ovqatına...

 

Lüsiferi anlat, qoca

kim, nə, harda, nə cür, hansı...

Lüsifer, şeytan, cənnət, kədərli,

Lüsiferi anlat qoca, Renessansı...

Tanrının klassikasına "post" artıran Lüsifer...

dinlərin dustağı,

çölümüzdəki buz dağı,

içimizdəki kalorifer...

Lüsifer, qoca, Lüsifer...

 

Lüsiferi anlat qoca,

Qatardan geri qalmış durna,

Magistralda susmayan xorna

dərəcədə maraqlıdı artıq bizə.

Lüsiferin cənnətdən qovulma əzabı

adaxlıdı artıq bizə.

 

Mənə Lüsiferi anlat qoca,

anlayım ki,

onun əzabıyla qarşı çıxa bilərmiyəm

bütün bu yaşama?

Şeytanı öy - Lüsiferi, qoca...

vur, sındır linçolma qorxularını,

bu tavanı, bu mənəvi şiferi, qoca

sındır körpə məzarlarını,

düşmən hasarlarını,

yaratmadığın Lüsiferdən danış...

 

Salamsız adam

Evdə idi.

İnsanların "öldürüldüyü" yerlərin hansısa birində

gecəyə qancıqlamış bir it hürdü.

O isə həmin vaxt mənzilinin səs boşluqlarına

illər boyu öz üzünə eşitdiyi söyüşlərin

pis yerinə söyürdü.

Qapısı illərlə heç kimə açılmadı,

heç bir qapını açmadı deyə,

blokda liftin qapısını döyürdü:

"Bəlkə kimsə çıxıb ona salam verdi?"

 

Çölə çıxdı.

Yanından kimlər keçdi.

O gecələr nə içdi, nə qoxu gəlirdi ağzından?

Bilmirdi..

Utandığından var gücüylə tüpürdü.

Nə faydası?

Gizlətməyi bacarmadı ağzındakı spirti.

Boz buludlar qaşqabağını sallayıb üzünü o yana çevirdi..

"Bəlkə yağış yağıb ona salam verdi?"

 

Çöldə idi.

Təəccüb təri gəldi alnının qırışlarına.

Baxdı ki, qaçaqaçda qalıb hamı.

Bir tərəfdə ayrılanlar, görüşənlər;

Bir tərəfdə tez-tələsik qəbir qazır goreşənlər.

Skamyada oturdu.

Telefona zəng gəldi

Salam deyil, alo dedi səhv düşənlər!

"Bəlkə kimsə yığıb ona salam verdi?"

 

"Eh, sən nə böyük qüvvəsən, salam!

Səni mənə versəydilər...

bilərdim ki, adamam!"

Yorğun

İçimdə yığılmış hisslərin sözü

keçir qərarların ilk halqasına

Beynimdə qalanmış düşüncə seli

getdikcə çevrilir çöl rəqqasına...

Bütün kitablardan yorulmuşam mən

Bilik bilik üstə artır, xeyri nə

Duyğu və düşüncə müharibəsi...

Nə olsun bilirik, düz nə, əyri nə...

Söylə inanımmı reseptdəki həb

qaytarar cahillik dövrümə məni?

Külək də küçədə edir aramca

bu yorğun səsimi zümzümə mənim...

Güzgüm də çatladı, çatla bölündüm.

Bölünüb, dağıldım dörd bir tərəfə.

Müəllim, suallar o qədərdi ki,

Həyatın adını qoydum fəlsəfə.

Qışqırdım, qışqırıq bürüdü məni

Bir cavab gəlmədi, hər kəs kar imiş...

Mən onda anladım, bütün kitablar

bir də müəllimlər günahkar imiş...

 

Diana

Bir də mənə yazma ki:

- Bəs sən özün necəsən?

- Zəlzələsiz dağılmış bir ev kimi, Diana...

Göndərdiyim zərflərə qoymaq istəmirəm heç,

kin-küdurətimi, nə sevgimi, Diana

 

Yeni il gəlir amma ciblər bunu söyləmir...

Almaq olmur ət, yağı, şabalıdı, Diana...

Sual kimi dayanmış süpürgəçi xanımlar

Bu şənliyin ən böyük sualıdı, Diana...

 

Gah dizimi yığıram, gah başımı əyirəm

Bakı boyda şəhərə sığışmıram, Diana...

Bir buluda çevrilib, qaçmıram siz tərəfə,

küləkmirəm, Diana...

yağışmıram, Diana...

 

Bilirsənmi, get-gedə minnət artır bir az da...

Bütün sadiq adamlar başqalaşır, Diana.

Kişi olmaq çətinmiş... axı hardan biləsən?

Bu deyil nə qab-qacaq, nə camaşır, Diana

 

Axı, sənə demişdim, nə xatırla, nə unut

Əgər yorursa səni, at şəklimi, Diana

Mənim sevgi səmamda nə yağış var, nə bulud...

Bəs sənin qəlbin necə?

Şimşəklimi, Diana?

 

Pəncərəni təmizlə, hər bir şeyə bir də bax...

Ya gözünə hörümçək torunu hör, Diana...

Yox ikinci sözümü səmimi yazmamışam

"Pəncərəni təmizlə,

Bir də təzədən izlə...

Yaşam gözəl deyilsə, sən gözəl gör Diana!"

 

Seymur

 SU

525-ci qəzet  2018.- 13 dekabr.- S.7.