Ali Akbaşın söz töhfəsi: "Quş süfrəsi"ndən "Durna köçü"nə

Şahanə MÜŞFİQ

 

2017-ci ilin avqust ayında Türkiyənin İstanbul şəhərində keçirilən "Türk dünyası gənc yazarlarının görüşü"ndə iştirakımız bizə digər türkdilli ölkələrdən olan öz nəsildaşlarımızı tanıtmaqla yanaşı, əvvəllər mətbuatdan, ədəbiyyatdan imza olaraq tanıdığımız bir sıra qocaman şair və yazıçılarla da görüşməyimizə, onlardan ustad dərsləri almağımıza fürsət yaratdı. Bu baxımdan həmin görüş ömrümüzdə silinməz izlər qoydu.

Türkiyənin tanınmış şairlərindən olan Ali Akbaşla tanışlığımız da bu layihənin bizə qazandırdığı önəmli fürsətlərdən biri idi. Bu mülayim, xoş simalı, rəvan və səlis danışığa, maraqlı söhbətə malik bu insanın üç gün ərzində ustad dərslərində iştirak etmək bizə təkcə şeir, poeziya deyil, eləcə də həyat, insanlar, gözəl hisslər, duyğular haqqında ən maraqlı və gərəkli söhbətləri, bilgiləri qazandırdı.

Onu ilk dərsdə söylədiyi "Süfrəmiz quş süfrəsi" adlı şeiri ilə kəşf etdik. Əlində tutduğu üzlü kitab da həmin şeirin şərəfinə adlandırılmışdı. Uşaqlar üçün yazılmış şeir bir az da müəllifin özünün həzin səsinin təsiri ilə insana qəribə bir hüzur, sakitlik, könül xoşluğu bəxş edirdi:

 

Bir udum yağmur suyu

Və bir dilim dolunay,

Süfrəmiz quş süfrəsi,

Laylalar söyləsin çay,

Süfrəmiz quş süfrəsi.

 

Misralar bir-birinin ardınca sıralandıqca gözümüz önündə təbiətin ən gözəl, ən munis mənzərəsi canlanırdı. Və biz bu mənzərənin eşqinə olduğumuz yerləri tərk edib, "quş süfrəsi"nə qonaq gedir, o süfrənin bir kənarını qatlayıb qırağında bardaş qururduq. Böyük auditoriyada bayaqdan bir-biriylə söhbət edən, bir-birinə gülümsəyən gənclərin hamısı diqqət kəsilib, şeirin bizi apardığı diyarlarda səfər edirdi:

 

Göy üzündən mavilik,

Buluddan süd sağarıq,

Gəlin, öksüzlər, gəlin,

Qırxımız da sığarıq,

Biz yemədən doyarıq,

Süfrəmiz quş süfrəsi.

 

Sonra Ali bəylə söhbət etdikcə, onun kitablarını, şeirlərini oxuduqca bu insanın fərqli və saf dünyasına daxil olur, bu dünyanın təmizliyinə bələnirdik. Onun şeirlərinin çoxu uşaqlar üçün olsa da, özü demişkən, uşaqlar üçün yazılmış bir əsəri böyüklər də sevərək oxuya bilmirsə, o əsər pis əsərdir. Həqiqətən, onun uşaqlar üçün yazdığı şeirlərində, laylalarında, türkülərində belə böyükləri duruldacaq, düşündürəcək bir sıra mətləblər var.

Onun axıcı, zəngin şeir dili, adi hadisələrə poetik ifadə yükləmək bacarığı hamımızı valeh etmişdi. Biz anlayırdıq ki, özünü sanki biz gənclərdən biri imiş kimi aparan, sadə, gülərüz, hamımızı böyük diqqətlə dinləyən və "bu dərslərdə sizə öyrədəcəyəm" deyil, "bu dərslərdə birgə öyrənəcəyik"- deyərək sözə başlayan ustaddan hər birimizin öyrənəcək çox şeyimiz var.

İlk dərsdən auditoriyadakı bütün gənclərin diqqəti Ali bəyin əlindəki kitabında idi. Hamı o kitaba sahib olmaq, içindəki dünyaya daha rahat səyahət etmək arzusunda idi. Amma deyəsən, qismət mənim imiş. Sonuncu dərs günündə özümdə cəsarət tapıb kitabını Ali bəydən xahiş etdim. O da məmnuniyyətlə kitabını imzalayıb mənə hədiyyə etdi. Hələ ordaykən "quş süfrəsi" ilə tanış oldum. Buradakı uşaq şeirləri məni ecazkar nağıl dünyasına qonaq edirdi. Bu dünyada bizə çoxdan tanış olan nəsnələr yeni dad, yeni biçim qazanıb.

***

Ali Akbaşla bu şəxsi tanışlığım üstündən il yarım keçməsinə baxmayaraq, hələ də yepyeni xatirə kimi yaddaşımın bir küncündə ətirlənir. Bu günlərdə onun ölkəmizə qədər gəlib çıxan "Durna köçü" adlı şeir diski əlimə keçdi. Öncə diskin üzərindəki şəkil diqqətimi çəkdi. Zərif şeirlər müəllifi bir əli ilə başını tutmuş qayğılı-qayğılı yazmaqdadır. Yenicə dəmlənməyə hazır şeirin xoş qoxusu hələ şəkildəncə insanın nəfəsini oxşayır. Diskin üzərində şeirlərin Ali bəyin öz səsindən səsləndirildiyi və onun sözlərinə yazılmış mahnıların toplandığı yazılıb.

Vaxt itirmədən disklə tanış olmaq və ən əsası o həzin səsi yenidən eşitmək üçün dinləməyə başladım. İlk şeir bayaq təsvir etdiyim şəkillə üst-üstə düşürdü. "Sancı" adlanan bu şeirdə müəllif "mən bir şeirə hamiləyəm" deyərək şeirin yaranma, daha doğrusu, doğulma anını təsvir edir.

 

Disk 5-i mahnı, 25-i Ali bəyin özünün qiraətində şeirlər olmaqla cəmi 30 nümunədən ibarətdir. "Sularda axşam", "Ərənlər divanında", "Çanaqqala", "Bayramlıq", "Eylülə bəstə", "Budaqdan budağa", "Elif", "Köç", "Çiçəklər və quşlar", "Füzuli", "Güz qəzəli", "Dağlara dastan", "Üç gümüş tük", "Yolçu yolunda gərək", "Həyat", "Bizim elin qızları", "Yanğı" və s. kimi şeirlərin bir çoxu ilə haqqında bəhs etdiyim kitabdan tanış olsam da, etiraf edim ki, şeirin əsl duyğusunu, yazıldığı anın hiss və həyəcanını müəllifin səsində dinləyərkən daha çox hiss etdim. Bu şeirlərdə müəllifin yurduna, vətəninə, öz el-obasının insanına sevgisi, məhəbbəti əks olunub. Ancaq bu sevgi təkcə həmin yerlə bitmir. Öz elinin insanına olan sevginin timsalında bütün insanlığa, öz vətəninin timsalında bütün dünyaya məhəbbət tərənnüm olunur. "Bizim elin qızları" şeirində şair həmin qızlarla birgə, ümumən qız övladlarındakı zərifliyi, gözəlliyi, incəliyi dilə gətirir:

 

Hey qızlar,

Bizim qızlar,

Yurdumun səmasında

Adsız ulduzlarsınız,

Rüzgarda bir saz kimi

Nə deyib sızlayırsız?!

 

Şeirlərdən əlavə, bəstəkar İrfan Gürdalın musiqiləri də Ali Akbaşın sözlərinə bir başqa məna qatıb. "Göyü tutuşduran bir tenor durna", "Ninni", "Ardıcın türküsü", "Vida", "Türkülər" mahnısında sözlərin ruhuna uyğun musiqilər dinləyicidə xoş əhval yaradır. Bu mahnılardan "Ninni"ni Çiydəm Gürdal, qalanları isə İrfan Gürdalın özü səsləndirib.

Zənnimcə, il yarımdan sonra Ali Akbaşın "Durna köçü"nün "Quş süfrəsi"nə qovuşmasını onun poeziyasının Azərbaycan oxucusuna tanıdılması yolunda ilk müjdəçi hesab edə bilərik. Onun daha çox yaradıcılıq nümunələrini və özünü ölkəmizdə qonaq etmək diləyi ilə...

525-ci qəzet  2018.- 13 dekabr.- S.7.