Milli poeziya müstəvisində
Oqtay Rzanın "səkkizliklər" xətti
Allahverdi EMİNOV
Şair
Oqtay Rza öz poetik təhkiyə üslubuna malik və sadiq
söz ustasıdır və on illərdir, oxucusu onun
yaradıcılığını
qəbul edir. Bu "qəbuletmə" şərti
qiymət deyil, şair - oxucu paralelinin təzahürüdür.
Mübahisəyə ehtiyac duymayan bir aksiomdur,
çünki həyatın qəribəliklərinin, ziddiyyətlərinin
və nəhayət, həqiqətlərinin poeziyada əksi
heç də birmənalı qarşılanmır. Çox təbii
haldır. Oxucuya daxilən zənginləşmək: ruhi
qidalanmaq, düşünmək və idrak etmək kimi dəyərlər
lazımdır; bu atributlara estetik zövq almaq, gözəlliyi
duymaq və davranış sabitliyini qorumaq müqəddəsliyini
də əlavə edərdim. Bu mülahizəmi
ədəbi-nəzəri fıkir xatirinə deyil, öz
şeiriyyət aləminə sadiq qalan, bu yaşlarında belə
hafizəsinə güvənən, daima insanlar arasında olan,
oturuşunu-duruşunu bilən pedaqoq-şair olaraq
xatırladıram. Poeziyamızda "Cüt qüvvə",
"Bulud", "Sonuncu nəğmə",
"Payız", "Daşın nağılı",
"Mövlanə Rumi", "Anama" və digər
şeirləri artıq klassikləşib. Şairin
"Bulud"undan bir bəndi hələ də
unutmamışam:
Harasa
yollanıb qərib durnatək,
Bu axşam nə yaman kövrəksən, bulud?
De,
hansı aşiqin vəfalı, göyçək
Yarından yadigar örpəksən, bulud?
Bu misralar mənə Puşkinin, Lermontovun, Məmməd
Arazın bulud obrazlarını yada salır. Bulud da insan
kimi varlığında göz yaşı, kədər və
sevinc daşıyır, daima dənizə tələsir.
Dənizlər, göylər, çaylar onun son dayanacaq - məzar
yeridir...
Oqtay Rza
şeirində iki xətt aparıcı olmuşdur: rübailəri
və səkkizlikləri. Birinci silsilə
haqqında "Oqtay Rzanın
yaradıcılığı" (Bakı, 2003, 304 səh.)
monoqrafiyamda qismən yazmışam və şairə məxsus
tematikasını, bədii-üslub çalarının məxsusi
cəhətlərini vermişəm. Bu gün isə
müntəzəm şəkildə mətbuatda ardıcıl
işıq üzü görən "səkkizliklər"
barədə fikrimi şairin oxucuları ilə
bölüşəcəyəm...
Oqtay Rzaya qədər "səkkizlik"lərdən Rəsul
Həmzətov, Tofiq Bayram, Qabil yaxşı nümunələr
yazmışlar. Təbii ki, o zaman kəsiyinin spesifık
ideologiya təlatümləri yox deyildi. Lakin
poeziyanın tələbləri baxımından bu gün də
maraqla oxunur. Oqtay Rzanın "səkkizlik"ləri
bir neçə rakursdan fərqlənir; bu isə şairin
yuxarıda vurğuladığım kimi: fərdi üslub
çalarları ilə bağlıdır. Şərti
deyərdim ki, O.Rzada birinci poetik təyinat insanın
azadlığı fəlsəfəsidir, yeni nəsilə də
bu aşılanmalıdır və belə bir vəzifəni
yalnız elmi-pedaqoji əsərlərin üzərinə atmaq
bitərəflik olardı, poeziyanın məxsusi
imkanlarını nəzərə almaq lazım gəlir.
Əks halda insan cəmiyyətdə ruhən
varlığını itirər. İnsan
Kainatda öz yerini - vəzifəsini anlamağı
bacarmalıdır.
Ozon
dünyamızın böyük kəşfidir,
Ondan insanlığa halal töhfədir.
Çünki
üstümüzə süzülüb gələn -
Ölüm şüasından bizi hifz edir.
Yer bizi
saxlayır çətir altında
Əziz övladıyıq kainatın da.
Pəncərə
gözüdür işıqlı evin -
"Pəncərə" açmayaq ozon qatında.
Bu poetik
deyimdə nəsihətçilik bir yana,
insanın mənfi, bəd psixologiyadan uzaqlaşması
üçün daha geniş, humanist düşünməsi,
sosial və məntiqi yollar axtarıb tapması
aşılanır. Əgər insanda
düşüncə tərzi analitik işləyirsə,
kainatı (dünyanı) bütöv görürsə,
heç bir halda insanlar haqda düşünməz. Həqiqi məxrəcə gəlmək
üçün insana - ona vəzifə, çin etibar
edilmişsə, deməli, dövlətini yaşatmağa
borcludur. Hər bir vəzifə sahibi də
ölkəsinin vətəndaşıdır, xalqı,
dövləti üçün işləməlidir ki, rahat
yaşaya bilsin. Şair Oqtay Rzadan belə
bir sosial-mənəvi yanaşma yan keçməmişdir.
Beş
ildə üç iri vəzifə aldı,
Rəis kürsüsünə qədər ucaldı.
Vəzifə
çox şeyi dəyişdi - təzə,
Doğma qəsəbəni gözündən saldı.
Pillədən-pilləyə
yüksəldikcə o,
Evi də yeridi mərkəzə doğru.
Ay dost,
mexanika dilində buna
Mürəkkəb
hərəkət deyirlər, ya yox?!
Bu məsələdə Qərb və Şərq
düşüncə tərzində özümüzün
davranış psixologiyamıza diqqət yetirməliyik. Oqtay Rzanın on illərdən
bəri aforizmə çevrilib yaşayan misralarını
xatırladım:
Yolum dəbdəbəli
məclisə düşdü,
Bir dayan, yadıma nə isə düşdü.
Bir nəfər
salamı elə verdi ki,
Onun çox hissəsi rəisə düşdü.
Oqtay Rzanm
"səkkizlik"lərində o ideya irəli
sürülür ki: insan yüksək ali
hisslərini itirməməlidir və düşüncə tərzi
bu əxlaqa yönəlməlidir. Bir insanın fəaliyyətini,
iş qabiliyyətini, məsuliyyətini dərindən öyrənmədən,
mahiyyətinə varmadan nəticə çıxarmamalı.
Budur:
Könül
yaralayıb, sim qırma heç vaxt,
Sözünü sakit de, çığırma heç
vaxt.
Bəşər
övladına qiymət verərkən
Tələsik nəticə çıxarma heç vaxt.
Qısa
söhbətini eyləmə uzun,
Çaşıb canavara söyləmə quzu.
Aysberq
böyükdür göründüyündən -
Qalır su altında onda doqquzu.
Oqtay Rza cəmiyyətə yük olanları, xəbisləri,
tamahkarları səkkizliklərində ifşa etməkdən
çəkinmir və niyə də ehtiyatlanmalıdır. Belələrinin
əxlaqi-davranış potensialı
çatışmırsa, yerində otuzdurulmalıdırlar.
Yaxşı ki, poeziya bu missiyadan kənarda durmur:
Bir xəbis
dirilsə hamı mat qalar,
Adam diksindirən söz-söhbət olar.
- Necə?
Cəhənnəmdən qayıdıb gəlib?
Bir xəbis dirilsə müsibət olar.
Oqtay Rza
igidliyi əxlaqi kodeksi poetik səviyyəyə
qaldırır, lap uzaqlardan süzülüb gəldiyinə
işarə edir:
İgidlik
dərsi ol Qorqud elindən,
Gücsüzün, yazığın yapış əlindən.
"Ot
kökü üstündə bitər" kəlamı
Arif adamların düşməz dilindən.
Gərək
fərqlənməsin iş ilə vədə,
Müdrik tövsiyənin əksidir hədə.
Bütöv
kristalın əlamətləri
Sən demə, eynidir zərrəsində də.
Oqtay Rzada ikinci poetik istiqamət təsvir predmetinin elmi
ifadəsidir.
Assosiativ müqayisəsidir. Çünki
onun özü elm insanıdır. Yer səthinin
və Kainat harmoniyasının bilicisidir. Bu
xətt şairin poeziyasında kövrək ovqatla səslənir.
Dostları
evinə çağırır Sokrat,
Hamının ovqatı pisləşir heyhat.
Çünki
sərt, çox acı sözlərdən sonra
Ərinin üstünə su atır arvad.
Qonaqlar
alimə heyrətlə baxır,
Nə pərtdir o, nə də özündən
çıxır.
Deyir ki,
"İldırım çaxırdı bayaq -
İndi görürsünüz, bərk yağış
yağır".
Təbiətin bir qanunauyğunluğunun təəccüb
doğurması Oqtay Rza elmi düşüncə tərzini mənəviyyatla,
onun gözəlliyilə, məzmunu ilə bağlayır və
çox təbii alınır. Şairə görə,
mənəviyyatda acgözlük, hərislik, ifrat nəfs məsələsi
problemə çevrilir, çünki tamah, hərislik ziyan
verir.
Hörməti
heç edər acgözlük, tamah,
Xırda
meyllərdən başlanır günah,
Günah
ucbatından Yer kürəsində
Gündə eşidirik min fəryad, min ah.
Günahın
böyüyü, balacası var,
Günah gizlədənin vicdan yası var.
Aqillər
düzəldib nöqsanı, səhvi -
Heç vaxt cinayəti bağışlamazlar.
Oqtay Rzada
üçüncü poetik istiqamət "səkkizliklər"də
qoyulmuş ideyaların alleqorik şəkildə
açılmasıdır: cansız və canlı şeylər
üzərinə keçirilməsidir.
Xüsusən, "Şam" surətinə tez-tez
müraciət edir şair. Hətta onun uzaq
yaşına gedib çıxır.
Şam
görən neçənci əsrdən bəri,
Şam kimi əridib qərinələri.
İlləri
itkisiz salmayıb yola -
Qalır gövdəsində budaq yerləri.
Fikrim
uzaqlarda şığıyıb gedir,
Üzümə toxunan bahar mehidir.
Şamın
başındakı yamyaşıl çətir -
Yəqin ya qəhrəman, ya da dahidir.
Yaxud, şamı şair
"danışdırır", soruşur:
Şamdan
soruşurlar: - İstəyirsənmi
Minillik
çinarlar, vələslər kimi
Qışda dincələsən - uzansın ömür?
Şam
fıkrə gedərək cavab verdi ki,
-
Heç vaxt qorxutmayıb nə boran, nə çən,
Həmişə yaşılam körpəliyimdən.
Xoşbəxtəm
- meşənin qərib çağında
Bahardan kiçicik nişanəyəm mən.
Yaxud da ağacdələn surəti - maraqlı
müqayisədir.
Heyranam
işinə ağacdələnin,
Döymədən döşünə qalib gələnin.
"Həkim"dir,
"usta"dır, hətta dostudur
Neçə "ev" gözləyən quşun, dələnin.
Necə ki, qar yağır, meşə ağarır.
O, həzin
səsiylə həmdəm çağırır.
Heyranam
işinə ağacdələnin -
Yemini dəmirdən, daşdan çıxarır.
Şair Oqtay Rzanın
yaradıcılığının bir qolu olan "səkkizliklər"
poetik forması və sosial məzmunu ilə insan və onun
amalı, həyat və onun idarə olunması haqqında tam
təsəvvür yaradır. İnsan həyatda
öz yerini görür. Müəllif də
bu proseslərin istiqamətlərini daha yeni, bizə yaxın
yönümdə təsdiq edir ki, bu, ən vacib faktlardan
sayılır.
O.Rzanın səkkizliklərində bəşəri
insanlığa dəvət edən ibrətalma funksiyası təzədir,
təmsillə fikri əlaqəsi təbiidir. Bəllidir ki, tülkü
surəti bu baxımdan "klassikləşmiş"dir və
gəlib XXI əsrə də çıxmışdır - təəssüf!
Bütün
əlamətlərilə, barı,
keçmiş əsrlərdə qoyduğu əlamətlər
olaydı.
Tülkünün
həmişə işi fənadı,
Çünki hiyləgərtək çəkilir
adı.
Sayı
azalan bu şələquyruğun
Məskəni çöl, meşə, heyvanxanadı.
Keçmişdən
min miras, yadigar qalıb,
İmarət, abidə, bürc, divar qalıb.
Dövran
çox vəhşini əhliləşdirib,
Tülkü dəyişmədən, necə var,
qalıb.
Deməli,
zamanın gücü heç də fikirləşdiyimiz kimi də
görünmür, elə məsələlər var, orda
acizdir; bu da gen məsələsidir, xislət mütləqliyidir!
Şairin səkkizliklərində məhəbbət-sevgi
paraleli təbii hisslərin poetik ifadəsidir. Ona görə
bu qənaətə gəlirəm ki, Oqtay Rza şeirində bu
həzin dəyər həmişə poetik təsvirini
tapmışdır. Bu gün "səkkizliklər"ində
də müqəddəs mövzuya qayıdırsa, fılosof
B.Spinoza demişkən: "Hər kəs həmişə
sevdiyini xəyalında görməkdən
xoşlanır". Necə ki:
Xəbərin
olmadan gəlir məhəbbət,
"Ağıllı" məhəbbət, "dəli"
məhəbbət.
Sevən
var - taledən razı, bəxtəvər,
Sevən var - köksünə dağ çəkir həsrət.
Məhəbbət
oxuyur eşqin tarında,
Həzin nəğməsidir nakamların da.
Deyirlər
"Bir dəfə vurulur adam" -
Niyə "ilk məhəbbət" sözü var
onda?
Sual şair üçün heç də ötəri
qoyulmamışdır, cavabını oxucularından istəyir,
elə deyil?
Vaxtilə ölməz şairimiz S.Rüstəm də belə
bir kövrək, həsrətli suala "İlk məhəbbət"
şeirilə cavab vermiş, böyük Habil Əliyev
kamanında səsləndirmişdi: "Sağalmaz yarası
ilk məhəbbətin".
Oqtay Rzanın rəng duyumu və qavraması fəlsəfıdir,
mahiyyətlidir və simvollaşır, çünki maddi-real
dünyanın bir atributudur. Məsələn,
sarı rəngi şeirlərində tez-tez gətirir və
payız rənginə qatışdırır. Olmaya şairin təxəyyülündə bu rəng
estetik funksiyasını ödəyir? Yenə sual!
Cavabını fılosof Ş.Monteskyedə tapmaq istədim:
"O şey ki, faydalıdır - biz ona "yaxşı"
deyirik. O şey ki, faydalanmaq baxımından deyil, sadəcə
baxmaq, seyr etməklə bizdə xoş duyğular oyadır -
ona "gözəl" deyirik". - Düzgün
cavabdırmı? Fikrimcə, sarı rəng
sarılıq, saralmaq, xəzəlləşmək, bir
sözlə, təsvir obyektinin sonuna - məhvinə işarədir
- ideyanı ifadə edirsə belə. Oqtay Rza isə
sarı rəngi yarpaqda görürsə, onu Günəşə
şamil edir:
Niyə yarpaqların rəngi sarıdır?
Çünki yol payızdan qışa sarıdır.
Yəqin
zər şüalı Günəş də göydə
Kiminsə eşqinin yadigarıdır.
Bununla
şair "mütləq ideya" yozumuna gəlib
çıxır və sarı rəngi kövrək təbiət
tərənnümünə gətirir; bununla başqa eyni
ovqatlı şeirilə assosiativ əlaqə yaradır:
Sarı
köynəyini geyinib bağlar,
Meşədə yarpaqlar xəzələ dönüb.
Heyranı
olduğum dilbər qovaqlar
Şalını itirən gözələ dönüb.
Monteskyeyə çıxdıq və filosofla
razılaşdıq.
Mən yuxarıdakı mülahizəmə
qayıdıram: Oqtay Rza istedadı fitrətəndir, içərisindən
qaynaqlanır və təzahür edir. Bunun üçün həmişə
vurğulamışam ki, yaradıcılıqda, xüsusilə
poeziyada yaş senzi son dərəcə şərtidir, bir
şərtlə, duyub yaşayasan, oxucularına dərin
zövq aşılayasan.
Haşiyə çıxardım ki, illər
öncə Oqtay Rzanın yaradıcılığını
araşdırarkən, bu poeziyanın təravətini duyarkən
necə təsirlənmişdimsə - yenə israrımda
qalıram. Axı poeziya sifarişlə yaranmır, şairin qəlb-ürək
pıçıltısıdır...
525-ci qəzet.-2018.-14 dekabr.-S.6.