Azərbaycansayağı Don Kixot

Hər şeydə bir faciəmi var?! Ya bəlkə faciədən hadisələr doğur?! Dünya bir dairə ətrafında fırlandığı üçünmü bütün insanlar oxşar hadisələrin qurbanına çevrilir, ya hadisələr insanları özü seçir?

İstər qərb ədəbiyyatının, istərsə şərq ədəbiyyatının qəhrəmanları eyni hadisələri fərqli şəhərlərdə yaşayırlar. Eyni hadisələr ayrı-ayrı adamların ağuşuna atılır, fərq sadəcə onların həmin hadisələrə münasibətidir. Müxtəlif fərqli münasibətlər yenə dönüb-dolaşır, eyni nəticəylə yekunlaşmalı olur. qədər dolayı yolla getsələr , qəhrəmanların qəlbi eyni döyünür.

Bu yaxınlarda Gənc Tamaşaçılar Teatrının səhnəsində izlədiyim "Don Kixot" tamaşası oyunçuların maraqlı oyun tərzi, rejissor yozumu ilə diqqətimi çəkdi. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır.

Qeyd etmək istərdim ki, bu tamaşada təkcə rejissor yozumu deyil, eyni zamanda, aktyor seçimi ürəyimə "yatdı". Tamaşada Qurban İsmayılov (Don Kixot), Şövqi Hüseynov (Sanço Panso), Mehriban Hüseynova (Aldonsa, Maritomes, Altisidora, Lisandra), Xalidə Şərifova (Alba), Təhminə Məmmədova (Tereza), Elşən Çarhanlı (Nikolas), Elgün Yəhyayev (Pablo, Majordom, II Dustaq), İlham Əsədov (Hersoq) başqaları iştirak edirlər (qeyd: tamaşa 1 saat 45 dəqiqə çəkir).

İlk növbədə onu qeyd etmək yerinə düşər ki, balaca, dar teatr səhnəsində hazırlanmış tamaşaya aktyorlar böyük ürək qoymuşdular (qeyd: mən tamaşadakı bəzi qüsurları, çatışmazlıqları qeyd etmədən, tamaşa barədə sadəcə müsbət cəhətlərdən danışmağı düşünürəm). Rejissorun baş rollara seçdiyi hər iki aktyor - Qurban İsmayılovla Şövqi Hüseynov tamaşaya tamamilə yeni ovqat, maraqlı oyun üslubu bəxş etdilər. Hər iki aktyorun qəhrəmanları daxilən zəngin insanlardır, onlar cəmiyyətdə qayda-qanun yaratmaq, ədaləti bərpa etmək, haqsızlara qarşı üsyan etmək, acizlərə yardım edərək, pisləri dünyadan təmizləmək arzusuyla yanıb-yaxılırlar. Lakin bu mümkündürmü? Cəmiyyət bu cür insanları qəbul etməyə hazırdırmı? Hər kəsmi bu arzuyla yaşayır? Hər kəsin ədalətli dünya yaratmaq kimi xəyalı varmı? Hətta ədalətsizliyin qurbanı olmuş məhkumlar ədalətli dünya haqqında xəyal qururlarmı?

Zənnimcə, rejissorun da tamaşaçıya çatdırmaq istədiyi məhz bu idi. Bütün sıxıntılara, əzab-əziyyətlərə, qorxulara üsyan edən Don Kixot xəyalında sevdiyi xanımın eşqiylə küçələrə düşdüyü halda, insanların yaşadıqları ağrı-acıları, iztirabları görüb, öz arzularının yanında bir ədalətli dünya qurmağı xəyal edir. Yaşadığımız cəmiyyətdə dar, cılız düşüncəli insanların bu cür arzuları qəbul etməsi isə mümkün deyil. Don Kixot - Qurban Qurbanov oynadığı obrazın daxili aləmini bütün üz cizgilərinə kimi tamaşaçıya göstərməyə çalışdı. Aktyorun məğrur duruşu, məzlum, qəmli baxışları, zəif vuran qəlbi, əsən əlləri, bir sözlə, bütün hərəkətləri ədalətli cəmiyyəti yaratmaq üçün hayqırırdı, bağırırdı! Bütün pisliklərə, zülmlərə qəddar insanlara qarşı Don Kixot üsyan edirdi. Hətta Hersoqun məclisində onu ələ salıb, lağa qoyan gənclərə belə onun ürəyi ağrıyır, onlara necəsə kömək etmək istəyir.

Qurban İsmayılovun Don Kixotu məzlum, aciz, əlindən heç bir şey gəlməsə , nəsə etməyə çalışan cahil insandır. Qurban İsmayılov Don Kixotu ürək ağrısı ilə oynayırdı, aktyorun baxışları olduqca məzlumanə, hərəkətləri ürkək, həyəcanlı idi. Müxtəlif insanlar tərəfindən döyülən Don Kixot öz fikirlərindən qətiyyən dönmür, ailəsi tərəfindən həbs olunduğu günədək o, meydanda "at oynadır", bacarmasa da, özünü qəhrəman hesab edir, insanları bütün pisliklərdən qoruyacağına dair söz verir.

Don Kixotun yaxın dostu, qəlb sirdaşı Sanço Panso-Şövqi Hüseynov da tərəf-müqabil kimi olduqca maraqlı oyun tərzi sərgilədi. Aktyorun Sanço Pansosu Don Kixota acıyır, düşdüyü vəziyyətdən onu qurtarmağa, ona yardım etməyə çalışır. Heç bir məqsəd güdmədən Don Kixotu addım-addım izləyən Sanço Panso dostunu dəfələrlə ayıltmağa, xəbərdar etməyə çalışsa da, Don Kixot öz saf düşüncələrindən, təmiz niyyətindən, insani rəftarından vaz keçmir. Sanço Panso da Don Kixot kimi ədalətli dünyada yaşamağı xəyal edir, lakin eyni zamanda da qəbul edir ki, bu, mümkün deyil. Buna baxmayaraq, o, daima Don Kixotu izləyir, onu bütün pisliklərdən pis insanlardan qorumağa çalışır. Şövqi Hüseynovun qəhrəmanı safdır, təmizdir, bütün pis niyyətlərdən xalidir, yalandan uzaq, düzgündür. Aktyor obrazı özünəməxsus boyalarla, maraqlı oyun tərzi ilə tamaşaçılara çatdırır.

Sanço Panso Hersoqun qonaqlıq məclisində gənclərin onu dostunu dolamasını qəlbinə salmır, yaşadığı cəmiyyəti bütün çirkablığı ilə qəbul edir. O deyir ki, əgər bir gün ona hakimiyyət həvalə etsəydilər, o, mütləq yalanla-doğrunu, haqla-nahaqqı ayırardı, qəddarları məhkum edər, məhkumları azad edərdi. Don Kixot kimi xəyal quran Sanço Panso dünyanı olduğu kimi qəbul edir, özünü oda-közə vurmur, bilir ki, onsuz da onun cəfakeşliyinin heç bir faydası olmayacaq.

Rejissor Bəhram Osmanov səhnədə samandan, müxtəlif yeşiklərdən, iplərdən, beldən digər kobud alətlərdən istifadə edib. Bunu bir növ qəhrəmanın dünyası ilə eyniləşdirməyə çalışan rejissor öz fikirlərini mizanlar vasitəsilə tamaşaçıya çatdırmağa çalışır. Bəli, biz çirkin, fəsadlar dolu bir dünyada yaşayırıq bütün bunlar bizi hər yerdə izləyir. Qəhrəmanların tamaşa boyu yıxılaraq samanlığa bulaşması, insanların həyatda çirkinliklərə bulaşdığını bundan qurtulmağın mümkün olmadığına bir işarə idi. Rejissor tamaşanın abu-havasına uyğun mizan vermişdi, aktyorlar da həmin mizandan kənara çıxmadan maraqlı oyun sərgilədilər.

Don Kixotu bacısı qızı öz sevgilisi vasitəsilə evə gətirdiyi səhnədə onlar Don Kixot oxumasın deyə bütün kitabları yandırırlar, evdə bir kitab belə qoymurlar qala. Don Kixotun xəyal aləmindəki qəhrəmanlar, ədalətli dünya məhz kitablarda oxuduğu qəhrəmanların xəyallarından doğaraq onun beyninə ötürülmüşdü. O, kitablarda oxuduğu düzgün, təmiz həyatı yaşadığı cəmiyyətə köçürtməyə çalışırdı. Ancaq Don Kixota o imkanı vermirlər, hətta kitablardakı qəhrəmanları belə yandıraraq, tüstüsünü havaya "ötürürlər". Bundan sonra Don Kixot kitablardakı qəhrəmanlardan da "məhrum olur". Don Kixot kitabları tapa bilmədikdə az qalır dəli olsun, havalansın, onun özünəməxsus kitablarının yandırılması onu dəhşətə gətirir bu səhnələri Qurban İsmayılov böyük ürək ağrısı ilə oynayır. Don Kixotun acizliyini, düşdüyü vəziyyəti aktyor dəhşətdən bərəlmiş baxışları, qəzəbdən coşan vücudu ilə tamaşaçıya çatdırır.

Tamaşada Elgün Yəhyayevin (Pablo, Majordom, II Dustaq) oyun tərzi diqqətdən kənar qalmadı. Aktyorun özünəməxsus üslubu tamaşaçıya xoş ovqat bəxş etdi. Bütün hərəkətləri, jest mimikaları gülüş doğuran Elgün Yəhyayev tamaşada bir neçə obraz yaratsa da, hər biri digərindən fərqli, maraqlı baxımlı idi.

Bundan başqa, tamaşada Elgün Yəhyayev kimi bir neçə rol oynayan Mehriban Hüseynova (Aldonsa, Maritomes, Altisidora, Lisandra) da maraqlı oyun tərzi ilə yadda qaldı. Aktrisanın gülüşü, qarşısındakı insanı ələ salması, onu dolaması olduqca sadə, inandırıcı maraqlı idi. Onun bir tamaşada müxtəlif obrazlarla çıxışı heç sıxıcı olmadı, dörd obrazın oxşar xarakterli insanlar olması Mehriban Hüseynovaya onları rahatlıqla oynamağa kömək etdi.

Tamaşada bu dörd aktyorun oyun tərzi diqqətimi özünə çəkdiyi üçün sadəcə onlardan yazdım. Qeyd etmək istərdim ki, tamaşa kiçicik səhnədə oynanılsa da, istər rejissor yozumu, istərsə aktyor oyunu alqışalayiqdir.

 

Tamilla ƏLİYEVA

Teatrşünas

525-ci qəzet  2018.-  14 dekabr.- S.7.