Aşıq sənətimizin ulu ustadı

Dədə Şəmşir XX əsr Azərbaycan aşıq poeziyasının ən tanınmış simalarındandır. Onun həyatı xalqının həyatına bağlı olub, öz həyatını elin həyatından kənarda təsəvvür etməyib.

Bu cəhətdən Şəmşirin şəxsi-mənəvi dünyası, bioqrafiyası böyük maraq doğurub:

 

Sevgi-məhəbbətin pərvanəsiyəm,

Bir ala gözlünün divanəsiyəm,

Şəmşirəm, Qurbanın nişanəsiyəm,

Böyük aşıqların dəftəriyəm mən.

 

Dədə Şəmşir 1893-cü il mart ayının 15-də, yurdumuzun dilbər guşələrindən biri olan Kəlbəcər rayonunun Dəmirçidam kəndində el sənətkarı Aşıq Qurbanın ailəsində anadan olmuşdu:

 

Min səkkiz yüz doxsan uçdə anadan,

Olmuşam, bu qədər yaşım var mənim.

Murov, Qoşqar, Kəpəz, Dəlidağ,

Məskənim olubdu bu dağlar mənim.

 

1903-cü ildə Kəlbəcərin  Ağdaban kəndinə köçüb, orada əbədilik  yurd salmışdı.

Dədə Şəmşir Göyçə mahalının Sarıyaqub kəndində anadan olan, ulu babası Miskin Abdal nəslindəndir. Şəmşir poeziyasının ikinci qaynağı  isə atası Ağdabanlı Qurbanın öz yaradıcılığı, erkən tanış olduğu klassik ədəbiyyatımız xalq  poeziyamızdır:

 

Eşit bu kəlməmi, süxəndan ata,

Ey ağıl dəryası, ey ümman ata.

Ruhuna olmuşam duaxan, ata,

Bu Şəmşirdi - yadigarı Qurbanın.

 

Azərbaycan fars dillərini mükəmməl bilən, eləcə Şərq klassiklərinin şeirlərini, mütaliə edən Qurban, dövrünün sənətkarları arasında böyük nüfuz sahibi idi. Xüsusilə Aşıq Ələsgər onun savadına, bilik bacarığına yüksək qiymət verirdi. Bir-birlərinə yaxın dost olan bu el sənətkarları tez-tez görüşürdülər. Görüş məclisləri çox zaman Ağdaban kəndindəki Təkarmudun dibindən çıxan bulağın üstündə olurdu. Sonralar bu "Qurban bulağı" məclisi kimi formalaşdı. Aşıq Şəmşirin ilk ustadları da məhz atası Aşıq Qurban Aşıq Ələsgər olub:

 

Böyük tacidarım, kamil sənətkar,

Sənsən mənim pak ustadım, Ələsgər.

Yadımdan çıxarsa yazdığın əşar,

Qopar o gün qiyamatım, Ələsgər.

 

Aşıq Şəmşir sonradan onların yaratdığı "Qurban bulağı" ədəbi məclisinin gənc fəal üzvünə çevrilmişdi. Tez bir zamanda ozan-aşıq sənətində "Dədə" adını qazanmiş bu ifaçı aşıq, həm geniş yaradıcılıq imkanlarına malik şair kimi xalq içərisində, ədəbi mühitdə şan-şöhrət sahibi olmuşdu. Dədə Şəmşirin ilk kitabı 1959-cu ildə "Akademiya" nəşriyyatı tərəfindən çap edilib. Sonralar müəyyən fasilələrlə "Qoşmalar", "Seçilmiş əsərləri", "Dağ havası", "Şeirlər" kitabları çıxıb. "Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir" (Osman Sarıvəlli), "Saxla izimi dünya" (Məmməd Aslan) "Öyüdlər" (Məhərrəm Qasımlı), "Dədə Şəmşir yaddaşlarda" (Qənbər Şəmşiroğlu), "Axtarıb Şəmşiri görmək istəsən" (Qənbər Şəmşiroğlu) başqa kitablar ustadın yaradıcılıq irsindən bəhs edən dəyərli nəşrlərdir.

Musiqişünas Əminə Eldarova ilk dəfə Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun Qızıl Fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır.

Dədə Şəmşirin Çayqovuşanda öz əli ilə tikib ucaltdığı evin qapısını açanda "Yeddiqardaş" dağının beşinci zirvəsi aydın görünürdü. O, buranı çoxdan son mənzil üçün gözaltı etmişdi. Dədə Şəmşir 1980-ci ildə dünyasını dəyişəndə vəsiyyətinə görə  burada dəfn olunmuşdu. Oğlu Qənbər Şəmşiroğlu onun xatirəsinə başqa şeirlərlə bərabər, bu nisgilli misraları da qələmə alıb:

Qaldın zirvəsində "Yeddi qardaş"ın,

İndi düyünlənib çatılır qaşın.

Saçın qapqaraydı - ağardı başın,

Səni tərk elədik, qərib qalmısan...

 

Dədə Şəmşir saz-söz sənəti ilə yanaşı, həm 1927-ci ildə ailə qurduğu, sonralar onunla 53 il ömür sürən  sevimli Güllüsünə dərin hisslər bəsləyən həyat yoldaşı idi:

 

Sən ey güldən gözəl, alagöz pərim,

Gözlərin cənnəti - rizvana dəyər.

Mənim fikrim, zikrim, dildə əzbərim,

Bir tərifin neçə dastana dəyər...

 

Saz-söz sənətinin inkişafındakı böyük xidmətlərinə görə 1964-cü ildə, anadan olmasının 70 illiyi münasibətilə Aşıq Şəmşir Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Bundan başqa, "Şərəf nişanı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilib. 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Ulu öndər Heydər Əliyev Dədə Şəmşirin 110 illik yubileyinin ölkəmizdə keçirilməsi haqqında Sərəncam imzalayaraq onun irsini yüksək qiymətləndirmişdi: "Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır. Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şeirinin ən müxtəlif formalarında gözəl sənət nümunələri yaratmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir duyğularını yüksək sənətkarlıqla ifadə etmişdir. Şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, Vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir. Ustad aşığın yaradıcılığı öz qaynağını xalqımızın milli-mənəvi dəyərlərini tərənnüm edən zəngin saz söz xəzinəsindən, klassik sənətkarlarımızın bədii irsindən alır".

Sərəncamla Göygöl rayonundakı yeddiillik uşaq musiqi məktəbinə rayonda küçələrin birinə Aşıq Şəmşirin adı verildi, həmçinin, həmin rayonda büstü ucaldıldı.

15 il sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında 2 aprel 2018-ci il tarixli sərəncam imzaladı ki, bu da Aşıq Şəmşir ocağına, bütövlükdə isə Azərbaycan aşıq sənətinə göstərilən diqqət qayğının bariz nümunəsidir. Bu sərəncama uyğun olaraq respublikamızın şəhər və rayonlarında silsilə tədbirlər keçirilir. Qazax rayonunun mərkəzində Aşıq Şəmşirin 125 illik yubleyi ilə bağlı Dədə Şəmşirin və Dədə Ələsgərin büstü ucaldılıb.

Bugünlərdə Azərbaycan Aşıqlar Birliyinin və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Dədə Şəmşirin  anadan olmasının 125 illiyi münasibətilə "Dədə Şəmşir ərməğanı" kitabı və sənətkarın səs yazılarından ibarət diski işıq üzü gördü. Bu da  ustadın yubleyinə böyük bir töhfədir.

Rübabə ŞİRİNOVA

AMEA Əlyazmalar İnstitutunun əməkdaşı, dosent

525-ci qəzet  2018.-  14 dekabr.- S.7.