“Azərbaycanı - onun
insanlarını, mədəniyyətini çox sevirəm”
“AZƏRBAYCANLILARIN ÖZ ADƏT-ƏNƏNƏLƏRİNƏ
BAĞLILIĞI MƏNİ ÇOX TƏSİRLƏNDİRDİ”
Artıq rahat nəfəs ala bilərəm. Bütün
maneələr geridə qalıb. Budur, qarşımda
dayanıb: Zülfü Livaneli - musiqiçi, ssenarist, rejissor,
siyasətçi və yazıçı - hamısı birində
böyük bir insan...
Danışa-danışa, birlikdə pilləkənlərlə
İstanbulun Ulus səmtində yerləşən evinə
qalxırıq. Yağışdan islanmış rəngli
çətirimi alır, “Nə gözəl şəmsiyən
var, cıvıl-cıvıl” deyərək, ehmalca yerə
qoyur. İçəriyə dəvət
edir. Hər tərəfi kitabla dolu evin
qoxusu, şüşəni dayanmadan döyəcləyən
yağışın səsi Livanelinin təbəssümünə
qarışaraq ecazkar harmoniya yaradır.
- Qəhvə
içək?
- Olar.
- Sən
keç istədiyin yerdə əyləş, mən
hazırlayıb gətirim.
- Köməyimə
ehtiyacınız varsa, gəlim?!
Gülür, təşəkkür edib mətbəxtə
keçir.
Otağın
pəncərəsindən “Boğaz”a
açılan mənzərəni seyr edirəm. Üç gün sakit yağan yağış hiddətlə,
var gücü ilə yaşıllıqları döyəcləyir.
Gözüm həyətdəki iki böyük,
qara itə sataşır. Qəzəblə
tökən yağış heç veclərinə də
deyil - dayanmadan bir-biri ilə oynayırlar. Mətbəxdən
gələn taqqıltının səsinə arxaya
çevrilib, otağın divarından asılmış rəsm
əsərlərini, hər tərəfdən mənə tərəf
boylanan qalaq-qalaq yığılmış kitablara nəzər
yetirirəm. Bir də görürəm,
Livaneli gülə-gülə gəlir.
- Qəhvə
dəmləyəni işə sala bilmədim. Belə
işləri heç bacarmıram.
- İstəyirsiniz mən həll edim?
- Deyəsən,
xarab elədim, eybi yox, qalsın. Məcburən
qəhvəsiz davam edəcəyik (gülür).
MEHRİBAN
ƏLİYEVANIN HƏDİYYƏSİ, RƏŞİD
BEHBUDOV SEVGİSİ VƏ QUBA
Müsahibədən əvvəl xeyli söhbət
edirik. Evə daxil olandan bəri artıq neçənci dəfədir,
baxışlarım divardan asılmış, insanı maqnit
kimi özünə çəkən bir əsərə zillənir.
Deyəsən, Livaneli də bunu hiss edir,
“Qubadır” deyir. Təəccüblə nəzərimi
tablodan çəkib, sevinclə gözümü gözlərinə
dikirəm. Davam edir: “Bu əsər mənə hörmətli
Mehriban xanım Əliyevanın hədiyyəsidir! Çox bəyəndiyim tablodur!”
- Azərbaycana
nə vaxt gəlmişdiniz ki?
- Azərbaycan
çox sevdiyim ölkədir. İnsanlarını,
mədəniyyətini çox sevirəm. Hər
zaman musiqisini, ədəbiyyatını,
kültürünü, sənətə olan
düşkünlüyünü heyranlıqla izlədiyim məmləkətdir.
Hələ illər əvvəl uşaq olanda Rəşid
Behbudovun konsertlərinə gedirdim. O vaxtlar Ankaraya gəlirdi.
O, əsrarəngiz sənətçi idi. Uşaqlıqdan bəri
mənim bir Azərbaycan marağım var. Daha sonra Zeynəb
Xanlarova ilə tanış olduq. Zamanla bu tanışlıq dostluğa çevrildi.
Bura tez-tez gəlirdi,
görüşürdük.
Sonra hörmətli Mehriban Əliyeva ilə birlikdə
UNESCO-nun xoşməramlı səfiri olduq. Qurumun tədbirlərində
iştirak edirdik. Elə bundan sonra 2009-cu
ildə Azərbaycan ziyarətimiz baş tutdu. Çox gözəl səfər idi. Bakıda Şəhidlər xiyabanına, Qobustana, Atəşgah
məbədinə getdik. Muğam mərkəzinin
təməlatma mərasimində iştirak etdik. Hətta oranın təməlini Prezident İlham Əliyevlə
bərabər atdıq deyə bilərəm. Ordakı bütün dostlara sizin vasitənizlə
salamlar və sevgilərimi çatdırıram.
- Ölkəmizdə
sizi düşündürən və təsirləndirən nələrlə
qarşılaşdınız?
- Azərbaycan
modern ölkədir. Amma bununla belə, ölkənizin
öz mədəniyyətinə, adət-ənənələrinə
bağlılığı məni çox təsirləndirdi.
Türkiyə son illər daha çox Qərbə
açıldı və oraları daha çox təqlid etməyə
başladı. Bu gün bizdə insanlar
Avropanı, xüsusilə Amerikanı yamsılamaqla məşğuldur.
Sizdə isə bunu görmədim,
keçmişi ilə öyünən, onunla qürur duyan və
o adət-ənənənin üzərində əsən,
muğamını uca tutan, irsinə, kökünə
bağlı olan bir ölkə müşahidə etdim. Heç yadımdan çıxmır, orada çox
gözəl məkanda sənətçilər bizə ənənəvi
mahnı ziyafəti verdilər. Musiqi
dünyasının ən böyük simalarından olan
Abdulqadir Marağidən parçalar çaldılar. Buna bayıldım. Səfər ərəfəsində
prezident və xanımı ilə Bakıda gəzdik. Xanım Əliyeva bizi qonaq kimi çox yüksək
səviyyədə qəbul elədi. UNESCO
təmsilçiləri kimi səfərdən çox məmnun
qaldıq. Hamımız Azərbaycandan
heyranlıqla geri döndük. Çünki
dediyim kimi, sən öz mədəniyyətinə dəyər
verməsən, başqası da dəyər verməz. Ona görə də sən özündən
başqası olmağa çalışmayacaqsan ki,
özündən nəsə çıxarasan. Azərbaycan bu məsələdə nümunədir
və Türkiyəyə də örnək olmalıdır.
- Romanlar,
filmlər, albomlar, musiqilər... Bir ömrə bu qədər
iş necə sığdı?
-
Düzü. heç mən özüm də
bilmirəm. Bunların hamısı deyəsən,
bir ruh halıdır. Amma başlanğıcdan,
uşaqlıqdan özümü hazırladığım
iş yazmaq idi. Yazar olmaq üçün
çoxlu ədəbiyyat oxuyaraq özümü
yetişdirirdim. Çünki niyyətim bu
idi. Amma 1971-ci ildə Türkiyədə “askeri darbe” - hərbi
çevriliş baş verdi. O
çevrilişdən sonra Türkiyədə bir çox
oxucu və yazıçı heç bir günahı olmadan həbsxanalara
atıldı. Bəzi tələbə yoldaşlarımız
öldürüldü, bəziləri edam
edildi. Onlarla bağlı bir çox
parçalar bəstələdim. Musiqi ilə
həvəskar kimi maraqlanırdım. Lakin
həmin parçalar çox məhşurlaşdı, sanki o
xuntaya qarşı xalqın, demokratiyanın səsinə
çevrildi. Beləcə, musiqiyə
bağlılığım daha da artdı və sonra əl
çəkə bilmədim. Hər kəs yeni val, yeni bəstə, yeni orkestrovka istədi. Bir tərəfdən də romanlarımı
yazırdım. Sonra musiqi yazmağı
azaldıb romanlara daha çox vaxt ayırmağa
başladım. Gündəlik həyatım
onsuz da düşünmək və yazmaqla keçir. Əvvəl daha çox bəstələyirdim, indi
azalıb. Sənətim mənim həyatımdır.
Bunun xaricində həyatım yox kimidir.
FİLM
ÇƏKMƏYƏ, MUSİQİ İLƏ MƏŞĞUL
OLMAĞA SON - O SƏHİFƏ QAPANDI...
-
Çoxdandır yeni mahnılarınızı eşitmirik.
Roman yazmaq çox vaxt aldığı üçün bəstələrə
ara vermisiniz?
- Musiqiyə ara verdim, deməzdim. Deyəsən, bir nöqtədən sonra son qoydum. Baxın, mən 70-ci illərdə tanınmağa başladım. Albomlar buraxdım. İndi o illəri düşünün, 80-ci illərdə də belə davam etdim, musiqilərim reytinqlərdə yenə birinci idi. Otuzdan çox albom çıxardım, mindən çox konsert verdim, əlliyə yaxın filmə musiqi bəstələdim. İçlərində “Yol”, “Sürü” kimi filmlər, bundan başqa, Türkan Şorayın, Yılmaz Güneyin filmləri də vardı. Özüm filmlər çəkdim, rejissorluq etdim. 80-ci illərdə də eyni surətlə davam edirdim. Sevgi seli, xalqın marağı, insanların rəğbəti ta ilk gündən 2010-cu ilə qədər belə davam etdi. Ən sonunda içərilərində Sezen Aksu, Sıla, Candan Erçetinin və digər dostların olduğu əlliyə yaxın sənətçi toplandı və mənə 3 CD-lik “Əllinci ilə ərməğan” adlı əlli bəstəmdən ibarət albom çıxartdılar.
- Buna təkrarçılıqdan yorulmaq demək olarmı?
- “Davamlı səhnədə olacağam” deyə qayda yoxdur. Onsuz da insanlarla içimin mahnısını paylaşdım. İndi sadəcə, piano suitləri yazıram. Onu dünyanın müxtəlif millətlərinə məxsus əcnəbilərə verirəm, onlar ifa edirlər. Bunun xaricində musiqi ilə məşğul olmur, konsert vermirəm. Dayandırmışam. Hə, özümü təkrarladığımı hiss etdim. Hər il burada açıq hava teatrına, ya da antik teatra gedirik, yenə anşlaq. Hamımız birlikdə “Yiğidim, Aslanım”lar, “Leylim Ley”lər və digər mahnıları söyləyirik. Bu, təkrarçılıqdır, yenilik yoxdur... Mütəmadi olaraq keçmişi anmağa bənzəyir. O qədər çox konsert tələb edirlər ki... İnsanların ehtiyacı var, bilirəm. Amma özümü təkrarladığım heç nə məni təmin etmir.
1997-ci ildə hippodromda Türkiyə tarixində ən böyük konserti təşkil elədik. Beş yüz min nəfərdən artıq tamaşaçı qatılmışdı. İndi siz deyin, beş yüz mindən çox insana konsert verdikdən sonra, musiqi aləmi üçün bundan artıq nə edim?
- Son
konsertiniz nə vaxt olub?
- Son
konsertim İrlandiyanın musiqi qrupu olan “U2” ilə birlikdə
oldu. Qrupun solisti Bono zəng elədi ki, bərabər
səhnəyə çıxaq, onu qıra bilmədim,
çıxdım. Son səhnəyə
çıxışım Bono ilə bərabər oldu.
- Yəni
musiqi bitdi, həyat hekayələri başladı?
-
Danışılası həyat hekayələri çoxdur. Həm də musiqi bəstələməklə həyat
hekayələri yazmaq fəqli sahələrdir. Musiqi ilə duyğuları ifadə edirsən,
daxilindəki hissləri üzə çıxarırsan və
başqalarının içindəki eşq, darıxmaq, həsrət,
vətən duyğularını qabardırsan. Roman yazmaq isə bambaşqadır. Düşüncələri və həyat hekayələri
ancaq ədəbiyyat yolu ilə çatdıra bilərsən.
Bunu mahnı ilə izah etmək çox çətindir.
Yenə deyirəm, danışılası
çox həyat hekayələri var. İnsanlarla
paylaşılası fikirlərimi hələ bitirməmişəm.
Dolayısı ilə romanlarla indi həqiqətən
yeniliklər ərsəyə gətirirəm. Musiqidə nə lazım idisə, etdim. Əlli
il bəstələdiyim musiqiləri
insanlarla, dünya ilə paylaşdım. Sonda
davam etmək lazım deyil, təqaüdə
çıxıb oturmaq lazımdır. Roman
yazmaq məni çox həyəcanlandırır. Məni həyəcanlandırmayan işi isə əsla
görmürəm. Mən həyatda
heç vaxt müvəffəqiyyət, pul, digər belə
şeylər üçün çalışmadım.
Hər zaman yalnız içimdən gələni
etdim.
- “Vida”, “Şahmaran”, “Sis”, “Yer demir, göy baxır” kimi
yaddaqalan filmlər çəkdiniz. İndi kino sahəsində
də susqunluğunuzu görürük. Bu
susqunluğunuza müvəqqəti fasilə deyə bilərikmi?
Yəni kinoya haçansa bir də
qayıtmağınız mümkündürmü, yoxsa musiqi
kimi ona da son qoydunuz?
- Yox,
müvəqqəti deyil, musiqi kimi kino sahəsini də
buraxdım. Bundan sonra kinoya dönmək niyyətim
yoxdur. Həmişə
düşünmüşəm ki, həyat mənə bir dəfə
verilib və bu həyat bir gün ölümlə sonlanacaq.
Ona görə də ölməzdən əvvəl
içimdən gələni, etmək istədiyim işləri
görməliyəm. Ruhum azaddır. Yəni insanlardan qorxmuram. Müvəffəqiyyətli
olmusan, hər kəs səni sevir, təqdir edir, hətta zirvədəsən,
amma qalxıb özünü bambaşqa sənət tərzinə
atırsan. Bu, özünü
uçurumdan atmaq kimidir. Bir sahədən
başqa sahəyə keçəndə əvvəlcədən
uğur qazanacağına təminat yoxdur. Film
çəkməyə başladım, alınmaya bilərdi,
amma yaxşı oldu. Başqa işlər
də onun kimi. Həm də mən
bunları “Baxın, nə qədər parlaq insanam,
hamısını edə bilirəm” deyə yox,
özümü müxtəlif yönlərdə ifadə edə
bildiyim üçün edirəm. Filmin
ayrı, romanın ayrı, musiqinin ayrı dili var. Bu işlərin
hər birinə başlayanda məqsədim yalnız
özümü ifadə etmək olub.
- Amma əl
atdığınız hər bir sahədə
gördüyünüz işlər işım-işım
işıldayır...
- Bəli,
əslində, elə oldu. Niyəsini isə
bilmirəm. Bununla bağlı
özümü təqdir etmək fikrim də yoxdur. Musiqidə bu qədər uğur qazanmış bir
insanın romanlarının ölkədə ən çox
satılan kitablar halına gəlməsi, böyük oxucu
kütləsi qazanması gözəl hissdir. Mənə məxsus “Doğan Yayın Evi”ndə son
altı ildə çıxan kitablarımın sayı
üç milyona çatıb. Bu,
Türkiyə üçün yüksək göstəricidir.
“BİR
GÜN “RUSİYADA KİTABINI İMZALATMAQ ÜÇÜN
UZUN SIRALAR YARANACAQ” DESƏLƏR, GÜLƏRDİM”
-
Kitablarınız dayanmadan dünyanın müxtəlif dillərinə
tərcümə edilir. Hətta bu yaxınlarda
Rusiyada keçirilən imza mərasiminizi izlədim. O
necə izdiham idi? Xoşbəxt görünürdünüz!
-
Kitablarım Çində, Amerikada, Koreyada çap edilir. Son dəfə Rusiyada “Qardaşımın hekayəsi”
çıxdı. “Qızıl meydan”da
imza gününə getdim. Nə vaxtsa belə
bir şeyin baş verəcəyi ağlıma da gəlməzdi.
Bir zamanlar Türkiyədə “Qızıl
meydan” desəydiniz, birbaşa həbsə gedərdiniz,
“SSRİ” sözünü dilinizə gətirsəniz, dəmir
barmaqlıqlar arxasına atılardınız. Ora gedəndə bu barədə çox
düşündüm. Öz-özümə
“Bu nə taledir” deyə sual verdim. Kremlin
önündə, “Qızıl meydan”da çadırlar
qurulmuşdu, kitab sərgisi təşkil olunmuşdu, mən
orada çıxış edirdim, yüzlərlə
rusiyalı isə qarşımda dayanıb məni dinləyirdi.
İmza mərhələsində isə oxucu
sırasının harada bitdiyi görünmürdü. Yəni həyat çox qəribədir. Gözləmədiyiniz şeylər olur. Dayanmadan sürprizlər baş verir. Gəncliyimdə desəydilər ki, bir zaman
“Qızıl meydan”da imza günü keçirəcəksən
və izdiham olacaq, qətiyyən inanmazdım.
-
Başqa kitablar da tərcümə edildi, yoxsa hələ ki təkcə
“Qardaşımın hekayəsi”dir?
- “Qardaşımın hekayəsi” çap edildi və
çox sevildi. Sonra “Mutluluq” da çıxdı. Növbədə “Serenad” var.
“ŞƏFQƏTİN
HƏDDƏN ARTIQ ÇOX OLMASI FACİƏYƏ APARIR”
- “Qardaşımın hekayəsi”ndən bərk təsirləndim. Həmin
qucaqlamaq makinası həqiqətənmi var?
- Əlbəttə, var. Qucaqlamaq makinasını icad edən
insan amerikalıdır. Bəzi insanların psixoloji
narahatlığı olduğu üçün
başqasına toxuna bilmirlər. Bəzilərinin
isə toxunmağa kimsəsi yoxdur. İnsanlar
üçün sarılmaq bir ehtiyacdır. Təkcə insanlar yox, heyvanlar üçün də
belədir. Onlar da bir-birinə, balalarına,
sahiblərinə sarılırlar. Əslində,
bu ehtiyac Qərb toplumunun faciəsidir. Təsəvvür
edin, insanın qucaqlayacaq anası, sevgilisi, yaxını yoxdur.
Fikirləşirsən ki, bu, necə həyatdır?
Ona görə də belə bir makina
yaradılıb. Qolları yumşaqdır,
qucaqlanmağın dərəcəsini içəridən istədiyin
kimi tənzimləyə bilirsən. Hər
gün ora girib özünü qucaqladıb yatan o qədər
insan var ki. Bu, insanın özgələşməsinin,
biganələşməsinin ən son nöqtəsidir.
- Amma əsərdə
makina adama sarılır və sonda onu öldürür. Həqiqətənmi bərk qucaqlamaq, hədsiz şəfqət
adamı öldürür?
- Hədsiz
şəfqətdən ölənlər, bir də ruhu şikəst
qalanlar var. Həyatda bir tarazlıq var. Bəzən yerindən
qalxıb su içməyə belə güc tapmırsan. Bu,
sevgidə də belədir, digər münasibətlərdə
də... Şəfqətin həddən
artıq çox olması faciəyə aparır.
“DİLİNİZDƏ
“QAÇQIN” SÖZÜ VAR, BU KƏLMƏYƏ HEYRANAM... BİR
ROMANIMA VERƏCƏM BU ADI”
- “Huzursuzluq” romanı çox ağrılıdır. Yazarkən nə hiss
edirdiniz?
- “Huzursuzluq” ağrı çəkə-çəkə
yazdığım romandır. Ona görə də
yazarkən buna diqqət etməyə və araya məsafə
qoymağa çalışdım. Çünki
hekayəni yazarkən yaşadığım hissləri bəlli
etsəm, melodram olardı. Halbuki bu, bir faciədir.
Faciə ilə dramı ayırd edə bilmək
çox vacibdir. Faciələrdə
insanlar ağlamır, acı hadisələri seyr edirlər, məşhur
yunan əfsanəsi Edip kimi. Varlıq-yoxluq,
həyat-ölüm kimi mövzular insanları
ürküdür. Aşağı səviyyədəki
yazıçılar dayanmadan duyğuları təhrik etməyə
çalışırlar. Bu, bir az
ara mahnılarına bənzəyir. Mənim
hadisələrə baxışım elə deyil. Nə qədər üzülsəm də, “Huzursuzluq”dakı
hekayəni soyuqqanlı danışırdım. Şərt budur, elə təsiri də o qədər
güclüdür.
-
Oxucuların çoxu romanın sonluğundan razı
qalmayıb. Düşünürlər ki,
yarımçıqdır. Bəs, həqiqət
nədir?
- Sonu
harasa bağlamaq çox asandır. Qəhrəmanları
evləndirə bilərəm. Ya da buna bənzər
nəsə edib, oxucunu daha da məmnun etmək olar. Amma bizim danışdığımız faciədir,
axı. Sizdə çox gözəl bir söz var:
qaçqınlar. Mənə görə,
“qaçqın” qədər gözəl söz yoxdur. Yeri gəlmişkən, bir romanıma bu adı vermək
istəyirəm. Çünki bu kəlmə
bizim dilimizdə yoxdur. Həddindən
artıq gözəl sözdür. Onu da
deyim ki, mənə dərindən təsir edən xeyli
sözləriniz var. Diliniz çox zəngindir. “Huzursuzluq”da məhz qaçqın həyatını
göstərmək istəmişəm. Əslində, bu
an bir son yoxdur, eyni vəziyyət davam edir.
Qərb də qaçqınları istəmir.
Elə romanın sonunda Avropaya gedərkən Ədirnə
yolunda, sisin, dumanın içində bir tarlada qalırlar.
Keçirdikləri boşluq duyğusunu orada
yaratmaq istəmişəm. Hekayə bitmir.
Orada “mutlu son” yaratsam, böyük
haqsızlıq olardı.
- Onsuz da,
dünyada hər şeyin naməlum olduğunu demişdiniz...
- Bir yerə
calanan sonluqlar Hollivud filmlərinin formuludur. Çox
faciəvi bir hekayə də danışsalar, sonunu mütləq
yaxşı bitirmək, izləyicini xoşnud edərək
yola salmaq istəyirlər. Həmin filmlər
gəlirlərə hesablanır. Yazıçının
işi bu deyil. İnsanların kitabı
“xoşbəxt son” ilə bitirməkləri üçün
heç nə edə bilmərəm.
- “Serenad” içərisində sevgi, siyasət,
müharibə, sürgün, ayrılıq, ölüm olan dərin
romandır. Burada da hər şeyin üstündən xətt
çəkib, insanı ucaltmısınız.
- “Serenad” çox maraqla qarşılandı. İnsanlar onu
oxuduqca oxuyur. Çox böyük oxucu
kütləsi qazandı. Ən çox məktub,
e-mail aldığım romanlarımdandır. Sosial mediada bəzən bu haqda yazırlar, oxuyuram.
“Biz bu kitabı bitirdikdən sonra başqa nə oxuyaq?” deyib,
bir müddət kitab oxuya bilməyəcək vəziyyətə
düşənlər var. Eyni hal Almaniyada almanca çap ediləndə
də baş verdi. Başqa
ölkələrdə də eyni təsir gücü
yaratdı. Çünki əsərdə
faciənin içində böyük eşqdən bəhs
edilir. Orada vacib olan sevgidir. Onsuz da mənim bütün romanlarımda insana insan
olaraq baxılır. Kitabda
yazıldığı kimi, uniformalar, bayraqlar, sərhədlər
- hamısı əhəmiyyətsizdir. İnsan
- insandır. “Huzursuzluq”da “Mən bir
insandım, abla” deyir. Əslində, mənim
bütün yaradıcılığımda belədir - insana
insan kimi baxmaq. Bu gün həyatda o qədər gülməli
şeylər olur ki... Məsələn, bizim
Egedə Ayvalık rayonu var. Qarşı tərəfində isə
Midilli yerləşir. Aralarındakı məsafə
azdır. Yaxud da Kuşadası, Samos... Biri
Yunanıstana aiddir, o biri Türkiyəyə. Adam bir kilometr bəridə doğulsa, türk milliyətçisi
olur, “Yunanlara lənət olsun” deyir və onlardan bir insan belə
görsə, öldürmək istəyir. Bir kilometr o tərəfdə doğulsa, bu səfər
yunan milliyyətçisi olur, türkə nifrət edir. Bunlar əslində, gülməli şeylərdir (gülür).
- İnsan daha dəyərlidir.
- Əlbəttə!.. İnsan - insandır.
-
Doğrudanmı həyatın iki gerçəyi var?
- “Serenad” romanındakı sevgi insanları çox təsirləndirdi. Professor
Maksimilian Nadyaya qarşı dərin hisslər bəsləyir.
Bu hekayəni isə bizə həyatında
heç vaxt o cür sevgi görməyən, yaşamayan Maya
danışır. Artıq modern dünyada
belə sevgiyə rast gəlmək olmur. Varsa,
bu, çox azdır. Köhnə eşqlər
başqadır. Maya 36 yaşında çətin
şərtlər altında İstanbulda işləyir. Evlənib sonra boşanıb, bir uşaq
anasıdır. Özünü professorun
Nadyaya olan sevgisinə həsr edir. Ən axırda
mövzu həyatın iki gerçəyinə gəlib
çıxır: Eşq və Ölüm!
İnsanlığın iki böyük mövzusu var əslində:
Eşq və Ölüm! Dünyada bundan
böyük mövzu yoxdur.
“MƏN TƏKCƏ
ÖZ DÜŞÜNCƏLƏRİMDƏN İBARƏTƏM”
DEMƏK OLMAZ”
- Kitabda bəzi
məqamlar var, onu ancaq həmin anı yaşayan
qadınların bilməsi mümkündür. Romanı
qadın ruhuna bürünərək
yazdığınızı deyə bilərikmi?
- Mən
o kitabı qadın kimi, qadın səsi ilə yazdım. Əslində, çox maraqlıdır. Bununla bağlı mənə çox suallar verildi.
Ümumiyyətlə, yazıçı sadəcə
özünü yazmamalıdır, ünsiyyətdə
olduğu bütün insanlarla empatiya qurub, ruhlarının
içərisinə girib, onların gözü ilə
dünyanı görə bilməlidir. Yoxsa,
sadəcə özünü yazmaqla yazıçı olmaq
mümkün deyil. Bunu qəbul etmirəm.
Qadın oxucuların çox maraqlandığı, həmişə
soruşduğu bir epizod var orada: Maya axşam bir yerə dəvət
edilir, hazırlaşmaq üçün gözəllik mərkəzinə
üz tutur. Usta üz cizgilərini önə
çıxarmaq üçün saçlarını
yuxarıdan toplayır. İlk dəfə
bu cür saç düzümü yığdıran Maya aynaya
baxır, “Çox çılpaq göründüm,
böyük gərdanlığı boynumdan asıb
açıq yerləri qapadaram” deyir. Kitabı
oxuyanlar isə bunların “qadınca” olduğunu deyirlər.
Onların “qadınca” dediyi, əslində
insancadır. İnsan olan hər kəs bunları hiss
edir. Bir dəfə Amerikada da eyni sualı verdilər, dedim ki,
sənətçilərin ruhu ilə qadınların ruhu
bir-birinə yaxındır. Tolstoy
yaradıcılığına nəzər salaq, yaşlı
vaxtlarında gənc qızın dili ilə “mən” deyərək
roman yazır. İşlədiyi yerə gəlib-gedən,
özündən yaşca böyük, qardaş dediyi bir hərbiçi
ilə bir-birilərini sevirlər. Evlənirlər.
Onun ərinə qarşı dəyişən
hisslərini “mən” deyərək yazır. Deməli, belə yazmaq lazımdır. “Mən təkcə öz düşüncələrimdən
ibarətəm” demək olmaz.
- “Donmamaq üçün qaşıq kimi olmaq”. Bunu ilk dəfə
“Serenad”da oxudum. Gənc vücudun
yaşlı bədəni ölümdən bu şəkildə
xilas etməyi insanı düşündürür.
- O səhnəni
mən də çox sevirəm. Biri 87 yaşlı kişi, o biri 36 yaşlı qadındır. Qadın ölüm ayağında olan vücuda gənc
bədəninin hərarəti ilə həyat verir. Mənə elə gəlir ki, bu, çox
yaxşı epizoddur. Həmişə belə
fərqliliklərdən yararlanıram. “Huzursuzluq”
romanımda təcavüzə məruz qalan qadın uşaq
doğur. Körpəni dünyaya gətirdikdən
sonra üzünü görmək istəmir. Amma məcburiyyətdən ona süd verir. Özü də daxil olmaqla yanındakı digər
iki qadın da onun döşündən gələn südlə
sağ qalır. Çünki dağlara
sığınıblar, yeməyə də heç nə
tapa bilmirlər. Bir körpənin qisməti
üç nəfəri yaşadır. Bu
da fiziolojidir, belə şeyləri sevirəm. Hazırda “Serenad” romanı əsasında
amerikalılar və almanlar film çəkirlər. Ssenari üzərində çalışırlar.
Yəqin bir-iki ilə hazır olar. Filmlə bağlı danışanda həmin səhnənin
üstündə dayandım, rejissora xəbər göndərdim
ki, ssenaridə Mayanın professoru qucaqlamağını
yazıldığı kimi çəkmək lazımdır.
Əcnəbi ssenaristlər mənə dedilər ki, yatağa
girmək bizim cəmiyyətdə çox da qeyri-adi hal deyil, ola bilər müsəlman ölkələrində
elədir. Dedim anlamırsınız, müsəlmanlarda bu,
qadağan deyil, burada məsələ başqadır. Bir gənc qadın istiliyi ilə yaşlı
kişini ölümdən xilas etmək üçün
vücudunu onunla bütünləşdirir. Dedim, siz
buradakı dərinliyi görmürsünüz? Dərhal beyinlərində “müsəlman ölkəsində
ayıbdır, Qərbdə deyil” fikri formalaşır. Əl çəkin belə boş söhbətlərdən,
keçin bu mövzuları.
(Ardı
gələn şənbə sayımızda)
Türkan
TURAN
525-ci qəzet.- 2018.- 15 dekabr.-
S.10-11.