Gözümdə dərd çiçəkləri
Bu yazın pərt çiçəkləri,
Umsunur mərd çiçəkləri.
Gözümdə dərd çiçəkləri,
Arı mənə yaxınlaşır.
Bulaq seldə duru ölüm,
Gül payızda sarı ölüm,
Yarı dərddi, yarı ölüm
Hara mənə yaxınlaşır.
Yırtdım köhnə cəbrləri,
Dözümləri, səbrləri,
Artır şəhid qəbirləri
Sıra mənə yaxınlaşır.
Mənəm yerin altı, üstü,
Bir az alov, bir az tüstü,
Sevgidi dünyaya qəsdim,
Tanrı mənə yaxınlaşır ...
Eşq yolu
Tanrım,
bu yol Eşq
yolu
Gedirəm, bitmirəm ki.
Alırsan, al canımı
Xəsislik etmirəm ki...
Yüz yerdən izlənmişəm,
Düzünə düzlənmişəm,
Gözündə gizlənmişəm
Gözündən itmirəm ki...
Dadmışam hər azardan,
Nəyim var üz qızardan?!
Qorxum yoxdu məzardan
Piyada getmirəm ki...
Yağacaq
Kim deyir ki, bu
çəndə
Sisdə qarlar yağacaq.
Yağsa,
yağsa bu axşam
İsti qarlar yağacaq.
Eşq göylərin çuxası,
Ələ gəlmir yaxası,
Çox
könüllər yıxası
Qəsdi, qarlar yağacaq.
Xəzan
gülün məhşəri,
Sarısına şeh sərib...
Ürək qərib, meh qərib
Əsdi, qarlar yağacaq.
Sözdə qəm yığın-yığın,
Hara gedir bu axın.
Üşüyür tənhalığın
Büstü, qarlar yağacaq.
Yon daşa son sətrimi,
Qoy daş bilsin qədrimi...
Gül açacaq qəbrimin
Üstü, qarlar yağacaq.
Olmamış olmaz
Tanrım,
bu meşəlikdə
Dəndə olmamış olmaz.
Yon bizdən adam
düzəlt
Rəndə olmamış olmaz.
Kim var şahın başında,
Qəm yox ahın başında,
Bu günahın başında
Bəndə olmamış olmaz.
Xamdı
nökər də, bəy də,
Ağıl üyüdür səy
də,
Dərmanı Ərəsəydə
Çində olmamış olmaz.
İki cür iman olmur,
Kafirə
aman olmur,
Gözdə tək duman olmur
Çən də olmamış olmaz.
Bu nə molla, nə dindar,
Əndər, göyləri, əndər,
Bir az qiyamət
göndər
Səndə olmamış olmaz.
Qurudub göndərmə bənövşələri
Əlimə alınca əlim qurudu.
Qurudub göndərmə
bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu
Qurudub göndərmə
bənövşələri.
Çatmadım bu il
də yaza, bilirəm,
Darıxa
bilirəm, susa
bilirəm,
Özüm quruyanda dözə
bilirəm
Qurudub göndərmə
bənövşələri.
Əl saxla, dər saxla, təzə-tər saxla,
Çıxart ürəyimi, üstə
sər, saxla,
Mənə də ölməyə
bir az
yer saxla,
Qurudub göndərmə
bənövşələri.
A bənövşələr
Nə çiçək günüdü,
nə arı fəsli,
Nə yaza gedirəm, a bənövşələr...
Büküb ürəyimə bir
sarı fəsli
Payıza
gedirəm, a bənövşələr...
Bir yanda dağların bəyaz yuxusu,
Bir yanda quşların vida oxusu,
Üşüyür gözümdə
xəzəl qoxusu
Ayaza gedirəm, a bənövşələr...
Heyrətim ovunmur güllü
oyundan,
İslanır tənəyin yaşıl
suyundan,
Asılıb qalmışam bir
gül boyundan
Güdaza
gedirəm, a bənövşələr...
Əsdirir səbrimi o sirr
sevdalar,
Sərsəri sevdalar, səfil
sevdalar,
Qanıma
susayıb qəfil sevdalar
O qıza gedirəm, a bənövşələr...
Ömür ağ yol üstdə bəyaz yazıymış,
Çoxu
çoxdan gedib, qalan azıymış,
Dünyanın son nazı ölüm
nazıymış,
O naza gedirəm, a bənövşələr...
Göy gəzirəm Yerdə
bir az...
Mövzu
deyib dağı, düzü
Gəzib suyun çıxardıram.
Misraya yatmayan sözü
Əzib suyun çıxardıram.
Ruh uçunan sirdə yer az,
Göy gəzirəm yerdə bir az,
Ayrılığı Araz-Araz
Üzüb suyun çıxardıram.
İpək hördüm dəmirdən də,
Gül bağladım kömürdən də,
Can çəkişən ömürdən də
Bezib... suyun çıxardıram.
Dəniz gözlüm, bu mən, bu sən,
Gir könlümə, üz dərindən,
Sənsizliyi gözlərimdən
Süzüb, suyun çıxardıram...
Ramiz QUSARÇAYLI
525-ci qəzet.- 2018.- 15 dekabr.- S.23.