Ramiz Qusarçaylının 60
yaşına fikir və söz
töhfələri
Osman Sarıvəlli:
“Sevindirici haldır
ki, Ramiz Qusarçaylı ürəyinə
yaxın hissləri, görüb duyduğu hadisələri qələmə
alır. Şeirlərində bir istilik, səmimiyyət var. Fikrini
obrazlı ifadələrlə,
poetik detallarla verməyə çalışır.
İnanırıq ki, Ramiz etimadımızı doğruldacaq,
öz səmimi şeirləri ilə bizi sevindirəcəkdir”.
Bəxtiyar Vahabzadə:
“Ramiz Qusarçaylının
şeirlərini çoxdan
izləyir və sevirəm. Çünki onda söz əllaməçliyi yoxdur.
Hisslər büllur kimi
saf, fikirlər su kimi dumdurudur”.
Məmməd Araz:
“Ramiz Qusarçaylının
şeirlərindən böyük
zövq alıram!”
Nəriman Həsənzadə:
“Ramiz Qusarçaylı
Azərbaycanın ən
gözəl şairlərindəndir,
böyük nəfəsi
var bu adamın. Hara getsə,
böyük iş görə bilər...”
Şahmar
Əkbərzadə:
“...Poeziya əbədi
sirdir. “Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim”
(Ə. Xəqani) misrası
zaman-zaman oxucuları niyə titrədir? Bir ömrün
keşməkeşli bioqrafiyası
altı kəlmədən
ibarət olan sətirə necə sığışıb?
“Əzrayılı qanlı
tutmasın anam, məni bir kirpiyi
peykan öldürür”
beyti Aşıq Ələsgərin könlündən
hansı ovqatda, hansı məqamda, necə süzülüb? Di gəl, izah elə görüm, necə izah edirsən?!
Zənnimcə, çağdaş şeirimizin
cəfakeşi Ramiz Qusarçaylının bir
şeiri fikrimə gözəl tutalqadır:
Mən kənddən çıxanda
gecə yarıydı,
Ay örpək salmışdı
çöllərin üstə.
Heyrətim yolunu azan arıydı,
Uyuyub qalmışdı
güllərin üstə.
Yurd həsrətini,
doğma çöllərdə,
çəmənlərdə, güllərə vurğunluğu
şeirə çevirən
Ramizimizin ecazına heyrətlənmə görüm,
necə heyrətlənmirsən?!
Ramiz Qusarçaylı
bugünkü poeziyamızın
istedadlı, çox sevilən nümayəndələrindəndir. Vurğunu olduğum
şair barədə bayaq “cəfakeş” kəlməsini əbəs
yerə dilimə gətirmədim. “Ömür
qapıları”nın hansı səhifəsini açırsan aç, orada şairin söz üstündə tir-tir titrədiyi dərhal gözə çarpır. Və “söz göyərtdim sel ağzında” deyən qələm dostumun gəldiyi qənaətə yüzdə
yüz inanıram...
R.Qusarçaylının duyum dünyasına niyə vurğunam? Hər şeydən
öncə ona görə ki, o, yaşadığı dövrü,
sakini olduğu dünyanı başqaları
kimi duymur. Onun öz nəzər
nöqtəsi, öz görmə və duyma bucağı var. “Çörəyi dizinin üstündədir” el sözündən
mayalanmış bir şeirin özümləşdirilməsinə,
orijinallığına fikir
verək:
Gətirib bir qara daş yonam gərək
Dizimin üstündə
ölən insafa.
Şairin ölən insafa qara daşdan abidə “yonması” təsadüf deyil. Bunun səbəbini bir azdan anlayacağıq:
Yığılıb hər səhər sərçə
adamlar
Dizimin üstündə
günah dənləyir.
Haqq sözə
nə deyəsən?! Bir-birimizi
suçlamağı, içimizdə
düşmən axtarmağı
az qala
vərdişə çevirmişik.
Şair bu ağrını qabartmaq üçün tutarlı
detallara əl atır:
Edam kötüyünə dönüb
dizlərim
Kökümə çalmağa balta gəzirəm.
Xalq mərdə, el-oba təəssübü çəkənə
bəzən “dizibərk
adam” deyir.
Ramiz haqlı olaraq bu deyimi
belə pardaqlandırıb:
Əlimdə sənəddir dizimin
üstü
Mənim
kimliyimi dizimdən soruş...
Səssiz-küysüz ibarələrdən uzaq olan Şeir gizli fəryaddır. O fəryaddan
hamıya, o cümlədən,
əli qələm tutanlara da “pay” düşür:
Bir zaman öləndə doğulardılar
İndi
sağlığında ölür
şairlər -
beyti də oxucunu silkələyir...
“Ömür qapıları”nın sahibinə xeyir-dua verməyi özümə borc bilirəm: “Üzümüzə
belə-belə poetik qapılar aç, bizi yenə də sehirlə, qardaş! Bu çətin
yolda haqq köməyin olsun!”
Musa Yaqub:
“Ramiz Qusarçaylının
şeirlərinin çoxdan
məftunuyam. Yadımdadır, 80-ci illərdə “Ədəbiyyat qəzeti”ndə
onun yan-yana iki şeri getmişdi,
oxudum, məni dəhşət bürüdü,
yeridim elə bil, heyrətə gəldim.
Dərddən danışırıq hamımız, yəni şeirdə bu dərddi, bu dərddi... Amma o dərdlərin heç birisi yadımızda qalmır, hansı ki, qafiyəylə deyirik, nə bilim nə ilə
deyirik, ancaq Ramiz Qusarçaylının
dediyi dərdlərin hamısının söz-söz
rəngi var, predmeti var, onun
məna çaları
var”.
Anar:
“... Siz, Quba bölgəsində yaşayıb yaradan şairlər, ümumazərbaycan
kontekstində düşünür,
yazırsınız. Qarabağ
dərdi də, özəlləşdirmənin problemləri də, deputat seçilməyin bəlaları da, hamınızı düşündürən
məsələlərdir, bu
da çox yaxşıdır ki, siz bir əyalətdə,
bir regionda qapanıb qalmırsınız,
bütöv Azərbaycanın
şair vətəndaşları
kimi çıxış
edirsiniz, bu yöndə məclisin sədri Ramiz Qusarçaylının əməyi
də az deyil...
İsa Həbibbəyli:
“Yetmişincilər: Sabir Rüstəmxanlı, Çingiz
Abdullayev, Kamal Abdulla, Mövlud Süleymanlı,
Vahid Əziz, Ramiz Rövşən, Aqil Abbas, Çingiz
Əlioğlu, Elman Həbib,
Vaqif Məmmədov, Məmməd Alim, Firuzə Məmmədli, Ramiz Qusarçaylı, Xanəli Kərimli, İltifat Saleh və başqa yazıçı və şairlər ədəbiyyatda
azərbaycançılığın mövqelərini daha da möhkəmləndirərək
milli istiqlal ideyasına qədər qaldırıblar”.
Zəlimxan Yaqub:
“İstəkli dostum
Ramiz Qusarçaylı!
Şəxsiyyətinə, yaradıcılığına
dərin hörmət
bəslədiyim, şeirlərini
sevə-sevə oxuduğum,
hər şeirində
təzəlik, hər
misranda yenilik gördüyüm, Vətənimizin
saf, milli və doğma bir şairi kimi dəyər verdiyim, öz işığı ilə
ürəyimə nur çiləyən, saylı-sanballı
kitabları ilə yaddaşıma köçən
qələm qardaşım,
sənin 50 yaşını
ürəkdən təbrik
edir, yeni-yeni uğurlar arzulayıram, səni bağrıma basıram!”
Hidayət:
“Ay işığı” ədəbi məclisinin beş illiyi münasibəti ilə Sizi və məclisinizin bütün üzvlərini ürəkdən təbrik edirəm. Məclisiniz ölkəmizin dilbər guşələrindən olan Şimal bölgəmizdə yaşayan istedadlı yazıçıların üzə çıxarılmasında, onların əsərlərinin müzakirə edilərək çap olunmasında səmərəli fəaliyyət göstərir. Doğma Dərbəndin yazıçıları ilə mütəmadi ünsiyyətiniz, ardıcıl əlaqələriniz diqqətə layiqdir. Sizə yeni yaradıcılıq uğurları arzulayıram!”
Nizami Cəfərov:
“Ramiz
Qusarçaylı qısa zaman kəsiyində
rəngarəng yaradıcılığı və fədakar
təşkilati bacarığı ilə sübut
etdi ki, o, milli poeziyamızın
ilkinliyinə və yaşarı ənənələrinə sadiq olan, amma
ənənəyə yenilikçi şair kimi yanaşan bir sənətkardır,
eyni zamanda, milli-mənəvi
dəyərlərimizin keşiyində duraraq
öz səmərəli fəaliyyətini
bu istiqamətdə uğurla
davam etdirən bir
ziyalıdır”.
525-ci qəzet.- 2018.- 15 dekabr.- S.23.