Kino salnaməmizdə silinməz imza - rejissor Fikrət Əliyev

 

 

 

Kino həyatı əks etdirirsə, rejissoru da bir növ bu həyatın qurucusu, Allahdan sonrakı ikinci yönləndiricisidir.

 

O, ssenaristin yazdıqlarına müdaxilə edə, özü ssenari yaza, hadisələri və insanları istədiyi kimi yönləndirə bilər. Amma bu yönləndirmələrin hamısı sənət adına, kinodakı və sənətdəki nizamı qoruyaraq baş verməlidir. Deməli, rejissorluq da kənardan göründüyü kimi asan və həsədlə iç çəkiləcək sahə deyilmiş.

Azərbaycan kino tarixində də məhz bu xüsusiyyətləri ilə seçilən, çəkdikləri ekran işləri ilə adlarını kinematoqrafiyamıza əbədi həkk edən sənətkarlarımız heç də az deyil. Onlardan biri də kinorejissor, ssenarist, aktyor, Əməkdar incəsənət xadimi Fikrət Əliyevdir. Fikrət Əliyev zəngin yaradıcılıq yolu keçmiş, Azərbaycan ekranlarına bir-birindən dəyərli filmlər bəxş etmiş sənətkarlarımızdandır. Dediyimiz kimi, onun yaradıcılıq yolu uzun və zəngin olsa da, bu fikir təkcə çəkdiyi filmlərlə xarakterizə olunmur. Mərhum sənətkar vaxtilə qəzetlərin birinə verdiyi müsahibədə belə bir fikir söyləmişdi: “Mən filmi hisslərimi, duyğularımı nəzərə alıb çəkirəm. Hər hansı bir epizodu hiss eləməsəm, kim nə deyirsə-desin, çəkmirəm...” Bu zənginlik onun kino sahəsində olan mükəmməl təhsili, aktyor, rejissor assistenti, ikinci rejissor kimi işlədiyi filmlərin hesabına qazandığı təcrübəsi, iti müşahidə qabiliyyəti, işlədiyi və ya fərdi şəkildə çəkdiyi filmlərin sanbalı ilə ölçülür. Məhz bu filmlərin hesabınadır ki, Fikrət Əliyev adı azərbaycanlı sənət adamlarından əlavə, tamaşaçıların da yaddaşına əbədi həkk olunub.

Öncə ekran önündə...

Fikrət Balağa oğlu Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olub. O, qızıl qumlu, bağ-bağatlı Abşeron torpağında böyümüşdü. Bu, həmin Abşeron torpağı idi ki, sonralar rejissor bir çox filmlərində məhz oranın təbiətindən, insanından filmlər çəkəcəkdi. Çünki oranı, o insanları daha yaxşı tanıyır, psixologiyasını yaxşı bilir, özünü hiss edirdi. Ailəsinin bağı Pirşağıda görkəmli yazıçı və kinorejissor Həsən Seyidbəyligilin qonşuluğunda idi. Fikrət də ta uşaqlığından onunla tez-tez görüşər, rejissorun kino sənəti ilə bağlı söhbətlərini maraqla dinləyərdi. Elə Fikrətdə kinematoqrafiyaya həvəsi də H.Seyidbəylinin bir-birindən maraqlı söhbətləri oyatmışdı. Həmin illərdən - uşaqlığından gələn arzusu isə rejissor olmaq idi.

Bu arzunun və sevginin izinə düşən Fikrətin yolu M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutundan keçir. O, burada dram teatrı və kino aktyoru fakültəsini, professor Adil İsgəndərovun sinfini bitirir. Hətta müəlliminin məsləhəti ilə təyinatını C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına alır. İnstitutu bitirəndən, yəni 1966-cı il sentyabrın 5-dən ta dünyasını dəyişənə kimi (8 mart 2016-cı il) burada işləyir.

Elə həmin zamanlarda A.İsgəndərovun təşəbbüsü və rəhbərliyi altında respublikamızda kino aktyorlarına tələbatın artması məqsədilə “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdində “Kinoaktyor” studiyası yaradılmışdı. Müxtəlif sənət sahiblərini kinonun işığına toplayan və Fikrət Əliyevin də tələbələrindən olduğu studiyanın məzunlarından Telman Adıgözəlov, Ənvər Həsənov, Nuriyyə Əhmədova, Almaz Əsgərova, Sonaxanım Mikayılova, Ötkəm İsgəndərov, Əliqulu Səmədov, Eldəniz Rəsulov və başqaları peşəkar aktyorlar oldular.

Bu illər onun həm də ekranla ilk tanışlıq dövrü idi. Gələcəyin böyük rejissoru hələ ki, özünü ekran önündə sınayırdı. Kinoaktyor olaraq ilk dəfə ekran önünə isə 1967-ci ildə rejissor Şamil Mahmudbəyovun “Torpaq. Dəniz. Od. Səma” filmində təyyarəçi Murad obrazı ilə çıxır. Elə həmin il gənc aktyor Arif Babayevin “İnsan məskən salır” filmində mühəndis roluna da çəkilir. Ancaq onun bu filmdəki işi bununla yekunlaşmır. A.Babayevin dəvəti ilə o, burada həm də rejissor asistenti kimi çalışır və əsl təcrübə məktəbi keçir. Bu filmlər sayəsində başlayan A.Babayev-F.Əliyev birliyi daha iki film - “Uşaqlığın son gecəsi” (1968) və “Gün keçdi” (1971) bədii filmləri ilə də davam edir. F.Əliyev burada ikinci rejissor işləyir.

Artıq ekran onu, o da ekranı sevmişdi və aktyor kimi ən yaddaqalan obrazını 1969-cu ildə rejissor H.Seyidzadənin “Dəli  Kür” filmində Şamxal rolu ilə yaradır.

“Baladadaşın ilk məhəbbəti” - gənc rejissorun ilk filmi

Onun uşaqlıq arzusu və məqsədi kinorejissor olmaq idi. Bu istəyini A.İsgəndərova bildirdikdən sonra rejissorluq kursu keçmək üçün Moskvaya yollanır. Beləliklə, 1971-1972-ci illərdə Moskvada İkiillik Ali Ssenaristlər və rejissorluq kurslarında təhsil alır və quruluşçu rejissor ixtisasına yiyələnir. Təhsilini başa vurduqdan dərhal sonra Vətənə qayıdan F.Əliyevin əsl rejissor taleyi başlayır.

Vaxt itirmədən iş başına keçən F.Əliyev böyük kinoda ilk müstəqil işini 1974-cü ildə təqdim edir. Rejissor yazıçı Elçinin ssenarisi əsasında “Ömrün səhifələri” kinoalmanaxındakı “Baladadaşın ilk məhəbbəti” novellasını lentə alır. Hələ dünyadan, insanlardan xəbərsiz saf, təmiz yeniyetmə Baladadaşın ilk sevgisini və bu sevgi ilə dəyişən dünyagörüşünü rejissor olduqca dəqiqi detallar vasitəsilə tamaşaçıya çatdıra bilir. Baş rolun ifaçısı, çoxlarının gənc rejissor Fikrətin “kəşfi” adlandırdıqları Şamil Süleymanov da burada rolunu elə təbii, səmimi oynayır ki, tamaşaçıda Baladadaşa qarşı mərhəmətdən daha çox sevgi yaranır.

Rejissor F.Əliyev bu filmlə bağlı müsahibəsində demişdi: “Mən hər yay Pirşağıdakı bağımızda dincələndə çox adamlarla görüşür, çox hadisələrin şahidi olurdum. Yaddan çıxmasın deyə gördüyüm və eşitdiyim əhvalatları özüm üçün qeyd edirdim. Amma heç düşünməmişdim ki, bu yazdığım cızma-qaralar “Baladadaşın ilk məhəbbəti” adlanan diplom işimdə karıma gələ bilər. Novella baş tutmayan ilk məhəbbət, ülvi, yüksək hisslərlə dar düşüncənin, meşşan əxlaqının toqquşması haqqında danışır. Bizim qəhrəman mənə çox əzizdir. Əgər mən onun təmizliyini, qeyri-adiliyini, bütövlüyünü ekranda göstərə bilmişəmsə, filmin əsas vəzifəsi yerinə yetirilmişdir...”

70-ci illərdə F.Əliyev daha dörd  bədii filmdə, o cümlədən, rejissor T.İsmayılovun iki filmində - “Çarvadarların izi ilə” (1974) və “Vulkana doğru” (1976 - 1977), rejissor E.Quliyevin “Ürək, ürək” (1976) filmlərində, rejissor C.Fərəcovun “Arvadım mənim, uşaqlarım mənim” novellasında ikinci rejissor kimi çalışır. Həmçinin, müstəqil şəkildə “Mozalan” respublika satirik kinojurnalı üçün müxtəlif vaxtlarda ona qədər kinosüjet çəkir.

“Qızıl uçurum”da “Yuxu”

Kiçik və özünəməxsus işlərin ardından artıq böyük bir işin zamanı gəlib çatmışdı. Bu işi də adi günlərin birində kinostudiyanın redaktoru Vaqif  Əlixanlı təklif edir. İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında ssenarisini Mirzağa Mirmövsümovun yazdığı filmin çəkilişləri F.Əliyevə həvalə olunur. Melodram janrında yazılmış ssenarini Fikrətlə Mirzağa demək olar ki, yenidən işləməli olurlar.

Aktyor seçimindən tutmuş, dekorasiya, məkan, işıq və s. kimi problemlərin hamısının öhdəsindən gələn rejissor və filmin yaradıcı heyəti nəhayət, “Qızıl uçurum” filmini təhvil verirlər. Və film yüksək bədii səviyyəsinə və böyük tərbiyəvi əhəmiyyətinə görə, 1981-ci ildə Vilnüsdə keçirilən XIV Ümumittifaq kinofestivalında nümayiş etdirilir, quruluşçu rejissor Fikrət Əliyev “Uğurlu debütə görə” prizinə və diploma layiq görülür.

Uzun müddətli fasilədən sonra F.Əliyev yenidən böyük ekran əsəri ilə tamaşaçılarını sevindirməyi bacarır. Onun 1994-cü ildə lentə aldığı müasir mövzulu “Yuxu” komediyası yaradıcılığının şah əsərlərindən biri kimi xarakterizə olunur. F.Əliyevin özünün iştirakı ilə Qasım Səfəroğlunun yazdığı ssenari üzrə çəkdiyi filmdə hadisələr Bakı kəndlərinin birində, saf qəlbli gənc Əliabbasın yuxusu ətrafında cərəyan edir. Naçalnikin qızı Baharı sevən yetim oğlan bu sevgisinə qovuşmaq üçün usanmadan mübarizə aparır...

Tamaşaçının ən sevdiyi lirik komediya janrında lentə alınan filmin uğur qazanacağı hələ ilk dəfədən bəlli idi. Bu kinokomediya Abşeron koloritini əks etdirən, yerli camaatın xarakterini incə yumorla açıb göstərən ən gözəl ekran əsərlərimizdən biridir. Həmçinin, bu filmi özəl edən səbəblərdən biri də Azərbaycan teatr və kino tarixinin ən tanınmış və görkəmli sənətkarlarının burada toplanması idi.

“Ölüm növbəsi”ndən “Axırıncı dayanacaq”a

2000-ci illəri F.Əliyev yaradıcılığı üçün məhsuldar dövr adlandırmaq olar. O, 2003-2008-ci illərdə Lider TV-nin dublyaj şöbəsində rejissor işləyərək onlarla xarici filmin doğma dilimizə professional səviyyədə dublyajını həyata keçirib. Eyni zamanda, daha iki filmə imza atdı. “Ölüm növbəsi”   Axırıncı dayanacaq” adlanan hər iki filmin ədəbi ssenarisini yazıçı İlqar Fəhmi ilə birgə yazmışdı.

F.Əliyevin yaradıcılıq yoluna nəzər salarkən, qarşılaşdığımız maraqlı faktlardan biri də budur ki, rejissor həm də çəkdiyi filmlərin əksəriyyətinin ideya müəllifidir.

Hadisələrin Bakı ətrafında Abşeron kəndlərində baş verdiyi “Ölüm növbəsi” filmi realla irreallığın, həyatla ölümün, yuxuyla ölümün kəsişməsini və bu məfhumlar arasındakı sərhədlərin itməsini xatırladır. Tamaşaçı izlədiyi hadisələrin nə zaman, harda baş verdiyini, ya da heç baş verməyib, bunun hansısa yuxu, sayıqlama olduğunu sona qədər də dəqiqləşdirə bilmir. Elə filmin əsas qayəsi də budur ki, insanların reallıq kimi qəbul etdiyi aləmin əslində mütləq olmadığını, zamanın və məkanın nisbiliyini, həyatla ölüm, yuxuyla oyaqlıq arasındakı sərhədin nə qədər anlaşılmaz olduğunu göstərsin və tamaşaçını düşündürsün.

“Axırıncı dayanacaq” isə kinokomediyadır. Burada “Ahıllar evi”nə düşmüş keçmiş gəmi kapitanının başına gələn əhvalatlardan bəhs olunur. 2000-ci ilin əvvəllərində bir ay müddətində Buzovnadakı “Ahıllar evi”ndə qalıb onların həyatını müşahidə edən rejissor sonralar “Buradakı insanların taleyinə biganə qalmaq mümkün deyil. Hətta onlardan hər biri haqqında film çəkmək də olar. Buranın öz ab-havası var” - deyirmiş. Beləcə, “Axırıncı dayanacaq” filmi ilə rejissor tamaşaçını güldürüb, düşündürməkdən əlavə, çoxları tərəfdən unudulmuş insanlara cəmiyyətin diqqətini yönəltmək məqsədi daşıyırdı.

“Axırıncı dayanacaq” elə rejissorun özünün də son dayanacağı oldu və çəkdiyi filmləri Beynəlxalq Festivallarda iştirak edərək bir sıra mükafatlar qazanan sənətkar 8 mart 2016-cı ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Rejissor Əmircan qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılıb.

Professional Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafiyanın inkişafında fəal iştirak edən və sanballı əsərləri, bir-birindən dəyərli ekran işləri ilə adını Azərbaycan kino tarixinə qızıl hərflərlə yazdıran rejissor, kino lentlərində və xalqının qəlbində əbədi yaşayır.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 15 dekabr.- S.24.