Müəllimimizin Vətən sevgisi yeni təqdimatda
Azərbaycan ictimai-ədəbi cəmiyyəti akademik Rəfael Hüseynovu işi başından aşan, hər anı, hər saatı çox vacib tədbirlərə, dövlət işinə bağlı olan bir insan, bir vətəndaş və nəhayət, bir alim kimi yaxşı tanıyır.
Sözün həqiqi mənasında işi başından aşan belə bir insanın həm də məhsuldar alim olduğunu elmi-ədəbi ictimaiyyət çox yaxşı bilir. Bu alim məhsuldarlığı zəminində onun qələmə aldığı “Millət yaddaşının keşikçisi” adlı kitabını oxuyub çox qəribə duyğular keçirdik. Bir tərəfdən, əlbəttə, mötəbər imzasından çıxan əsərlərinin daimi oxucuları kimi, digər tərəfdən bu kitabın həsr olunduğu böyük insanın çox doğma olması, müqəddəs bir talisman statusu kəsb etməsi ilə: kitabin qəhrəmanının Şirməmməd Hüseynov olması ilə.
Hörmətli Rəfael müəllim bu kitabda uzun bir ömrün ən mənalı akkordlarını qələmə almaqla oxucuya bütöv bir Şirməmməd Hüseynov taleyi bəxş etmişdi. Müəllimindən müəllimlik dərsi alan Şirməmməd Hüseynov “həmişə bir həqiqətə inandı ki, müəllimsənsə, demək, millət quruculuğu ilə məşğulsan, sənin bugünkü keyfiyyətsiz işin sabah millətin taleyində zədəsini buraxa bilər”. Bəli, Şirməmməd müəllim ömrünün bu- günkü ahıl çağında da məhz bu missiya ilə çalışmaqdadır. Biz o xoşbəxt adamlardanıq ki, Şirməmməd müəllimin müəllimlik haqqında müqəddəs dərslərini dinləyirik, biz o xoşbəxt adamlardanıq ki, şəxsən onun öz mücadiləsi ilə yaratdığı, təmiz bir dünya qurduğu filologiya-jurnalistika fakültəsinin əməkdaşlarıyıq və biz xoşbəxt adamlardanıq ki, ömrümüzün böyük bir hissəsini bu müəllimimizlə bir yerdə çalışmışıq və çalışmaqdayıq. R.Hüseynovun kitabdakı bütün sətirləri həqiqətlə yoğrulub. Onun belə bir fikrini sitat gətirmək istərdik: “Şirməmməd müəllim uzun ömrünün yarıdan çoxunu müəllimliyə həsr edib və onillərin təcrübəsi ona insanı, illah da öz xalqımızı beş barmağı kimi tanımaq vərdişlərini aşılayıb”.
Bəli, Şirməmməd Hüseynov bir neçə missiyanın daşıyıcısıdır: müəllimlik, mətbuat tariximizin ünlü tədqiqatçısı, millət fədaisi, həqiqət carçısı! Bütün bunların önündə ona görə “müəllimlik” dayanır ki, o, hər şeydə, hər anda öncə müəllimdir.
Haqqında bəhs etdiyimiz kitabda Şirməmməd müəllimin ömür yolunun məsum uşaq çağından başlamış bu- günkü ustadlıq anınadək bütün məqamları çox lakonik, amma hər kəsə örnək olacaq bir şəkildə qələmə alınıb. Şəkidə orta məktəb, orta məktəb illərindən başlayan uşaq diribaşlığı, əvvəlcə riyaziyyat ixtisası, bir xeyli orta məktəb müəllimliyi, sonra universitetdə peşə seçimindəki təbəddülatları, jurnalistikaya gəlişi, tələbə vaxtından universitetdə hiss olunmağı, hərdən həqiqəti deyən dilindən bəlaya düşməsi, Moskva universitetindəki aspirant həyatı, elmə marağı və universitetin jurnalistika sahəsində ilk alim obrazı və nəhayət, bundan sonrakı yorulmaz fəaliyyəti həcmcə çox da böyük olmayan bu kitaba necə sığdı, bu da bir üslub möcüzəsidir.
Rəfael müəllim Şirməmməd Hüseynovun sovet ideoloji kanonlarının hökm sürdüyü çətin zamanlardakı müəllimliyini, bu müəllimin senzura qadağaları şəraitində tələbələrə necə millət sevgisi aşılamağını məhəbbətlə qələmə almışdır. Müəllifin belə bir qənaəti var: “Şirməmməd Hüseynov müəllim idi, təsdiqlənmiş proqramlara əsasən dərsini deyirdi, fəqət bununla ürəyi soyumurdu, həm də yeniyetmələrinin gözünü açırdı, onlara bir sovet pedoqoqu olaraq deməməli olduqlarını da söyləyirdi”. Bəli, bunlara şahid olanlardan biri də bizik. “Sosializm yarışı” deyilən bir saxta məhfumu mətbuatda yeri gəldi-gəlmədi işlədənləri nəzərdə tutub iclas salonunda bir dəfə bizə dedi: “Vallah, bu sosializm yarışını o qədər genişləndirəcəksiniz ki, axırda bir gün onu partladacaqsınız”. Yaxud: “Azərbaycanın dövlətçilik ənənəsindən şübhələnənlər arxivə də adam kimi baxsınlar. O arxivlərdə Azərbaycan Xalq Cümhuriyyəti deyilən bir dövlətin nə olduğunu görsünlər. “Yaxud “Bakı Dövlət Universiteti adını dəyişib ona görə, Azərbaycan Dövlət Universiteti elədilər ki, biz ikinci universitet aça bilməyək” və s.
Kitab Sovet dönəmində 26-lar adlandırılan bir qrup antiazərbaycançıya qoyulan heykəllər, yazılan şeirlər, deyilən difirambalar dövründən bəhs edir və belə bir həqiqəti dilə gətirir: “Şirməmməd müəllimsə bəlli üsuluyla əsrin başlanğıcının qəzetlərindən tapdığı hansısa məqalədən parçanı oxuyurdu və tələbələr dinlədikcə anlayırdılar ki, ermənilərdən və onlara bənzərlərdən ibarət bu “qəhrəmanlar” hansı yuvanın quşu imişlər, əllərində hansı qanların ləkəsi var”.
Rafael Hüseynovun dediyi bu fikirlərin biz də tələbəykən canlı şahidi olmuşuq. Onun bütün fikirləri orijinal olurdu, həm mühazirə üsulu ilə, həm də söylədikləri ilə. Beləliklə, Ş.Hüseynov o zaman da (gənclik çağlarında, sovet rejimində), bu gün də heç vaxt saxta danışmadı. Hər kəlməsində, hər fikrində zamana müxalif bir xarakter vardı, amma elə bil tale onu qoruyurdu, bu günümüz üçün, klassikamızı yenidən yaddaşlara qaytarmaq üçün, xalqdan gizlədilən Xalq Cümhuriyyətini, onun qurucularını yenidən xalqa qaytarmaq üçün. Bu mənada kitabın müəllifi tamamilə haqlıdır ki, “ümumən professor Şirməmməd Hüseynov ta cavanlığından üzü bəri... qələmə aldığı, xalqa çatdırdığı bütün yazılar Azərbaycan istiqlalı, bu mübarizəli yolun tanınan və tanınmayan fədailəri, qoruyub yaratmalı olduğumuz milli dəyərlər və ideallarla bağlıdır”.
Əzizimiz Rafael müəllim! Bizim müəllimimizin məhz siz deyən yaradıcılıq yolunu, onun mətbuat tariximizin tədqiqindəki rolunu, Xalq Cümhuriyyəti və onun fədailərinin əsərlərinin tədqiqini və onları öz təqaüdü hesabına çoxsaylı kitablar şəklində çapını nəzərdə tutan Prezidentimiz İlham Əliyevin jurnalistlərlə görüşü zamanı dediyi sözləri burada bir daha xatırlatmaq istərdik. Prezident bu görüşdə Şirməmməd müəllimə üzünü tutaraq demişdi: “Şirməmməd müəllimin çıxışı mənim üçün çox böyük maraq doğurdu... Sizə öz hörmətimi bildirmək istəyirəm. Mən sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm. Yadımdadır ki, 1970-ci illərdə siz Azərbayan televiziyasında siyasi icmal verilişi aparırdınız. Mən o vaxt sizin verilişinizi maraqla izləyirdim. O vaxt sovet televiziyasında belə bir veriliş var idi - “Politiçeskoye obozreniye”. Onu Zorin aparırdı, ondan sonra başqaları aparırdı, bizdə isə siz aparırdınız. O vaxt xarici siyasətlə, başqa ölkələrdə baş verən hadisələrlə bağlı bizim məlumatımız yox idi. Çünki qəzetlərdə bu məlumatlar çox az verilirdi. Ona görə bu icmaldan biz məlumat əldə edirdik və o vaxtdan sizi mən qiyabi tanıyıram, sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm.
Azərbaycan xalqı, xüsusilə Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə çox yüksək qiymət veribdir”. Prezidentimizin müəllimimizə bu qiyməti indi onun tələbələrinin dilində əzbər olub.
Bu yerdə biz R.Hüseynovun Şirməmməd müəllimin indiyədək nəşr etdirdiyi kitablarının adlarına diqqət çəkdiyini yada salmaq istərdik. Bu kitablar bir tərəfdən tələbədən tutmuş Vətən sevgisi ilə yaşayan hər kəsi maarifləndirir, digər tərəfdən “o kitablar üz tutduqları, etiqada dəvət etdikləri ümmətə bütün başqa məziyyətlərindən savayı kamil insan, yaxşı adam olmağın əbədi dərslərini verirlər. Lakin xalqların və millətlərin onları yaxşı xalq, kamil millət edəcək kitablara da həmişə ehtiyacı olub, bu ehtiyac heç vaxt da tükənməyəcək. Şirməmməd Hüseynov bu qəbil kitabları xalqınkı, millətinki etməklə məşğuldur”.
R.Hüseynovun bu kitablar haqqında çox önəmli bir fəlsəfəsi var: “Bu kitabların hər birinin yaranması ictimai-siyasi həyatımızda, düşüncə mühitimizdə necə qarşılanmasından asılı olmayaraq millət tarıxinin çox önəmli hadisələridir.
Hər bir istedadlı insan, hər bir güclü yaradıcı ömür möhləti boyu hansısa şah əsərini yaradır. Bu, onun gənclik illərində də baş verə bilər, ahıllığında da, ixtiyar sinnində də.
Zəka, ilham sahibinin yaradıcılıq yolu uzun da çəkə, onun şah əsərinin ortaya çıxması həyatının erkən çağına da, yolun ortasına da təsadüf edə bilər, yaxud arzulanan şah əsərin ömrün sonlarına doğru, təcrübələrin yekunu kimi meydana gəlməsi də mümkündür.
Şirməmməd müəllim şərəfli ömür yaşayıb, çox layiqli bir alim, xoşbəxt bir müəllim həyatı sürüb, onun yetirmələri, tələbələri Azərbaycan boyuncadır”.
Rafael Hüseynov Şirməmməd müəllimin çoxsaylı kitabları içərisində “Parlament hesabatları”nı onun şah əsəri hesab edir. Doğrudan da, müəllifin dediyi kimi, “Parlament hesabatları”- Xalq Cümhuriyyəti dövründəki parlament iclaslarının “Azərbaycan” qəzetində əks olunmuş fəaliyyəti haqqında üç cildlik bu kitab çox önəmli bir məsələyə həsr olunmaqla, çox böyük zəhmət hesabına başa gəlmişdir. Müəllif yazır: “Şirməmməd Hüseynov... üçcildlik əsərini zahirən qısa bir zaman içərisində hazırlayıb. Həmin yazıları kitablaşdıraraq xalqa təqdim edənəcən ard-arda mətbuatda dərc də etdirib və bu minvalla cildlərin yaranma gedişatını müşahidə etmək hər birimizə nəsib olub. Amma bilənlər bilir ki, bu kitabları hazırlamaq üçün Şirməmməd müəllim 50 illik yol gəlib”. Biz də bu yerdə belə bir məsələni qeyd etmək istərdik ki, Şirməmməd müəllimin bu tip titanik zəhmətinin məhsulunu bizə də doğma olan “525-ci qəzet” bir neçə ildir ki, özünün qiymətli şənbə buraxılışlarında daimi olaraq işıqlandırmış və bu gün də işıqlandırmaqdadır. “525”in bu yazılara bu qədər diqqəti bir tərəfdən klassik dövlətçiliyimizə, klassik irsimizə marağından, digər tərəfdən bu qəzetin əməkdaşlarının əksəriyyətinin müəllimi olmasına yönələn sevgidən doğur.
Məlumdur ki, Parlament iclasları vaxtında həm də stenoqramma ilə yazıya alınmışdır. Rafael Hüseynov belə bir sual qoyur və özü də cavab verir: “Bəs o stenoqrammalarla “Azərbaycan” qəzetində dərc edilən hesabatların fərqi nədədir?
“Azərbaycan” qəzetində dərc edilən parlament hesabatlarının mənası və dəyəri büsbütün başqadır. Bunlar hamısı Məhəmməd Əmin və Üzeyir bəylərin redaktə süzgəcindən keçərək dərc olunib. Yəni onlar, məlum stenoqrammalardan fərqli olaraq, ağızdan çıxan hər sözü əks etdirməyiblər, yalnız ictimai məna kəsb edənləri saxlayıblar, müəyyən ixtisarlar aparıblar, bəzi parçaların məzmununu veriblər”. Biz də əlavə edək ki, hesabat bir jurnalistika janrı olmaqla, problemə publisist müdaxilələri ilə onu daha qabarıq şəkildə cəmiyyətə çatdırır. Şirməmməd müəllim dövrün ilk parlament müxbiri sayılan Üzeyir bəyi hamıdan yaxşı tanıdığından onun və əməkdaşlarının fikirlərinə məhəbbətlə yanaşmışdır. Bu mənada R.Hüseynovun obrazlı fikirinə biz də şərikik: “Şirməmməd müəllimin hər çıxışı, hər yazısı, hər kitabı və o sıradan bu cildlər heykəllərdir... Şirməmməd Hüseynov milli yaddaş daşıyıcısı, bir mənəviyyat körpüsüdür. Azərbaycanın dünəniylə indisi, istiqlalımızın qaynaqları ilə istiqbalımız arasında körpü”dür.
Biz Şirməmməd Hüseynovla universitet və dostluq münasibətlərimizin birgəliyindən doğan bir məzmunla onun ömür yolunun bir çox nəqamlarına bəlkə hamıdan çox bələdik. Rafael Hüseynovun onun həyat yolu ilə bağlı söylədiyi fikirlərin hamısı elə bizim də gözlərimiz önündə baş verib. Məsələn, ünlü şairimiz Bəxtiyar Vahabzadə və Şirməmməd müəllim xətti.
Məlumdur ki, millət fədaisi kimi hələ sovet dövründən çox-çox yaxşı tanıdığımız Şirməmməd müəllim də, Bəxtiyar müəllim də bizim doğma universitetimizdə biryerdə işləmişlər. Yaddaşımızın tarixini vərəqlədikcə bu iki şəxsiyyətin əqidə dostluğunun millətə gərək olan məqamlarını bir də xatırlayırıq. Bəxtiyar Vahabzadə etiraf edirdi ki, onun bir sıra məşhur şeirinin ilkin ideyası dostundan gəlir. Hətta şairin “Lenin” poemasının bütün motivlərinin milli müstəqilliklə bağlılığı Şirməmməd müəllimin ona seçib verdiyi sitatlardan doğmuşdur. Kitabın müəllifi Rafael Hüseynov Şirməmməd-Bəxtiyar tandemini çox maraqlı misallarla oxucuya təqdim edib. Bu mənada B.Vahabzadənin Şirməmməd müəllimə həsr etdiyi “Körpü çaydan uzaq düşüb” şeirinin yaranma tarixinə dair publisistik sətirlər çox duyğuludur və müəllifin belə bir cümləsinə hamımız şərik çıxırıq ki, “Şirməmməd Hüseynov və onun məktəbi, yolu, dərsləri var olduqca körpü heç vaxt millət çayından aralı düşməyəcək”.
Kitabda Şirməmməd müəllimin bioqrafiyasına elmi-publisistik, bir az da bədii yanaşma onu daha oxunaqlı etmişdir. Kiçik bir abzasa diqqət edək: “Universitetə gedərək əsgərlərinə təlimini verir - gələcəyin jurnalisti olacaq tələbələrinə dərsini deyir, qayıdıb gəlib səngərinə - yazı masasının arxasına keçir, silahını - qələmini götürür və başlayır itirdiklərimizi qaytarmağa, qazandıqlarımızı daha yaxşı qoruya bilmək üçün yollar göstərməyə, istiqlal salnaməmizi bir az da bütövləşdirmək üçün yeni mübarizələrinə”.
Şirməmməd müəllimin foto-arxivini “xatirə qutusu” adlandıran müəllif bu qutunun sehrinə dalaraq onun nəsil şəcərəsi, uşaqlıq illəri, universitet və ictimai həyatı haqqında illustrativ materialların təhilləri ilə bizi heyran qoyur. Təkcə bu şəkillərə verilən interpretasiyalar obrazın bütün ömür yolunun, bu yolun məşəqqətlərini, uğur və sevinclərini aydın bir süjet xətti ilə izləməyə imkan verir. Məlum olur ki, mənəvi kimsəsizlik çağlarından, paytaxtdan uzaq bir məkandan başlayan bir ömür yolunu dünya şöhrətli yazıçılarla, türk düynasının yanar ulduzu Çingiz Aytmatovla, Oljas Süleymenovla, Moskva Dövlət Universitetinin azman alimləri ilə görüşlər gözləyirmiş. Bu ömür yolunda onun Azərbaycan istiqlal düşüncəsinin müstəqim fədaisi Xudu Məmmədov, böyük ziyalımız Nurəddin Rzayev kimi milli şəxsiyyətlər bəzəyəcəkmiş. Həcmcə çox da böyük olmayan “Millət yaddaşının keşikçisi” reallığa bu tipli yanaşmaları ilə böyük bir epopeya təsiri bağışlayır.
Kitabda müəllif Şirmməmməd Hüseynov xarakterinə belə bir rezyume verir: “Ömrü boyu çalışıb, daim işin çətinindən yapışıb, harda olubsa, xalqına da, yurduna da, dövlətinə də fayda verməyə can atıb, həmişə haqpərəst olub, doğru sözü deməkdən çəkinməyib, yalnız az yeməyib, həm də halallığı hər şeydən üstün tutub, haram tikədən uzaq durub, vicdanı qarşısında onu gözükölgəli edəcək heç bir əmələ qol qoymayıb, nəfsi toxluğu, aza qane olmağı ailəsinə də aşılayıb”.
Bu abzasın son sətri əlinizdəki məqalə müəlliflərinə bəlkə də daha çox məlumdur. “... Vicdanı qarşısında onu gözükölgəli edəcək heç bir əmələ qol qoymayıb, nəfsi toxluğu, aza qane olmağı ailəsinə də aşılayıb”. Bu həqiqət universitetdə onunla birlikdə çalışan hər kəsin gözü önündədir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində olan təmizlik, ləyaqət Şirməmməd Hüseynov məktəbinin səbəbidir. O, burada elə bir təmizlik bünövrəsi yaradıb ki, bu bünövrə heç vaxt dağıla bilməz.
Biz Rafael Hüseynovun müəllimimiz haqqında bu kitabını sevgi və məhəbbətlə oxuduq. Dekabrın 17-də böyük müəllimimizin 94 yaşı tamam olur. Ömrünün bütün çağlarında millətinə sevgi ilə yaşamış və bu gün də yaşamaqda olan ustadımıza bu yolda can sağlığı, gümrahlıq arzulayırıq.
Nizami CƏFƏROV
Akademik
Cahangir MƏMMƏDLİ
Professor
525-ci qəzet.- 2018.- 15 dekabr.-
S.8;12.