Nemətullah Naxçıvani və Anadolu elləri
Doğma Vətənimizin ayrılmaz bir parçası olan Naxçıvan diyarı ilkin yaşayış məskəni, qədim sivilizasiya mərkəzlərindən biridir. 5000 illik şəhər mədəniyyətinə malik olan qədim Naxçıvan torpağı tarixə tanınmış, görkəmli şəxsiyyətlər bəxş edib.
Təsadüfi deyildi ki, 11-13 iyul 1996-cı ildə Naxçıvan şəhərində keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun iştirakçılarına göndərdiyi təbrik məktubunda xalqımızın Ümummilli lideri Heydər Əliyev bu cəhəti xüsusi vurğulamışdı: “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus mühüm rol oynamış və oynamaqda olan Naxçıvanın qədim və zəngin tarixi vardır. Hər daşı, qayası tarixin canlı şahidi olmuş bu torpaq bir çox dünya şöhrətli alim və mütəfəkkirin, memar və ədibin, dövlət xadimi və sərkərdənin vətəni olmuşdur. Onların fəaliyyəti və irsinin bəşər tarixində rolu danılmazdır”. Doğrudan da, başda Ümummilli liderimiz olmaqla, Nəsrəddin Tusi, Məhəmməd Hinduşah Naxçıvani, Nemətullah Naxçıvani, Kəlbəli xan, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd ağa Şahtaxtlı, Məhəmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, İbrahim Səfiyev və başqaları Naxçıvan torpağının övladı kimi tarixə öz adlarını qızıl hərflərlə yazdırıb. Onu da qeyd edək ki, milli mədəniyyətimizin, milli maarifimizin inkişafına töhfə vermiş bu görkəmli şəxsiyyətlərin irsi sovet dövründə birtərəfli şəkildə tədqiq edilib və ya ümumiyyətlə öyrənilməmiş, diqqətdən kənarda qalıb. Müstəqillik illərində milli mədəniyyətimiz və elmimizin inkişafına töhfə vermiş bu şəxsiyyətlərin irsinin öyrənilməsi üçün geniş və münbit şərait yaradılıb, diqqət və qayğı artırılıb. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin XV-XVI əsrdə yaşamış görkəmli islam alimi mövlana Nemətullah ibn-Mahmud ən-Naxçıvaninin irsinin toplanması və tədqiqi haqqında 29 oktyabr 2018-ci il tarixdə imzaladığı möhtəşəm sərəncam milli mədəniyyətimizin tədqiqinə, öyrənilməsinə göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Sərəncamda qeyd edildiyi kimi, Nemətullah Naxçıvaninin elmi dünyagörüşünün forma-laşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olmuş, ona “Baba” titulu burada yaşadığı illərdə mötəbər dini rütbə kimi verilmişdir. Şərqin böyük filosofu Nemətullah Naxçıvaninin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə islam dini dünyagörüşü vəhdət təşkil etmişdir.
Bu böyük mütəfəkkir daha sonra fəaliyyətini o dövrün daha böyük mədəniyyət mərkəzi kimi tanınmış Təbriz şəhərində davam etdirmiş, burada dini elmlərin inkişafında böyük əmək sərf edib. Bu baxımdan Nemətullah Naxçıvaninin qələmə aldığı “Əl-fəvatihül-ilahiyyə vəl-məfatihül qeybiyyə” (“Quran”ın kəlmə və hikmətlərini açıqlayan qeybin açarı və ilahi fəthi) adlı dini-fəlsəfi əsəri ona böyük şöhrət qazandırıb. Bu dəyərli tədqiqat əsəri müqəddəs kitabımız “Qurani-kərim”in bütün ayələrinin sufizm baxımından təfsiri, şərhindən ibarətdir. Təbrizdə bu islam mütəfəkkirinin xidmətləri nəzərə alınaraq ona nəqşibəndi təriqətinin şeyxi titulu verilib.
Məlumdur ki, Anadolunun fəthindən sonra yavaş-yavaş bölgədə islamın yayılması işi həyata keçirilməyə başlamışdır. Bunun üçün türk dünyasının müxtəlif bölgələrindən sufilər, övliyalar Anadoluya gəlib yerləşmiş, təkkə qurmuş, dinin yayılmasına xidmət göstərmişlər. Nemətullah Nahçıvaninin yaşadığı dövrdə Osmanlılarda xüsusilə sultan Mehmed Fatih (Ö. 886/1481) və sultan II Bayazid (Ö. 918/1512) zamanlarında elmi inkişaf təşviq edilmiş, alimlərin huzurlu bir ortamda çalışmaları üçün hər cür şərait yaradılmışdı. Bir çox alim, şair və ədib Osmanlı dövləti tərəfindən himayə edilmiş və onlara lazımlı imkanlar təmin edilmişdir. Özəlliklə bu dönəmdə İstanbul bir elm və mədəniyyət mərkəzinə çevrilmişdi. II Bəyazid ilk dəfə Təbrizdən Osmanlıya gəlib sığınan Şərəfxan Bitlisiyə farsca, İbni-Kamala (Ö.940/1533) türkcə bir Osmanlı tarixi mövzusunda əsər yazdırmışdır. Onlardan biri də görkəmli sufi şeyxi, filosof Baba Nemətullah ibn-Mahmud ən-Naxçıvanidir.
Bu böyük mütəfəkkir 1498-ci ildə Cənubi Azərbaycanda siyasi vəziyyətin qarışması ilə əlaqədar Təbriz şəhərini tərk etmiş, İstanbula gəlmiş, üzvü olduğu nəqşibəndiyyə təriqətinin şeyxlərinin dərgahına üz tutmuşdu. O dövrdə İstanbul artıq 45 il idi ki, fəth edilmişdi. Burada üləmalar, din alimləri toplanmışdı. Amma Anadolunun elm və irfan xadimlərinə çox ehtiyacı var idi. Ona görə də tanınmış sufi şeyxi və filosof Nemətullllah Naxçıvani elm və irfan yaymaq üçün indiki Konya vilayətinin Ağşəhər rayonuna göndərilmişdi. 1499-cu ildə Ağşəhərə yerləşən Nemətullah Naxçıvani burada zaviyyə qurub sufizmin təbliği ilə məşğul olmuşdu. Böyük mütəfəkkir az sonra bu mərkəzi zaviyədən daha böyük olan təkkəyə çevirir. Onun təşkil etdiyi bu mərkəz sənədlərdə “Əvkafi-zaviyeyi-Nemətullah Naxçıvani” şəklində qeyd edilib. Qısa müddətdə xalqın rəğbətini qazanan bu islam alimi həmin təkkənin şeyxi sifətilə ətrafına müridlər toplamış, gənclərə dini təhsil vermiş, övliya vəsfini qazanmış, nüfuzlu və müdrik din xadimi kimi tanınmışdı. Anadolu ellərində onun kitabları, yazdığı təfsirlər, müsəlman əhalinin maariflənməsində böyük rol oynayıb. Sufi filosofu Nemətullah Naxçıvani Ağşəhərdə yaşayarkən hələ XIII əsrdə Konyada dərgahı və mövləvixanəsi olan məşhur türk filosof şairi Mövlana Cəlalələddin Rumi yaradıcılığına da böyük maraq göstərib. Ehtimal ki, onun “Şərhi-rubai-Şeyx Cəlaləddin” risaləsi mövlana Cəlaləddin Rumi rubailərinin şərhinə həsr edilib.
İslam mütəfəkkiri Baba Nemətullah Naxçıvani sultan II Bəyazid (1481-1512) zamanında Ağşəhərdə yaşayıb. 1514-cü ildə haqqın rəhmətinə qovuşduqdan sonra oğlu mövlana Hacı Əli Çələbi həmin təkkənin sahibi olub və bu təkkənin vəqfi təsis edilib. Yeri gəlmişkən qeyd edim ki, mən 2004-cü ildə Ağşəhərin digər bir övliyası, türk dünyasının müdrik şəxsiyyəti Nəsrəddin xocaya həsr edilmiş beynəlxalq konfransda iştirak etmək üçün bu diyarda olmuşam və Nemətullah Naxçıvaninin qəbrini ziyarət etmiş, ruhuna fatihə oxumuşam. Çox təəssüf ki, bu gün bu təkkədən heç bir iz qalmayıb. Onu da qeyd etmək lazımdır ki, Nemətullah Naxçıvani nəqşibəndiyyə təriqətinin xəlvətiyyə qoluna mənsub olmuşdu. Bildiyimiz kimi, bu qrupa mənsub olan din xadimləri isə xalq arasına çox çıxmır, daha çox ibadətlə məşğul olurdular. Bu cür həyat tərzinə alışmış Nemətullah Naxçıvani sağlığında belə, regionun üləma zümrəsi arasında ən tanınmış din xadimi olub. Belə ki, hələ XVI əsrdə yaşamış Osmanlı salnaməçisi Əhməd əfəndi Taşköprüzadə “Şəqayiqün-Numaniyyətü fi Üləmad Devlətil-Osmaniyyə” adlı irihəcmli əsərində bu cəhəti vurğulayaraq böyük islam mütəfəkkiri haqqında yazmışdı: “Allah yolunda xidmət edən ariflərdən biri, dərvişlik və sufiliyin fəxri olan Baba Nemətullah özünü xalqdan gizlədirdi. O, rəbbani elmlərdə dərin bilik sahibi olmuşdur”. XVII əsrdə yaşamış məşhur Osmanlı müəllifi Katib Çələbi də öz əsərində bu məlumatı təkrar qeyd etməyi lazım bilmişdi. Nemətullah Naxçıvaninin, yuxarıda da qeyd etdiyimiz kimi, müqəddəs kitabımız “Qurani-Kərim”in bütün ayələrini süfizm baxımından şərh edən “Əl-Fəvatihül- İlahiyyə vəl-məfatihül-qeybiyyə” adlı təfsirinin şəxsən öz əl yazmasıyla olan nüsxəsi, hazırda İstanbul şəhərindəki Topqapı Sarayı Üçüncü Əhməd Xan kitabxanasında saxlanılmaqdadır. Onu da qeyd etmək lazımdır ki, bu əsər sultan İkinci Əbdülhəmidin göstərişi ilə 1907 və 1908-ci illərdə iki cild şəklində İstanbulda dövlət mətbəəsində nəşr olunub. Maraqlıdır ki, bu əsərin ikinci cildinin sonunda Nemətullah Naxçıvaninin tərcümeyi-halı haqqında “Tərcümeyi-hale-müfəssir” adı altında kitabın naşiri tərəfindən bəzi qeydlər verilib. Bu qiymətli təfsir kitabının nəşri XXI əsrdə yenidən gündəmə gəlib. İslamşünas alim Ali İhsan Türcan bu əsəri üç cild halında 2013-2016-cı illərdə Türkiyə Cunhuriyyətinin Kayseri şəhərində “Naxçıvani təfsiri” adı ilə nəşr etdirib. Maraqlıdır ki, Türkiyə Cumhuriyyətinin bir çox kitabxana və muzeylərində bu böyük mütəfəkkirin qiymətli əsərlərinin əlyazma nüsxələri bu gün də mövcudluğunu qoruyur və tədqiqatçılar tərəfindən elmi cəhətdən araşdırılır.
Tarixdə və günümüzdə, xüsusilə ağşəhərlilər arasında Şeyx Əlvan, Nemətullah Naxçıvani, Baba Nemətullah və Nemətullah Sultan kimi adlarla keçən bu böyük türk-islam alim və övliyası zamanındakı alim və övliyaların ən üstünlərindən idi.
Baba Nemətullah Naxçıvaninin türbəsi Ağşəhərdə Təkkə kəndinə gedən yolun üstündədir. Türbə Təkkəyə gedən yolun sağında və Ağşəhər çayının solunda olub, bir neçə dəfə təmir edilib. Türbənin önündə bir hovuz olub. Onu da qeyd etmək lazımdır ki, sonralar türbə inşaatı ləğv olunub, sərdabə normal məzar şəklinə düşüb. Ağşəhərin bu ərazisi vaxtilə Köycəcəyiz məhəlləsi adını daşımışdı, müasir dövrdə isə Çimənli məhəlləsi adlandırılır. O böyük şəxsi sevənlər, qəbrini ziyarət edərək mübarək ruhaniyətindən istifadə etməklə onu xatırladıqca etdikləri dualar qəbul olmaqdadır. Baba Nemətullah Naxçıvaninin məzar sənduqəsində böyüklü-kiçikli beş ayrı daş kitabə mövcuddur, ikinci daşın kitabəsində yazılıb: “Ey dost. Kibari-əhlullahdan və müfəssirini-izamdan xacə Nimətullah kuddisə həzrətlərinin mübarək, nurlu qəbirləridir”. Üçüncü daşın kitabəsində isə 5 beytdən ibarət şeir verilib. Bu şeirin birinci misrası “Həqiqət(ən) sərəfraz övliyadır Həzrət Nemət baba” şəklindədir. Mütəvazi bir həyat sürən, elmə və irfana böyük xidmətlər göstərən, çox tələbə yetişdirən və dövrünün ən böyük şəxslərindən olduğu qaynaqlarda qeyd edilən Naxçıvani həzrətlərinin qəbri bu gün ağşəhərlilərin ən çox ziyarət etdikləri yerlərdəndir. Xüsusilə xalq Xıdırəlləz bayramı günləri (mayın 4-5-i) məzarın ətrafında toplanır, orda dualar edib diləklərdə bulunurlar. Təsadüfi deyil ki, Ağşəhər əhli bu islam mütəfəkkirini hələ sağlığında Əlvanül-Ağşəhəri (Ağşəhərin qüruru) adı ilə çağırmış, ona böyük ehtiram göstərmişlər. Hazırda Ağşəhərin rayon mərkəzində Nemətullah Naxçıvani adını daşıyan məscid və orta məktəb fəaliyyət göstərir. Ağşəhərdə bir küçəyə onun adı verilib.
Naxçıvan Muxtar respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamda çox doğru olaraq qeyd olunur ki, “Nemətullah Naxçıvani məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyə elm tarixində mühüm yer tutur”. Həmin dəyərli sənəddə də vurğulandığı kimi, orta əsrlərdə yaşamış naxçıvanlı mütəfəkkirlər içərisində özünəməxsus yüksək yeri və mövqeyi olan Nemətullah Naxçıvaninin fəlsəfi irsinin geniş və hərtərəfli tədqiqinə azərbaycanşünaslıqda böyük ehtiyac vardır.
Əbülfəz
QULİYEV
AMEA-nın
müxbir üzvü
525-ci qəzet.- 2018.- 15 dekabr.- S.18.