Şeirini bircə misrasından tanıdığım şair

 

 Əbülfət Mədətoğlunun 60 yaşına

 

 

Neçə illərdir Əbülfət Mədətoğlunu tanıyıram. Yox, təkcə tanımıram, həm də dostluq edirəm, hər həftə onun iş otağına yolum düşür, qəzetdə təzə yazını Əbülfətə göstərirəm. Onu həmişə oturduğu yerdə görmüşəm və mənə elə gəlir ki, Allah da bu yeri elə onun üçün seçib.

 

Əbülfət Mədətoğlu bu dünyanın deyərdim ki, ən iddiasız adamıdı. Yalnız bir iddiası, bir böyük arzusu var ki, doğulduğu Tuğ kəndinə qayıda bilsin, üzü üstə sərələnib Tuğun otunun, gülünün iyini ciyərlərinə çəksin.

Əbülfət Mədətoğlu şairdir, özü də poeziyamızda heç kimə bənzəməyən şair. Və deyim ki, heç kim də ona bənzəmir.

 

Əbülfət təkdir. Təklər həmişə seçilirlər. Şeiriyyət aləmində də o, təkdir! Mən yüzlərlə Azərbaycan şairlərinin şeirlərinin sırasında Əbülfətin şeirlərini bircə misrasından tanıyaram ki, bu, Əbülfətdir!

 

Hər gün göz yaşı, hər gün

Ölüb-dirilməyim var.

Gözü doymur ki, dərdin

Səssiz dərilməyim var.

Əlim bir yana çatmır,

Səsim solur içimdə.

Bircə Allahım bilir,

Nələr olur içimdə.

Dörd divar arasında

Məzardayam elə bil.

Hər yan xatirə dolu -

Bazardayam elə bil.

Cırmaqlanır yaddaşım,

Ruhum qana bələnir.

Təklik adlı sirdaşım

Məndən məni dilənir.

 

Bu şeirə kədərli şeir demirəm. Bu, Əbülfətin öz-özüylə mübarizəsini əks etdirən, özünə məğlub olan və bununla da özünü dərk etməyə çalışan etiraflarındandı.

 

Əbülfətin bütün şeirləri etiraf üzərində köklənib. Onun təklik, tənhalıq, sevgi, həyat haqqında düşüncələri səmimi etiraflardan ibarətdir. Bu etiraflarda nostalji hisslər görməzsiniz, peşmançılıq hissi də yoxdur. Etiraf “vicdanın nəğməsi, neyi, hər kəsin özündən öc almasıdır”sa, Əbülfət Mədətoğlu da hər şeyi öz vicdanına etiraf edir.

 

Əbülfət Dərd şairidir. Dərd onun içində, o da dərdin içindədir.

 

Tumurcuğu çırtlamış -

Təzə dərdim-tər dərdim!

Mən səni şehli-şehli -

Təzə dərdim-tər dərdim!

Sarıldın sən də mənə...

Eşq vardı səndə mənə

Titrəmə, səndələmə -

Sən də məni dər, dərdim!

Qarışaq, sirdaş olaq

Bir divar-bir daş olaq...

Dərdlərə bir qaş olaq -

Sən üstündə zər dərdim!

 

Publisistik yazısında oxuyuram: “Bəli, elə Vətəndə Vətənsiz keçən bu günlər məni ağlada-ağlada özümdən aldı... Məni göz yaşımda isinməyə, öz dərdlərimə əl uzatmağa, onları çiyinlərimdə gəzdirməyə məcbur etdi. Və mən də, ağır da olsa etiraf etməliyəm ki, daşdan, dəmirdən olmadığım üçün tabe oldum. Zaman öz gücünü mənə də göstərdi. Baxıb gördüm ki, aylarım, günlərim,  illərim eləcə təqvim vərəqi kimi bir-bir qopub gedir. Sanki o vərəqləri dəli küləklər ağzına alıb aparırdı... təəssüf ki, bunu məndən başqa heç kim hiss etmirdi... heç sən də bilmirdin, heç indi də bilmirsən...”

 

Əbülfətin bir sevgi dünyası da var. Özü etiraf edir ki, o, Məcnun deyil. Neçə illərdir o, bu sevgini, dərdinin sevgi adlı vadisində yaşayır. Və onun sevgi şeirləri əlli-altmış yaşının deyil, cavan qalan ruhunun şeirləridir. Bu şeirlərdə sızıltı da var, qəm də, kədər də, ölüb-dirilmək də, təzədən dirilib ölmək də... Amma hisslər o qədər təbiidir ki...

O mənim həyatımda,

Günümdə, anımdadı..

Atdığım hər addımda -

Damarda qanımdadı...

İçimdəki səsdi O,

Aldığım nəfəsdi O...

Sabaha həvəsdi O -

Ruhumda, canımdadı!

Nəşəmdi, ahımdı O

Sevgim, günahımdı O...

Yerdə Allahımdı O -

Ölüncə yanımdadı...

Tanrının eşq mələyi

Məcnunların diləyi...

Olub şair ürəyi -

Adımda, sanımdadı!

O, Qarabağın məşhur Tuğ kəndində doğulub. Orda orta məktəb bitirib, sonra “həyat universitetinə” - halal əməyiylə çörək qazanmağa başlayıb. Sonra ADU-nun Tarix fakültəsini bitirib. Sonra da mətbuat aləmi. İndi “Ədalət” qəzetində çalışır. Fəal publisistik yazıları ilə diqqəti cəlb edir. Amma mən onu bir şair kimi tanıyıram. Neçə il öncə bizim sevimli şairimiz Bəxtiyar Vahabzadə onun haqqında yazmışdı: “Əbülfət sözün əsl mənasında şairdi. Dərd yağır, Qarabağ fəryadı hıçqırır misralarından. Onu oxuyanda varımdan yox oluram, tüstüm təpəmdən çıxır. Köz-köz olur ürəyim. Bax, budur, sənətin qüdrəti”. Əbülfət Mədətoğlu günlərin bir günündə üzünə həsrət qaldığı, doğulduğu ocağın, evin şəklini təsadüfən Azıx mağarası ilə bağlı nəşr olunmuş bir kitabda görür. Özüylə heç bir nişanəsini götürmədiyi evin şəklini görmək onun əhvalını dəyişir.

 

On ildi əsirlikdə,

On ildi zülümdədi.

On il əvvəlki şəkli

Ovcumda, əlimdədi.

Lal deyil, o danışır,

Sual bizi lal edir.

İnsan yesir olarmı?

Ocaq əsir olarmı?

Bir şəkil sual edir.

 

Bu şeir iyirmi bir il əvvəl yazılıb, amma dərd elə həmin dərddir, qocalmayıb o dərd.

 

Bəxtiyar müəllim doğru deyirdi. Əbülfətin Qarabağ həsrətiylə qələmə aldığı şeirlər doğrudan da təsirlidir, şəxsən mən bu şeirləri oxuyandan sonra içimdə havalanan Qarabağ həsrətinə bir qığılcım da səpələndi.

 

Gizlətməyək ki, bu gün həmin mövzuda çoxlu şeirlər yazılır, amma bu şeirlərin əksəriyyəti sadəcə dərdin adi izharından başqa bir şey deyil. Əbülfətin şeirlərində isə həmin həsrət, həmin dərd poeziya səviyyəsindədir:

 

Ürəyim bir kövrək layla istəyir,

Gözlərim yumulu, qulağım səsdə.

Sifətin qırışıb, əlin titrəyir,

Sən nə həvəsdəsən, mən nə həvəsdə?!

Mənim çadırlarda qocalan anam.

Sözün göz yaşıdı, söhbətin acı.

Elə çırpınırsan bu dar qəfəsdə.

On ildir gəzirsən başı aşağı.

Sən nə həvəsdəsən, mən nə həvəsdə?!

Mənim çadırlarda qocalan anam.

 

Ümumiyyətlə, Əbülfətin bir çox şeirlərində öncə qeyd etdiyim kimi, Dərdin obrazını görürük, yəni şair, içində yaşatdığı ağrıları, yurd həsrətini sadəcə təsvir etmir, həm də daha geniş anlamda təqdim edir, Dərdin böyüklüyünü, bir ürəyə sığmadığını nəzərə çarpdırır. Beləliklə, tək bir fərdin - bir insanın dərdi deyil, millətin yurd-yuva həsrətlilərinin qəmi, kədəri onun şeirlərində baş-başa verir.

 

Qaçqınlıq yaman zülümdü,

Adam adamlıqdan çıxır...

Ölümə yamaq ölümdü,

Çörək edamlıqdan çıxır.

Bir ömrün də boş-hədər

Ölüm-itimi olar?

Məmləkətin bu qədər,

Qaçqın yetimi olar?

 

Bu gün Qarabağ həsrətiylə bağlı xeyli şeirlər yazılır, amma bu yazıların bir çoxu dərdlə, kədərlə oyun təsiri bağışlayır. O dəqiqə hiss eləyirsən ki, o şeirdə ağrının özü yoxdu, onun sözlərlə çəkilmiş cızmaqarası var. Amma Qarabağ həsrətinə həsr olunan elə şeirlər də var ki, sənin içini tərpədir. 

 

Bu dünyada

Tuğ adlı bir dağ

kəndi var

şəlaləsi,

meşələri,

bulaqları

bir də

Nilufər çiçəyilə

Kənd uşaqlarının

payına düşmüş

hər nə varsa,

mənim

canıma-qanıma

hopub orada.

Həmin o uşaq

ləpirlərində

düşmən

mina əkir indi.

Xatirələrimi

göyə sovurmaq üçün.

 

Bu da Əbülfətin doğma kəndi - Tuğa həsr etdiyi şeirdir. Əlbəttə, bu minor motivlər təbiidir. O dərdi, o ağrını içində yaşatmayan insan dərddən ürəyində kaşanə qura bilməz. Əbülfət Dərdin Poeziyasını Poeziyanın Dərdinə çevirən şairlərdəndir.

 

Əbülfət Mədətoğlu həm də publisistdir və demək olar ki, “Ədalət”in hər sayında düşündüklərini publisistikasında ifadə edir. Amma bu publisistik qeydlər daha çox onun fərdi dünyasını ifadə edir, özündən dünyaya, həyata, cəmiyyətə boylanır,  publisistikada belə fərdi yaşantılara - “Mən”in qabarıq ifadəsinə son illər yalnız Əbülfətin yazılarında təsadüf etmişəm.

 

“Dünya kədərə qalıb” - bu yazıda o, Kədərin obrazını yaradır. Etiraf edir ki, “Bəli, indi sevincdən çox kədərin at oynatdığı, təbəssümdən çox göz yaşımın bəzədiyi bu dünya mənə görə kədərə qalıb”.

 

Əbülfətin publisistik yazılarında onun fikirlərini tamamlayan, isbata yetirən şeirlərə də rast gəlirik. Baxın:

 

Bir tənhalıq, bir sükut

Həmişə qara bulud...

Güllələnmiş son umud -

Dünya kədərə qalıb...

Bir nişangah, bir nişan

Nişangahdı pir, nişan...

Yer də, göy də pərişan -

Dünya kədərə qalıb...

Səsim yetim, sözüm nəm

Güləşirəm özümnən...

Dünya düşüb gözümdən -

Dünya kədərə qalıb.

 

“Gün keçdimi?” yazısı AN, GÜN, ZAMAN və İnsan ömrü haqqındadır. Yazır ki, “Onsuz da bu ömür özü bir xatirə, əmanətdir. Və biz də Allahın bizə əmanət olan ömrü necə gəldi xərcləyirik, hətta bəzən onu xırda pul - qəpik-quruş səviyyəsinə endiririk. Unuduruq ki, nə zamansa onun həsrətini də çəkəcəyik, hesabatını da verəcəyik”.

 

Əbülfətin publisistik yazıları, əgər belə demək mümkünsə, özünün özünə hesabatıdı. Amma o, təkcə özü üçün yazmır, hər kəs bu yazılardan nəyəsə - hansı fikirəsə bu, həm də mənim düşüncələrimdir” deyə bilər. Baxın: “Yarımçıq məktub”a. “Dünyada yerində olmamaqdan dəhşətli heç nə ağlıma gəlmir. Dünyada doğulduğun torpaqda qaçqın olmaqdan zülmlü heç nə təsəvvür edə bilmirəm... dünyada haqqının tapdalanmasından, şəxsiyyətinin, hərəkətinin, varlığının anlaşılmamasından faciəvi heç nə yoxdur. Və nəhayət dünyada bütün bu dediklərimin hamısını bilə-bilə, duya-duya, görə-görə yaşamağın nə demək olduğunu yazmaq istəməməyinin özünün də hansı anlama gəlib çıxdığını sadəcə düşünmək, ağıldan keçirməyi istəmək artıq hamısı o dediklərimi yaşamağa bərabərdir”.

 

60 yaş. Əbülfət bu 60 yaşında özünü ədəbi aləmdə “Ədalət” qəzetində, Aqil Abbasın və İradə xanımın çevrəsində, onlarla dostların, qohumların arasında xoşbəxt hiss edir. Dünya ona bir balaca Otaq bəxş edib, o Otaqda Dünyanı görür Əbülfət. Dağları görür və mən də bu yazını Əbülfətin çox sevdiyim o şeiri ilə bitirirəm:

 

Yenə könlüm qan ağladı

Baxdım dağlara, dağlara.

Dolub qaralmış bulud tək

Yağdım dağlara, dağlara.

Qayaları xəncər oldu,

Uçurumları səngər oldu.

Bir az duman əngəl oldu -

Qalxdım dağlara, dağlara.

Dedim daşıma dərdimi,

Burax başına dərdimi.

Alıb başıma dərdimi -

Çaxdım dağlara, dağlara.

Havalanmış ruhum şimşək

Bəsdi, mənə sən az şum çək.

Əbülfəti bir bayraq tək

Taxdım dağlara, dağlara.

 

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2018.- 15 dekabr.- S.22.