Yuxuya gedib gecə...
ÜRƏYİN BÜTÖV VAXTLARI VƏ... O QADIN
Yazıçı,
publisist Novruz
Nəcəfoğlunun “Yuxuya gedib gecə...” povestindən yeni
bir fəsli “525-ci qəzet”in oxucularına təqdim edirik.
“Yuxuya gedib gecə...” qulağına qəribə səslər
gələn, xatirələrindən, qorxularından özünə
yer tapmayan, yuxusu ərşə çəkilən insanın
duyğu və düşüncələrinin ifadəsidir.
... Həbib
yenə otaq boyu o baş-bu başa vurnuxur, gah var-gəl edir,
gah da çarpayısına uzanaraq gözlərini yumub
yuxulamağa çalışır, ancaq nədisə,
gözünə yuxu getmirdi...
Uzandıqca
uzanan qaranlığın üzüntüsündən yaxa
qurtarmaq, beynindən asılıb qalmış bu zülmət
gecənin qapqara düyün düşmüş zəncirinin
kilidini açmaq, indi onu şirin yuxudan edən, ruhunu
sarmış o səsin vahəsinin kələfini
çözmək, ötənlərdə-olanlarda həyatının
xoşbəxt anları ilə bağlı nəyisə elə
hey yadına salmaq, xatırlamaq istəyir, beləcə
düşüncələrə dalıb fikir-xəyal
içində çırpınırdı.
... Aha,
deyəsən, nəsə tapdı, hə, hə, demə, o
qadın...
***
Qaranlıq,
tənhalıq və bir də lal sükut; Həbibin kitaba həvəsi
olduğu vaxtlarda Çarlz Bukovskidən oxuduğu və elə
indiki halını tamamlayan fikiri xatırladı:
“Anladım
ki: həyatında birinin olmaması deyil, birisinin həyatında
ola bilməməkmiş təklik”.
Düşündü ki, bəyəm belə hallar onun da
həyatında olmayıbmı? Bəlkə elə
indi də eşitmək istəyində olduğu itkin
düşən soraqların sədası idi ki, məqamı
yetişəndə gəlib qulağına çatır.
Onun, heç nə demədən, səssiz-səmirsiz
çıxıb gedən, elə getməyi ilə də
yaddaşında bir kitablıq söz qoyan o qadının səsidir
ki, bu gecənin uyğusunu indi əlindən alıb...
Tez də fikrindən daşındı. Yox, o qadın elə onun
ruhunun özüydü, nağıl idi və o nağıl da
bax, beləcə başlamışdı...
***
... O zaman
ürəyimin bütöv vaxtları idi...
O vaxtlar
ürəyimi kiməsə aça bilərdim, nəinki indi,
cərrah bıçağına çatınca,
yetişmiş nar kimi çat-çat olandan sonra. Yenə növbəti səfərə
çıxacaqdım, özü də uzaq bir səfərə.
Səfər öncəsi o qadını görməyə
getmişdim. Məni həmişəki
kimi, qapının astanasında qarşıladı. Xeyli söhbətləşdik. Aramızdakı
ülfət bağları yaxınlaşıb
sıxlaşdıqca ünsiyyətimiz daha çox mehr-məhəbbətə
çevrilirdi. Birgə olanda daha çox
sükutla danışardıq. Sözlərsiz
də söhbət etməyin üsulları vardı
aramızda. Baxışlarla birgə ruhun təzadlı
eyniləşmək istəyi danışar,
vücudumuzdakı yanğının elə-belə
söndürülməsinin mümkün
olmayacağını düşünə-düşünə
birləşmək ehtiyacı da çıxardı üzə...
***
O
qadın mənim duyğularımın yeni mövsümünə
öz bahar təbiətiylə güllük-gülzarlıq gətirmişdi.
Onunla görüşə az-az hallarda gedərdim.
Daha çox, o, özü mənim, daha
doğrusu, bizim hər ikimizin sığınacaq
adlandırdığımız gözdən uzaq bağ evimə
gələrdi. Köhnə taxta məhəccərli bu ev orta əsrlərdən qalmış
daxmanı xatırladırdı. Həyətdəki
günəşə kölgə tutan sıx və
hündür ağacların əhatəsində hava çəkməyən
evin divarları rütubətdən quzulayıb nəmişlikdən
kəsif qoxusa da, bu ab-hava daha çox xatirələrin və
xəyalların ətrinə bürünərdi. O
qadın içəri daxil olan kimi boy-buxunuyla qeyri-mütənasib
olan bir çevikliklə bir anda hər tərəfə əl
gəzdirər, əvvəlcə otaqdakı baba yadigarı
gümüşü aynanın tozunu alıb
qarşısında dayanar, özünə baxa-baxa ürəyindən
keçən duyğular içində gülümsəyər,
nənəmin gəlinliyi olan, qoz ağacından
hazırlanmış qara rəngli kamodun üzərindəki,
bu ab-havaya başqa bir rəng qatan, müasirlik gətirən
yeni dəbli çərçivədəki şəklə
xeyli baxardı. O şəkildəki adam isə
hardasa iyirmi beş il öncəki, dünyanın
qarışan vaxtlarındakı mən idim...
***
Hər gəlişində
o qadının o şəklə xüsusi marağı və
diqqəti az qala elə mənim
özümdə də qısqanclıq hissi oyadırdı. Şəkli onun əlindən alanda ürəyimdən
keçənləri bilirmiş kimi tezcənə üzümə
gülümsəyərdi. Açığı,
indi onu bu halımla daha çox sevdiyimi etiraf etmək istəyirəm.
O isə mənim ürəyimdən keçənləri,
dilimin ucunda dolaşanları fəhm edib öz daxili
dünyasında duyduğunu, anladığını
baxışları ilə bəyan etdiyinə görə, bəlkə
də daha xoşbəxtdi. Əlbəttə ki,
bu, belə idi. Çox zaman onun nə
düşündüyünü elə gözlərindən
oxumaq mənim üçün bir elə çətin olmurdu.
Mənə elə gəlirdi ki, o da mənim
bütün istək və arzularımı gözlərimin
ifadəsindən, baxışlarımdan anlayır. Bu, ruhi anlaşma mənə də rahatlıq gətirirdi.
Əsas olan bu idi ki, qarşımda gözlərindəki
qaranlıqdan işığa baxan bir qadın var idi və o
qadın da bu işığı mənimçün bir
qığılcıma çevirmişdi.
***
Otaqdakı
enli taxta çarpayıda yan-yana oturanda açıq pəncərədən
içəri dolan sərin meh bizi üşüdür,
bir-birimizə daha da bərk-bərk sarılmağa bəhanə
verirdi...
... O
qadın artıq şirin bir yuxuya getmişdi. Bir
hovur gözünün acısını alıb oyanacaqdı.
Bu, həmişə belə olurdu. İndi təbiətin bayırda, o eşikdəki
ecazkar gözəllikləri, bahar ətri, həyətdən gəl-gəl
deyən min bir rayihəsi də bizim o köhnə dəbli
otaqdaydı. Mən isə gözlərimi qırpmadan, az qala nəfəs belə çəkmədən
bu gözəlliyin seyrinə dalmışdım. Sanki nəfəs çəksəydim, hər şey
çiliklənib tökülər, bu gülzar,
gülüstan paymal olardı. Onun
açıq qalan kürəyinə səpələnmiş
uzun saçları həyat eşqindən doğulmuşdu
sanki. Yana düşmüş mələfəni
çəkib kürəyini örtdüm. Düşündüm ki, yuyulmaqdan ağarmış
bu mələfə, yəqin, bir zamanlar gömgöy rəngiylə
göz oxşayırmış. Taxtı
da, üstündə olan bu nimdaş yorğan-döşəyi
də şəhərdəki evimdən bura gətirmişdim.
Atmağa, yandırmağa əlim gəlməmişdi.
O qadın həyatıma girəndən bəri bu daxmama öz
işığıyla yanaşı, bir hərarət də gətirmişdi.
Bir az həyətdə gəzib-dolaşmaq istəyirdim.
Damdakı göyərçinlərin civiltisi
yenə də sükutu pozurdu. Yəqin ki,
təzəcə yumurtadan çıxan yavrulardı. Ana göyərçinləri kənddəki əmim
uşaqları mənə bağışlayanda bir cüt
kövrək balaquşlardı. Mən də
onları bu daxmanın yırtıq-yamaq damına gətirib
buraxmışdım. Göyərçinlər
də mənə elə tez alışdılar ki, qısa
müddətdə xeyli törəyib artdılar. O
qadın da quşları sevir, hər gəlişində onlar
üçün yem, arpa-buğda payını əsirgəmirdi.
Ərinməyib onların yuvalarını da
silib təmizlər, qablarına su tökər, bu işləri
görə-görə həm də quş nəğməsinə
bənzər civiltilər zümzümə edərdi. Bəlkə
də məni anladığından idi ki, elə bu
quşları da anlayır və duya bilirdi...
***
Bu gəlişində də göyərçinləri
unutmamışdı. Gətirdiyi yem payı əvvəlkilərdən
çox idi. Ancaq bu gəlişində nədənsə
daha ağır-təmkinli, düşüncəli
haylanırdı quşlara.
Kamoda bitişik divarboyu aynada heç özünə
baxmamışdı da. Ancaq şəklimi öpüb sinəsinə
sıxmışdı. Pəncərəni
açmağı lazım bilməmişdi, deyəsən.
Yəqin ki, həzin, qəmli-qüssəli
olduğu qədər də sərin olan payızın sentyabr
havasından qorxmuşdu. Ya da bəlkə
bu dəfə canındakı üşütməylə gəlmişdi
mənim bu daxmama.
***
Göyərçinlərlə daha çox vaxt
keçirmişdi. Onlara qoşulub zümzümə etdiyi nəğməsi
həmişəkinə bənzəmirdi. Bu
dəfə zümzüməsi olduqca yanıqlı, bir qədər
də nisgilli səslənirdi. Onu bu
kövrək halıyla da anladığımı
düşünmüşdü, deyəsən. Mənsə, bəlkə də,
görüşümüzün sevincini duymaqdan daha çox,
bu günün dadını yaşamaq ehtiyacıyla gətirdiyi
işıqla yanaşı, təmiz ətriylə dolu bu daxma
havasını ciyərdolusu içimə çəkməkdən
doymurdum. Nəhayət ki, o, göyərçinlərlə
“qonaqlığı”ndan dönüb içəri girərkən
gözündəki öləziyən o son damla işıqdan
qəlbindəkini anlaya bildim...
***
Beləcə, bu sonuncu görüşümüz demək
idi. Onu əyləyib saxlamayacaq, fikrindən döndərməyə
çalışmayacaqdım. Sadəcə
qoy sevildiyini bilsin, bu, yetərdi mənə. Halallıq
alırmış kimi baxırdı oturub-durduğumuz, gəzib
dolaşdığımız hər yerə - ağaclara,
divarlara, masaya, hətta kamodun üzərindəki şəklimə
də... Məni onlara qatmaqdan çəkinirdi... Bu hərəkətində
haqlı olduğunu düşünürdü bəlkə də...
Amma mənə görə belə etməməliydi... Çünki o gedəndən sonra mən də elə
o köhnə və nimdaş əşyalardan fərqlənməyəcəkdim.
Deyəsən, ürəyimin özümə aid
olduğunu hiss etmişdim axı. Amma həmin andaca
hardansa bir sızıltı gəlib keçmişdi
könlümdən. Bir xalq mahnısını
zümzümə etmək istəmişdim...
Evlərinin
dalı təpə,
Yağış
gəlir səpə-səpə,
Oyadaram
öpə-öpə,
Üç
telli, dörd telli, beş telli durna,
Sən haralısan, haralı durna?
Ovçu
əlindən yaralı durna,
Yaralı, yaralı, yaralı durna.
O günlərin
hər anı yaddaşımda elə möhürlənib ki! Nə
yaxşı, o bir neçə günü yaşadıq, nə
yaxşı, o günlər var imiş... O günlər ki,
ömrümüz kimi, ötüb keçdi... Hər anı
da bir nağıl qədər şirin olan günlər!..
***
... Həbib
gözlərinin yaşardığını qəfil hiss etdi.
Duyğulanmış, bir qədər də kədərlənmişdi.
Ancaq bu yuxusuz, onunçun vahiməli gecədə
bu kədərin içində o şirin xatirələrin həzinliyi
bir rahatlıq da gətirirdi ona. Yerindən
qalxıb otaq boyu var-gəl elədi, dolçadan su
töküb dolu bardağı başına çəkdi.
İçində bir yanğı vardı və
o yanğını bir bardaq su çətin ki söndürəydi.
O qadının, sevdiyi o qadının məhrəm səsi
qulaqlarında cingildəyə-cingildəyə gedib ürəyinə
çatdı. Xatirələr əl çəkənə
oxşamırdı.
O
qadınla ilk dəfə harada, necə
rastlaşmışdı, nə zaman tanış
olmuşdu? Xatırlamaq, yadına salmaq istəyirdi.
Məzmunlu, məntiqi çıxışı
ilə auditoriyanı heyran qoyduğu bir elmi konfransdamı?
Kitab sərgisində, ya bəlkə də bir teatr
tamaşasından sonra ifa etdiyi öz rolu ilə, faciəninmi,
komediyanınmı bədii təsirini azaldan aktyora görə
dramaturqla rejissorun yaradıcılıq mübahisələrinə,
müzakirələrinə münsiflik edən zamanmı?..
***
... Həə, indi yadına düşdü, həm də
tam təfərrüatı ilə. Məlahətli o gənc
xanımla məşhur hekayə ustasının abidəsinin təntənəli
açılışında tanış
olmuşdu. Qadının açılış
mərasimindəki o çıxışı tədbirdəkilərin
çoxu kimi onun da ürəyinə yatmışdı.
Sanki özü idi hekayə ustasının
yaradıcılığı, şəxsi məziyyətləri
haqqında o sözləri deyən, o alovlu
çıxışı dilə gətirən. O vaxt
onunla fikirləri bu qədər üst-üstə düşən,
eyni fikirləri paylaşan başqa birisinin varlığına
heyrətlənmişdi də. Tədbirdən
sonra yaxınlaşıb o uğurlu
çıxışına görə təbrik etmişdi
xanımı və hər şey də elə o zaman, məlahətli
qadının təbəssüm dolu siması ilə ona təşəkküründən
sonra başlamışdı. Elə o
gündən də qadının məftunedici, həm də
ağıllı gözlərinin işığından
qaça bilməmişdi, o baxışların ziyasından qəlbinə
hərarət, ruhuna isə titrəyiş, təlatüm gəlmişdi.
***
Haradan başlayıb davam etmişdilər, daha nələr
olmuşdu? Həbib o məlahətli xanımla, sevdiyi o qadınla
qoşa qanad olan günləri ilə indi sanki üz-üzə,
göz-gözəydi.
***
... Gen-geniş bir salonda məndən
üç-dörd cərgə aralıda, pəncərənin
önündəki stulda üzü mənə sarı
oturmuşdu. Qeyri-ixtiyarı uzanan əlimi
süfrədən götürmək istədim, əlim tikədən
üzüldü, baxışlarımız
qarşılaşdı. Cəhd eləsəm
də, bu sirli, ülfət dolu mübhəm baxışlardan
nəzərlərimi çəkə bilmədim. Deyəsən, elə o da eyni hissləri keçirir,
özünü toparlasa da, diqqətini mən tərəfdən
ayıra bilmirdi.
Hələ bir-birimizə beləcə oğrun-oğrun
çox baxacaqdıq ki, araya bir mərdiməzar girdi, zalım
oğlu sanki göydən düşdü, yerdən
çıxdı. Qara tikan kolu kimi bitdi aramızda; arxası mənə,
önü ona tərəf stola çöküb qaldı...
Oğrun-oğrun baxarkən əlindəki mobil telefonla o
vəziyyətdə, demə, özü elə öz foto
görüntüsünü alırmış. Sonra o foto
görüntüsünü elektron məktubla mənə
göndərib altında da: “Yadındamı, bu
baxışlar, gənc oğlanlarla qızlara xas oğrun,
gizli-xəlvəti hərəkətlər
çağırırdı məni”, - yazmışdı.
Sonra da: “Matım qurumuşdu”, - deyə bir əlavə də
eləmişdi.
...Bir
gün ona zəng vurmuşdum.
- Salam, mələk
üzlüm.
Kəsik-kəsik nəfəs aldığını elə
telefonda duydum.
Cavab verməyə tələsmirdi. Mən
inamlı tərzdə:
-
Soruşursan ki, necəyəm? Belə də,
babatam, yaşayırıq, diriliklə
ölüm-zülüm arasında. Gülər
üzün, şirin gülüşünün həsrətiylə...
Hələ də telefonda ancaq aram-aram nəfəs
aldığını duyurdum, səsindən soraq yox idi hələ
ki.
Axır
ki:
-
Çox darıxmışam sənin üçün. Evə dönüm, görüntülü
danışacam, üzünü görməkçün.
Çox darıxmışam, - təkrar-təkrar, - yad olsaq
da, doğma gəlirsən mənə, çox doğma!
Kaş əvvəllər rastlaşaydıq, məsələn,
on il qabaq, onda... - Sözünün
ardını gətirmədi.
Ona
kömək etmək istədim:
- Qəlblərimiz
birgə döyünərkən bir-birimizə necə yad ola bilərik ki...
Özü
qədər də məlahətli şirin səsiylə:
- Bəzən
yan-yörəmdəkilərdən acığım gəlir. Bəlkə elə onlara görə də
gecikmişik. - Səsi titrəyir: - Bundan sonra vaxt itirməyə
dözüb imkanmı verim? - Bir an susur,
sonra: - Yadındamı, dedim, tezdi, dedin ki, yox, heç də
tez deyil. Bəlkə də elə idi... Düz deyirdin, ancaq... Ancaq qadınlıq abır-həyası üstün
gəldi, ürəyimdəkilər istəyimə əngəl
oldu... - Səsinin titrədiyini hiss edirəm.
Mən:
- Hə,
mələk xislətli bütün qadınlar,
özünün dediyin kimi, elə sən də
abırlı-həyalısan. - Sonra da sözümə ara verib: - Bu da sənə çox yaraşır...
O isə:
- Belə de, belə de, - deyib içini çəkir. Səsindən
təəssüfünü hiss edirəm.
Elə
buna görə də az qala şairanəliklə
onu sanki dilə tutmaq istəyirəm:
- İki
qəlb bir canda, mənzilsə uzaq...
***
Həbib
oturduğu yerdə qurcalandı, gözü pəncərədən
boylanan zülmət qaranlıqdaydı, ancaq indicə
andığı şirin xatirələrdən ürəyinə
bu yorğunluğunun içində azacıq rahatlıq da gəldi
sanki, içini çəkib dərindən köks
ötürdü;
- Eh, həyat,
sən nələrə qadir deyilsən, gah
güldürür, gah da küsdürürsən, bəzən
də...
***
Təsadüfmü,
ya qanunauğunluq, elə bəlkə də ən
dürüstü bir qəziyyə?!.
... Hər nəydisə baş verən narahat-nigaran bu
hekayətin doğurduğu heyrətin təsirindən
çıxa bilmirdi və yəqin ki, hələm-hələm
də qurtula bilməyəcəkdi.
Yaxın,
ya uzaq olsun, uzun zaman dost olduğun, oturub-durduğun,
yoldaşlıq etdiyin yaxınlarını arzulasan da, bəzən
illərlə görə bilmir, heç təsadüfən də
olsa rastlaşmırsan, yolun heç kəsişmir,
üz-üzə, qarşı-qarşıya da gəlmirsən...
***
Bir də yuxularda həqiqətə bənzər
gerçəkliklər olduğu kimi, real həyatda,
yaşadıqların içində elə yuxuya bənzərləri
də olur.
Necə ki, elə onun, Həbibin öz başına gəldi,
gördü, rastlaşdı...
***
...Yuxu kimiydi. Böyük şəhərin on-on iki il əvvəl yenicə işə başlayan bu böyük alış-veriş mərkəzində elə o zamanlar bircə dəfə olmuşdu. İndi yenə ordaydı, həm də tək deyildi, onu belə gəlişlərində, alış-veriş vaxtı yalqız qoymayan “nəfərləri” ilə. Elə alt mərtəbədə qapını keçən kimi içəridən, öndəki meydançada qeyri-ixtiyari başını qaldırıb yan tərəfə baxanda qarşısında onu, o qadını gördü.
- Tanrım, görəsən, hansı gözəgörünməz qüvvə məni çəkib buraya gətirib. Hansı ilahi güc onun yönünü buraya, bu səmtə salıb, - deyə heyrətindən az qala bağırmaq istədi. Axı, bildiyinə görə, o da buralardan xeyli uzaqda, bu böyük şəhərin başqa tərəfində, daha “mərkəzi” bir ünvanda yaşayırdı. Qadın da təəccüblə gah ona, gah ətrafa baxır, ürkə-ürkə, heyrətlə döyükürdü. Çaşıb qalmışdı, udqunur, ona tuşlanan o ilahi baxışlardan süzülüb gələn işıq qəlbinə axır, yavaş-yavaş beynindəki düyünü əridir və qəfildən: - “Xoş gördük”, - deyib adını çağıraraq salamlaşır. Hələ özünə gələ bilmir, sağına-soluna boylanıb belə yerlərə yolu düşəndə, daim bir addımlığında olan “nəfərləri” haylayır: - Bu “Səs”, bu “Sus” və bax, bu da “Əfsus”du, tanış ol, - deyə yan-yörəsini təqdim edir.
***
Bu görüş həsrətin, hicranınmı atəşi, yoxsa ayrılığı gətirən selin, titrəyişin gurultusu idimi, bilmirdi. Nə o dinirdi, nə də qadın. Sanki bütün deyilənlər danışılıb qurtarmış, söz qəhətə çəkilmişdi. Bəlkə də daldıqları bu sükut ayrılığın əlvida hıçqırığı, ya həsrətin vüsal atəşini körükləyirdi?..
Eh, qazanan yenə “Sus” oldu, yanağının ortasından gözəl bir “xal” alışdı. Gözəl qadının dodaqlarının atəşindən möhürlənən “xal”!
Qadın çox dayanıb durmadı.
***
İçində əsən ruzgarlar indi aşkar fırtınaya dönmüşdü. Azacıq müvazinətini itirsəydi, yel götürüb aparacaqdı, Allah bilir haralara? Nəfəsi tıxanırdı, gücü tükənirdi. Ancaq indi bu halında onu ayaqda saxlayan ruhunun gücü, iradəsiydi..
Susmayıb danışa bilsə, fırtına da ötüşər, qasırğa da səngiyib, sovuşub gedərdi. Gücü, qüdrəti yerinə gələrdi, fəqət, danışa bilmirdi.
Çılğın, ehtiraslı qəlbi süsgünləşmişdi. Bir tərəfdə arzu və istəklərin gurladığı qüruru, digər tərəfdə hörmət-ehtiram üz-üzə gəlmişdi.
O qadın birdən yerindən dik qalxdı. Gileyli bir baxışla alicənablıq, ümid yeri olmaq gümanlarını alt-üst edən, dostdan artıq sirdaş birliyi onu süzərək geniş salona tərəf döndü, iti addımlarla uzaqlaşdı.
İndicə baş verənlərə görə günahkar özüydü. Özündən zəhləsi getdi, ancaq özünə neyləyə bilərdi ki? Soyuq, üzqızardıcı bir təəssüf hissi içinə almışdı onu.
Baxışları ardınca süründü, yerişini, addımlarını anbaan izlədi, daha doğrusu, bir, iki, beş... beləcə özlüyündə sayırdı. Məlahətli xanım yeridikcə dabanlarının ardınca üzüntülü bir səs süzülüb qalırdı, indi məğzini çözə bilmədiyi səs...
- Böyük şəhərə hələm-hələm yolum düşmür, gələ bilmirəm, uzaqlıqdı, - gileylə deyib ötürdü...
***
Arxadan baxıb yerişinə baxışları ilə sığal çəksə də, sanki gözlərini görürdü, işıqla sellənən piyalə gözlərini. Öz-özünə düşünürdü: - İndi o gözəl qara gözləri ilə baxan isti baxışlarından yəqin ki, soyuq bir giley axırdı. O giley yavaş-yavaş məzəmmətə çevrilib içinə dolur, ruhunu, qəlbini oyum-oyum oyur, üşüdürdü onu. Sanki ona hiddətlə: “Eh! Belə gəlişi olanın, elə də gedişi ola bilərdi”, - deyirdi. Ya bəlkə də: “Mənim yelkənsiz gəmimin hüzn limanı sən olmuşdun. Hayıf, yellərə tab gətirib dalğalara sinə gərmək əvəzinə heç səmum küləyinə də dözmədin. Qasırğalara qucaq açdın, rüzgar əlimdən aldı, yudu apardı səni”, - deyə məzəmmət edirdi.
İçində buludlar toqquşur, şimşəklər çaxırdı. Gözlərinin leysan yağışı ürəyini yuyub aparırdı. Astadan: “Sənə toxunan əllərim indi bomboş qalıb, bir də səni bağrıma basıb qoxlamaq üçün nələrə razı olardım!” - pıçıldayırdı.
***
O isə kəklik kimi səkərək barmaqları ucunda qalxıb süzür, geriyə baxmırdı. Baxmadı da, eləcə, şəbəkələrin arasına keçib görünməz oldu.
Məndən qaçma, mənə yürü,
Məndə məndən çox sən var!..
Necə də dəqiq demişdi, o, həyatda olduğu kimi, xəyalda, duyğuda, yuxuda da onun “qoruyucu mələyi” idi.
***
Sədaqət, sevgi, sevimli qadın, başına gəlmiş iş idimi, ya bu da bir yuxuydumu, hə, yuxuydu o! O qadın yuxusunda da ona sədaqətini əsirgəmir, yardımçısı olurdu.
***
Bir neçə həmkarıyla “yuxarıya, böyüklərin yanına” dəvətliydi. Hər kəs hazır vəziyyətdə zala tərəf gedib yerlərini tuturdu. O gecikirdi, pencəyini tapa bilmirdi. Axır ki, qaçaraq otelə girib pencəyini asılqandan alıb əyninə taxdı (axşamı oteldə qalmışdı, elə o rəsmi toplantı da yenə axşam vaxtına təyin edilmişdi). Gecikməkdən yaman ehtiyatlanmışdı. Qaçaraq, yüyrək özünü tədbir yerinə çatdırdı. Salonda orta sıralarda boş yerlər vardı, orada oturacaqdı. Baxdı ki, həmkarlarından fərqli olaraq, əlində nə qeyd dəftəri, nə də qələm var. Yan-yörəsindəki tanışlardan dəftər-qələm istədi. - İş bitsin, qaytaracağam, - dedi.
Fəqət, kimsə ona dəftər-qələm vermədi. Elə bu məqamda adamların arasından o qadın göründü. Əlindəki, arasına ucu yonulmuş qara karandaş taxılı qeydiyyat dəftərini ona tərəf uzadıb: - Al, götür, al, al, - dedi.
Dəftər, qələmi tez-tələsik o qadından aldı, “çox sağ ol” deyib girişə yaxınlaşdı. Salona doğru pillələri qalxanda bir də baxdı ki, ayaqyalın, çəkməsizdi. Öz-özünə ucadan:
- Yox, yox, oraya bu qiyafədə girmək olmaz, - deyə təlaşlandı. - Anidən döndü, ayaqqabı tapıb axtarmağa gedəcəkdi ki, yuxudan ayıldı...
Nə yaxşı ki, ayıldı. Yuxuda ayaqqabı-çəkmə geyinmək darlıqdır, deyirlər, deməli, darlığa düşmədi...
***
Nə bilmək olar, bəlkə hələ də yuxudaydı, bu gecənin qaranlığı da heç üstünə hücum çəkmir, o qadın da elə həyatda olduğu kimi, yuxuda da ona mehriban bir təbəssümlə baxır. Qeydiyyat dəftəri, arasında da ucu yonulmuş, yazmağa hazır qələmi uzadıb: - Götür, götür, yaz, - deyirdi.
***
Həbib bu gecə də yuxu görməyi çox istərdi, lap yenə vahiməli bir yuxu olsun... Ancaq yata bilmirdi, yuxusu gəlmirdi. Elə onun, o qadının ardınca gözləri yol çəkirdi...
***
Vurnuxdu, səbri tükənirdi. Onun ötüb keçdiyi yerdən addımlarının izi ilə salonun yarısına qədər irəlilədi, görünmürdü, yoxdu. Allah, quş olub uçdumu? Geri qayıdıb o biri səmtə üz tutub addımlayır: - Yoxdur, heç bu tərəfdə də görünmür... Yenə geriyə, əvvəl dayanıb durduğu, üz-üzə gəldikləri o yerə döndü. Bir gözü onun getdiyi yolun ardınca: - “Əfsus”a, “Səs”ə, “Sus”ə istədiklərini seçməkdə kömək etdi. Yenə geri, salona dönür. Axı bu getdiyi yolu geri qayıtmalıdı, mütləq yenidən görünməlidi.
Geyimindən bu məkanda çalışan məlum olduğu gəncdən: - Deyərsizmi, bu “xanimanın” başqa səmtdən çıxışı varmı? - deyə soruşdu.
Və o məkanda çalışan həmin gənc bu sualdan təəccüblənsə də:
- Var, əlbəttə, var, - deyib əlini sağ kənardakı şüşəbəndə tərəf uzadıb gülümsəyərək durdu.
Həbib dərindən bir ah çəkdi, deyəsən, tapmışdı. O məlahətli xanımın yeridikcə dabanları altında qalan o səsi tapmışdı, o səs idi.
***
Yox! Ola bilməzdi.
Elə bil bu dəm anladı ki, o qadınla bağlı duyğularının əsl adı, məhəbbət, əsl sevgi, ilahi eşq imiş... Aşiq olubmuş ona. Bir az əvvəl qarşısında durub müəmma dolu gözlərlə baxan qadına... Üz çevirib gedəndən sonra da işığı gözlərini qamaşdıran qadına vurulmuşdu... Amma bunu ona necə açıb deyəydi? Necə deyəydi ki, o gün telefonla danışanda da, elə indi, bir az əvvəl ani göz-gözə gələndə də ürəyi yerindən atlanır... Necə deyəydi ki...
***
Aradan günlər keçib, o vaxtdan bəri o qadından nə səs vardı, nə soraq. Gündə yüz yol telefonu açıb mesaj lövhəsinə baxır. Birisindən arzuladığı xəbərin sorağında heç bu qədər intizarda olmamışdı...
Bu səs idimi Həbibi yuxudan edən? Yox, bu səs ola
bilməzdi. Bu səsin gileyi də, məzəmməti
də, hayı-harayı, da bir nəğmə idi. Həbib
üçün qəlbinə naxış vurub incə ilmələr
toxuyan ruhunun səsiydi...
***
İndi
yük olub gecələr ağlıma, düşüncəmə
yox, nəfəs alıb verməyimə də, - deyirdi Həbib!..
“Kipriyimdən
daş asdanıb”, deyirlər, - gecələri yata bilməyənlər.
Onun kipriklərindən isə dünyada ağla
sığan nə qədər qara-qura varsa, hamısı
asdanmışdı.
Öz-özünə “kipriyimdən daş yox, yaş
sallanır. Ancaq o yaşı gecənin qaranlığına
sıxa bilmirəm”, - pıçıldadı.
***
Aradan xeyli vaxt keçmişdi. Növbəti səfərdən
dönüb birbaşa buraya, şirin xatirələrimin
beşiyinə qayıtmışdım. Hər şey
yerində idi, hər şey...
Mən başqa cür fikirləşirdim. Diqqətlə
ətrafa göz gəzdirdim. Komanı toz
bassa da, güzgü də, şəkil də öz əvvəlki
yerində idi. Mənə isə elə gəlmişdi
ki, o qadın gedəndən sonra güzgü tablaşıb
dözməz, çatlayar, şəkil də
asıldığı yerdə durmaz, yerə düşüb
çilik-çilik olar. Ancaq heç nə
baş verməmişdi, nə güzgü, nə də şəkilin
asıldığı köhnə çərçivə
qırılıb çatlamışdı. Komadakı hava da həmin rayihəylə, ətirlə
doluydu. Hətta göyərçinlərin
civiltisi də eynilə o zamanlardakı kimiydi. Ana göyərçinlər yavrularını
böyüdüb pərvazlandırmışdılar. Əlimi qeyri-ixtiyari ürəyimin üstünə
qoydum. Ürəyim də öz yerindəydi.
Hətta döyüntüsünün ahəngi
də sabit idi.
***
Bütün bunlar nə deməkmiş? Nə? Birdən gözüm həyətdəki daş
bulağın üstündəki zənbilə sataşdı.
Zənbili bulağın yanında göyruş
ağacından, budaqdan kim
asmışdı?
Az qala zənbilə
tərəf yüyürüb yetişdim, ipi dartıb büzməni
araladım. Zənbilin içində bir torba
quş dəni vardı. Belə... O qadın gəlibmiş...
***
Komaya qayıtdım. Taxtın üstünə
uzandım. Baş qoyduğu yastıqda, az
da olsa, o qadının saçlarının ətri
qalmışdı. Ona sığınıb nə
zaman yuxuya getdiyimi bilmədim. Oyananda isə ruhumun xeyli
oxşandığını hiss etdim...
***
Həbib mürgü vurub bir hovur yatdığını,
baş verənlərin də şirin yuxu olduğunu, indicə
oyandığını düşündü. Əlini
gözlərinə apardı, başını yastıqdan
azacıq qaldırdı. Yox,
yatmamışdı, göz qapaqları yuxusuzluqdan
ağırlaşmış, kiprikləri qaşının
altından daş kimi sallanmışdı. İndicə
yastığına sığındığı o
qadını haradan tapaydı, haradan!
***
Nə Qoytuləlinin səsi, nə arvadının
“ah-vay” deyə hayları idi bu səs. Heç Məsi də
o cür qışqıra bilməzdi. Valehin
səsi parovoz fiti kimiydi, heç qadın səsinə
oxşamırdı Hicranın da səsi. Hicranın
səsi bir nəğməydi, ruhu uçurub asimana
daşıyan nəğmə.
Bəs
Alidə, Bədurə, balıq daşıyan arvad?..
***
Həbib nə düşündüsə duruxdu. Bir də
qaranlığa tərəf boylandı, udqundu. Aman Allah, necə, necə olub ki, duymamışam, bəsirətim
necə bağlanıb ki, anlamamışam? Elə bütün bu olanlar, ötənlər öz
sızıltılarım, ağrı-acılarım imiş,
demə. Öz harayıma, öz içimdən əsən
tufanın sədasına eləcə hövlnak
oyanıbmışam!..
***
Yerindən qalxıb paltar dolabına
yaxınlaşdı. Əl atıb dolabdan gödəkçəsini
götürdü, elə yeriyə-yeriyə əyninə
keçirib qapıya yetişdi. Elə bil
qəvi bir düşmənlə döyüşə gedirdi.
Qapını qeyzlə açdı. Həyətə, qaranlığa tərəf cumdu.
Sanki gecənin bu zülmətini sıxıb
yığışdırıb kamına çəkəcək,
birdəfəlik yerin dibinə göməcəkdi. Elə bu sürətlə də irəliləyib,
küçəyə açılan cığırda, qaranlığın
içərisində yox oldu.
27 oktyabr 2018.
Şabran
Novruz NƏCƏFOĞLU
525-ci qəzet.- 2018.- 15 dekabr.-
S.16-17.