Sevgi açarı
Poeziyanı müxtəlif mövzulara bölmək mənə həmişə qeyri-ciddi görünüb. “Təbiət şeirləri”, “sevgi şeirləri”, “vətən şeirləri”... Guya sevgisiz və ya vətənsiz şeirlər də var.
Amma o bölgüylə yanaşsaq, mənim yaxın günlərdə çapdan çıxacaq “Sevgi açarı” adlı yeni kitabımdakı şeirləri, yəqin ki, “sevgi şeirləri” adlandırmaq olar.
Burda oxuculara tanış olan şeirlərimlə yanaşı, müxtəlif vaxtlarda, xüsusən də, gənclik illərimdə yazdığım və bu günəcən heç bir kitabımda çap olunmayan bir çox sevgi şeirlərim ilk dəfə işıq üzü görür.
Bu kitabda dünya poeziyasından dilimizə çevirdiyim bir neçə sevgi şeirini və son illərdə yazdığım “Xəyanət” adlı kinopovestimi də oxuyacaqsız.
Kitabdan bir neçə şeiri
“525-ci qəzet”in oxucularına
təqdim edirəm.
SEVGİ
AÇARI
Hər yolun öz sonu
var,
hər
evin öz açarı.
Ayrılığa dözməyi
hərə
bir cür bacarır.
Çoxdu hirsi, acığı
yarı
yolda sönənlər.
Bir vaxt çırpıb çıxdığı
qapılara
dönənlər.
Səhər-səhər, obaşdan
qapıları
döyənlər.
Pıçıltıyla yavaşdan:
- Aç, gəlmişəm,
- deyənlər.
Sonra açılan qapı
və
qapıda dayanan
bir köynəksiz, yad kişi.
Və onun arxasından
qorxa-qorxa
boylanan
Bir vaxt hər kirpiyini
sevə-sevə
öpdüyün
bir cüt gözün təşvişi.
... Yox, köhnə sevgilərə
qayıtmaq
dəlilikdi.
Yatan evi yuxudan
oyatmaq
dəlilikdi.
Çoxdandı ki, bu evdə
yoxdu
səni gözləyən.
Şəklini tumarlayıb
körpətək
əzizləyən.
Şəklin çoxdan cırılıb,
verilibdi
yellərə.
Burda hər şey yaddı, yad;
kar
qapı, kor pəncərə.
Girsən,
səni tanımaz
bu
evin bir güzgüsü.
Bu evdə gəzən indi
özgəsidi,
özgəsi.
Daha burda
dayanıb-durmağa
nə ehtiyac?
Bu qapıdan
başını
birdəfəlik götür
qaç.
“Hər yolun öz sonu var”,
-
axı
kim deyib bunu?
Kim nə bilir hardadı,
yolun
əvvəli, sonu?
Bütün yollar qarışıb,
əriyib
bir-birində.
Əvvəli, sonu yoxdu
bütün
sevgilərin də.
Neçə ürəyə düşür
bir
sevginin açarı.
Bir qapı bağlanırsa,
başqa
qapı açılır.
İndi
səni gözləyən
bir
qapı var hardasa;
görmədiyin bir evin
sənə həsrət
qapısı.
Orda bir qız darıxır,
-
səni
tanımasa da,
səni sevməkdən
ötrü
tanrı seçib o qızı.
Ömründə görmədiyin
o ev sənin evindi.
Get, o evdə yolunu
gözləyəni
sevindir.
1977
TOY
Sən getdiyin yolu azıb,
başqa yola çıxmısan.
Hara gedirdin, qadası,
gəlib hara çıxmısan?
Bu nə toydu, atam oğlu?
Bir ölən eşqin yası...
Sən sevən qız başqasıydı,
sən alan qız başqası.
Bu səs-küylü toy axşamı
qardaş-bacın oynayır.
Səndən başqa burda hamı
əl-qol açıb
oynayır.
Əllərə bax, bu əllərə;
yellənir qanad kimi.
Müğənni də qalxıb
zilə,
şahə qalxan at
kimi.
Yox!.. Bu toyun səndən ötrü
bir damcı sevinci yox.
Oturmağa gücün çatmır,
qaçmağa da gücün yox.
Rəhmin
gəlir yanındakı
bu yad qıza, şad qıza.
Ağ gəlinlik donundakı
bu yazıq, xoşbəxt qıza.
Bu qız sənə yadsa əgər,
yüz yol öp, nə xeyri var?
Sənə doğma olacaqmı
o doğduğu balalar?!.
... Bəlkə tale görüşdürüb,
rast salıb fələk sizi.
İkinizə bəs eləyər
tək bu qızın sevgisi.
O sevgiylə qızınarsan
ən soyuq havalarda.
O sevginin işığında
böyüyər balalar da.
Dur, bu qızla oyna
görüm
ömrün bu xoş anında.
Kim bədbəxt olar, kim, -
bu cür xoşbəxt qızın
yanında?!..
1973
SON GÖRÜŞ
Bu vaxtsız sevginin əcəli yetdi,
Buydu qismətimiz -
ya tez, ya da gec.
Hərə öz dərdini
apardı-getdi,
Bəs niyə
dərdimiz azalmadı
heç?
Dünya
dağılmadı biz ayrılanda,
Göylər bir az
yağış çilədi
ancaq.
Mən sənə xoşbəxtlik
dilədim onda,
Sən mənə
rahatlıq dilədin ancaq.
Rahatlıq dilədin ev-eşiyimə,
körpəmin
beşiyinə.
Nəvəsi dizinin üstünə
çıxan
atama,
anama da.
Bir vaxt səndən qabaq rastıma çıxan,
məni
səndən alan qadınıma da.
İstədim son dəfə basım
bağrıma,
Dedin:
- Nəyə
lazım, yox, yaxşı deyil!..
Ağladın.
Dedim ki, kiri, ağlama!
Dedin ki, yağışdı, göz yaşı deyil.
- Bu görüş sonuncu görüşdü daha,
bu
gün ayrılırıq,
- deyib gəlmişdin.
Bəs niyə mənimlə bu ayrılığa
ən
gözəl donunu geyib gəlmişdin?
Bəs niyə
o cürə gözəldin
onda?
İndi
bunu necə yozum -
bilmirəm.
Bəlkə də son dəfə
mənim yadımda
Gözəl qalmaq idi arzun -
bilmirəm.
Bir sevgi yarımçıq qırıldı o gün,
Yağış da kəsildi, bulud da getdi.
Bir qızla bir kişi ayrıldı
o gün,
Hərəsi bir yana
üz tutdu-getdi.
… O qızdan gözəl qız tapılmaz daha,
Daha o kişidən
igidi yoxdu.
Amma bu dünyada xoşbəxt olmağa
Daha heç birinin ümidi yoxdu…
MƏN DƏ
DƏYİŞKƏNƏM HAVALAR KİMİ
Sən mənim ömrümün
həyəcanısan,
bir
batan gəmidən gələn SOS kimi.
Yuxusuz gecəmin lap əvvəlində
çəkdiyim
sonuncu papiros kimi.
Sən mənim dərdimə dərman deyilsən,
Sən mənim
dərdimi ovutduransan.
Sən mənim sevdiyim insan deyilsən,
Mənə sevdiyimi unutduransan.
Sən susuz səhraya çilənən yağış,
qaranlıq
gecədə yanan çıraqsan.
Qar basmış bir çöldə yolunu azmış
yolçunun
rastına çıxan
ocaqsan.
Kor olan deyiləm sənin tüstünə,
yenə
öz yolumu mən gedəcəyəm.
Hələlik bir azca tutub üstünə
donmuş
əllərimi isidəcəyəm.
Nə yaxşı, rastıma çıxdı bu ocaq,
bu
donmuş əllərim
qızındı bir
az.
Heyif, bu ocağın istisi ancaq
donmuş
ürəyimin buzuna çatmaz.
Yox, ocaq neyləsin?.. Onda günah yox.
Günahkar varsa da, mənəm...
ocaq yox.
Öz alov dilini uzadıb
necə
üzümü-gözümü
yalayır yazıq.
Bu ocaq sonuncu kösövünəcən,
mənimçün
yanmağa hazırdı,
hazır.
Burda həmişəlik qalsaydım
əgər,
Özümə ev-eşik qursaydım
əgər,
Sən də bu ocağın
keşik çəkəni,
Evimin xanımı olsaydın əgər, -
Lap səni sevsəm də, sevməsəm də mən,
burda
yaşamağa nə vardı onda.
Bir az dincələrdim
özüm-özümdən,
bir
rahat həyatım olardı onda.
Amma “rahat həyat” mənlik deyil ki,
mən
də dəyişkənəm
havalar kimi.
Odur ki, ayrılaq, sağ-salamat qal.
Yolumdan saxlama -
məni yola sal.
Bəlkə də hardasa bir təzə sevgi
çıxacaq
rastıma
CANAVAR kimi!..
1977
TƏBƏSSÜM
O məclisdə deyəsən
tək
bircə mən yadıydım.
Qarışmırdım heç kəsə,
hamıdan
azadıydım.
Təkliyim, tənhalığım
yoxsa
dəydi gözünə?
Çiyninin üstən baxıb
gülümsədin
üzümə.
O təbəssüm görəsən
nəyin
işarəsiydi?
Bəlkə məni gözləyən
dərdlərin
çarəsiydi.
Onda mən lap cavandım,
nə
görmüşdüm mən
axı?
Ömrüm hələ yavandı;
yoxdu
dərdim, günahım.
Hələ dərdlər, günahlar
qabaqdaydı,
qabaqda.
Üstümə qatar-qatar
gəlirdilər
uzaqdan.
... O məclisdə, bəlkə
də,
sən
ən gözəl xanımdın.
Mən səni tanımırdım,
sən
məni tanımırdın.
Heç
bilmirəm kimiydin,
nəydi
sənin adın da.
Amma o təbəssümün
yadımdadı,
yadımda.
O təbəssüm -
Bəlkə də anlasaydım
mən dəli;
Baş tutmayan bir eşqin
əvvəliydi,
əvvəli.
O ötəri, gözucu,
xilaskar
təbəssümün.
O həm ana, həm
bacı,
həm
də yar təbəssümü.
O gündən illər keçib; -
biz bu illər uzunu
Nə bir yol rast
gəlmişik,
nə
görmüşəm üzünü.
Bəlkə o məclisdəki
o tənha, o tək oğlan
Sənin
yadından da
lap çoxdan çıxıbdı,
çoxdan.
Bəlkə xoşbəxtsən bu
gün;
ər
də var, ailə də.
Amma o təbəssümün
mənimlədi
hələ də.
Gizlicə bağışlanan
çiçək
kimi, gül kimi,
Qalıbdı bu vaxtacan
aramızda
sirr kimi...
2001
“525”DƏN:
Dekabrın 15-i şair Ramiz Rövşənin doğum
günüdür. Bu
münasibətlə, “525-ci qəzet”in kollektivi
olaraq, şairi ürəkdən
təbrik edir, ona ən
xoş arzularımızı bildiririk.
Ramiz RÖVŞƏN
525-ci qəzet 2018.- 15 dekabr.- S.14.