Altmışından yetmişinə
varanda...
Nizami Cəfərov
Get-gedə daha çox hiss eləməyə
başlayıram ki, bir insanın tərcümeyi-halı bir
xalqın tarixi qədər olmasa da, hər halda
çox zəngindir. Və əsas odur ki, bu
zənginliyi az-çox
dərk etməyə meylin, həvəsin ola...
Neçə-neçə insanın mənim tərcümeyi-halımdan
keçdiyi barədə
düşünəndə hərdən ağlıma belə
bir ağıllı fikir də gəlir
ki, bəlkə, öz adıma çıxdığım
həmin tərcümeyi-halı
yaradan elə həmin insanlardır. Və mənim həyatım sadəcə olaraq,
bu insani münasibətlərin özünəməxsus
bir arxividir. Ancaq məsələ
o mənada bununla bitmir ki, mən
də illər boyu kiminsə tərcümeyi-halının yaranmasında
bu və ya digər səviyyədə
iştirak eləmişəm...
Universitetin filologiya fakültəsində qazaxlı
tələbələrin sayı
çox olmasa da, səs-küyləri heç zaman az olmurdu. Ona
görə yox ki, hamımız özümüzü indidən şair, nasir, dramaturq, yaxud tənqidçi hesab edirdik, hər şeydən əvvəl ona görə ki, hamımızda belə bir iddia vardı
ki, Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, İsmayıl
Şıxlı, Hüseyn
Arif, Nəriman Həsənzadə, Vidadi Babanlı... ola bilməsək də, hər halda dilimiz söz, əlimiz qələm tutacaq... Və bir az da bəri başdan
onların şöhrətinə
şərik çıxırdıq...
Hamımızın çox sevdiyimiz
qazaxlı bir müəllimimiz - rəhmətlik Vaqif Vəliyev birinci kursda Azərbaycan şifahi xalq ədəbiyyatından
mühazirə oxuyurdu...
Tələbələr eşitmişdilər ki, qazaxlılara xüsusi qayğı ilə yanaşır, odur ki, Qazaxdan
olan da, olmayan da, dədə-babası
XVIII-XIX əsrlərdə Qazax
həndəvərindən çıxanlar
da özünü ona qazaxlı kimi tanıtmağa çalışırdılar. Şifahi xalq ədəbiyyatı elə də ağır fənn deyildi, ancaq Vaqif müəllim imtahanı ağır götürürdü.
Söhbət gəzirdi ki, bilet çəkib cavab verməyə hazırlaşan bir tələbə görür
ki, külək imtahan gedən otağın qapısını
açdı. Tez yerindən deyir ki,
"müəllim, qapıyı örtömmü?.."
Vaqif müəllim özünü
eşitməzliyə vurur.
Tələbə bir də "örtömmü"
deyəndə Vaqif
müəllim acıqla
"a bala, bildim haralısan, qapıynan işin olmasın, qoy bir az
hava gəlsin" deyir.
Məti
Osmanoğlu bizdən bir kurs yuxarıda olduğuna
görə öndə
gedirdi. Osman Musayev, mən, Mehdi Şıxlinski sonrakı kursda idik. Güman eləmirəm
ki, iddialarımız imkanlarımızla
həmişə
üst-üstə düşürdü,
ancaq Allah tərəfi,
heç birimiz pis oxumurduq.
Osman, mən, Mehdi bir neçə il Universitetin
yataqxanasında qaldıq.
Və indiyə kimi yadımdadır ki, yataqxanada yeri
hər il güc-bəla ilə alır, hər dəfə yüz minnət götürməyə
məcbur olurduq...
Yataqxana
həyatı icma
həyatı kimi bir şeydi. Hər ağızdan bir avaz gəlsə də, ümumi qaydalar vardı... Osman da, mən
də axşamdan bilirdik ki, sabah
çörək almağa
pulumuz yoxdur, ancaq bunu bir-birimizə bildirmədən
özümüzü elə
aparırdıq ki, guya hər şey
qaydasındadır. Və
əslində, bildirməyin
mənası da yox idi... Sabah
bazar günü olduğundan günortaya qədər yatdıq.
Duran kimi hərəyə
bir "Azərbaycan"
jurnalı götürüb
başladıq oxumağa.
Osman arada otaqdan çıxıb
tez də qaydırdı. Növbəti
qayıdışda "bəsdi,
dur" dedi, "oxumaqdan birtəhər olduq, bir az
pul tapmışam"...
Osmanla mən çox bədxərc deyildik, bilirdik ki, kənddəkilərin
də imkanı o qədər yaxşı deyil, ona görə
də ayağımızı yorğanımıza
görə uzadırdıq.
Ancaq Mehdi hərdən ərköyünlük eləməkdən
çəkinmirdi. Və
ümumiyyətlə, təbiətində
indiyə qədər
qoruyub saxladığı
səmimi bir sadəlövhlük də
vardı... Bir dəfə axşam
onların otağına
girəndə gördüm
ki, otaq yoldaşları hərə
öz çarpayısına
uzanıb kitab oxuyurlar, Mehdi isə ortadakı stolun üstünə çıxıb, əlində
yekə bir dəsmal elektrik lampasını ora-bura fırladır. İşıq gah keçir, gah yanır. Uşaqlardan soruşanda bu nə oyun
çıxardır, dedilər
ki, işıqda yata bilmir, lampanı
burur ki, otağın işığı
çox gurdu, bir az azalsın...
Tələbəliyimizin ilk illəri idi. Osmanı
kəndimizə qonaq çağırmışdım.
Qonaq deyəndə ki, dedim bizə
gedək, o da gəldi. Axşamüstü, qışın
günü... Yığıldıq
odun peçinin qırağına... Mal-heyvanın
da örüşdən
gələn vaxtı idi... Məlum oldu ki, bizim qoyunlardan biri gəlib çıxmayıb. Peçin üstündə
qaynayan qazanı Osmanın ümidinə buraxıb, hamımız getdik qoyun axtarmağa. Və bərk-bərk tapşırdıq
ki, arada qazanı qarışdırıb
yanmağa qoymasın...
Əl-qərəz, qoyun
da tapıldı, yemək
də bişdi, anam "qonaq"dan üzrxahlıq da elədi... Sonralar, təbii ki, daha çox görüşdük, ancaq
o soyuq axşamın
peçli, qazanlı,
qoyunlu söhbəti qədər yadda qalan heç nə olmadı.
Rəhmətlik Akif Səməd Sumqayıtda qalır, hərdən Bakıya gəlirdi. Və hər gələndə
"köhnə tanışı"
Osmanın (o da "köhnə sumqayıtlı"
idi) çarpayısına
şərik çıxırdı...
Otaqda oturub ordan-burdan söhbət eləyirdik. Osman arada bir Akifin yadına salırdı ki, Sumqayıta qayıtmaq vaxtıdır. O da qulaqardına
vurur, məsələ
gərginləşəndə deyirdi ki, "saat on avtobusuynan gedəjəm dana, ay Osman, nə istersən". Osman da iş-gücünün
dalınca getmək istəmirdi. Bilirdi ki,
otaqdan çıxan kimi Akif əynini
soyunub girəcək onun yerinə. İndi gəl gecə səhərə kimi oyaq qal...
Universiteti bitirib hərəmiz
bir yana
dağıldıq. Sonra
həyat yavaş-yavaş
yenə də hamımızı, demək
olar ki, bir yerə yığdı.
Atatürk Mərkəzində
müavin yeri boşalanda Osmana təklif
etdim ki, bəlkə, müavin sən olasan. Tərəddüd
elədi. Gördüm ki,
söz-söhbətdən çəkinir... "Narahat olma" dedim, "biz dost, yerli olsaq da,
mən şiəyəm, sən sünnü,
ona görə də pis
baxmazlar".
Çox keçmədi ki, Osman öz istedadı, işgüzarlığı və qayğıkeşliyi ilə Mərkəzin sevimlisinə çevrildi. Eləcə də Odlar Yurdu Universitetindəki müəllimlik fəaliyyəti, Qazax Xeyriyyə Cəmiyyətinin "Dəli Kür" qəzetinə rəhbərliyi ona elmi-pedaqoji, ictimai hörmət, nüfuz gətirdi. Gözəl övladlar böyütdü. Baba oldu.
Və bu günlərdə
altmışını başa vurub yetmişinə qədəm qoyur.
Bir neçə ay əvvəl Məti Osmanoğlunun altmış yaşını qeyd elədik. İndi Osman altmışa çatır,
sonra mən, sonra da Mehdi...
Ancaq nədənsə Osmanda belə bir əminlik
var ki, Mehdinin
yaşı haqq-hesaba görə bizdən
bir az çox
olmalıdı...
525-ci qəzet.-2018.-14 dekabr.-S.7.