Şahanə
MÜŞFİQ"Hamı biləcək ki, mədəniyyətin
və teatrın "ƏSA"sı var"
"ƏSA"NIN
TƏSİSÇİSİ VƏ RƏHBƏRİ NİHAD
QULAMZADƏNİN FİKRİNCƏ, BU TEATR SOSİAL
LAYİHƏ DEYİL, AZƏRBAYCAN
İNCƏSƏNƏTİNİN TƏBLİĞİNƏ
YÖNƏLƏN MƏDƏNİ HADİSƏDİR
- Öncə, "ƏSA"
Teatrının yaradılmasından danışaq...
-
"ƏSA"nı yaradana qədər
artıq bir neçə il idi ki, teatr fəaliyyətim
vardı. Yəni müstəqil teatr
anlayışım tam formalaşmışdı.
"ƏSA"nı yaratmaq məsələsinə
gəldikdə isə düşüncəm bu idi ki,
özünəməxsus fəaliyyəti ilə
tamaşaçıların diqqətini çəkəcək,
həm ölkə mədəniyyətinə töhfə verəcək,
həm də insanlığa xidmət edəcək bir teatr
formalaşdırım. Məhz, buna görə
inklüziv teatr yaradıcılığını seçdim.
Hətta bir müddət araşdırma
apardım ki, bəlkə dünyanın harasındasa
inklüziv teatr var, amma bizim xəbərimiz yoxdur. Araşdırmalar nəticəsində məlum oldu
ki, hansısa ölkədə həvəskar inklüziv dərnəklər
var, amma onların fəaliyyəti ciddi təəssürat
yaratmır. Məsələn, Rusiyada bir
neçə dərnək var, onlar fiziki məhdudiyyətli
uşaqlara rəsm çəkməyi, yaxud hansısa musiqi alətində
ifa etməyi öyrədirlər. Yəni heç kim auditoriyaya təqdim etmək
üçün peşəkar inklüziv yaradıcılıqla
məşğul olmur. Yeri gəlmişkən, qeyd edim ki,
qonşu Gürcüstanda da elə bu ilin əvvəlində
inklüziv yaradıcılıqla məşğul
olacağını elan edən bir dərnək yarandı və
hətta onlar "ƏSA" Teatrına müraciət etdilər
ki, məsləhət alsınlar.
- Teatrın bu iki ildəki fəaliyyəti
necədir?
-
Sentyabrın 3-də "ƏSA" Teatrının iki
yaşını qeyd edəndə, kollektiv olaraq fəaliyyət
dövrümüzdə nəyə nail olduğumuzdan
danışırdıq. Təvazökarlıqdan bir qədər
uzaq səslənsə də, etiraf edim ki, iki yaşlı və
öz binası olmayan bir teatrın nail ola
biləcəyi bütün uğurları
qazanmışıq. "ƏSA"
yarandığı gündən dünya ədəbiyyatının
şedevr əsərlərini səhnələşdirmişik.
U.Şekspirin, C.Steynbekin ən maraqlı əsərlərini
yerli tamaşaçıya anşlaqla nümayiş
etdirmişik. Hətta, biz bu il ölkəmizdə
"Cümhuriyyət İli" münasibəti ilə
M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli
Şah" pyesinin motivləri əsasında "Paris
partladı" tamaşasını Opera və Balet
Teatrında təqdim etdik. "ƏSA" Teatrı fəaliyyətə
başlayanda müəllifi və rejissoru olduğum
"DUMB" tamaşası bizim ilk işimiz olsa da, olduqca rəğbətlə
qarşılandı. Daha sonra "Kapuero
Performans"ı uğurla təqdim etdik. Bir
nüansı xüsusi qeyd etmək istəyirəm ki,
quruluş verdiyimiz bütün tamaşaları cəmi bir
neçə ay ərzində hazırlayıb,
premyerasını etmişik. Moris Meterlinkin
"Göy quş" tamaşasını cəmi
üç ay ərzində təhvil verdik. Bu hal
özü peşəkarları da heyrətləndirmişdi
ki, 30 nəfərdən artıq peşəkar və həvəskar
aktyor heyəti ilə az bir vaxtda bu
tamaşanı necə hazırlamısınız?! Əslində, mən də bilirəm ki, bu, çox
ağır məsuliyyətdir. Sadəcə
olaraq, teatra olan sevgidən, yaradıcılığa olan
böyük maraqdan irəli gəlir. Ümumi olaraq deyim
ki, "ƏSA" Teatrının cəmi iki il
dörd aylıq fəaliyyəti qənaətbəxşdir.
- Tamaşaya qoyulacaq əsərləri
hansı kriteriyalarla, necə seçirsiniz?
-
Açığını deyim ki, əvvəllər
seçim məsuliyyəti daha çox mənim üzərimə
düşürdü. Amma zaman keçdikcə,
teatr inkişaf etdikcə, əsər seçimində
teatrın rəhbərliyində təmsil olunan şəxslərlə
"beyin fırtınası" edirik. "ƏSA"
Teatrının baş meneceri Nicat Qulam maliyyə məsələlərini
hesablayır, teatrın multimedia meneceri Elxan Xanəlizadə
media və təşkilati məsələləri dəqiqləşdirir.
Yəni əsərləri oxuyanda, hərəmiz
öz sahəmizə uyğun prizmadan yanaşıb müzakirə
edirik ki, filan əsəri səhnələşdirmək
üçün nə qədər maliyyə vəsaiti
lazımdır, bu əsər teatra nə verəcək,
tamaşaçılar onu necə qarşılayacaq? Ən sonda yekun qərar qəbul edirik ki, filan əsəri
səhnələşdirmək olar. Adətən,
bəşəri mövzulara, insanlığa xeyirxahlıq və
nəciblik aşılayan əsərlərə
üstünlük veririk ki, siz artıq repertuarımızdan
da bunları görə bilərsiniz.
- Teatrınıza maraq necədir?
- "ƏSA" Teatrı yarandığı gündən
həm mənə, həm də bütövlükdə
komandamıza ən böyük motivasiya verən amil teatra olan
tamaşaçı marağı, tamaşaçı rəğbətidir. Təbii ki,
indiyə qədər əməkdaşlıq etdiyimiz istər
dövlət qurumları, istərsə də özəl təşkilatlar
maraq göstərməsələr, bizimlə birgə fəaliyyət
göstərməz, maliyyə dəstəyi
ayırmazdılar. Yəni
bütövlükdə teatra olan maraq "ƏSA" rəhbərliyini
və komandasını məmnun edir. Hansısa
dövlət qurumunun diqqətsizliyi olsa da, biz onları öz
vicdanlarına buraxırıq. Yeri gəlmişkən,
"ƏSA" yarandığı gündən ona dəstək
olan Azərbaycan mediasına xüsusi təşəkkür
edirəm. İstər TV-lər, istərsə
də xəbər agentlikləri, xəbər saytları, qəzetlər
və jurnallar davamlı olaraq bizi diqqətdə saxlayırlar.
Əlbəttə, bu, bizə və fəaliyyətimizə
böyük dəstəkdir.
-
Bugünlərdə son tamaşanızın premyerası oldu. Bu tamaşa haqqında danışaq.
- Bayaq
qeyd etdiyim kimi, Moris Meterlinkin "Göy quş" əsəri
olduqca ağır səhnə həlli olan, böyük əziyyət
tələb edən əsərdir. Amma biz bu əsəri
seçəndə çətinlikləri nəzərə
aldığımıza görə iş prosesinin ağır
olacağı heç birimizi qorxutmurdu. Əvvəlcə onu
deyim ki, Moris Meterlink də Con Steynbek kimi Nobel mükafatı alan yazıçıdır. "Göy
quş" pyesi isə onun Nobel mükafatı almasına səbəb
olan əsərdir. Yəni bədii təxəyyülün
və fantaziyaların zənginliyinə görə mükafat alan əsərə səhnədə həyat
vermək kiməsə kənardan asan görünə bilər.
Əsərin məna yükünü qorumaq, onu
tamaşaçıya yüksək formada çatdırmaq
göründüyü qədər də asan deyil. Təkcə onu deyim ki, yüzdən çox
yaşı olan "Göy quş" əsəri Bakıda fəaliyyət
göstərən teatrların heç birində
qurulmayıb. Tamaşa Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi
ilə hazırlanıb təqdim olundu. Buna
görə də mən ilk növbədə Prezident İlham
Əliyevə minnətdaram ki, onun inklüziv
yaradıcılığa böyük diqqəti var və
nazirliyin bizə maliyyə dəstəyi ayırması da əslində,
həmin diqqətin təzahürüdür. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bu sahəyə
xüsusi qayğısına görə dərin minnətdarlığımı
bildirirəm. Bizim
tamaşaçımız olan Leyla xanım Əliyevaya
xüsusi təşəkkürümü
çatdırıram ki, mənəvi dəstəyini heç
vaxt əsirgəmir. Bundan başqa, həm
nazirliyə, şəxsən cənab nazir Sahil Babayevə və
qurumun bizə dəstək olan əməkdaşlarına,
xüsusən Pərvinə xanıma minnətdaram. Tamaşanın hazırlıq prosesində
"ƏSA" Teatrının öz binası
olmadığına görə məşqləri Teatr Xadimləri
İttifaqının səhnəsində edirdik. Mən, TXİ-nin rəhbərliyinə, şəxsən
Azər Paşa müəllimə və Rafiq müəllimə
təşəkkür edirəm. Onlar da çox sağ olsunlar ki, "ƏSA" Teatrına məşq
şəraiti yaratdılar.
- Elə son tamaşanızın
premyerasında Əmək və Əhalinin Sosial Müdafiəsi
naziri Sahil
Babayev "ƏSA" Teatrına dəstəyin vacibliyini
vurğulayıb. Bu çağırışdan nələr
gözləyirsiniz?
- Əslində, bu, cəmiyyət üçün vacib çağırışdır. Çünki "ƏSA" Teatrı sosial layihə deyil, mədəni hadisədir və Azərbaycan mədəniyyətini, teatrını təbliğ edir. Bizim məqsədimiz təkcə ölkə daxilində deyil, bütün dünyada milli mədəniyyətimizi layiqincə təmsil etməkdir. İnanıram ki, cənab nazirin bu vacib çağırışı lazımi ünvanlara çatacaq və bu ölkədə hamı biləcək ki, mədəniyyətin və teatrın "ƏSA"sı var.
- Gələcəkdə
"ƏSA" Teatrı fəaliyyətini necə davam etdirəcək?
Tamaşaçılarınız sizdən hansı yeniliklər
gözləsinlər?
- "ƏSA" Teatrının gələcəyi nə qədər bizim fəaliyyətimizdən asılıdırsa, bir o qədər də tamaşaçılardan asılıdır. Bundan sonra da tamaşalarımız anşlaqla keçəcəksə, ən böyük teatr səhnələri tamaşaçılarla dolacaqsa, təbii ki, bizim fəaliyyətimiz daha da inkişaf edəcək. Bilirsiniz ki, teatrın varlığı tamaşaçılardır. Yəni teatr tamaşa afişası asırsa və tamaşaçı olmadığına görə tamaşa təxirə salınırsa, bu, teatr üçün faciədir. Çox istərdim ki, dövlətdən maliyyələşən və buna görə özlərində məsuliyyət hiss etməyən teatrlar tamaşaçıları cəlb edəcək tamaşalar hazırlasınlar. Heç kim Azərbaycan tamaşaçısını qınaya bilməz və qınamağa haqqı da yoxdur. Adətən, tamaşa zalları boş qalanda tamaşaçılar qınanılır. Bəlkə də hansısa yaxşı tamaşa haqqında informasiya heç tamaşaçıya çatmır, məlumatları olmur ki, belə bir tamaşa var. Bütün bunlar günümüzün real problemləridir və "ƏSA" Teatrı bu problemlərlə üzləşməmək üçün çalışır. Məqsədimiz gələcəkdə daha ardıcıl fəaliyyət göstərmək və repertuarımızı daha da genişləndirməkdir. Çox istərdik ki, "ƏSA" Teatrının da öz binası olsun. Həm davamlı məşqlər, həm də daha çox tamaşa nümayiş etdirmək üçün. Tamaşaçıları əmin etmək istəyirəm ki, "ƏSA" Teatrının öz teatr binası olsa, onlarla daha çox görüşmək imkanımız olacaq.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.-18 dekabr.-S.8.