Əyyub Qiyas yubileyində yeni kitabını təqdim etdi

Dekabrın 15-də Əli Kərim adına Sumqayıt Poeziya klubunda tanınmış yazıçı-tərcüməçi Əyyub Qiyasın 50 illik yubiley tədbiri və yeni çapdan çıxmış "Havay tətilləri, yaxud, Brejnev sağdır" kitabının təqdimatı keçirilib.

Tədbirdə yazıçının qələm dostları, tanınmış ziyalılar, oxucular media nümayəndələri iştirak ediblər.

Ə.Kərim adına Poeziya klubunun direktoru, şair İbrahim İlyaslı tədbiri giriş sözü ilə açaraq Əyyub Qiyasın yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

"Əməkdar müəllim" şair Ofelya Babayeva yubilyarın orta məktəb illəri ilə bağlı xatirələrini danışaraq, keçmiş şagirdinə uğurlar arzulayıb.

Tanınmış ədəbiyyat adamlarından Əşrəf Veysəlli, Seyran Səxavət, Vaqif Yusifli, Kamran Nəzirli, Azər Turan, Səlim Babullaoğlu, İlqar Fəhmi, AYB-nin bölmə rəhbərləri Gülnarə Cəmaləddin, Namiq Məna və başqa iştirakçılar Əyyub Qiyası 50 illik yubileyi münasibətilə təbrik edib, yazıçının bədii yaradıcılığının özəllikləri, onu oxuculara sevdirən məziyyətləri haqqında danışıblar.

Tədbir yazıçının tələbə dostları, aktyor Şirzad Pirallahı ilə aşıq İlham Əsgəroğlunun Ə.Qiyasın "Sarı gəlin" şeiri əsasında hazırıladıqları kompozisiya, müğənni Hüsniyyə İsmayıllının çıxışı ilə yekunlaşıb.

Sonda hər kəsə təşəkkürünü bildirən yazıçı yeni kitabını imzalayaraq, oxuculara təqdim edib.

Şahanə MÜŞFİQ

525-ci qəzet  2018.- 18 dekabr.-S.8.