Atamın şəkli
haqqı
atamın şəkli
haqqı yadımdasan,
indi ən gözəl uzağımın
adı sənsən...
atamın şəkli
haqqı yadımdasan,
indi daha çox mənə oxşayırsan...
inan, bir az keçəndən sonra
ağrı da doğmalaşır,
çox ləzzətlə
ağrayır canın
da...
atam kimi ağrayır bütün
ağrılarım
anam kimi
inan mənə, elə ləzzətlə ağrayır ki...
mən elə bilirdim ağrıdan yıxılar insan
halbuki itirdiyin adama çevrilərmiş
ağrı
o qədər darıxarsan ki,
ağrın dönüb
atan olar, anan olar,
günlərcə yalvararsan
Tanrıya
əzab çəkməyin
üçün
qolunu sındırmaq istəyərsən,
ayaqlarını qırıq
şüşələrə batırmaq istəyərsən
ağrımaq üçün
min hoqqadan çıxarsan
sonra ağrını
qucaqlayıb
gah ağlayarsan, gah gülərsən
elə bil atan uzaqdan gəlib
istədiyin oyuncağı
almayıb amma
atamın şəkli
haqqı yadımdasan
indi sənə çevrildi bütün əzablar
doğmalaşdı çıxıb
getməyin
qucaqladım bütün
gözyaşlarımı
sən bilməyəcəksən,
bir az keçəndən
sonra
əzab üçün
Tanrıya yalvararsan...
o qədər darıxarsan ki, o qədər, e o qədər...
sevdiyin adama bənzətmək
istəyərsən adamları
yalvararsan ağrımaq
üçün
atamın şəkli
haqqı düz deyirəm...
Anamın xatirəsinə...
sən tərk edəndən məni,
bütün qadınlara
yalan danışmaq yoluxdu,
"səni sevirəm"lər,
"yanındayam"lar,
əllərimdən tutmalar bulaşdı...
onlar mənə ana oldular,
başımın üstündə
əsdilər,
sənin gözlərinlə
baxdılar mənə,
ana
hissə-hissə tapırdım
qalıqlarını
çətin olurdu səni birləşdirmək,
ana...
yuxularda da bütöv deyildin,
özünü asdığın
şalın,
saçların,
gözlərin...
xilas olmağa çalışan əllərin,
yuxularımdakı qadını
gəzirdim həyatda
saçlarını metroda tapırdım,
gözlərini avtobusda,
əllərini küçədə...
ad günün də yadıma düşmür
nə vaxt doğuldun,
yadıma düşmür
qarşı-qarşıya tort yediyimiz
,
xatırlaya bilmirəm,
hədiyyələrə sevindiyini,
bütün qadınlar
doğum günün
kimi gəlirdi mənə
tanış olduğumuz
tarixdə sən doğulurdun
neçə vaxtdı
ad gününü keçirtmirik,
sənə bənzəyib
tort yemək istəmir bütün qadınlar...
mən səni, mən səni...
boş qalmış yelləncək kimi, yelləncək kimi...
ayaqqabıları qucaqlayıb
yatan uşaqların
sevinci kimi xatırlayıram...
Quyruğu taleyindən kəsik
sən ey günəşin sakini
küçələri özünə
vətən seçən
qulaqları sonuncu yarpaq tək əsən
quyruğu taleyindən
kəsik köpək...
sümüyünü oğurladı
kölgələr
çiynindən qaçaq
düşdü bir mələk
gözləri çiskinli
yağış köpək...
Tanrının axtarışıdı ayaqların
pəncələrində yara açıb yaşamaq
bir ümid asılıb boğazındakı
tasmadan
sən ey günəşin sakini
quyruğu taleyindən
kəsik köpək
adamlara quyruq bulaya bilməmək
necədir görən,
gözləri çiskinli
yağış köpək...
küçələri özünə
vətən seçən
köpək
necədir göyüzünü
gözlərində yaşatmaq
ayın çıxmasına
ulduzların uçuşuna
günəşin batışına
səhnə olmaq?
qovulmaq günəşin
ölkəsindən
və hüznlü bir nəğməni
götürmək torpağın
altına
sən ey günəşin sakini
quyruğu taleyindən
kəsik köpək...
Doğum
gecə ikiyə bölünmüşdü,
yağış yağırdı
gecənin qucağına
bir qızcığaz
qalmışdı gecənin
bətnində
tuta bilmirdi yağışın ucundan
enə bilmirdi oyuncaqlar şəhərinə
göyərçinlər qucaqlamışdı
ağacları
gecənin ay işığıydı
ağ göyərçinlər,
öz şeirini bəstələyirdi yağış
yağışa qarışırdı
misralar
misralar düşürdü
küçələrə,
parklara, narıncı yarpaqlara...
gecənin ürəyində
saat çıqqıltısı
oyuncaq şəhərində
doğum rəsmi
asılıb yağışın
qaranlıq üzündən...
yavaş-yavaş pərdəsini
endirirdi bir qızcığaz
yağışla bərabər
düşürdü aşağı...
gəlişiylə bir şeir yazmışdı
gecəyə,
Tanrının nəfəsini gətirmişdi
üstündə
ata sözünü
qucağına almışdı,
gülümsəyirdi qucağındakı
ata sözü...
üzündə "yox"
sözünün tablosu
açılmamış gözlərində
bir dua yeri
ata sözü kimi qısa yerişləri
oyuncaq şəhərinə
qonurdu ayaqları...
yağışı yanaqlarına
köçürən bir
qadın
pəncərə gözləriylə
baxırdı qızcığaza...
Yaşamağın səsi
kədərli gözlərini
üzündən çıxartmalıyıq
dostum,
gözyaşları süzülən
yanaqlarını da....
hərdən ay çıxanda,
qaranlıq güllə
tək göy üzünə sancılanda,
aramsız yağış
kimi
başından döyən
xatirələri,
bir də, bir də, dostum
şəkillərə baxıb
köks ötürməyini
çıxarmalıyıq həyatından,
bir dəfəlik...
heç bir əşyanın üstünə
kədər qondurma,
dostum,
yalan söhbətdi, əşyalar insanları xatırlatmır,
əşyalar da insandır....
yanında boş bir bardaq varsa,
ya da bir stul, yaxud
bir bıçaq,
üzülmə, üzülmə...
elə bil ki,
ən doğma adamın oturub yanında...
fikir çəkməyin
də başını
burax,
düşüncələrini qəfəsdən
uçurt,
qoy otaq boyu uçsunlar,
sevdiyin qız üçün
özünü öldürməyi
də yaraşdırmıram
sənə...
ondansa bir ətirşah gülünü
sev,
yaxşı qulluq eləsən
heç vaxt ayrılmaz yanından...
Tanrıya da üsyan eləmə,
həyatı tanımaq
üçün, anlamaq
üçün,
həyata sarılmaq
üçün göndərir
faciələri, dərdləri...
gəl səninlə oyun oynayaq dostum,
əzabları, ağrıları
sevgiyə çevirək...
necə deyə soruşma
əlimizdə bir boşluq var, yəni heç nə,
o boşluq yaşamağın
lap elə özüdür...
ölümünə yaşayacaqsan,
dostum,
bütün əzalarını
itirsən də,
ayaqlarını, əllərini,
gözlərini,
nə bilim daha da dəhşətli,
daha da çıxılmaz halqanın
içinə
düşə bilərsən,
ağrıdan nəfəsin
tıncıxa da bilər,
bütün insanları
ləkə kimi də görə bilərsən gözlərində,
bütün ağaclar
asılacağın ip kimi gələ bilər sənə...
amma dayan...
dayan, bir anlıq dinlə,
həyatın özü-özünə
bəstələdiyi musiqini,
maşınların uğultusunu,
gəmilərin fit səsini,
qab-qacaqların,
dənizin, dalğaların,
itlərin, pişiklərin,
qağayıların...
yəni bütün səslərin
bir səs kimi gəldiyini eşit...
yaşamağın səsidir
o,
yaşamağın səsi...
sən olmasan
bu bəstə yarımçıq qalacaq
dostum,
küsmə həyatdan,
küsmə insanlardan,
öldürmə özünü...
bəstəmiz yarımçıq
qalmasın
səslər kəsilməsin...
hamımız təsəlli
üçün yaşayırıq,
dostum,
gəl sənə yaşamağın sirrini deyim,
elə bir şey deyim ki,
yaşamaq sevdiyin adamın portreti kimi
asılsın başının
üstündən...
dostum, qulaqlarında sırğa elə,
heç vaxt unutma:
ölmək istəsən
uşaqların gözlərində
qaçışan
həyata bax...
Oğuz AYVAZ
525-ci qəzet.-2018.-19 dekabr.-S.8.