anam mənə deyərdi ki,
getmə sobaya tərəf.
əlini yandırarsan.
mənsə, əlimi
sobaya yapışdırıb
soyardım yanan dərimi, Ayşən.
uşaqlıqdan bizi
qorxuda-qorxuda böyütdülər,
bütün xoxanlara
doğru qaçdıq,
barmaqlarımızın arasından
baxa-baxa
damdabacaları gözlədik,
öyrəndik qorxularımızla
əylənməyi.
boğaz silən
Sara xalanın barmağı
qalmadı boğazımızda,
sevdiyimiz adamlar kimi.
atama deyərdim,
Sara xala ölməsəydi,
boğazımızda ilişib
qalan,
düyünlənən kədərimizi
silərdi.
atam əllərini qarnına söykəyib gülərdi,
sonra atam da boğazımızda
düyünlənib ağrıya
çevrildi.
sonra bütün evrənin sirri faş oldu,
sən demə,
haradasa su var, həyat var,
adamlar hələ də
başqa planetlərdə
həyat axtarırlar,
laap başqa adamlarda axtardıqları kimi.
axtara-axtara dostum Rasim əyyaş oldu,
qonşum Aygün...
nə isə...
bilirsən,
Ayşən,
sən də gedəcəksən...
mənsə, artıq
öyrəşmişəm bütün ayrılıqlara,
həyatıma gedib-gələn
qadınlar
gözəl və sərfəli restoranları
tanıtdı mənə.
bir də davasız,
kinsiz ayrılmağı,
sakit, mehribanca.
eybi yox,
uzağı sən də əlimi yandıran soba,
uzağı sən də xoxan,
uzağı sən də damdabaca.
***
başqa nə var, başqa nə yox, soruşma,
köhnə təklik,
köhnə darıxmaqdı
bu.
gəl, bir gün özün bax qadın gözüylə
gör nə təklik, gör nə darıxmaqdı bu.
boğazım sıxılır
qəhər əliylə,
üzülmür ayağım
yerdən hələ ki.
arabir yadımdan çıxır gedənlər,
yəni dincəlirəm
hərdən hələ
ki.
yuxum da yozulur darıxmağa, qız,
tərslikdən hamısı
hələ çin çıxır.
sevgi çıraq imiş, nə cin, nə arzu
içindən darıxan
Ələddin çıxır.
gərək qulağını
burum bu ömrün,
bəlkə bir gün gələ ağıl başına.
bir adam verirsən, darıxmaq düşür,
kül olur bu ömrün nağıl başına.
gəlir, xoşbəxtliyim
tıkkatık, gəlir,
keçir düz yanımdan görməmiş
kimi.
tənhalıq elə bir divdi ki,
ömrü,
yeyir harda tutdu görməmiş kimi.
de, görün bu necə ömürdü axı,
hamıya bir nağıl yazısı düşür.
çıxıb gedənlər
də demir bu ömrə
neçə il darıxmaq cəzası düşür.
başqa nə var, başqa nə yox soruşma,
hələ ki, birtəhər darıxıram
da.
***
İsa çarmıxa çəkilməsəydi,
bilməyəcəkdik,
biçarədi
mıxlanan qolları,
ayaqları
Allahın hər yerdə olduğuna işarədi.
sonra Gün kimi batdı,
sonra bir də doğulmadı İsa.
Musa gəlməsəydi,
bilməyəcəkdik,
Allahın çomağı var,
ayırır sevdiklərimizlə
yollarımızı
dənizlər kimi.
Məhəmməd gəlməsəydi,
bilməyəcəkdik,
hörümçəklər tək adamların cangüdənidi,
Allah bir az da Musanın çomağıdı,
Məhəmmədin hörümçəyidi,
İsanın bədənidi.
sonda
heç vaxt hörümçəkləri öldürməyən
adam
çomağa söykənib
İsanı gözlədi.
sonra Gün kimi batdı,
sonra bir də doğulmadı adam....
***
QULAĞINDA SIRĞA ELƏ
SƏSİMİ
Bir gün fıstıq qabında siqaretlər yurd salar,
bir gün əlüzyuyana su axar gözlərimdən.
Daha günəşdən qabaq
üzümə dəyməz
əlin,
saçlarının ətrini
alaram dizlərimdən.
Divar asılqanında zaman cəllada dönər,
hər gün o zəhrimar şey beynimi qamçılayar,
yoxluğunu səsiylə,
əqrəblərin iyirmi dörd saat hədəsiylə
salar yadıma hər gün.
İstisini itirmiş yastıq
da "sən!" dillənər,
toz basmış güldandakı solmuş çiçəklər də
sən.
Hər gün çirkli qab-qacaq,
sərxoş olub sındırdığım çərçivəli
şəkillər,
boğazımda ilişən
dadsız yeməklər
də sən.
Bu yol inadkar külək.
Səni
axtaran zaman boşa çıxır əllərim,
Təklik üzümə qayıdır
sırtıq tüpürcək
kimi.
Bu boza dönmüş həyat
tor bağlayıb gözlərimin
ucunda
arsız hörümçək
kimi.
Ağlımı itirmişəm.
Gah qayıdanda evə bir dəstə gül alıram,
gah da ki, eşidirəm mətbəxdən gülüşünü.
Gah da hərdən telefonda yığıramsa
nömrəni
- Bu insan mövcud deyil! İtirdin Günəşini!
Hə, yadıma düşdü axı, nəsə bir söz demişdin,
demişdin ki, bilmək olmur avandımı, tərsimi.
İşdir, bir gün mən olmaram, darıxar qulaqların,
Eşidirsən?
Lazım
olar...
Yaxşı-yaxşı qulağında sırğa
elə səsimi.
Eminquey AKİF
525-ci qəzet.-2018.-19 dekabr.-S.8.