Yaxşılıq etmək
üçün yaşayan insan
Cəmiyyət - çəmənliyi, yaxşı insanlar - oradakı gülləri xatırladır. Güllərin sayı nə
qədər çoxdursa, çəmənlik bir o qədər
ətirli və xoş olar. Bu isə təbiətin
gözəlliyini göstərməklə yanaşı, cəmiyyətin
zənginliyini ifadə edir. Nəticə
etibarı ilə cəmiyyətin zənginliyi onun hər bir
üzvünün mənəvi rahatlığını
artırır, daxili aləmini gözəlləşdirir.
Həzrəti Peyğəmbərimiz buyurub ki, bir
insanın əsl zənginliyi onun bu dünyada etdiyi
yaxşılıqlardır. Bu keyfiyyətləri
ömrü boyunca özündə yaşadan insanlardan biri də
tarix elmləri namizədi, dosent Abutalıb Ağa oğlu
Qasımov olub.
Tanınmış
ictimai-siyasi xadim, gözəl ziyalı, yorulmaz elm adamı və
alim, hər kəs tərəfindən sevilən insan
Abutalıb Qasımov 1956-cı il may ayının 25-də
Culfa rayonunun Saltaq kəndində kolxozçu, kəndli ailəsində
anadan olmuşdu. 1973-cü ildə orta məktəbi
fərqlənmə attestatı ilə bitirmişdi.
1973-cü ilin sentyabr ayından 1974-cü ilin dekabr ayına qədər
Culfa rayonu Cəfər Cabbarlı adına
kolxozda fəhlə kimi çalışan A. Qasımov
1974-cü ilin dekabr ayından 1975-ci ilin iyul ayına qədər
Naxçıvan Dövlət Pedaqoji İnstitutunun
hazırlıq şöbəsində oxumuşdu. A.Qasımov
1975-1979-cu illərdə Naxçıvan Dövlət Pedaqoji
İnstitunun Tarix fakültəsində təhsil almış və
buranı fərqlənmə diplomu ilə bitirmiş,
1979-1984-cü illərdə Culfa rayonunun Saltaq kənd orta məktəbində
müəllim, 1984-1990-cı illərdə həmin məktəbin
direktoru olmuşdu.
Abutalıb Qasımov tədris sahəsindəki səmərəli
fəaliyyəti ilə yanaşı, həm də elmi tədqiqatlara
da böyük maraq göstərir, səlis, düzgün və
qəbul edilən təhlilləri ilə bu sahədə yeni
yollar açırdı. Azərbaycan tarixinin öyrənilməsində
və çoxsaylı səhifələrinin
araşdırılmasında, elmi cəhətdən dolğun əsaslandırılmış
nəticələrin tədqiqat dövriyyəsinə cəlb
edilməsində mühüm xidmətləri onu yetkin elm
adamı kimi formalaşdırırdı. A. Qasımov
elmi ictimaiyyət tərəfindən qəbul edilən alim
idi. Qeyd edək ki, o, 1988-ci ildə Azərbaycan
Elmlər Akademiyasının Tarix İnstitutunun
aspiranturasında qiyabi yolla təhsil almış, həmin elm
ocağını bitirərək, namizədlik dissertasiyası
müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsi
almışdı.
Abutalıb Qasımov bütün bunlarla yanaşı, həm
də dövlət quruculuğu proseslərində də
yüksək etimad qazanmış etibarlı kadr idi. Məhz buna
görə də 1990-cı ilin iyun ayından 1991-ci ilin iyun
ayınadək Culfa rayon Partiya Komitəsində şöbə
müdiri və 1991-ci ilin iyun-avqust aylarında isə
Naxçıvan Dövlət Universitetində ilk partiya təşkilatı
katibi vəzifələri ona
tapşırılmışdı.
Hədsiz səmimiliyi, qərəzsizliyi, humanistliyi, fəaliyyətin
daha çox stimullaşdırıcı mexanzimlərlə
qurulması sahəsindəki çevikliyi ilə diqqəti
çəkən A. Qasımov 1991-ci ilin avqust ayından
1994-cü ilin oktyabr ayınadək Naxçıvan Dövlət
Universitetinin elmi katibi vəzifəsinə təyin
edilmişdi. Həmçinin, o, adıçəkilən təhsil
ocağının Azərbaycan tarixi kafedrasında baş
müəllim işləmiş, 1995-ci ilin dekabr ayından isə
həmin kafedranın dosenti vəzifəsində fəaliyyətini
uğurla davam etdirmişdi. Bu dövrlərdə
həm elmi katib kimi, həm də müəllim kimi gənc
kadrların hazırlanmasında və onların müstəqil
Azərbaycan dövlətinin davamlı inkişafındakı
uğurlarında dəyərli alimin unudulmayan xidmətləri
olmuşdu. Bu gün ixtisaslaşmış
çoxsaylı kadrlar var ki, onlar öz fəaliyyətindəki
nailiyyətlərində Abutalıb Qasımovun adını
böyük sevgi ilə, sonsuz məhəbbətlə, tükənməyən
hörmət və ehtiramla çəkirlər. Bu isə təbii ki, böyük qürur və
iftixar yaradan amillərdir.
Bu gün Azərbaycan Respublikası müasir müstəqilliyimizin
çiçəklənmə və tərəqqi
dövrünü yaşayır. Bu mühüm proseslərdə
1992-ci ilin 21 noyabr tarixində Naxçıvan şəhərində
təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyasının
böyük və qürurverici rolu var. Məhz həmin
dövrdə Abutalıb Qasımov sədaqətli
yoldaşlarla birgə Yeni Azərbaycan Partiyasının həmişəyaşar
qurucusu, böyük Heydər Əliyevin xeyir-duası və rəhbərliyi
ilə xilaskarlıq missiyasına başlayan Partiyanın
yaradılması yolunda yorulmadan fəaliyyət göstərirdi.
A.Qasımovun
qazandığı böyük etimad onu 1994-cü ilin oktyabr
ayından 1995-ci ilin dekabr ayınadək Naxçıvan Muxtar
Respublikasının Təhsil naziri, 1995-ci ilin dekabr
ayının 23-dən 2000-ci il dekabr
ayının 7-dək (səlahiyyət müddəti qurtarana qədər)
Naxçıvan Muxtar Respublikasın Ali Məclisi sədrinin
birinci müavini vəzifələrinə qədər yüksəltmişdi.
O, eyni zamanda, 1995-2005-ci illərdə Naxçıvan MR Ali Məclisinin
deputatı olmuşdu.
Görkəmli tarixçi alim Azərbaycan Respublikasının
ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar
Respublikasının muxtar ərazi taleyi haqqında elmi cəhətdən
dolğun şəkildə əsaslandırılmış
çoxsaylı araşdırmaları ilə yadda qalıb. Dosent
Abutalıb Qasımov tədqiqatlarında göstərirdi ki,
Naxçıvan tarixini öyrənmək, tədqiq və təbliğ
etmək, təkcə bu günümüzə,
sabahımıza deyil, gələcəyimizə ən layiqli
xidmətdir. Azərbaycan dövlətinə,
Azərbaycan xalqına, Azərbaycan torpağına və Azərbaycan
tarixinə məhəbbətin bariz nümunəsidir.
A.Qasımov bütün bu mövzularla bağlı elmi
yaradıcılıqlarını böyük sevgi ilə davam
etdirir, tədqiqatlarında Azərbaycana bağlı
Naxçıvan tarixinin müxtəlif problemləri geniş
şərh olunurdu. Məhz bu mövzuları müxtəlif beynəlxalq
elmi konfrans və simpoziumlarda - Tehranda (1996-cı il iyun, İran),
İğdırda (1997-ci il oktyabr, Türkiyə), Vanda (1998-ci
il aprel, Türkiyə), Moskvada (1998-ci il may, Rusiya), Vaşinqton
(1998-ci il iyun, ABŞ), Tbilisidə (1999-cu il iyun,
Gürcüstan), Qarsda (1999-cu il dekabr, Türkiyə),
İstanbulda (2000-ci il iyun, Türkiyə) məruzələrlə
bəyan edir, Azərbaycan həqiqətlərinin bütün
dünyaya çatdırılmasında fəallıq göstərirdi.
Müdriklərdən
biri belə deyirdi: Elm - beyini, sənət - ürəyi, din -
ruhu qidalandırır. Məhz Abutalıb
Qasımov həm alimliyi, həm müəllimliyi, həm də
Allaha təmiz qəlblə bağlılığı ilə
özünü sevdirməyi bacarırdı. Dostluğa önəm verən, sədaqətliliyi
üstün tutan, insanların yanında olan, məsafələrin
yaxın və ya uzaqlığından asılı olmadan
sevinc və kədərləri bölüşməyi bacaran
biri idi. Bütün bunlar Abutalıb Qasımova
həm də el ağsaqqalı kimi məhəbbəti daha da
artırırdı. Verdiyi xeyir-dualar, nəsihətlər,
məsləhətlər və göstərdiyi yollar hər kəsin
işində aydın və uğurlu nəticələr gətirirdi.
Məsəl var, deyir, harda nə qədər dostun varsa,
orda o qədər də evin var. Məhz onun muxtar
respublikamızın və ölkəmizin regionları üzrə
çoxsaylı dostlarının olması hər yerdə
yüksək doğmalıqla bəzənən evlərinin
varlığını göstərirdi.
Heç
zaman unutmaram,
Abutalıb müəllim deyirdi ki, münasibətləri
qorumaq və saxlamaq üçün insana bir ürək bəs
etmir. Gərək bir neçə ürəyin ola.
Neçə ürəyim olsa, hamısında
insanlara mehribanlıqla və səmimiyyətlə
yaşayacam. Buna görə də
Abutalıb Qasımovu tanıyan hər kəs onun haqqında
yalnız ürəklə və ehtiramla xoş sözlər
danışır. Onunla on dəqiqə
ünsiyyətdə olmaq kifayət edirdi ki, ürəyinin
böyüklüyünü, humanistliyini, çox yüksək
hörmət və ehtirama malik və layiq olduğunu görə
biləsən.
Tarixçi
alim Abutalıb Qasımovun yaşadığı ömür və
keçdiyi həyat yoluna nəzər saldıqda, müdriklərin
fikirlərini xatırlayıram: böyük adamların
ömrü onların ideyalarının ömrü ilə
ölçülür və yaxud dahilərin bioqrafiyası
qısa olur, çünki onların bütün həyatı
yaradıcılığındadır. Bəli,
həqiqətən də belədir. Abutalıb müəllim
qürurlu və nurlu insan, sevilən ziyalı, dəyərli
alim, insanlara hörmətlə yanaşmağı bacaran şəxsiyyət,
hörmətlə xatırlanan müəllim, gözəl ailə
başçısı, məsləhətlərinə hər
zaman ehtiyac duyulan ağsaqqal, söhbətlərinə
doyulmayan natiq, dostluğa, vətəninə, elinə,
obasına, xalqına, dövlətinə, rəhbərinə,
əqidəsinə sadiqlik məktəbi idi. Heç bir zaman
naşükür olmayan, əksinə, hər anını
şükürlə keçirən, çətinlikləri
imtahan kimi qəbul edib, ürəyini Allaha bağlayaraq, Ondan səbr
və güc istəyən, nəticədə sınaqlardan
uğurla çıxan bir ziyalı idi. Təəssüf
ki, belə bir insan, ziyalı, zəka, alim, sevilən birisi bizi
vaxtsız tərk etdi. Abutalıb Ağa
oğlu Qasımov ömrünün 63 yaşı
haqlayacağı bir vaxtında, 11 dekabr 2018-ci ildə
dünyasını dəyişdi.
Abutalıb müəllim ömrünü sevgi üzərində
qurmuşdu. Orada valideynə, ailəyə, qardaşa, bacıya,
dosta, tanışa, insana, insanlığa, cəmiyyətə,
vətənə, torpağa, ağsaqqala olan tükənməz
sevgi yer alırdı. Onun bütün həyatı
qürur dolu bir nümunədir. O, özündən sonra
bu keyfiyyətləri layiqincə qorumağı və davam
etdirməyi bacaran əsilli və nəsilli övladlar qoyub.
Allah rəhmət eləsin!
Cavadxan QASIMOV
525-ci qəzet.-2018.-19 dekabr.-S.8.