Gülnarə ABBASOVA

Cəfər Cabbarlı yaradıcılığında qadın emansipasiyası

 Cəfər Cabbarlı - 120

Qadın azadlığı məsələsi insanları, cəmiyyətləri, dövlətləri, dinləri həmişə düşündürüb. Hər dövrdə, hər formasiyada bu məsələyə müxtəlif yanaşma olub. Lakin problem bu günün özündə də lazımi qaydada həllini tapmayıb. Ona görə qadın azadlığı məsələsi hələ də böyük araşdırmalar, tədqiqatlar mövzusudur.

XX əsrin ilk onilliklərində qadın azadlığı məsələsini ən ciddi şəkildə qaldıranlardan biri böyük ədib - dramaturq, şair, nasir, teatrşünas, kinoşünas (onun titulları xidmətləri kimi saysızdır) Cəfər Cabbarlı olub.

C.Cabbarlı 1921-cı ildə yazmağa başladığı və 1922-ci ildə tamamladığı "Oqtay Eloğlu" pyesində haqqı, hüququ tapdanan, yaşamaq, yaratmaq həvəsi ilə coşub-daşan Firəngizin faciəsini əks etdirib.

Azərbaycan mədəniyyətinin, teatrının tərəqqisi üçün çalışan, teatr səhnəsində Azərbaycan qadınlarının fəal iştirakını arzulayan C.Cabbarlı 1918-1920-ci illərdə Xalq Cümhuriyyəti dövründə qadınların incəsənət tarixində oynadığı rolu yüksək qiymətləndirirdi. Cümhuriyyətdən öncə - çar hakimiyyəti illərində isə köhnəfikirli insanlar qadınları teatr səhnəsinə buraxmır və teatra gedən qadınlara yaxşı baxmırdılar (Cümhuriyyət dövründə və ondan sonra - sovet dövrünün ilk vaxtlarında da bu tendensiya vardı, lakin çar Rusiyasının əsarəti altında olduğumuz illərdə sözügedən tendensiya daha güclü idi). Belə bir mühitdə yalnız və yalnız "qubernator" və "qlava"larla oturub-duran, təhsil almış "uprava" əzası, çinovniklərin xanımları, bacıları teatra gedərdilər. Bu xanımların tipik nümayəndəsi olan Firəngiz qardaşı Aslanın təklif və təkidi ilə təhsil alaraq rus mədəniyyəti ilə tanış olur, sonralar isə "kübarlara" xas davranış qaydalarını mürəbbiyəsi Nadyadan öyrənir.

 

Məsum və həyalı Firəngiz həyata və insanlara romantikcəsinə, bir qədər də anlaşılmaz, dumanlı görüşlərindən doğan sentimental münasibət bəsləyir. Oqtaya vurulan Firəngiz, görkəmli tənqidçi Yaşar Qarayevin qeyd etdiyi kimi, quru və sərt əxlaq qaydaları çərçivəsindədir: "Birtərəfli ailə-məişət adətlərinin fanatikcəsinə əsiri, feodal olan kobud atasının və təbiətcə xırda, rəsmiyyətçi, soyuq qardaşının təsiri altında Firəngizin qəlbindəki mülayim və hərarətli duyğular boğulub, onun xasiyyətində ikilik yaranıb. Firəngiz Oqtayla keçirəcəyi yoxsul həyatın sıxıntı və işgəncələrinə tab gətirəcəyini israr etsə də, bunun romantik baxışlı qızın qəlbində yaratdığı şirin xəyal dünyası olduğunu düşünmürdü. Tale yolunu özü yox, ata və qardaşı müəyyənləşdirən, insanlıq və qadınlıq hüququndan məhrum edilən Firəngiz real həyatda bunu gerçəkləşdirə bilməzdi. Məhz bu cür hüquqsuzluğun təzahürü idi ki, Aslan bəyin hədələrinin təsiri altında Firəngiz təsəvvüründə canlandırdığı gözəlliklərdən ibarət aləmi məhv edərək sevgisindən imtina edir. Əlbəttə, o, Oqtayı qardaşının təhdidlərindən qorumaq üçün bu addımı atır. Firəngiz əslində, Oqtayı deyil, onun simasında ideallarını sevdiyini təsdiqə yetirir. Əgər belə olmasaydı, gözüaçıq və oxumuş bir qız qardaşının təkidi ilə Oqtaya yazdığı məhəbbət məktublarından şüurlu olaraq imtina etməzdi".

Y.Qarayev Firəngizin məhvində Oqtayı da günahkar bilir: "Firəngiz ilk dəfə çirkin bir mühitin çirkabına bulaşarkən Oqtay onu xilas etmədi. Halbuki onu yalnız bu zaman xilas etmək mümkün idi. Firəngizi ərə verdilər, ruhən və mənən təhqir edib sonra da tərk etdilər. Öz səhvi ilə Oqtayı məhv edən Firəngiz özünü də məhv etdi".

"Lakin Firəngiz məhv olsa da, yenidən ayağa qalxmağı bacardı" - söyləyən Yaşar Qarayev yazır: "Ötən on il Firəngizin də həyatında müəyyən rol oynayaraq onu təkamülə yönəltdi. Sevdiyi şəxsin qardaşının onu təhqir etməsinə yol verən Firəngiz on il sonra əri Danyar bəyin onu ruhən məhv etməsinə razı olmur. Səhnədə tək qalan Oqtayla tərəf müqabili olur və böyük fədakarlıq göstərərək Azərbaycan teatr səhnəsinin ilk qadın qaranquşu vəzifəsini öz üzərinə götürür. Keçdiyi əzablı yollar onu müstəqil həyata hazırlayıb. "Artıq öz taleyimi özüm idarə edə bilərəm" deyən Firəngiz Oqtayın köməyinə gəlir. Bu, Firəngiz üçün böyük və ciddi bir addım idi. O, "Artıq arxam bir uçurumdur, geri dönə bilmərəm, çəkiliniz!" deyə cəsarətlə irəliləyir".

İlk qaranquş olan Firəngiz arzuladığı xoşbəxtliyə çatır: "Ox, Oqtay, sizin sevdiyiniz olub, Amaliya rolunda çıxmağı nə qədər arzu edərdim! Məni də alqışladılar. Fəqət atam! Heç qardaşım da razı olmaz. Mən Amaliyanın ölümünü çox sevirəm. İnsanın günahsız olaraq öz sevgilisi tərəfindən öldürülməsi!" Göründüyü kimi, dramaturq bu xoşbəxtliyi - tamaşaçı alqışını, Oqtayın sevgilisi kimi Amaliya rolunda çıxışı Firəngizə qismət edir. Fəqət necə? Amaliya paltarı geymiş Firəngiz Karl paltarı geymiş Oqtaya öz həqiqi ürəyini açır: "Oqtay, mən səni sevirəm. Çıxarıq, hamısını danışarıq" deyir. Lakin Firəngiz Oqtayı sevə bilərmi? Heyhat! Bu, ancaq səhnədə mümkündür, həyatda isə Firəngiz öz diləklərinin deyil, qardaşının altunlarının və mənsəbinin quludur. Bir az əvvəl onu qrammofon kimi danışdıran altun hələ hökmrandır. Altun hər şeyi öz ziddinə çevirməyə qadirdir...

 

Firəngizin ölümü ilə bağlı Y.Qarayevin şərhi də maraqlıdır: "Oqtay bu məqsəd üçün gecikməmişmi? Aslanbəylər öz istədiklərini Firəngiz üzərində çoxdan həyata keçirmişlər. Onu kimsə daha aldada bilməz. Əksinə, bəlkə o, özü indi məhv edənlərdən intiqam almağa hazırlaşmışdır. Doğrudan da, adətləri, qanunları adlayaraq ilk dəfə səhnəyə atılmaq aslan bəylər, danyar bəylərə qarşı bir intiqam deyildimi? Danyar bəy namərdcəsinə tamaşanı qırmaq istədiyi bir vaxtda Firəngiz qətiyyətlə Oqtay cəbhəsinə keçir. Belə bir vaxtda Oqtayın Firəngizi məhv etməsi, onun həyata keçmiş öz arzusunu məhv etməsi demək deyildimi? Bu, səhnəyə atılan ilk qıza zillənmiş onlarla kinli gözlərin gülməsinə, tapdalanan adətlərin, qanunların qəh-qəh çəkib təntənə etməsinə kömək etmək deyilmi?" Bu sualları verməkdə tənqidçi haqlıdır. Doğrudan da, Firəngiz artıq böyük bir inkişaf yolu keçmişdi. Artıq o, Danyar bəy Qalaçıxanovun arvadı deyil, həyata başqa nəzərlərlə baxan aktrisadır.

Y.Qarayevin fikirləri ilə razılaşmaqla, onu da əlavə etmək istərdik ki, təhsil almış Firəngiz öz səadət və xoşbəxtliyini bilə-bilə məhv edərək Oqtayı sevmədiyini söyləməklə qardaşı Aslan bəyin müti quluna çevrilir. C.Cabbarlı göstərir ki, Danyar bəy Firəngizdən ayrıldıqdan sonra başqa bir zəngin qadınla ailə qurur. Bununla da ədib istər oxumuş, istərsə də savadsız qadınların düşdükləri bu faciəli həyatı diqqət mərkəzində saxlayır. Dramaturqu narahat edən də bu idi: minlərlə qadın Firəngiz tək bədbəxt edilərək həyatdan küsdürülür, kişi qadının ailəsinin zəngin sərvətinə görə onu alır, varidatını qumara qoyaraq, günlərini eyş-işrət və əyləncələrdə keçirərək pozğun həyat tərzi sürür. Aslan bəy Oqtayın kasıb bir aktyor olduğunu namusuna, qeyrətinə, ad-sanına sığışdırmadığı halda, Danyar bəyin bacısı Firəngizin həyatını puç edərək, onun var-dövlətini istədiyi kimi sağa-sola səpməsini, onu boşamasını və varlı bir qadınla evlənməsini qəbul edir. Çünki o da Danyar bəylə eyni səviyyəyə və dünyagörüşünə malikdir. Həmin dünyagörüşdə qadın insan yerinə qoyulmur, haqqı, hüququ tapdanır, qüruru sındırılır və bunların da əsasında demək olar həmişə pul dayanır.

"Oqtay Eloğlu" pyesində C.Cabbarlı Azərbaycan teatr sənətinin inkişafında yalnız kişilərin deyil, qadınların oynadığı rolu da əks etdirib. O dövrlər cahil insanların daim məsxərəyə qoyduğu, təqib etdiyi, hətta öldürdüyü aktyorlar az deyildi. Belə bir şəraitdə qadının səhnəyə gəlməsinin özü böyük bir inqilab idi. Bu inqilab ailədə öldürülməklə hədələnən Azərbaycan qadınlarının şücaəti, cəsurluğu sayəsində baş verirdi.

Qadını əsarətdə saxlayanlara, qadın hüququnu tapdayanlara qarşı mübarizənin C.Cabbarlı yaradıcılığında mərkəzi yerlərdən birini tutduğunu onun təkcə pyeslərindən yox, 1920-30-cu illərdə qələmə aldığı hekayələrindən də görmək mümkündür. "Gülzar", "Dilbər", "Dilarə" hekayələrində qadın problemi, qadın motivi ön plandadır.

1924-cü ildə qələmə aldığı "Gülzar" hekayəsində C.Cabbarlı mövhumatın bədbəxt etdiyi qızların tipik surətini yaratmışdı. Hekayələrini qəhrəmanlarının adı ilə adlandıran ədib Gülzarı bürüyən fəlakətin səbəbini onun günahsızlığı və o dövrün insanlarının vəhşiliyi, azğınlığı ilə əlaqələndirirdi. Kənddə yüksək ismət, namus mücəssəməsi olan Gülzar müdhiş fəlakətli bir gecəni - namusuna təcavüz olunan gecəni yaşamaq məcburiyyətində qalır. Gülzarın bütün ümidləri, pənahı puç olur, Mənsur el tənəsindən qorxub onu qovur.

 

"Gülzar"da inamın doğurduğu aldanış, yetimliyin, məhrumiyyətlərin qadınlar üçün törətdiyi bədbəxtliklər ön plana çəkilir. "Dilbər" hekayəsində aldığı borcu qaytara bilmədiyindən təhsilli qızını borc sahibinə vermiş atanın (Həsən kişi), həmin qızın özünün (Dilbər) və təbii ki, yenə də bütövlükdə cəmiyyətin, dövrün faciəsindən bəhs olunur. Dilbəri verərkən onun təhsil alması üçün şərt kəssə də, yoxsulluq Həsən kişiyə qızının bu hüququnu müdafiə etməyə də imkan vermir. Dilbərin həyat tərzi Azərbaycan qadınlarının çəkdikləri müsibətlərin ən bariz nümunəsidir: "Dilbərin günü payminbər öyrənmək və cümə axşamları yasin, üçaylıqda isə Quran oxumaqla keçirdi. Paltar-palaz yumaq, xörək hazırlamaq və bu kimi işlər də ağır bir yük kimi Dilbərin üzərinə düşmüş, göz açmasına imkan vermirdi. O, ərinin qabağına çıxmalı, nəzakət və rəsmiyyətlə onu qəbul etməli, gülümsəməli, gülməli idi. Yoxsa yumruqlar, təpiklər qaçılmaz və amansız şeylərdi. Dilbər diri ikən qara bir məzara gömülmüşdü. Ən yaxşı günü - döyülərkən, gözünün altı göyərmiş bir halda bir bucağa sıxılıb ağladığı və xəstələnib ərinə yanaşmadığı vaxtlar idi".

Azərbaycan qadınlarının düşdüyü uçurum, əhatə olunduğu bataqlıq belə dərin və qaranlıq idi. C.Cabbarlının qadın qəhrəmanları - Gültəkin, Firəngiz, Gülzar, Dilbər bu acınacaqlı həyatın yolcuları idilər. C.Cabbarlını daima düşündürən, onun yaradıcılığından qırmızı xətlə keçən qadın emansipasiyası arzusu "Sevil" dramında öz bədii ifadəsini tapdı. 1928-ci ildə yazılan və həmin il də tamaşaya qoyulan bu əsər böyük rezonans doğurdu. Tənqidçilər bu əsəri Azərbaycan qadınının "azadlıq rəmzi" adlandırırdılar. Həqiqətən də C.Cabbarlı Azərbaycan ədəbiyyatında və mədəniyyətində bu rəmzi yaratmış böyük söz və fikir adamıdır.

Gülnarə ABBASOVA

525-ci qəzet.-2018.-19 dekabr.-S.7.