Mehdi Məmmədovun 100 illiyi qeyd olundu
Dekabrın 18-də Akademik Milli Dram Teatrında Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları
teatrın foyesində
görkəmli sənətkarın
həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.
Tədbirdə əvvəl jurnalistlərə
müsahibə verən
Mədəniyyət naziri
Əbülfəs Qarayev
Mehdi Məmmədovun bənzərsiz sənət
dünyasından söz
açıb. Bildirib ki, ölkə
başçısı cari
ilin 23 aprel tarixində "Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi
haqqında" Sərəncam
imzalayıb. Sərəncama əsasən, görkəmli
rejissorun yubileyi ölkəmizdə silsilə
tədbirlərlə qeyd
edilməkdədir.
Nazir vurğulayıb
ki, 2019-cu ildə də ölkəmizdə bir-birindən rəngarəng
mədəni tədbirlər
keçiriləcək, görkəmli
ədiblərimizin yubileyləri
dövlət səviyyəsində
qeyd olunacaq.
Tədbirdə Mədəniyyət nazirinin
birinci müavini Vaqif Əliyev çıxış edərək
bildirib ki, bütün sahələrdə
olduğu kimi Azərbaycan teatr sənətinin yaranmasında,
inkişafında, təbliğində
müstəsna xidmətləri
olan sənətkarların
qiymətləndirilməsi, o sənətkarların keçdiyi
yaradıcılıq yolunun,
ölkə mədəniyyətinə
verdiyi töhfələrin
dəyərləndirilməsi, onların əziz xatirəsinin yad olunması daim ölkə rəhbərliyinin
diqqət mərkəzindədir.
Müxtəlif illərdə
görkəmli sənətkarlar
- Abbas Mirzə Şərifzadə, Ələsgər
Ələkbərov, Ağadadaş
Qurbanov, Hökümə
Qurbanova, Əliağa
Ağayev, Barat Şəkinskaya,
Adil İsgəndərov,
Şəmsi Bədəlbəyli,
Tofiq Kazımov və başqa sənətkarların yubileyləri
dövlət səviyyəsində
qeyd olunub, onların keçdiyi sənət yolu, Azərbaycan mədəniyyətində
qoyduqları irs işıqlandırılıb, ölkə səviyyəsində
silsilə tədbirlərlə
yad edilib. Teatr sənətinin inkişafında
müstəsna rolu olan, belə görkəmli rejissorlardan
biri də Mehdi Məmmədovdur.
Ölkə başçısı
Mehdi Məmmədovun anadan olmasının 100 illiyinin keçirilməsi
haqqında Sərəncam
imzalayıb, Mədəniyyət
Nazirliyi Sərəncamın
icrasını təmin
etmək məqsədilə
tədbirlər planı
hazırlayıb. Keçirilən bugünkü tədbir də Mehdi Məmmədovun
xatirəsinə həsr
olunmuş növbəti
ehtiramın göstəricisidir.
Bildirilib ki, Mehdi Məmmədov
Azərbaycanda teatr səhnəsindəki məhsuldar
fəaliyyəti ilə
paralel olaraq, 1945-ci ildən ömrünün
sonunadək Azərbaycan
Dövlət İncəsənət
İnstitutunda pedaqoji fəaliyyətlə məşğul
olub. Görkəmli rejissor bu sahədə bir neçə sənətkar
nəslinin yetişməsində
yaxından iştirak edib. Onun müəllifi olduğu
"Azərbaycan dramaturgiyasının
estetik problemləri",
"Teatrlar. Aktyorlar. Tamaşalar", "Rejissor
sənəti", "Estetika
haqqında söhbətlər",
"Teatr düşüncələri",
"Onun sənət ulduzu", "Moskva Akademik Bədaye Teatrı" kitabları bu gün də
yeni nəsillərin yetişməsində mühüm
elmi vəsait kimi dəyərləndirilməkdədir.
Diqqətə çatdırılıb ki, Azərbaycan teatr sənətində qazandığı uğurlara
görə Mehdi Məmmədov 1949-cu ildə
Əməkdar incəsənət
xadimi, 1958-ci ildə Xalq artisti, 1974-cü ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb.
Mədəniyyət nazirinin birinci müavini son illər ölkəmizdə teatrlara göstərilən dövlət qayğısından, sənət adamlarının qazandığı uğurlardan, sənət ocaqlarının beynəlxalq əlaqələrindən də geniş söz açıb. Qeyd edib ki, son 10 il ərzində respublika teatrları 30-dan çox ölkədə beynəlxalq festivallarda iştirak edib, qastrol səfərlərində olub: "Bu dövr ərzində görülən işlər ölkə teatrlarının inkişafına xidmət etmiş, inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Fəxr hissi ilə qeyd edə bilərəm ki, bu gün Azərbaycan teatrı artıq yeni bir mərhələnin - dünya və Avropa teatr mədəniyyətinin tələblərinə cavab verən tendensiyaların bir parçasına çevrilib, müasir teatr prosesinə qoşulub".
Bu gün müstəqil ölkəmizdə fəaliyyət göstərən teatrlarda çalışan bir çox rejissor və aktyorun ömrünün 50 ilə yaxın bir dövrünü teatr sənətinə həsr etmiş unudulmaz sənətkar Mehdi Məmmədovun yetirmələri olduğunu söyləyən natiq deyib: "Vətəninə, xalqına, teatr sənətinə, layiqincə xidmət etmiş unudulmaz sənətkar Mehdi Məmmədov məktəbinin yaradılmasına nail olmaqla sadəcə öz dövrünün deyil, Azərbaycan teatr sənətinin gələcək uğurlarının, inkişafının iştirakçısı olub".
Sonra Mehdi
Məmmədovun quruluş verdiyi
və oynadığı tamaşalardan parçalar təqdim olunub.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 20 dekabr.- S.7.