Ömrün 80-ci mərtəbəsində

YAZIÇI YASİF NƏSİRLİNİN 80 İLLİK YUBİLEYİNƏ OXUCU TƏBRİKİ

Çox az adam tapılar ki, Tanrının verdiyi uzun ömrü yaşaya, çox ciddi bir peşə sahibi ola, kifayət qədər ictimai status daşıya və həm də yaşadığı cəmiyyətə həmin şəxs haqqında həmişə xoş danışalar.

Onun haqqında ilk dəfə mərhum şair dostum eloğlum Taleh Həmiddən eşitmişdim. Şair onu istedadlı yazıçı, gözəl insan, əsl ziyalı, vicdanlı general kimi xarakterizə etmişdi.

Söhbət tanınmış yazıçı, tənqidçi ədəbiyyatşünas Yasif Nəsirlidən gedir.

Hətta bir dəfə Taleh Həmid ona həsr etdiyi şeirini xüsusi bir şövqlə oxumuşdu. O şeirin iki misrası elə o vaxtdan beynimə həkk olunub:

 

General, əsgərtək qoru xanımı,

Arvad gedən kimi kişi məhv olur...

 

şair bu şeirin qısa tarixçəsini danışmışdı. Demişdi ki, həyat yoldaşı bir az naxoşlayıb, Yasif müəllim gecə-gündüz onun qayğısına qalır. Ardınca da Yasif müəllimin necə ailəcanlı bir insan olduğundan söz açmışdı.

Qayğıdan söz düşmüşkən, Yasif Nəsirlinin vaxtilə Dövlət Təhlükəsizliyi Komitəsində əks-kəşfiyyat idarəsinə rəhbərlik etdiyi vaxtlarda yazıçıların qayğısına qaldığı, çoxlarını həbsdən ya ləkələnməkdən qoruduğu barədə məlumatları da ilk dəfə mənə Taleh Həmid danışmışdı.

Sonralar tale elə gətirdi ki, Yasif müəllimlə özüm yaxından tanış olmaq imkanı qazandım. Bəzi əsərlərini oxudum, bir çox söhbətlərini dinlədim.

 

"Yaslı evin adamları" hekayəsi məni görmədiyim müharibə illərinə apardı. Uzun illərdən bəri müharibə dövrünün poçtalyonunu hamı kimi mən Süleyman Rüstəmin "Ana poçtolyon"undan tanımışdım. Bu dəfə Yasif Nəsirlinin poçtalyonunu "gördüm", "tanıdım". Poçtalyon Lələ bir kəndin, bəlkə bütün müharibənin ağrılarını gəzdirir çiynində. Sanki onun çantasında apardığı hər "qara kağız" nəhəng bir qara daşa çevrilir ömrünü çürüdür. Sadə bir kənd poçtalyonu Yasif Nəsirlinin qələmində ikinci dünya müharibəsinin dəhşətini cızır. Silahsız, qansız-qadasız bir müharibə səhnəsi yaradır. Görünür, yazıçı ustalığı, yazıçı təxəyyülü məhz belə məqamlarda üzə çıxır.

Yasif Nəsirli deyib-gülən, maraqlı söhbətlər edən həyatsevər insandır. Di gəl, dövlət təhlükəzsizliyi orqanlarında xidməti barədə, o illərin çətinlikləri haqqında danışmağı xoşlamır. Hərçənd bu xatirələr bu gün geniş oxucu kütləsi üçün maraqlı ola bilər. Yasif müəllim bu barədə yazmır, yazmaq istəmir... Amma bir neçə il bundan qabaq "Ədəbiyyat qəzeti"ndə "Xalq yazıçısı Anara açıq məktub əvəzi" adlı yazısı xatırlatdığım mövzuda çox mətləblərdən xəbər verir.

O məktubda Yasif müəllim öz xidmətlərini sadalamır, gördüyü işlərdən danışmır. Sadəcə böyük yazıçımız Anarın xidmətlərinə qiymət verir, Fikrət Qocanın istedadından söhbət açır. Amma o məktubda sovet dövründə DTK-da çalışmış bir milli zabitin özünün portreti görünür. həmin zabit o portretdən çoxlarının gözünün düz içinə baxır. Baxır demək istəyir ki, ağzınıza ağlınıza gələni danışmayın, bu dünyada həqiqət deyilən bir anlayış var...

Yasif Nəsirli hətta şəxsi söhbətlərdə belə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi sahəsində vaxtilə gördüyü xidmətlərdən, Qarabağda şahidi olduğu görüşlərdən danışmağı da xoşlamır. O, öz işi ilə məğul olur.

Cəlil Məmmədquluzadənin yazıçı kimi böyüklüyündən danışmağı xoşlayır.

Hekayələr, pyeslər yazır. Kitablarını nəşr etdirir. Dünya ədəbiyyatının ən yaxşı nümunələrini dilimizə çevirir.

Bir ... istefada olan general uzun illərdir ki, "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin Prezidenti kimi xeyirxah bir işlə məşğul olur. Xarici ölkələrlə mədəni əlaqələrin inkişafına öz layiqli töhfəsini verir.

Beləcə, Yasif Nəsirli şərəfli bir ömür yolunun 80-ci mərtəbəsinə qalxır. Ötüb keçənlər, arxada qalanlar bu mərtəbədən, yəqin ki, daha aydın görünür. Və qələm hələ Yasif müəllimin əlindədir. Hələ görünənlərdən və görünməyənlərdən yazmaq qabaqdadır. Ən azı 100-cü mərtəbə var qarşıda. Yolunuz işqlı olsun, Yasif müəllim...

Ələsgər QURBANOV

525-ci qəzet  2018.- 20 dekabr.- S.7.