Elmi ictimaiyyət
Əmin Abidi yad etdi
AMEA-nın Əsas binasında Folklor İnstitutunun təşkilatçılığı
ilə "Azərbaycan
folklorunun ilk nəzəriyyəçilərindən
biri - Əmin Abid" mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbir görkəmli tənqidçi,
ədəbiyyatşünas, folklorşünas Əmin Abidin anadan olmasının
120 illik yubileyinə həsr edilib.
Konfransda
AMEA-nın Folklor, Ədəbiyyat, Arxeologiya və Etnoqrafiya institutlarının əməkdaşları,
respublikanın ali təhsil müəssisələrinin müəllim
və tələbə
kollektivi, doktorant və dissertantlar, o cümlədən, KİV nümayəndələri
iştirak ediblər.
Tədbiri Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq zəngin elmi və bədii
irsə malik Əmin Abidin apardığı sistemli tədqiqatların ölkəmizdə
folklorşünaslığın inkişafına təkan verdiyini söyləyib. Qeyd edib ki, Ə.Abid
"Kitabi Dədə
Qorqud", "Oğuznamə"
kimi qədim oğuz eposlarının,
o cümlədən, Azərbaycan
ədəbiyyatı tarixi,
bayatı janrı, heca vəzni ilə bağlı ciddi araşdırmaların
müəllifidir.
M.İmanov alimin Azərbaycan folklorşünaslığının
1920-1930-cu illər dövrünün
öyrənilməsi istiqamətində
böyük rolu olduğunu, məqalələrində
bayatılar, heca vəzni, aşıq şeirinin şəkilləri,
türk xalqlarında yeddi hecalı şeirin törəmə
tiplərini tədqiq etdiyini vurğulayıb.
O, Əmin Abidin şifahi xalq ədəbiyyatımızın nümunələrini ümumtürk
və dünya folkloru kontekstində ərəb, fars,
türk, uyğur, qazax, tatar və
türkmən mənbələrindən
araşdırdığını diqqətə çatdırıb.
Eyni zamanda, alimin Azərbaycan ədəbiyyatının
qədim dövrlərdən
başlayıb mərhələlər
üzrə öyrənilməsinin
düzgün dövrləşdirilməsini
apardığını bildirib.
Ə.Abidin SSRİ dövründə öz fikirlərini çəkinmədən
ifadə etdiyini deyən institut direktoru ədibin 1938-ci ildə həbs edilərək güllələndiyini,
əsərlərinin qadağan
edildiyini, ölkəmizin
müstəqillik əldə
etdikdən sonra şeirlərinin, məqalələrinin
təkrar çap olunduğunu söyləyib.
Muxtar İmanov, həmçinin, Folklor İnstitutu tərəfindən 2016-cı ildə "Əmin Abid. Azərbaycan Türklərinin ədəbiyyatı tarixi" kitabının nəşr olunduğunu, alimin məqalələrinin vəsaitdə işıq üzü gördüyünü diqqətə çatdırıb.
Respublika
konfransında filologiya üzrə elmlər doktoru, professor Səhər
Orucovanın "Əmin Abid yaradıcılığında
folklor", filologiya üzrə elmlər doktoru, professor Məmməd
Əliyevin "Lirik folklorumuzun öyrənilməsində
Əmin Abidin rolu", filologiya üzrə elmlər doktoru,
professor Bədirxan Əhmədlinin "Əmin Abidin ədəbiyyat
tarixçiliyində çağdaş bədii
düşüncə meyarları", filologiya üzrə
elmlər doktoru, professor Ədalət Tahirzadənin "Yeddi
yüz tələbədən biri" və etnoqrafiya üzrə
fəlsəfə doktoru Xəliyəddin Xəlillinin "Əmin
Abid tədqiqat metodunda tarix və ədəbiyyat mənəvi-sosial
yaddaşın vahid strukturu kimi" mövzusunda məruzələri
dinlənilib.
ŞAHANƏ
525-ci qəzet 2018.- 20 dekabr.- S.7.