Tarixi köklərin
sorağı, ulu əcdadların izi ilə
YAXUD ISIK GÖL
MƏNİ NƏDƏN KÖVRƏLTDİ
Əli ŞAMİL
ali-shamil@yahoo.com
Göyçə gölünün
oxşarı Isık göl
Isık gölə (bizdə bu gölün adı, rus
dilindən aldığımıza görə, hələ də
"İssık" kimi yazılır. Mən dilimizə
daha uyar olduğu üçün qırğızların
dediyi kimi yazmağı münasib sayıram) çatanda yaman
kövrəldim. Gəncədən kəndimizə
getdiyim günlər gözümün önünə gəldi.
Mindiyimiz köhnə "PAZ" avtobusu elə
ki, Çubuqlu aşırımını keçirdi,
qarşıdan Göyçə göl
görünürdü. Gölə
yaxınlaşıb günçıxana doğru dönən
avtobusun pəncərəsindən sağda gözyaşı
kimi dupduru suyu olan göl, sol tərəfdə çılpaq
dağlar görünürdü. Qışda bu
dağlar ağ örpəyə
bürünər, yazda yamyaşıl çəmənlə
örtülərdi. Elə ki, payız
düşürdü, göldə bir dəyişiklik olmasa
da, dağların qara-boz qayaları, quruyub seyrəlmiş
otları, bir də təkəmseyrək ağaclarının saralmış
yarpaqları qalardı.
Üç-dörd saat yol gedər, göl görünməz
olandan sonra da 7-8 kilometrlik bir məsafəni keçib
Böyük Məzrə kəndində avtobusdan enərdim. Avtobus isə
yoluna davam edib rayon mərkəzinə - Basarkeçərə,
son yolçularını endirməyə gedərdi. Böyük
Məzrədən o yana, kəndimizə
getmək ağır olsa da, şirin idi. Təsadüfi
yol maşınları olmasa, kitab dolu ağır
çamadanımı kəndə kimi gah əlimdə, gah
çiynimdə daşımalı olurdum.
Isık gölün sahili boyu gedən yol da mənzərəsi
ilə Göyçə (Sevan) gölünün sahil yolunu
xatırladırdı. Sadəcə, burada yol kənarında gözə dəyən
ağaclar onu göstərir ki, Göyçə gölü
Isık gölə nisbətən dəniz səviyyəsindən
daha yüksəkdə olduğundan ağaclar az
idi. Hətta elə ağaclar var ki, onlar
Göyçə gölün sahillərində bitmir. 1970-ci illərdən başlayaraq Göyçə
gölünün kənarında yaşıllıq
zolağı salınmağa başlamışdı. Əsasən də yüksəkliyə və
soyuğa dözümlü, çaytikanı ağacı əkmişdilər.
Göyçə
gölün sahilindəki yolun çala-çuxurlu
olmasını, avtobusların köhnəliyini, adamları
atıb-tutmasını vecinə alan
olmurdu. Deyib-gülür,
çalıb-oxuyurdular. Göyçəyə gedən
avtobus ola, orada da bir aşıq və ya
musiqiçi olmaya? Bu, mümkün olası iş deyildi! O
dövrdə yaxşı bir maqnitofanum, bol lentim olsaydı, yol
boyu söylənənləri qeydə alıb bir folklor
antologiyası hazırlayardım. Çünki
adamlar, gah aşıq şeirləri oxuyur, gah lətifə
danışır, gah da atalar sözü-məsəl çəkirdilər.
Bir sözlə, danışıqlarında
folklorun əksər janrından istifadə edirdilər. Bəzən də özlərinin və ya
qohumlarının, yaxınlarının, kəndlilərinin
başlarına gələnləri elə bəzəyib-düzəyib
danışırdılar ki, elə bilirdin, gülməli bir
nağıl, ya da dastandır. Özlərinə,
qohumlarına, əzizlərinə gülə-gülə,
lağ edə-edə mənzili başa vururdular. Beləcə
bəzən yeni yaranan bir folklor nümunəsi elə
avtobusdanca Göyçənin neçə kəndinə
yayılırdı...
İndi isə uzaq Isık gölün kənarı ilə
getdiyimiz avtobus yumşaq və səliqəli, yollar rahat olsa
da, mən, nədənsə, o uzaq illərdə qalmış
günləri arzulayırdım. Özümə
qapılıb yol yoldaşı olduğum insanları,
onların dediklərini xatırlamağa
çalışırdım. Avtobusdakılar
isə mənim içimdən keçənlərdən xəbərsiz
idilər və təbii ki, mənzil başına nə vaxt
çatacaqlarını düşünürdülər.
Bişkekdən Karakolə gedən yol ilə Gəncədən
Basarkeçərə gedən yolun bu gün fərqi
orasındadır ki, qarakollular istədikləri vaxt
doğulduqları kənd və qəsəbələrə
istədikləri vaxt rahatca gedib-gəldikləri halda
göyçəlilər otuz ildir ata-baba yurdlarına gedə
bilmirlər.
Yerevandan Göyçəyə gedəndə
gölün sahilində salınmış Sevan şəhərinə
çatmayınca Göyçə gölü görmək
olmur. Isık gölü də yolçular
Balıqçı qəsəbəsinə çatmayınca
görünmür. Oxşarlıq olduqca
çoxdu. Isık göl dəniz səviyyəsindən
1607, Göyçə göl isə 1902 metr yüksəklikdədir.
Göyçə gölün suyu içməli
olduğundan qışda buz bağlayır. Isık gölə axan 118 çay və sel gələndə
dolan dərələr başlanğıcını qarlı
dağlardan, buzlaqlardan götürsə də, donmur. Bu,
gölün suyunun bir az duzlu olmasından
çox, yeraltı isti qaynaqlarla bağlıdır. Gölə bu qədər su gəlməsinə
baxmayaraq, oradan bir çay belə axmır.
Yol yoldaşım olan araşdırıcılar yanlarındakılarla
sakit-sakit ədəbiyyatdan, tarixdən, ötən günlərindən
şirin-şirin söhbət edirlər. Mən isə
içimə qapılıb yalnız Göyçəli
günləri deyil, yaxın keçmişimizi də yada
salıram.
Yaxın
keçmişimizdən unuda bilmədiklərim
Sovet dövründə bir neçə min kilometr
uzaqdakı Qırğızıstana getmək 150-500 kilometrlikdəki
Biləsuvar-Astara, Saatlı-Zəngilan bölgələrinə
və Naxçıvana getmək qədər asan idi. Bugünkü
oxucu yazdığım bu cümləni oxuyanda heyrətlənərək
"bu boyda da yalan olar?" deyə bilər.
Yaşlı nəsil isə "bunu yazmağın nə mənası
var, o
vaxtın tələbi belə idi" düşünəcək.
Bunları bilsəm də yazıram. Gənclər üçün yazıram. Sovet dövrünü tərifləyən, o dövr
üçün sinov gedənlərin söbətlərini
eşidəndə mənim yazdıqlarımı da yada
salıb özləri bir nəticə çıxarsınlar.
Məsələ burasındadır ki, Sovet
dövründə sərhəd boyu 25 kilometrlik bir məsafə
qadağan zolağı sayılırdı. Həmin bölgədə yaşayanlardan
başqası oraya getmək istəyəndə mütləq
xüsusi icazə almalı idi.
Yalnız yada adamlar deyil, həmin bölgədə
doğulub boya-başa çatandan sonra başqa şəhərdə
oxumağa işləyənlər geri dönəndə
arayış təqdim etməli idilər ki, onların valideynləri,
qohumları orada yaşayır. Arayış sərhədçilər
başa düşsün deyə rus dilində
yazılmalıydı. Kənd Sovetində rus dilində bilən
adam tapılmayanda arayış yazdırmaq
problemə çevrilirdi. Rus dilini bilən
tapıb arayış yazdırandan sonra onu kənd sovetinin sədrinə,
katibinə imzaladıb, möhürlətmək gərək
idi. Bu arayış üçün
çox vaxt kənd sovetlərinin katibləri "qələmpulu"
da alırdılar. Belə çətinliklə
alınmış arayışı göndərmək ondan da
böyük əziyyət idi. Poçtla
göndərilən arayış ya bir həftəyə, on
günə çatırdı, ya da yollarda it-bata
düşürdü. Yaxınları, əzizləri
ölənlər tələsirdilər ki, dəfnə
çatsınlar. Belə arayışlar
olmayanda sərhədçilər həmin adamları tutub
aparırdılar və ya geri qaytarırdılar. Hərbçilərə nə deyirdin de, eşitmək
belə istəmirdilər. Arayış tələb
edirdilər.
Salyandan keçəndə Şorsulu deyilən yerdə
sərhədçilər gəlib-gedənlərin pasportunu
yoxlayırdılar. Oradan Lənkarana, çox olsa, 100, Lerikə, Astaraya
130-140 kilometrlik bir məsafə qalsa da, yaxınlıqdakı ən
yaxın sərhəd məntəqəsini əsas
götürüb ölkənin ortasındaca qadağan
zonası yaratmışdılar. Bakıdan Naxçıvana,
Yerevana gedən qatarlar isə Əli Bayramlını keçəndən
bir az sonra, bu yerlərdən min kilometrlərlə uzaqdan gəlmiş,
əsasən də milliyətcə rus, ukraynalı, belarus...
olan əsgər və zabitlər hay-küylə qatara minib
vaqonlardakı yolçuların pasportlarını
yoxlayırdılar. Gecə yarısı adamları yuxudan
oyadıb pasport yoxlamaq
əsəb gərginliyi yaradırdı. Hələ bu azmış kimi, vaqonun dəhlizində
durub Arazın o tayına baxanlara da hirslənirdilər ki, kupelərinizə
keçin. Pəncərələrin pərdəsini
də örtürdülər ki, o taydakı Vətənə
baxan olmasın.
Yol boyu stansiyalarda, Mincivanda, Ordubadda, Culfada,
Naxçıvanda vaqondan enib sərhəddən 30-70 kilometr
aralıda olan kəndlərə getmək istəyənlərə
də icazə verilmirdi. Deyirdilər ki, gərək pasport qeydiyyatın sərhəd
bölgəsinə ola.
Amma
Moskvaya, Qazaxıstana, Qırğızıstana, bir sözlə,
SSRİ-nin sərhəd və qadağan olmayan bölgələrinə
pasportunu cibinə qoyub rahatca gedə bilərdin. Kimsə sənə bir söz deməzdi. Nəqliyyat məsələsi də indikindən
çox rahat idi. Qatar, təyyarələr
SSRİ-nin hər bucağına işləyirdi.
Viza rejimi Türkmənistana nə qazandırır?
Türkmənistanda yaşayan azərbaycanlıların
sayını dəqiq bilmirəm. Sovet dövründə
ərə getmiş azərbaycanlı qızları və
onların övladlarını son zamanlar türkmən kimi
qeydə alırlar. Azərbaycanda, Türkmənistanda
yaşayan, bir-biri ilə qohumluq əlaqəsi olmayanların
münasibətləri yaxşı olub. Keçmişdə
Azərbaycandan, Qafqazdan, hətta Qarsdan, İğdırdan,
Karsdan və başqa bölgələrdən oxumaq, ticarət
və ya müqəddəslərin qəbrinə ziyarətə
üçün Məşhədə, Xarəzmə,
Əfqanıstana, Kaşqara, Pakistana, Hindistana getmək istəyənlər
Bakıya gəlirmişlər. Buradan da gəmi
ilə Qızılsuya - indiki Türkmənbaşı
limanına keçib yollarını davam etdirirlərmiş.
Amma indi vizanı, viza almağı da elə bir problemə
çeviriblər ki, gəl görəsən. Buna görə
də uzun müddətdir Türkmənistanda
yaşayanların əksəriyyəti Azərbaycandakı
babalarını, dayılarını, xalalarını və
başqa qohumlarını görməyə gələ bilmirlər.
Sərt viza rejimindən əziyyət çəkən
yalnız azərbaycanlılar deyil. Türkmənlərin
bir hissəsi İranda, Özbəkistanda, Əfqanıstanda
yaşayır. Uzun illərdir ki, onlar da bu əziyyəti
çəkirlər.
Almatıda yaşayan Əl-Fərabi Universitetinin
professoru İslam Ceminey sentyabr ayında mənə zəng
vurmuşdu. Bildirdi ki, universitet onun Türkmənistanda
araşdırmalar aparmasına qrant ayırıb. Amma Türkmənistan konsulluğundan viza ala bilmir.
Konsulluq tələb edir ki, Türkmənistandakı
elmi müəssisələrdən biri ona mütləq dəvət
məktubu göndərsin. Türkmənistandakı alim
tanışlara zəng vurub xahiş etdim ki,
çalışdıqları ali məktəblərin
və ya elmi tədqiqat institutlarının rəhbərləridən
məktub alıb İslam Cemineyə göndərsinlər.
Sağ olsunlar, sözümü yerə salmadılar, məktub
alıb göndərdilər. Heyf ki, bu məktub
işə yaramadı. Nə qədər
adamın zəhməti hədər getdi. Məktubun
hazırlanması, icazə alınması üçün
yazışmalar, göndərilməsi o qədər uzun
çəkdi ki, qrantın müddəti bitdi və İslam
Ceminey Türkmənistana gəlib oradakı əlyazmalar üzərində
işləyə bilmədi.
Sovet dövründə isə bu bürokratik əngəllərin heç birinə ehtiyac yox idi. Buna baxmayaraq, Qırğızıstanda, Qazaxıstanda olmağı çox arzulasam da, o zamankı asan şəraitdə gedə bilməmişdim. Axısqadan, Ermənistandan, Azərbaycanın müxtəlif bölgələrindən oraya sürgün edilənlərlə görüşməyə, material toplamağa can atırdım. Heç bir rəsmi əngəl də yox idi. Buna baxmayaraq, gedə bilməmişdim. Çünki ailə büdcəm bu səfər üçün yetərli deyildi.
Ailədə bir mən idim, bir də
xanımım. İkimiz də mətbuatda işləyirdik,
maaşımızdan çox, qonorar alırdıq. Necə deyərlər,
gəlirimiz nazirlərin maaşından yüksək idi. Di gəl
ki, heç velosipedimiz də yox idi. Evə mebel, xalça da
ala bilməmişdik. Yüksək rütbəli
məmurları demirəm, bizdə 4-5 dəfə az maaş
alan satıcının, ambardarın, baxça müdirinin, mənzil
istismar idarəsi müdirinin və başqa peşə
sahibinin isə hər şeyi vardı.
Dolanışığı da bizdən qat-qat yaxış
keçirdi.
Türkmənistanın isə hələlik vizanı qaldırmaq fikiri yoxdur. Halbuki viza və ya başqa əngəllər bu ölkənin yalnız iqtisadiyatına deyil, mədənəyyətinə də mənfi təsir edir, vətəndaşlarda da bir qorxu, psixoloji gərginlik yaradır.
(Ardı var)
525-ci qəzet 2018.- 20 dekabr.- S.6.