Əbədi dostluq

22 dekabr Azərbaycan jurnalistikasının patriarxlarından biri, görkəmli pedaqoq Nəsir İmanquliyevin doğum günüdür.

İnsanın həyatında elə hadisələr olur ki, onları təsadüf hesab etmək olduqca çətindir. Bir həqiqət də var ki, təsadüf həmişə zərurətdən doğur... Bəlkə də Ulu Tanrı gələcək həyat yolunu müəyyən etmək üçün insanı elə şəxsiyyətlərlə qarşılaşdırır ki, bununla da ona gələcəyinin işarələrini, görüntülərini göstərir... Bu, bəşər övladının, adına qismət dediyi tale yolunun bələdçisi, aparıcı qüvvəsi, ilhamvericisidir...  Desəm ki, mənim də gələcək tale yolum Azərbaycanın görkəmli ziyalısı, Azərbaycan mətbuatının patriarxlarından biri, Azərbaycanın Əməkdar jurnalisti, gözəl insan, ləyaqətli şəxsiyyət, ən nəhayət, ustadım Nəsir müəllim İmanquliyevlə görüşümdən sonra formalaşıb, səhv etmərəm. Nəsir müəllimin doğum günü ərəfəsində haqqında qəlbimdə bəslədiyin ən şirin xatirələri qələmə almaqla, həm onun ruhunu şad etmək, həm də nurlu şəxsiyyətinin cizgilərini yaratmaq  istədim...  

Belə bir deyim də var ki, tarixi şəxsiyyətlər yaradır və bu tarix hər gün, hər saat çoxlarının gözləri önündə  yaranır... Fikrimin davamı olaraq deyim ki, az qala, hər kəsin ömründə elə təsadüfi və ya zəruri, fərqi yoxdur, qəribə hadisələr olur ki, yaddaşlarda iz buraxır, xatırlana-xatırlana nəsildən-nəslə ötürülür. Sən demə, elə bu, yaranmaqda olan tarixin özüdür...

Mən atamı çox erkən, 10 yaşım olanda itirmişdim... Yaxşı yadımdadır, həmin ərəfədə Hacı Şamil əmim dedi ki, köhnə bir dostumuz var, Nəsir müəllim, Əyyubla Lerikə gəlir ki, uşaqlara baş çəksin...

Mən dərsdən qayıdanda həyətimizdə "Volqa"nın dayandığını gördüm... Evə keçdim. Əyyub əmimlə görüşdüm, Əyyub əmi mənə: "Bu da Nəsir əmindir, mənim qardaşım... Onunla da görüş" - dedi. Belə başladı hələ onda yaxşı tanımadığım, Azərbaycan mətbuatının görkəmli simalarından biri, böyük ziyalı Nəsir müəllim İmanquliyevlə tanışlığım... 

...Bir müddət qolları boynumda qalan Nəsir müəllim ilk söhbətdən dərslərimlə maraqlandı... Deyəsən, məndən razı qalmışdı...  Sonra Əyyub əmim bizi kəndimizə, Rvaruda apardı... Nəsir müəllim kəndə çatanda ayağı altda qurban kəsdilər... Sonra uca zirvələrə aparan yollarla bulaq başına qalxdıq... Nəsir müəllimin gəlişi toy-bayrama çevrilmişdi... Nəsir müəllim tez-tez dağlara baxır, ah çəkirdi. Əyyub əmim:

- Nə olub belə pərişansan, ay ağsaqqal? - deyə zarafatla soruşdu...

- Eyyub, doğma yerlərin havasını duyuram... Bir addım o yana...

İkisi də bir an sükuta qərq oldu... Amma mən heç nə anlamadım... Sonra, Hacı Şamil əmim dedi ki, Nəsir müəllim, elə öz yurdundasan da, bir addım o yana sənin el-obandır... Əyyub əmi zarafatla Nəsir müəllimə dedi ki, ay ağsaqqal, sən çörəyini ye, bulaq suyundan iç, bir azdan "Villis" gələr, dağlara qalxıb el-obana tamaşa edəcəyik...

Uşaq olmağıma baxmayaraq, bu söhbət məni yaman tutmuşdu. Ara sakitləşəndə Nəsir müəllimə baxıb: "Nəsir əmi, məgər bu kənd sizin də kəndiniz deyil? Bura bizim kəndimizdir axı" dedim. Nəsir müəllim əlini boynuma salıb gülümsündü və "Hə, mən də buradanam, sadacə bizim evlər bir az o tərəfdədir" - dedi...  Biz ora gedəcəyik? - deyə soruşdum.

- Allah qoysa gedəcəyik - dedi...

Bir azdan "Villis" gəldi və əmilərim maşına oturub dağlara qalxdılar... Çox sonra bildim ki, Nəsir müəllimin əsli kəndimizə yaxın, sərhədin o tayındadır...

Rayona qayıdanda yenə, "Nəsir əmi, sizə getmədik axı" dedim... Kişini qəhər boğdu...

- Allah qoysa gedərik, bala, - dedi.

Əyyub əmim söhbətə qarışdı və dedi ki, ay bala, Nəsir əminin evi Bakıdadır, Bakıya gedəndə gedərsən onlara... Burada isə bizim evlərin hamısı onundur... Sonra da Nəsir müəllimə zarafatla dedi ki, "bu da deyəsən,  jurnalist olacaq, sual verməkdən yorulmur". Nəsir müəllim də qayıtdı ki, təki elə olsun, məncə, çox yaxşı olar... elə bilirsən olmaz, əlbəttə, o da Nəsir əmisinin peşəsini seçəcək, görərsən...

Onlar həmin gün rayon mərkəzində - Hacı Şamil əmigildə gecələdilər...  Səhər-səhər mən dərsə gedəndə onların yola hazırlaşdığını gördüm... Nəsir müəllim məni çağırıb:

- Hə, yoldaş jurnalist, sabahın xeyir, əmilərini yola salmaq istəmirsən?!

Sonra da mənə xeyli nəsihətli sözlər dedi... Yadımdadır, dedi ki, sən şəxsiyyətin oğlusan, əmilərin də tanınmış adamlardır... Sözə bax, onu dərk elə... Sonra da bir məsəl çəkdi və mən o məsəli məktəbə gedə-gedə dəftərimə yazdım: "Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır..."

İllər keçdi... Məktəbi qurtarıb Bakıya, Əyyub əmimgilə gəlmişdim. İnstituta hazırlaşırdım... Əyyub əmi telefonda kiminləsə danışırdı... Hiss  edirdim ki, qanı qaradı... Dəstəyi asandan sonra: "Bu kişiyə deyirəm özünü öldürmə, əsabiləşdirmə, elə bildiyini edir...  Kardiologiyaya aparıblar, gedib ona dəyim görüm necədir..." Astadan soruşdum ki, əmi, kimi aparıblar xəstəxanaya?! Dedi:

- Nəsir müəllimi. İndi onun maşını gəlir, ora gedirəm...

Ürəyimdən Nəsir müəllimi görmək keçsə də, əmimə bu istəyimi bildirməyə ürək eləmədim. Əsəbi idi...  Birdən əmim mənə: "Çantanı götür, çıxaq "Baksovet" metrosunun qabağına, maşın ora gələcək" - deyəndə Nəsir müəllimi görəcəyimə sevindim. "Baksovet"  metrosunun qabağında xeyli gözlədik... Yolun kənarında "Volqa"nın dayandığını gördüm... Lerikdə gördüyüm Ramiz maşından düşəndə bildim ki, bu, Nəsir müəllimin sürücüsüdür. Əyyub əmi maşına yaxınlaşdı və keçib ön oturacaqda əyləşdi... Sonra mənə "keç otur" dedi. Maşına oturanda arxa oturacaqda bir qadının əyləşdiyini  gördüm. Salam verib maşına oturdum. Bir qədər söhbətdən sonra bildim ki, Nəsir müəllimin ömür-gün yoldaşı Gövhər xanımdır (qəbri nurla dolsun). Gəlib 5 nömrəli xəstəxananın yanında dayandıq. Onlar düşüb Nəsir müəllimə dəyməyə getdilər. Bu dəfə  Nəsir müəllimi görmək mənə nəsib olmadı...

1987-ci il idi... Noyabr ayının 15-də Əyyub əmim qəflətən vəfat  etdi... Bu itki hamımız üçün çox ağır idi... Simasında varlığımı tapdığım, böyük bir elin arxası, dayağı olan  əmimin ölümü yaman sarsıtmışdı bizi... O günlərdə də həmdəmimiz Nəsir müəllim olurdu... Məclis yığışandan sonra əmimin uşaqlarını, bizi evə yığıb xeyli söhbət edərdi, təsəlli verərdi... Söhbətlərinin birində dedi ki, sizə nə olub ki, nə olubsa Şamilə, mənə olub, qardaşımızı itirmişik… Sizin hələ Şamil əminiz, Nəsir əminiz var, ay bala... Nəsir müəllim bir müddət Lənkəranda əmimin evində qaldı, əzizini itirmiş ailəyə, qohum-əqrabaya dayaq durdu.

Əyyub əmim dünyasını dəyişəndən sonra da o, bu ailə ilə əlaqəni kəsmədi, problemlerinin həllində yardımçı oldu... Nəsir müəllimin bir sözü heç yadımdan çıxmır. Deyirdi ki, dünyanın qanunudur, dost ölə bilər, heç kim əbədi deyil. Lakin gərək dostluq heç vaxt ölməsin, əbədi olsun...

Günlərin birində (səhv etmirəmsə, 1991-ci ildə) Nəsir müəllim yenə də əmimgilə gəlmişdi. Mən də tələbə olduğumdan təcrübəni  Lənkəranda keçirdim və əmimgildə qalırdım. Əmimin böyük oğlu  Elşad Nəsir müəllimə mənim şeir yazdığımı demişdi. Bir də dedilər ki, Nəsir müəllim səni çağırır. Getdim. Dedi şeirlərini oxu görüm. Nəsir müəllimin qarşısında şeir oxumaq böyük hünər istəyirdi.

- Hə, nə oldu, köhnə dost, yoldaş jurnalist, zəif yazırsan məgər?!

Dedim ki, mən şeirlərimi əzbər bilmirəm...  Dedi ki, get yazdıqlarını gətir...

Onun sözünü yerə salmaq günah idi. O biri otağa keçib portfelimdəki şeirləri əmimin kiçik oğlu Vüqara verib Nəsir müəllimə  göndərdim. Özüm isə utandığıma görə getmədim. Bir azdan dedilər ki, Nəsir müəllim dəhlizə çıxıb səni axtarır.  Tərəddüd içində dəhlizə çıxdım.

- Ay kişi, sən əsl şairsən, səni təbrik edirəm, təvazökarlığın da şairliyindən irəli gəlir. Bu nəslin parlayan ulduzu sən olacaqsan, bala, sən məni çox sevindirdin. Sən bu gündən olursan hamımızın şair qardaşı. Üzünü evdəkilərə tutub: hamınız bu gündən sonra ona "şair qardaş" deyirsiniz, mən də belə deyəcəyəm - dedi.

Bakıya nə vaxt gedəcəyimi soruşdu. Dedim ki, bir aydan sonra gedəcəyəm. Dedi, gecdir, sən bu günlərdə get Bakıya. Gedərsən "Kommunist" nəşriyyatında "Bakı" qazetinin redaksiyasına. Orada Ədəbiyyat və incəsənət şöbəsinin müdiri Ağəddin Mansurzadədir. Tanıyırsanmı onu? Dedim, bəli, tanıyıram. Ona deyərsən ki,  bu şeirləri Nəsir İmanquliyev bəyənib və xeyir-duasını da o verib. Yazıları ona ver, qayıt gəl. Mən onun məsləhətini yerinə yetirdim və bir neçə gündən sonra "Bakı" qəzetində altı şeirim xüsusi taqdimatla işıq üzü gördü. Sənətin astanasında Nəsir müəllimin xeyir-duası köməkçim, mayakım oldu.

Lerikdə "Ziyalı günü" keçirilirdi. Hacı Şamil əmimin dəvəti ilə Nəsir müəllim də gəlmişdi Lerikə. Mən onda Lerikdə İcra hakimiyyətində şöbə müdiri işləyirdim. Məni görən kimi, "şair qardaş, xoş gördük" dedi, görüşdük. Tədbirdə çıxış etdi və bu diyarla onu bağlayan soy-kökümüzlə qurduğu əbədi dostluqdan söz açdı. Tədbirin, eləcə də Nəsir müəllimin gəzintilərinin, maraqlı söhbətlərinin videoyazısı bu gün də ən əziz, ən dəyərli yadigar kimi arxivimdə qalır. Axşamüstü Şamil əmimgilə gəldik. Mən ona yeni çapdan çıxan "O gözlərin sirri"  adlı ilk kitabımı təqdim etdim. İlahi, o, necə  sevindi, necə sevindi. Məni təbrik etdi və mənə inandığını bildir di... Sənət adamı olaraq mənim üçün bundan böyük xeyir-dua, bundan böyük məsuliyyət, bundan böyük alqış indi də yoxdur. Gecə yarısınacan söhbət etdi. Əyyub əmimlə, Şamil əmimlə bağlı xatirələrini danışdı...

- Sizin bu Şamil əminiz köhnə kişilərdəndir. Onunla necə tanış olduğumu sizə danışacağam. Mərkəzi Komitədə işləyirəm, məni Lerikə göndərdilər ki, birinci katibin seçkisini aparım və tapşırdılar ki, həmin katib yenidən seçilməlidir. Xülasə, plenum başladı, nə başladı... Hamı çıxışında birinci katibin əleyhinə danışır və onun bu vəzifəyə ikinci dəfə seçilməyinin qeyri-mümkün olduğunu bildirirdi. Mən bir neçə dəfə çıxış edib Mərkəzi Komitənin fikrini bildirdim. Mənim hər çıxışımdan sonra da bax bu Şamil müəllim çıxış edib əks fikir söyləyirdi. Mən məcbur olub Mərkəzi Komitəyə  zəng etdim və buradakı vəziyyəti bildirdim. Mərkəzi Komitə yenə da kommunistlərlə dil tapmağı tapşırdı. Sonuncu dəfə mən mərkəzə zəng edəndə bildirdim ki, burada birinci katib də, milis rəisi də, prokuror da Şamil İskəndərovdur və Mərkəzi Komitənin tapşırığını yerinə yetirmək sadəcə mümkün deyil. Nəhayət, birinci katibin vəzifədən uzaqlaşdırılıb səlahiyyətlərinin müvəqqəti ikinci katibə tapşırılması qərarına gəldik.

Bundan sonra biz Şamil  müəllimlə dostlaşdıq. Onun cəsarəti, ağsaqqallığı, təpədən-dırnağacan ziyalı olması məni valeh etmişdi. O vaxt kəsdiyimiz çörək, bu  gün da süfrəmizi bəzəyir.

Sonra Əyyub əmimlə bağlı xatirəlari yada saldı. Dedi ki, rəhmətlik Əyyub bəd günün adamı idi. Çox cəsarətli adam idi. Arada qəhər onu boğurdu. Gözləri yaşarırdı. Bir az ara verib sözünə davam edirdi...

Bir neçə ildən sonra Bakıya köçdüm. Nəsir müəllim ilə atalarımızın başladığı dostluğu yaşadan da, davam etdirən də Nəsir müəllimin özü idi. Əyyub  əminin böyük oğlu Elşadla tez-tez ona baş çəkərdik. Elşad onun  qulluğunda bir övlad kimi durardı. Nəsir müəllim bir gün Elşadı görməyəndə tez zəng edərdi. Onlar demək olar ki, hər gün görüşərdilər. Nəsir müəllim deyirdi ki, Elşad Əyyubun yoxluğunu mənə unutdurub. Biz Nəsir müəllimin ad günlərində onun evinə toplanardıq. Azərbaycanın bütün ziyalı elitası orada olardı. "Dünya gör-götür dünyasıdır" deyib müdriklər. Belə məclislər şəxsən mənimçün nə qədər ibrətamiz, nə qədər dəyərli idi. Bunları taleyimin mənə ən böyük ərməğanı hesab edirəm...

...7 mart 1998-ci il. Həmin gün Nəsir əmimizi də itirdik. Biz öyüdlərinə, nəsihətinə daim ehtiyac duyduğumuz əzizimizi, Azərbaycan xalqı isə ağsaqqal ziyalısını itirdi. Bir vaxtlar həyatın axarı saydığım bu hadisələr əslində, gözlərim qarşısında yaranan tarix imiş. Və həqiqətən də tarixi şəxsiy yətlər yaradırmış.

Mən bu xatirə-yaddaş yazısını Azərbaycan jurnalistikasının patriarxlarından biri olan Nəsir İmanquliyevin ali şəxsiyyətinin insani məqamları ilə oxucunu tanış etmək üçün qələmə aldım. Onun şərəfli tərcümeyi-halı, elmi, jurnalistlik fəaliyyəti haqqında çox yazılıb və hələ bundan sonra da çox yazılacaq. Nəsir müəllimin anadan olmasının növbəti ildönümündə mənəvi borc olaraq bu ali şəxsiyyətin, sadə, lakin əsl Azərbaycan kişisinə məxsus mənəvi keyfiyyətləri, sədaqətli dostluğu haqqında gələcək nəsillərə nümunə olacaq xüsusiyyətlərindən söz açdım.

Ruhu şad olsun!

Eldar İSKƏNDƏRZADƏ

525-ci qəzet  2018.- 20 dekabr.- S.4.